Azərreyl”in prezidenti Fərid Xəlilov
17 mart 2021 16:18 (UTC +04:00)

Azərreyl”in prezidenti Fərid Xəlilov

“Azərreyl”in prezidenti pandemiyanın kluba vurduğu ziyanı AÇIQLADI

“Azərreyl”in prezidenti Fərid Xəlilovun apasport.az saytına müsahibəsi

- Azərbaycan Voleybol Federasiyası ölkə çempionatlarının 2020/21 mövsümünü ləğv etdi. Bu qərarı necə qarşıladız?

- Sözsüz ki, bu qərar gözlənilən idi. Bildiyiniz kimi, bir ildir qapalı idman məkanları bağlıdır və məşqlər keçirilmir. Çempionatın oynanılması qərarı verilsəydi, bu, idmançıların kütləvi zədələnməsinə, karyeralarını riskə atmalarına səbəb ola bilərdi. Bu müddəti “Azərreyl” klubu olaraq vaxtdan səmərəli istifadə edərək, gələcək planların və kadrların inkişafına güc vermişik.

- Amma bir məsələyə diqqət yetirək. Qapalı məkanlarda hazırlığa və məşqə qadağa olsa da, açıq havada bunlar mümkündür. Sizcə açıq havada bir qədər məşq edib, oyunları keçirmək mümkün deyildimi?

- Çox yaxşı sualdır. Açıq havada mümkün qədər məşqlər keçdik. Ötən ilin avqust və sentyabr aylarında Türkiyənin İstanbul şəhərinə gedib, orada da hazırlıqda olduq. Lakin gec-tez qapalı məkana qayıdıb, zalda oynamalıyıq. Ona da icazə olmadığı üçün bunu edə bilməmişik.

- Hazırda “Azərreyl”də durum necədir? Koronavirus pandemiyası ölkənin ən köklü klubuna hansı problemləri yaradıb?

- Hər bir idman növü kimi, pandemiya voleybola da - bizim kluba da təsirsiz ötüşməyib. Bildiyiniz kimi, 2020/21 mövsümündə “Azərreyl” Çağırış kuboku uğrunda mübarizə aparmalı idi. Təəssüflər olsun ki, pandemiya səbəbindən bunu edə bilmədik. Lakin bu fasilə planları daha dəqiq hazırlamağa və gələcək oyunlarda daha uğurlu çıxış etməyə kömək edəcək. Ölkədə olan hər bir voleybolçu bir il məşq etmədiyindən formasını itirib, bunu bərpa etmək üçün çox çalışmalıyıq.

- Mövsümün sizin üçün uğursuz başladığını qeyd etdiz. Çelenc kuboku üçün yığdığınız heyəti məcburən dağıtmalı oldunuz, ardınca da məşqsiz günləriniz davam etdi. Bunun sizə maliyyə baxımından təxminən nə qədər ziyan vurduğunu açıqlaya bilərsizmi?

- Sözsüz ki, ölkə voleybolunda bizim klubdan çox zərər çəkən yoxdur. Müqavilələrə xitam vermək elə də asan olmadı. Lakin komandamın peşəkarlığı sayəsində biz əcnəbi oyunçularımızı xarici klublara yerləşdirməyə nail olduq. Təbii ki, bu da zərəri mümkün qədər azaltdı. Pandemiya kimi qeyri-adi vəziyyətlər qeyri-adi düşüncə yaradır və müxtəlif istiqamətlərdə düşünməyə təhrik edir. Məhz bu cür vəziyyət olmasaydı, biz qardaş ölkə Türkiyədə “Sarıyer” İdman Klubu ilə əlaqələrimizi genişləndirməyə nail ola bilməzdik. Yeni qurulmuş əlaqələr iki klub arasında gələcəkdə də yeni layihələr üçün bünövrə yaradıb.

- Məbləği açıqlamasaz da, az vəsait itirmədiyinizi vurğuladız. Digər klublarla müqayisədə sizin həm qadın, həm də kişilərdən ibarət komandalarınız yüksək liqada çıxış edir. Maraqlıdır, bu iki kollektivi qorumaq çətin olmadı?

- Bəli, iki komanda saxlamaq çox çətindir. Lakin yeni planlarla hər işin öhdəsindən gələ biləcəyimizə inanırıq.

- Söhbət hansı yeniliklərdən gedir? Demək olar ki, hər iki komanda ilə bağlı planları bu mövsümlük qatlayıb kənara qoymusuz və növbəti mövsümü gözləyirsiz? 

- Pandemiya bir çox planlarımızı alt-üst etdi. İstəklərimiz dəyişdi. Bundan öncə Çağırış kubokunda çıxış etməyi planlaşdırırdıqsa, artıq ona gücümüz çatmayacaq. Gələn mövsümü gənclərin yetişdirilməsinə güc verəcəyik ki, sonradan Avropa kuboklarında iştirak edib nailiyyət qazana bilək.

- “Azərreyl”də uşaq voleybolu üzrə məşqlər də keçirilirdi. Bu gün aşağı yaş qruplarında vəziyyət necədir?

- Uşaqları daha çox düşündüyümüz üçün pandemiya səbəbindən birinci elə onların qruplarını bağlamışıq. Buna görə də hazırda vəziyyət çətindir. Gələn mövsüm gənclərin inkişafına çalışacağıq. Bu istiqamətdə böyük dəyişikliklər gözlənilir.

- Pandemiya demək olar ki, hər sahədə fəsadlar yaradıb. Sizə dəyən təxmini zərəri də yuxarıda açıqladız. Sizcə inkişafı kənara qoysaq, əvvəlki səviyyəni hansı müddətə kompensasiya etmək olar?

- Sizinlə razıyam. Real fəsadları biz ancaq məşqlər başlayandan sonra tam biləcəyik. Lakin indidən demək olar ki, pandemiya bizim klubu ən azı 2-3 il geri atdı.

- Yeni mövsümlə bağlı planlarınız nədir? Avrokubok həsrətinə son qoya biləcəksizmi?

- Təəssüflər olsun ki, avrokubok bizi bir mövsüm də gözləməli olacaq. Növbəti 2021-2022 mövsümündə gəncləri yetişdirmək və səviyyələrini artırmaqla məşğul olmağı planlaşdırırıq. 2022-2023 mövsümündə avrokubokda mübarizə aparmağı planlaşdırırıq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1953
avatar

Oxşar yazılar