Berti Foqts: “Mən Azərbaycana “ikra” yeməyə gəlməmişəm”
05 iyun 2009 12:00 (UTC +04:00)

Berti Foqts: “Mən Azərbaycana “ikra” yeməyə gəlməmişəm”

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts AFFA-nın mənzil qərargahında mətbuat konfransı keçirib. Lent.az-ın məlumatına görə, mətbuat konfransı iyunun 6-da Tofiq Bəhram adına Respublika stadionunda keçiriləcək 2010-cu il dünya çempionatının seçmə qrup matçına həsr olunub.

Almaniyalı mütəxəssis bu matçın onun üçün ən vacib oyun olduğunu bildirib: ”Qələbəyə ümid edirik. Düzdür, rəqib güclüdür. Bakıya gənclərdən ibarət heyətlə gəlsələr də, komandada İngiltərə çempionatında çıxış edən oyunçular var. Amma biz qələbə çalmaq əzmindəyik”.

Berti Foqts ilk oyunda Kardifdə qeydə alınan 1:0 hesablı məğlubiyyətin ədalətsiz olduğunu bildirib. O, həmin matçda yaxşı oynamalarına baxmayaraq, qırmızı vərəqə alandan sonra komandanın oyununun pozulduğunu vurğulayıb.

Baş məşqçi artıq 1 ildir Azərbaycanda çalışdığını və futbolçulardan razı olduğunu vurğulayıb. Bununla yanaşı o, oyunçuların məşq zamanı göstərdikləri oyunu rəsmi matçlar zamanı ortaya qoya bilməmələrindən şikayət edib: “Bizim oyunumuzda ancaq nəticə çatışmır. Nəticəni də inşallah sabah əldə etməyə çalışacağıq”.

Berti Foqts komandada zədəli futbolçular olmasa da, 2 oyunçunun cəzalı olmaları səbəbindən Uelslə matçı buraxacağını vurğulayıb. Bunlar müdafiəçi Saşa Yunusoğlu və Samir Abbasovdur. Onların hər ikisi əvvəlki oyunlarda 2 sarı vərəqə aldıqlarından sabah meydana çıxa bilməyəcəklər.

Almaniyalı mütəxəssis gələcəyin komandasını yaratdıqlarını və xüsusi missiyasının olduğunu bəyan edib: “Mən bura “ikra” yeməyə gəlməmişəm”. Foqts hazırladığı proqramı AFFA-ya təqdim edəcəyini və bu proqram üzrə işlər görülməli olduğunu bildirib. Baş məşqçi yenidən legionerlərə məhdudiyyət qoyulması məsələsinə qayıdıb: “Klublarda ən azı 5 yerli oyunçu əsas heyətdə olmalıdır. Əgər legionerlər yerli futbolçulardan güclü olsaydılar, mən bir çöz deməzdim. Amma onlar da bizim oyunçular səviyyəsindədirlər. Şəxsən mən klubun baş məşqçisi olsaydım, yerli futbolçulara üstünlük verərdim”.

Berti Foqts Uelsə uduzacaqları təqdirdə milli komandanın baş məşqçisi postundan uzaqlaşdırılacağı ilə bağlı mətbuatda yazılan fikirlərə də toxunub. O, Azərbaycan dilini bilmədiyindən, bundan məlumatsız olduğunu vurğulayıb: “Mən belə yazılardan məlumatsızam. Məni hazırda Uelslə oyundan başqa heç nə maraqlandırmır”.

Elşən Məmmədov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1394

Oxşar yazılar