“Ekranas” klubunun mətbuat katibinin pasportunda qondarma “DQR”-in möhürü varmış
21 iyul 2009 20:00 (UTC +04:00)

“Ekranas” klubunun mətbuat katibinin pasportunda qondarma “DQR”-in möhürü varmış

Litvanın “Ekranas” klubunun mətbuat katibi Gedas Saroçkanın apasport.az saytına müsahibəsi

- Komandanız Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində bu gün “Bakı” ilə cavab görüşü keçirəcək. Ancaq bildiyimizə görə, siz Bakıda yox, vətəninizdəsiniz...

- Doğrudur, hazırda Vilnüsdəyəm. Məni Bakıdan geri qaytardılar.

- Bildiyimizə görə, bir müddət əvvəl Azərbaycanın işğal olunmuş ərazilərində, konkret olaraq, Xankəndi şəhərində olmusunuz. Problem bununla əlaqədar yaranıb?

- Bəli, Dağlıq Qarabağda olmağımla bağlı pasportumda viza var idi. Bu, mənə Bakıda problem yaratdı. Bir-iki ay öncə bizi ora dəvət etmişdilər. Orada jurnalistlərin turnirində iştirak etmişdik.

- Yəqin məlumatınız var ki, ermənilər Azərbaycan ərazilərində qondarma “Dağlıq Qarabağ Respublikası” yaratdıqlarını elan ediblər. Belə olan halda, problemlə üzləşəcəyiniz gözlənilən deyildimi?

- Problemin belə ciddi olacağını gözləmirdim. Bakıya gəldim, komandamızla birgə oteldə yerləşdim. Ancaq sonradan, səhər tezdən əşyalarımı toplayaraq geri qayıdası oldum. Otelə gələn şəxs pasportumdakı həmin vizaya görə Bakıda qala bilməyəcəyimi, vətənimə qayıtmalı olduğumu dedi. Məni hava limanına apardılar, ordan Litvaya yola saldılar. Heç bir təzyiqlə üzləşmədim. Sadəcə, dedilər ki, həmin vizaya görə Bakını tərk etməliyəm. Mənə Azərbaycanla Ermənistan arasındakı vəziyyət, Dağlıq Qarabağ haqda söhbət açdılar. Vəziyyəti başa saldılar və dedilər ki, pasportumu dəyişdirəndən sonra geri qayıda bilərəm. Amma artıq gec idi. Pasportumu dəyişdirib, Bakıya qayıda bilməzdim. Artıq bu gün “Bakı” ilə “Ekranas” arasında cavab görüşüdür.

- Bəs Bakıda hava limanında pasport qeydiyyatından keçdiyiniz zamanı həmin vizanı görməmişdilər?

- Məncə, yox. Həmin vaxt diqqətdən kənarda qalmışdı. Ancaq sonradan aşkara çıxdı və məni geri göndərdilər. Əlbəttə, başıma gələnlərə görə təəssüflənirəm. Mən Bakıya qonaq komandanın nümayəndəsi, dost kimi, nəhayət, işimlə bağlı gəlmişdim. Ancaq başıma belə bir iş gəldi... Həm də ona görə heyfsilənirəm ki, Bakı kimi gözəl şəhəri gəzə bilmədim.

- Bəs geriyə bilet, viza məsələlərini necə həll olundu?

- Bakıya gələndə geriyə biletim var idi. Bu, cümə axşamı üçün nəzərdə tutulmuşdu. Ancaq mənə başqa tarix üçün bilet verdilər. Hər halda, mən evə havayı qayıtdım.

- Baş verənlərə görə təəssüflənmirsiniz ki?

- Bu, həyatın işidir, artıq olan olub. Ermənilər deyir ki, Dağlıq Qarabağ onların torpağıdır, siz də deyirsiniz ki, sizindir. Mən bu haqda danışmaq, siyasi məsələlərə qarışmaq istəmirəm. Hər halda, həqiqəti siz daha yaxşı bilirsiniz.
# 1053

Oxşar yazılar