Norveçli İspaniyada istirahət etməyi sevir
“Mançester Siti”nin ulduz hücumçusu Erlinq Haaland italyan dizaynerlərinin dəbdəbəli əşyalarına olan sevgisini gizlətmir. O, bu yaxınlarda Marbelada “Fendi” moda evinin dizayn etdiyi mənzilin sahibi olmaqla bunu bir daha təsdiqləyi. Norveç mətbuatının yazdığına görə, Haalandın yeni mülkünün qiyməti 7 milyon avro ola bilər.
Lent.az-ın xarici KİV-ə istinadla məlumatına görə, mənzil 70-dən çox mənzildən ibarət yeni tikilən yaşayış kompleksində yerləşir, hamısı Roma moda evi tərəfindən layihələndirilib.
“Bu, Avropada nüfuzlu Fendi Casa evi ilə əməkdaşlıq edən və ən yaxşı dəbdəbəli dizayner avadanlığını təklif edən ilk layihədir”, – yaşayış kompleksinin saytında deyilir.
Norveç televiziyası TV2-nin məlumatına görə, bu kompleksdə mənzillərin qiymətləri 2,5 milyon avro ilə 7 milyon avro arasında dəyişir, Haalandın mənzili isə təbii ki, ən ucuzu deyil, çünki onun sahəsi 300 kvadratmetrə qədərdir.
Norveçin "Min Mote" moda jurnalı yazır: "Onun dəbdəbəli italyan brendlərinə olan sevgisi hamıya məlumdur, ona görə də futbolçunun moda nəhəngi tərəfindən dizayn edilmiş mənzili seçməsi təəccüblü deyil".
Lakin bu, 24 yaşlı hücumçunun Marbeladakı ilk mülkü deyil. İki il əvvəl o, ərazidə dəniz mənzərəli və 981 kvadratmetr yaşayış sahəsi olan villa alıb və bunun üçün 6,5 milyon avro ödəyib. Keçən il “Mançester Siti”nin ulduzunun portfelinə 3,5 milyon avroya Oslonun mərkəzindəki mənzil əlavə edilib.
Bu əmlakların qiymətləri yüksək görünsə də, Haaland bunu asanlıqla ödəyə bilər, çünki Norveçin “Kapital” maliyyə jurnalının son hesablamalarına görə, onun aktivləri təxminən 200 milyon avro təşkil edir.