“Boksçumuzun İrəvandan medalla dönməsi böyük uğurdur” - MÜSAHİBƏ
05 dekabr 2012 15:37 (UTC +04:00)

“Boksçumuzun İrəvandan medalla dönməsi böyük uğurdur” - MÜSAHİBƏ

2 turdan sonra 100 faizlik nəticə göstərən “Baku Fires” WSB (Ümumdünya Boks Seriyası) Liqasında A qrupunun liderləri sırasındadır. Lent.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi “Mexico Guerreros”la birgə 6 xalla qrupda 1-2-ci yerləri bölüşdürür.

Növbəti görüş dekabrın 15-də doğma divarlar arasında məhz Meksika komandasına qarşı olacaq. Vacib görüş öncəsində “Baku Fires”in baş məşqçisi Nuripaşa Talıbov Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə müsahibə verib:

- Artıq Ümumdünya Boks Seriyasında 2 tur geridə qalıb. “Baku Fires” 6 xalla liderlər arasındadır. Cari mövsümün gedişini necə qiymətləndirirsiz?

- Hələ çempionat yeni başlayıb deyə, nə isə demək çətindir. Açığı, digər qrupdakı vəziyyətə hələ o qədər də diqqət yetirmirəm. Çünki buna indidən elə bir lüzum da yoxdur. Bizim qrupa gəlincə, onu bilirəm ki, Rusiya komandasının heyəti yaxın vaxtlarda güclənəcək. Yanvardan artıq “Dinamo”ya yeni sponsorlar cəlb olunmalıdır. Və təbii ki, heyətə də yeni, güclü boksçular dəvət ediləcək. Meksika klubu da qrupumuzda güclü komandalardandır. “Mexico Guerreros” ötən mövsüm də liqada yaxşı təsir bağışlayırdı. Bizim növbəti görüşümüz də Bakıda onlara qarşı olacaq. Doğma azarkeşlər qarşısında qalib gələrək, liderliyimizi möhkəmləndirməyə çalışacağıq.

- Son görüşünüz səfərdə WSB liqasının debütantı Əlcəzairin “Desert Hawks” komandasına qarşı oldu. “Baku Fires”in 3:2 hesabı ilə qələbə qazandığı görüş nə dərəcədə çətin oldu?

- Heyətdə olan əksər boksçularımız uzun müddət idi ki, rinqə çıxmırdılar. Bu səbəbdən də müəyyən çətinliyin yaranacağından ehtiyat edirdik. Bu görüşdə Əshab Abdulxaliqov kimi gənc idmançı komandamızda debüt etdi. Onun hələ 20 yaşı var. Və inanıram ki, o karyerasında yetərincə uğur qazana biləcək. Özbəkistanlı Orzubek Şaimov da baxmayaraq ki, Olimpiya oyunlarında çıxış edib, təcrübəlidir amma o da liqada debüt edirdi. Şaimov Əlcəzair boksçusu Samir Brahimini məğlub etməyi bacardı. Qrupda 6 komandanın olması bizə müəyyən qədər riskə getmək imkanı verir. Çalışırıq ki, əlimizdə olan bütün boksçuları yoxlayaq. Məncə, Əlcəzairdəki döyüşdə İsa İsayev də rəqibinə uduzmamışdı, Amma hakimlər qələbəni yerli idmançıya verdilər.

- Heyətə diqqət yetirdikdə superağır çəkidə cəmi 4 boksçunun olduğunu görürük. Məhəmmədrəsul Məcidov da komandaya bu yaxınlarda qoşuldu. Ümumiyyətlə, dünya çempionu nə vaxt rinqə çıxa bilər və 91+kq çəki dərəcəsi sizə gələcəkdə problem yarada bilərmi?

- Məcidov artıq bir müddətdir ki, bizimlə birgə məşq edir. Dekabrın 15-də onu Meksika klubu ilə döyüşdə rinqə buraxmaq fikrindəyəm. Məhəmmədrəsul yetərincə təcrübəli idmançıdır – dünya çempionudur, Olimpiya oyunlarının bürünc mükafatçısıdır. Həm də ən əsası o artıq WSB-də yetərincə döyüşüb. Və bilir burdakı boks nə deməkdir. Düzdür, Məcidovun hələ ki pik formasını bərpa etdiyini deyə bilmərəm. Amma həvəslə məşq edir. Şükür ki sağlamdır, zədə ilə bağlı heç bir problemi yoxdur. Onun “Baku Fires”ə cəlb olunması komandamızı xeyli gücləndirdi. Bu çəkidə heyətdə Hacı Murtuzəliyev, Uzeypat İsmayılov və gənc Əshab Əbdulxaliqov da var. Amma fasilə dövründə super ağır çəkiyə yeni boksçular dəvət etməyi düşünürük. Bu çəkinin gücləndirilməsinə ehtiyac verir. Biz 1,5 ay müddətində 7 döyüş keçirməli olacağıq. Bu cür sıx qrafikdə 3 heyət olmalıdır. Ona görə də bəzi mövqelər gücləndirilməlidir.

- “Baku Fires”in növbəti döyüşə hazırlığı necə gedir?

- “Sərhədçi” İdman Olimpiya Mərkəzində məşqlərimizi davam etdiririk. Rəhbərlik bizə hər bir şərait yaradıb. Heç bir çətinliyimiz yoxdur. Bokçulara yüksək səviyyədə qayğı göstərilir. Burda demək olar ki, biz “yox”, “mümkün deyil” kəliməsi eşitmirik.

- Bu günlərdə Ermənistanda gənclər arasında dünya birinciliyi davam edir. Həmin yarışın nəticələrini izləyirsinizmi?

- Bəli, xəbərim var ki, Pərviz Bağırov yarımfinala vəsiqə qazanmaqla bürünc medalı özünə təmin edib. Azərbaycan yığmasının İrəvandan medalla dönməsi böyük uğurdur. Pərvizin adı “Baku Fires” klubunun da heyətinə daxil edilib. Açığı mən onu yaxından izləməmişəm. Amma gənc və perspektivli olduğunu deyiblər. Gələcəkdə onun da xidmətindən yararlana bilərik. Onun daha da püxtələşməsi və ustalıq səviyyəsini artırması üçün əlimizdən gələni etməyə hazırıq. Bağırova yarımfinal görüşündə də uğurlar arzulayıram. İnanıram ki, o, finala da vəsiqə qazana biləcək.
# 1355

Oxşar yazılar