Prezident: “2012-ci il ölkəmiz üçün çox uğurlu il olub”
19 dekabr 2012 00:15 (UTC +04:00)

Prezident: “2012-ci il ölkəmiz üçün çox uğurlu il olub”

 

APA-nın  xəbərinə görə, bunu prezident İlham Əliyev dekabrın 18-də Milli Olimpiya Komitəsində (MOK) 2012-ci ilə yekunlarına həsr olunan tədbirdəki çıxışında deyib.  

 

Prezident bildirib ki, ölkənin iqtisadiyyatı uğurla inkişaf edir. Sosial məsələlərin bir çoxu həllini tapıb.

 

Onu sözlərinə görə, güclü iqtisadi potensial Azərbaycanda gələcəkdə idman sahəsinə daha da böyük həcmdə investisiyalar qoymağa imkan verəcək.

 

“İqtisadiyyatımız indi daha çox qeyri-neft sektoru hesabına inkişaf edir. Bu da təbiidir. Bir neçə il bundan əvvəl qarşıya məhz belə vəzifə qoyulmuşdu. Bu ilin yekunlarına görə, - qeyri-neft iqtisadiyyatımız hələ ki, dəqiq hesablamalar aparılır, - görünür ki, təxminən 10 faiz artacaq. Bu, çox böyük göstəricidir. Bu onu göstərir ki, iqtisadiyyatımız artıq çoxşaxəli iqtisadiyyat kimi inkişaf edir”.

 

Dövlət başçısı qeyd edib ki, bu il neft sahəsində hasilatda müəyyən tənəzzül olub. “Mən bu barədə fikirlərimi, iradlarımı bildirdim. Çox şadam ki, artıq neft sahəsində də sabitləşmə dövrü başlayıb. Bir müddət bundan əvvəl mən bu məsələ ilə bağlı Nazirlər Kabinetinin toplantısında fikirlərimi açıq şəkildə bildirdim ki, ictimaiyyət də bilsin. Bütövlükdə, bu məsələdə dönüş yaranmalı idi. Mən çox şadam ki, bizim əsas tərəfdaşımız olan BP şirkəti bu fikirlərə, bu iradlara çox böyük məsuliyyətlə yanaşmışdır. Bu gün səhər BP şirkətinin prezidenti mənimlə görüşdə şirkətin gələcək illər üçün planlarını açıqlayıb. Mən çox şadam ki, bu planların arasında neft hasilatının sabitləşdirilməsi məsələləri ön planda dayanır. Bu, onu göstərir ki, bizim aramızda olan əməkdaşlıq, doğrudan da, güclü əsaslar üzərində qurulubdur. Gələn ildən başlayaraq iqtisadiyyatımızın əsas sahəsi olan neft sənayesində sabitləşmə olacaqdır. Bundan sonra dayanıqlı neft hasilatı uzun illər təmin ediləcək”.


Prezident deyib ki, Azərbaycan rəhbərliyinin qətiyyəti, tərəfdaşların məsuliyyəti və BP-ARDNŞ münasibətlərinin düzgün istiqamətdə davam etdirilməsi nəticəsində xoşagəlməz meyllərin qarşısı alınıb və gələn ildən başlayaraq neft-qaz sektorunda sabit iqtisadi inkişaf təmin ediləcək. 


Gələn il bütövlükdə Azərbaycanın inkişafı üçün çox əlamətdar il olacağını deyən prezident bildirib: “Çünki gələn il bir neçə nəhəng layihənin təməlini qoyacaq. O layihələr ki, onların hər biri özlüyündə meqalayihədir. O layihələrin icra edilməsi üçün böyük vəsait qoyulacaq. Vəsaitin böyük hissəsi xarici tərəfdaşlar tərəfindən qoyulacaq. Yəni, ölkə iqtisadiyyatına investisiya axını təmin ediləcək. Beləliklə, bu, bizə imkan verəcəkdir ki, iqtisadi gücümüzü artıraq və humanitar sahəyə, idmana, mədəniyyətə, sosial məsələlərin həllinə daha da böyük vəsait ayıraq”. 


İlin idman yekunlarına gəldikdə, İlham Əliyev söyləyib ki, 2012-ci il idmançılarımız üçün çox uğurlu il olub. 2012-ci ildə idmançılar tərəfindən müxtəlif beynəlxalq yarışlarda 700-dən çox medal qazanılıb. Onlardan 255-i qızıl medaldır. İdmançılarımız ölkəmizi beynəlxalq arenalarda ləyaqətlə təmsil ediblər.

