General-mayor Bəxtiyar Nəbiyev
06 dekabr 2023 20:15 (UTC +04:00)

General-mayor Bəxtiyar Nəbiyev

Şamil Basayevə mina tələsi quran, Ukraynada düşmən elan edilən AZƏRBAYCANLI GENERAL

Rusiya Federasiyası xaricdə azərbaycanlıların ən çox yaşadığı ölkələrdən biridir. Onlar arasında uğurlu iş adamları, hüquqşünaslar, həkimlər və musiqiçilərlə yanaşı, hərbçilərin də sayı az deyil.  

Lent.az bu gün onlardan biri, Rusiya Qərb Hərbi Dairəsinin Mühəndis Qoşunlarının komandanı, general-mayor Bəxtiyar Qara oğlu Nəbiyevin həyat yoluna qısa nəzər salacaq.

Bəxtiyar Nəbiyev 1965-ci ildə Azərbaycanın Yevlax rayonun Əxşam kəndində anadan olub. O, 1988-ci ildə Mühəndis Qoşunları Marşalı V. Xarçenko adına Kamenets-Podolsk ali mühəndis komandirləri məktəbini bitirir. Sovet İttifaqı dağıldıqdan sonra hərbi xidmətini Rusiya ordusunda davam etdirir. 1997-ci ildə isə 32 yaşında Mühəndis Qoşunlarının Hərbi Akademiyasını bitirir. 

Minalanma və mühəndis-istehkam işlərinə dərindən bələd olan Bəxtiyar Nəbiyev 1999-cu ildə Şimnali Qafqazda başlayan növbəti hərbi gərginlikdə əsas simalardan birinə çevrilir. O, öncə Dağıstan, ardınca isə Çeçenistanda Rusiya ordusunun apardığı hərbi əməliyyatlarda iştirak edir.

Onun döyüş yolu 1999-cu ilin avqustunda çeçen döyüşçülərinin Dağıstana hərbi müdaxiləsindən sonra başlayır. 

Artıq o zaman üçün 34 yaşlı Bəxtiyar Nəbiyevin arxasında Hərbi Mühəndislik Akademiyasında təhsil və 58-ci Orduda xidmət var idi. 

Gənc zabit Dağıstana mühəndis-minaaxtarma alayının batalyon komandiri statusunda gedir. Çeçenistandan olan silahlı dəstələr 1999-cu ilin sentyabrında Dağıstandan çıxarıldıqdan sonra Bəxtiyar Nəbiyev yeni təyinat alır – o, Şimali Qafqaz Hərbi Dairəsinin mühəndis briqadasının komandirinin müavini təyin olunur. 

Bu dəfə Bəxtiyar Nəbiyevə yeni döyüş tapşırığı verilir - tabeliyində olan döyüşçülərlə birlikdə Çeçenistandakı döyüşlərə qatılmalı idi.
 
Bu missiya çox çətin və təhlükəli idi: yolların və körpülərin bərpası, keçidlərin və istehkamların ucaldılması, silahlı birləşmələr tərəfindən qoyulmuş partlayıcı qurğuların zərərsizləşdirilməsi. Məhz Bəxtiyar Nəbiyevin rəhbərliyi ilə uzunluğu 100 kilometrə yaxın olan yüksək dağ yolları çəkildi. Ən əsası Çeçenistanın ən dağlıq rayonu - İtum-Kali rayonunda hündürlüyü 1100 ilə 2600 metr arasında olan  dağ zirvələri arasında yol çəkildi, bu Rusiya xüsusi təyinatlılarının Çeçenistana daxil olmasını, hücum potensialını və təminatını yaxşılaşdırdı.

“Tikinti işləri ağır şəraitdə aparılırdı. Bəzən gün ərzində cəmi 10 metr irəliləməyi bacarırdıq. Və sonra partlayıcı maddələrin köməyi ilə yolu açırdıq. Lakin istehkamçılar öz tapşırıqlarını yerinə yetirdilər”, - deyə Bəxtiyar Nəbiyev xatirələrini bölüşürdü.

