“Bakı” mötəbər biznes qurumuna üzv oldu
06 dekabr 2012 11:33 (UTC +04:00)

“Bakı” mötəbər biznes qurumuna üzv oldu

“Bakı“ futbol klubu daha bir mötəbər beynəlxalq qurumun üzvlüyünə qəbul olunub. Lent.az-ın məlumatına görə, Azərbaycanda Amerika Ticarət Palatası (American Chamber of Commerce in Azerbaijan – qısa olaraq “AmCham”) “zolaqlılar”ı öz sıralarda görməkdən məmnun olduqlarını açıqlayıb.

Bu barədə paytaxt təmsilçisinin fəaliyyətini diqqətlə izləyən və analiz edən “AmCham”ın icraçı direktoru Nərgiz Nəsrullayeva bildirib. Onun sözlərinə görə, dekabrın 6-da “Hyatt” mehmanxanasının Quba zalında “AmCham”ın illik toplantısı (“Luncheon”) keçiriləcək. Görüşdə quruma qoşulan yeni üzvlərin təqdimatı yer alacaq. Eyni zamanda günün aktual məsələləri, qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsi barədə diskussiyalar aparılacaq.

Qeyd edək ki, Azərbaycandakı Amerika Ticarət Palatası (“AmCham”) ölkəmizdə biznes maraqlarını dəstəkləyən və təşviq edən nüfuzlu iş birliyi kimi tanınır. Əsası 1996-cı ildə qoyulmuş “AmCham” Azərbaycan iqtisadiyyatının bütün sahələrini əhatə edən 251 aparıcı şirkəti özündə birləşdirir. Təşkilatın məqsədi Azərbaycanı dünyada tanıtmaq, ölkəmizdə fəaliyyət göstərən biznes qurumlarının müxtəlif yönlü sosial-iqtisadi layihələrə dəvət etməkdir. “Coca Cola”, “JW Mariott Absheron”, “Ernst & Young”, “Chevron”, P&G, “Bakcell”, ZQAN, “British American Tobaco”, “ConocoPhilips” və digər böyük şirkətlər “AmCham” üzvləri sırasında yer alırlar. “Bakı“ futbolu “AmCham”ın sıralarına qəbul olunan ilk idman təşkilatıdır.
# 815

Oxşar yazılar