 

Azərbaycanda bir neçə mötəbər beynəlxalq yarış keçirilib. “Mən onların içərisində qızlar arasında futbol üzrə dünya çempionatını xüsusilə qeyd etmək istəyirəm. Çünki bu, bizim üçün birinci təcrübə və çox uğurlu təcrübə idi. Çünki həm FİFA, həm UEFA-nın prezidentləri Azərbaycanda keçirilmiş bu çempionatı yüksək qiymətləndiriblər. Çempionat üç həftəyə yaxın keçirilib və bütün məsələlər yüksək səviyyədə həll olunub. Biz bütün təşkilati məsələlərdə həmişə olduğu kimi, yüksək səviyyədə idik. Bu çempionat tarixə artıq ən uğurlu çempionatlardan biri kimi daxil edilib. Azərbaycanda digər beynəlxalq tədbirlər də keçirilib.

 

Prezident qeyd edib ki, 2012-ci ildə  idman infrastrukturunun yaradılması ilə bağlı səylər davam etdirilib. İl ərzində iki regional Olimpiya mərkəzi istifadəyə verilib - Cəlilabadda və Astarada. Beləliklə, bölgələrdə tikilmiş İdman Olimpiya komplekslərinin sayı 35-ə çatıb. Səkkiz kompleksdə tikinti işləri davam etdirilir. Bir neçə kompleksin tikintisi nəzərdə tutulur. Beləliklə, bir neçə ildən sonra hər bir rayon mərkəzində, hər bir şəhərdə müasir Olimpiya obyektləri yaradılacaq.

 
Bakı şəhərində yeni tikilmiş idman obyektləri istifadəyə verilib, təmir edilib. Tofiq Bəhramov adına Respublika stadionu əsaslı təmir edilib. Bakıda  “Səkkizinci kilometr” stadionu tikilib və  böyük gimnastika kompleksi tikilir. Bu yaxınlarda su idman növləri sarayın tikintisinə başlanılacaq.

 

O xatırladıb ki, 2011 ildə  böyük Olimpiya stadionunun təməli qoyulub və  bu sahədə bu il praktiki addımlar atılmağa başlanılıb. Bu Olimpiya stadionu bölgənin ən böyük idman obyekti olacaq. ”Yəni idman infrastrukturunun yaradılması istiqamətində, doğrudan da, çox böyük işlər görülmüşdür. Bütün bu işlər böyük vəsait tələb edir. Əlbəttə, bütün bu vəsaitin yükü, bu maliyyə yükü dövlət büdcəsinin üzərinə düşür. Biz hər il investisiya proqramına baxarkən idman obyektlərinin tikintisi üçün kifayət qədər böyük məbləğlər nəzərdə tuturuq. Əlbəttə, bu proseslər gələn illərdə də davam etdiriləcəkdir”. 

 

 2012-ci ilin London Yay Olimpiadasından danışan prezident deyib ki, bu Olimpiada da idmançılarımız ən böyük uğurları qazanıblar. “On medal: 2 qızıl, 2 gümüş, 6 bürünc medal bizim tarixi nailiyyətimizdir. Olimpiya Oyunlarından artıq bir neçə ay keçir və hələ ki, xarici həmkarlarla görüşlərdə bu məsələ vurğulanır, Azərbaycanın uğurları haqqında fikir mübadiləsi aparılır. Məni bu günə qədər həmkarlarım - dövlət və hökumət başçıları bu uğurlar münasibətilə təbrik edirlər. Əlbəttə ki, bu, çox gözəl hadisədir. Hər bir Azərbaycan vətəndaşının qəlbini qürur hissləri ilə dolduran bir məsələdir. Bu qələbəyə görə, əlbəttə, biz hamımız idmançılara, onların məşqçilərinə, idman mütəxəssislərinə minnətdarıq”. 
 

Onun fikrincə bu qələbənin əldə edilməsində Azərbaycanda idman sahəsində görülən işlər də az rol oynamır. “Bizdə idman siyasəti dövlət tərəfindən aparılır. Bütün müvafiq qurumlar - həm dövlət qurumları və ictimai qurumlar, Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, federasiyalar, klublar, cəmiyyətlər və idman ictimaiyyəti bir ailə kimi fəaliyyət göstərir”. 


Azərbaycan idmançıların Olimpiya Oyunlarındakı qələbəni  tarixi qələbə kimi qiymətləndirən prezident bildirib ki, ölkə dünya miqyasında 30-cu, Avropada 15-ci, islam aləmində isə üçüncü yerə layiq görülüb.

