"Paris Olimpiadasından sonra mənim də medalım bərbad vəziyyətə düşdü".
Lent.az xəbər verir ki, bu sözləri apasport.az-a açıqlamasında Paris-2024-ün yunan-Roma güləşi üzrə bürünc mükafatçısı Həsrət Cəfərov deyib.
Cəfərov turnirdən cəmi 3 gün sonra medalın keyfiyyətini itirdiyini bildirib:
"Vətənə qayıdanda məni qarşılayan insanlar medalımın keyfiyyətsiz olduğunu bildirdilər. Hər kəs məndən soruşurdu ki, medalın niyə bu vəziyyətdədir? Halbuki mən medalımı 3 gün öncə almışdım. Medalım cəmi 3 günə bərbad hala düşmüşdü. İndi də gün keçdikcə vəziyyət daha da pisləşir. Medalın rəngi gedir, həmçinin paslanır".
O da bir çox idmançı kimi medalını geri qaytarmağı düşünür:
"Yeni və keyfiyyətli medalla əvəz edəcəklərini bilsəm, mən də medalımı geri qaytarardım".
Qeyd edək ki, dünya üzrə 100-dən çox idmançı Paris-2024 Yay Olimpiya Oyunlarında qazandıqları medallar keyfiyyətsiz olduğu üçün medalları turnirin Təşkilat Komitəsinə göndəriblər.