Van Marveyk, Sabelya, Kocaman, Sağlam, Karlos, Qattuzo, Suşiç, Prosineçki... Siyahını bir qədər də uzatmaq olar. Əslində Prosineçkinin adını ilk sırada yazmaq daha doğru çıxar. Çünki hazırda milli ilə birgə adı ən çox hallanan məşqçi məhz odur. Müsahibəsində AFFA ilə danışıq apardığını təsdiq edib Prosineçki. Elə federasiyadan da bu məlumatı təkzib etməyiblər. Mənə görə isə yığmanı Prosineçkiyə həvalə etmək ağılsızlıq olar.
Sıravi insanlardan “Prosineçki necə məşqçidir?” soruşsanız, “Məşqçiliyini bilmirəm, amma yaxşı futbolçu olub” cavabını daha çox eşidərsiniz. Həqiqətən də, xorvatın futbolçu karyerası zəngindir. Təkcə onu demək bəs edər ki, Prosineçki Madrid “Real”ı və “Barselona” kimi klubların formasını geyinib. Bundan əlavə, Xorvatiya yığması ilə DÇ-1998-in bürünc mükafatını qazanıb. Hətta 3-cü yer uğrunda Hollandiya ilə keçirilən görüşdə ilk qolu da məhz o vurub və komandasının qələbəsində böyük rol oynayıb. Qısası, futbolçu karyerasını müzakirə etməyə ehtiyac yoxdur. Bəs məşqçi kimi hansı nüfuza malikdir Prosineçki?
Məlum məsələdir ki, yerli məşqçilərə gözucu belə baxmayan AFFA millini tanınmış əcnəbiyə tapşırmaqla, yenidən reklam axtarışındadır. Elə Foqtsun özü də daha çox bu məqsədlə gətirilmişdi komandamıza. Əgər bu niyyətdə olan federasiya rəhbərliyi Prosineçki ilə müqavilə imzalasa, çətin ki, kimsə bundan nəsə anlaya. Mən demirəm ki, xorvatiyalı pis məşqçidir. Amma məşqçi kimi elə də tanınmayan, uğurları olmayan bir şəxsi reklam adına baş məşqçi qoymaq, yenə deyirəm, ağılsızlıq olar. 2006-cı ildə məşqçiliyə başlayan Prosineçki 4 il köməkçi kimi fəaliyyət göstərdikdən sonra Serbiyanın “Srvena Zvezda” klubuna baş məşqçi keçib. Ardınca isə 1 il Türkiyədə, “Kayserispor”da işləyib. Məşqçi kimi yeganə nailiyyəti Serbiya Kubokunu qazanması olub. Maraqlıdır ki, mətbuatda Prosineçkini təcrübəli məşqçi adlandıranlar var. Harada qazanıb o təcrübəni? “Srvena Zvezda”da, yoxsa “Kayserispor”da? Əgər Prosineçki təcrübəli məşqçidirsə, onda belə çıxır ki, Foqts dahi imiş.
Bəli, məşqçinin uğur qazanması təcrübədən asılı olmaya da bilər. Yəni bir məşqçinin təcrübəli olması, onun mütləq uğur qazanacağı anlamına gəlmir. Dünya futbolunda da dəfələrlə şahidi olmuşuq ki, heç kimin tanımadığı məşqçi gözlənilmədən inqilab edib. Hazırda Xorvatiya yığmasını çalışdıran Niko Kovaçın da təcrübəsi azdır, amma işləri heç də pis getmir. Mən bunu anlayıram. Çox güman ki, AFFA rəhbərliyi bu kimi nümunələri nəzərə alaraq, Prosineçki ilə danışıqlara başlayıb. Amma onu da dərk etmək lazımdır ki, Xorvatiya yığmasında Modriç, Rakitiç, Mandzukiç kimi dünya ulduzları çıxır edir. Yəni Kovaç təcrübəsiz məşqçi olsa belə, əlində material var. Bizdə nəinki Modriç, heç Srna səviyyəsində futbolçu yoxdur. Bu isə o deməkdir ki, xorvat namizədin millimizdə uğurlu nəticə göstərməsi üçün ağıllı taktika seçib, düzgün hazırlıq prosesi keçməsi bəs etmir. Prosineçki 0:6 hesablı məğlubiyyətə baxıbsa, kimlərlə birgə işləyəcəyini çoxdan dərk edib. Bəlkə də, Robert gələcəkdə hansısa komandanın sükanı arxasında inqilab edə bilər. Amma onun millimizdə əlahiddə bir şey edəcəyini düşünmək, üçüncü dəfə deyirəm ki, ağılsızlıq olar.
Seçim AFFA-nındır. Onsuz da, mətbuatın, futbol ictimaiyyətinin fikri federasiyadakılar üçün maraqsızdır. Amma yenə də fikrimi bildirim ki, milinin baş məşqçisi postuna azərbaycanlı futbolçuları yaxından tanıyan adam gətirilməlidir. Təbii ki, bizim futbolçunun səviyyəsinə legioner məşqçilərlə müqayisədə özümüzünkülər daha yaxşı bələddirlər. Amma AFFA millini xarici məşqçiyə tapşırmaq israrını davam etdirir. Əgər belədirsə, federasiya rəhbərliyi heç olmasa özünü azdan-çoxdan isbatlayan, işləmək bacarığı olan xarici məşqçi ilə danışıq aparmalı, onun bir müddət kənardan müşahidəçi kimi izləməsinə nail olmalıdır. Yəni həmin şəxs heç olmasa, 2-3 ay Azərbaycan çempionatını izləyib, futbolçuların potensialına bələd olmalıdır. Ki, milliyə baş məşqçi keçdikdə 3 metr məsafədən qeyri-dəqiq ötürmələr, stadionun üst qatına ünvanlanan zərbələr görəndə təəccüblənməsin.