 

Dövlət başçısının fikrincə Avropa Olimpiya Oyunlarının 2015-ci ildə Bakıda keçirilməsi tarixi qərardır. “İlk növbədə, ona görə ki, bu, birinci Avropa Olimpiya Oyunları olacaqdır. Bu günə qədər baxmayaraq ki, Olimpiya hərəkatı tarixən Avropa məkanından başlamışdır və Olimpiya Oyunlarının bərpası da müasir dövrdə yenə də Avropa qitəsində baş vermişdir, - Avropa Olimpiya Oyunları heç vaxt keçirilməmişdir. Birinci oyunların keçirilməsi özlüyündə ciddi bir addımdır, Olimpiya hərəkatında bir dönüşdür. Bu oyunların bizə həvalə edilməsi, bu məsuliyyətin bizə tapşırılması əlbəttə ki, böyük tarixi əhəmiyyətə malik olan bir hadisədir”. 
 

Prezident vurğulayıb ki, bu qərarın qəbul edilməsində Azərbaycanın beynəlxalq tədbirlərin keçirilməsində qazandığı təcrübə, dünya, Avropa çempionatlarının keçirilməsi, bu il “Eurovision” mahnı yarışını ən yüksək səviyyədə baş tutması da, idman qurğuların mövcudluğu da öz rolunu oynayıb. “Olimpiya Oyunlarının keçirilməsi üçün lazım olan idman obyektləri artıq ya tikilib, ya tikilməkdədir. Biz bütün bu işləri bəri başdan görmüşük”. 


İlham Əliyev  Bakıda son iki il ərzində istifadəyə verilmiş yeni mehmanxanaları, istirahət zonalarını, idman qurğularını xatırladıb.  “Mən əminəm ki, biz bu oyunları yüksək səviyyədə keçirəcəyik. Ancaq onu da bilməliyik və ictimaiyyət də bilməlidir ki, Olimpiya Oyunlarını, yəni, Yay və Qış böyük Olimpiya Oyunlarının keçirilməsinə hazırlıq dövrü təxminən 6-7 il olur. Misal üçün, gələn ilin sentyabr ayında 2020-ci ilin Olimpiya Oyunlarının paytaxtı müəyyən ediləcəkdir. Yəni, kim olursa olsun, o ölkənin hazırlanması, bütün bu məsələləri həll etmək üçün 6-7 il vaxt lazım olacaqdır. Bizim vaxtımız cəmi iki ildir. Ancaq bizim templərimiz də çox yüksəkdir. Yəni, dünyada ikinci belə ölkə yoxdur ki, bu templərlə inkişaf etsin. İki il əlbəttə ki, çox az bir vaxtdır. Amma mən əminəm ki, bütün lazımi tədbirlər, texniki, təşkilati məsələlər öz həllini tapacaq və birinci Avropa Olimpiya Oyunları tarixə düşəcək”.

 

# 573
avatar

Oxşar yazılar

PSJ səfərdə "Borussiya"ya uduzdu

PSJ səfərdə "Borussiya"ya uduzdu

2 may 2024 , 01:12
Del Boskeyə vəzifə verildi

Del Boskeyə vəzifə verildi

1 may 2024 , 16:23
“Qalatasaray” Mertensi buraxmaq istəmir

“Qalatasaray” Mertensi buraxmaq istəmir

1 may 2024 , 15:32
FHN-in əməkdaşı çempionatın qalibi olub

FHN-in əməkdaşı çempionatın qalibi olub

1 may 2024 , 14:00
"Bavariya" - "Real Madrid" matçının ən yaxşı oyunçusu müəyyənləşib

"Bavariya" - "Real Madrid" matçının ən yaxşı oyunçusu müəyyənləşib

1 may 2024 , 13:49
"Mançester Yunayted"in hücumçusu şəxsi fotoqraf  işə götürdü

"Mançester Yunayted"in hücumçusu şəxsi fotoqraf işə götürdü

1 may 2024 , 10:47
Çempionlar Liqası:  "Bavariya" "Real Madrid"lə heç-heçə edib

Çempionlar Liqası: "Bavariya" "Real Madrid"lə heç-heçə edib

1 may 2024 , 00:57
Ronaldo “Kruzeyro” klubunu  satdı

Ronaldo “Kruzeyro” klubunu satdı

30 aprel 2024 , 19:28