Boks üzrə dünya çempionu Azərbaycan millisinə qayıtdı
07 avqust 2009 10:14 (UTC +04:00)

Boks üzrə dünya çempionu Azərbaycan millisinə qayıtdı

Ağası Məmmədov yığmamızın təlim-məşq toplantısında iştirak edib

Boks üzrə dünya çempionu və 2004-cü il Afina Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Ağası Məmmədov uzun fasilədən sonra Azərbaycan milli komandası ilə birgə məşqlərə başlayıb. Bu haqda Lent.az-a millimizin baş məşqçisi Nəriman Abdullayev məlumat verib.

Onun sözlərinə görə, 2003-cü il dünya çempionatının qalibi yığmamızın Zaqatalada keçirdiyi təlim-məşq toplantısına qatılıb. Avqustun 6-dək davam etmiş toplanış müddətində Məmmədov da məşq edib. Amma ən titullu boksçumuzun iştirakı daha çox 1 – 12 sentyabrda İtaliyanın Milan şəhərində keçiriləcək dünya çempionatına hazırlaşan yığma üzvlərinə kömək məqsədi daşıyıb. Bununla yanaşı, Məmmədov gələcəkdə yenidən rinqə qayıtmaq və bacarığını nümayiş etdirmək niyyətindədir.

Abdullayev olimpiya mükafatçısının təcrübəsinin gənclərin hazırlığına böyük köməklik göstərdiyini etiraf edib: “Doğrudan da Ağasının gənc həmkarlarına böyük köməyi dəydi. Bununla yanaşı, onun özü də gələcəkdə rinqə qayıtmaq istəyir. Hazırda Məmmədovun 63-64 kq çəkisi var. Amma 60 kq çəkidə Famil Süleymanov, 64 kq-da isə Ramal Amanov kimi güclü boksçularımız var. Ağası ya çəkisini 57 kq-dək salmalı, ya da bundan yuxarı çəkilərdə hazırkı favoritlərdən üstün olmalıdır. İnanıram ki, o, yorulmadan məşqlərini davam etdirsə, yenidən millimizin aparıcı üzvünə çevrilə bilər”.

Qeyd edək ki, Ağası Məmmədovun hazırda 29 yaşı var. O, 2004-cü ilin oktyabrında üzləşdiyi ağır avtomobil qəzasından sonra heç bir beynəlxalq yarışa qatılmayıb. Daxili yarışlarda isə Məmmədov zədə səbəbindən sonadək vuruşa bilməyib.

Elşən
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 994

Oxşar yazılar