İtaliya -Azərbaycan Ticarət İnstitutu təsis olub
20 noyabr 2012 23:51 (UTC +04:00)

İtaliya -Azərbaycan Ticarət İnstitutu təsis olub

2012-ci ilin noyabrın 19-da Romada imperator Adrian muzeyində Azərbaycan ilə İtaliya arasında iqtisadi əlaqələri təşviq edəcək İtaliya-Azərbaycan Ticarət İnstitutunun («Istituto per il Commercio Italo-Azerbaigiano») təsisat konfransı keçirilib.


Azərbaycanın İtaliyadakı səfirliyindən Lent.az-a verilən məlumata əsasən,“İtaliya və Azərbaycan: işgüzar tərəfdaşlar – sahibkarlıq imkanları və perspektivləri” mövzusunda keçirilən konfransda İtaliyanın müxtəlif dövlət və işgüzar təşkilatlarının, Azərbaycanda artıq çalışan, əməkdaşlıq etməyə maraq göstərən şirkətlərin nümayəndələri olmaqla toplam 150-dək nümayəndə iştirak edib.

Konfransı italiyalı iş adamı, vəkil xanım Manuela Traldi açaraq, son illər İtaliyanın işgüzar dairələrinin Azərbaycan ilə əməkdaşlığa marağının getdikcə artmasının müşahidə olunduğu vurğulayaraq, nəticə etibarilə iki ölkənin iş adamlarını birləşdirən İtaliya-Azərbaycan Ticarət İnstitutunun təsis edilməsini bəyan edib.

Konfransda çıxış edən Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov iştirakçılara Azərbaycanın son illər sosial-iqtisadi inkişaf təmayülləri, makroiqtisadi vəziyyəti və Azərbaycan-İtaliya münasibətlərinin inkişafına dair məlumat verib.O, Azərbaycanın başlıca ticarət tərəfdaşlarından birinin İtaliya olduğunu, habelə bu dövlətin əsas neft təchizatçılarından ölkəmiz olmasını vurğulayaraq, ölkədə, eləcə də bölgədə həyata keçirilən enerji və nəqliyyat infrastrukturu layihələrinə toxunub.

Konfransda əsas məruzəçi qismində çıxış edən Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin şöbə müdiri Orxan Məmmədov Azərbaycanda biznes və investisiya imkanları mövzusunda müfəssəl təqdimat ilə çıxış edib. Təqdimatda xarici iş adamları üçün Azərbaycanda yaradılmış əlverişli işgüzar mühitə dair ətraflı məlumat verilib, ölkə iqtisadiyyatının müxtəlif sahələrində mövcud olan geniş imkanlara toxunulub və Azərbaycanın iki ölkə arasında iqtisadi əməkdaşlığı təşviq etməkdə maraqlı olduğu bildirilib.

Tədbirdə çıxış edən Roma Ticarət Palatasının prezidenti Cankarlo Kremonezi Azərbaycanın zəngin iqtisadi və biznes potensialına malik ölkə olmaqla yanaşı, dünyada multikulturalizm və dini dözümlülük nümunəsi olduğunu, bu xüsusda İtaliya iş adamlarının diqqətini cəlb etdiyini vurğulayıb.

İtaliyanın iqtisadi inkişaf nazirinin diplomatik müşaviri səfir Daniele Mançini Azərbaycanın İtaliyanın mühüm prioritet tərəfdaşı olduğunu, iki ölkə arasında iqtisadi əməkdaşlığın yalnız enerji sahəsində deyil, qeyri-neft sektorunda da böyük potensiala malik olduğunu qeyd edib.

Konfransda həmçinin, İtaliyanın müxtəlif dövlət və işgüzar təşkilatlarının (İtaliya Xarici Ticarət İnstitutu (İCE), İtaliya şirkətlərinin xaricdə təşviqi təşkilatı (SİMEST), İtaliyanın ixrac kreditləri, sığorta və investisiyaların qorunması təşkilatı (SACE)) nümayəndələri, Azərbaycanda artıq çalışan və əməkdaşlıq etməyə maraq göstərən şirkətlərin təmsilçiləri çıxışlar ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1171

Oxşar yazılar