Kazbek Tuayev: “Başda o Foqts-Moqts olmaqla yığmamız biabırçı oynadı”
09 sentyabr 2010 13:35 (UTC +04:00)

Kazbek Tuayev: “Başda o Foqts-Moqts olmaqla yığmamız biabırçı oynadı”

AFFA İcraiyyə Komitəsinin üzvü, veteran futbolçu Kazbek Tuayev Azərbaycan yığmasının 2012-ci il Avropa çempionatının seçmə qrup matçında Almaniya millisinə 1:6 hesablı məğlubiyyətinə sərt reaksiya verib. 70 yaşlı mütəxəssis Lent.az-a açıqlamasında sentyabrın 7-də Köln şəhərindəki “Reynenergi” stadionunda baş tutan qarşılaşmanın Maştağa və Buzovna komandaları arasında keçirilən məhəllə futbolu matçına bənzədiyini bildirib.


Tuayev millimizin dünya çempionatının bürünc mükafatçılarına qarşı çıxışını biabırçılıq adlandırıb: “Taktika bilinmirdi. Hamılıqla müdafiəyə çəkilmişdilər. Sanki udan bunlar idi. Müdafiəçilər rəqib futbolçunu aldatmağı bilirlər, yoxsa unudublar? Biabırçı çıxış idi, biabırçı! Başda o Foqts-Motqs olmaqla! Bu nə deməkdir? Utanc, biabırçılıqdır! Küçəyə çıxa bilmirəm. Hər görən soruşur ki, nə olub?”


Veteran futbolçunun fikrincə, yığmamızın almaniyalı baş məşqçisi Berti Foqts əsla komandalarımıza kömək etmir və futbolumuzdakı öz üzərinə düşən məsələləri həll etmir. Tuayev bildirib ki, Foqts yalnız millimizi Almaniya ilə oyundan öncə təlim-məşq toplantısına apardığı Baden-Badeni tanıyır: “Ona “Baden-Baden” ləqəbini yaxşı veriblər. Özü Azərbaycanın hesabına kurorta istirahət etməyə gedir, yığmamız isə 1:6 hesabı ilə uduzur. Keçmiş SSRİ respublikalarından Belarus, Moldova, Latviya, Litva, Estoniya, Gürcüstan, Qazaxıstan hansısa inkişafa nail olub. Amma bizim komanda hələ də böyük hesabla uduzur”.

Elşən Məmmədov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 752

Oxşar yazılar