Amma yol salmaq, istehkam qurmaq və minaları zərərsizləşdirmək onun yeganə missiyası idi. Nəbiyevin ən çətin tapşırıqlarından biri ona 2000-ci ilin qışında verilir. 

Bu zaman artıq Rusiya qoşunları artıq Qroznı şəhərini mühasirəyə almışdı və çeçen mücahidləri müdafiənin ən zəif yerində mühasirə həlqəsini yarıb dağlara çəkilməyi planlaşdırırdı.

Bəxtiyar Nəbiyevin xidmət etdiyi mühəndis briqadasına digər briqadalar kimi şəhərin ətrafını minalamaq tapşırılır. O, Qroznı yaxınlığındakı Alxan-Qala kəndi istiqamətində ərazilərin minalanmasına cavabdeh olur. 2000-ci ilin fevralında məhz bu istiqamətdə Şamil Basayevin 1500 nəfərlik dəstəsi Qroznıdan çıxmağa cəhd edir. 

Amma qısa zamanda Bəxtiyar Nəbiyevin həmkarlarının 1 aya çəkdikləri keçilməz mina səddi ilə üzləşirlər. Mücahidlər mina sahəsindən keçərkən 170-ə yaxın döyüşçü həyatını itirir, 300-ə yaxın döyüşçü isə yaralanır. 

Minaya düşənlər arasında çeçen səhra komandiri Şamil Basayev də var idi. O, mühasirədən çıxarkən sağ ayağını itirir.

Minalama işinin uğurlu təşkilinə görə, Bəxtiyar Nəbiyevə qısa zamanda polkovnik hərbi rütbəsi verilir. 

2003-cü ilin sentyabrında isə Bəxtiyar Nəbiyev bəlkə də həyatının ən təhlükəli missiyasını yerinə yetirir. Silahlılar 2003-cü il sentyabrın 1-də Şimali Osetiyanın Beslan şəhərindəki orta məktəb binasını şagird və müəllim heyəti ilə birlikdə girov götürür. Silahlılar məktəbin otaqlarını və zalında partlayıcı qurğular quraşdıraraq 1000 nəfər girovdan sipər kimi istifadə edir.  
  
Hadisənin ilk saatlarından həmin vaxt 58-ci ordunun mühəndis qoşunlarının komandiri olan Bəxtiyar Nəbiyev də hadisələrin birbaşa iştirakçısına çevrilir. Onun komandanlığı altında 5 minaaxtaran qrup yaradılır və girovların azad edilməsi əməliyyatı başlayanda dərhal hadisə yerinə cəlb olunurlar.

O zamanlar polkovnik rütbəsi daşıyan Bəxtiyar Nəbiyev və mina zərərsizləşdirmə qrupunun rəhbəri, polkovnik-leytenant Andrey Qaqloyev xüsusi təyinatlıların müşayiəti ilə məktəb binasının ərazisinə daxil olur.  

“Zala girişdə tavandan asılmış partlayıcı qurğu – içində partlayıcı və detonator olan 2 litrlik plastik “butılka” var idi. Və belə “cəhənnəm maşın”ları hər yerdə: basketbol səbətində, plafonlarda, tavan və divarlarda yerləşdirilmişdi”, - deyə Bəxtiyar Nəbiyev illər sonra əməliyyatın detallarını xatırlayarkən deyirdi. 

O, təkcə məktəbin idman zalında 50 kiloqram partlayıcı quraşdırıldığını əlavə edib. 
“Onlar partlasaydı, nəinki məktəbdən, yaxın məhlələrdən də heç nə qalmazdı. Bundan başqa, əldəqayırma bombalara daha çox insanı zədələmək üçün mismar və polad dairəciklər əlavə olunmuşdu. Mahiyyət etibarilə belə partlayışda sağ qalmaq şansı yox idi”, - Bəxtiyar Nəbiyev deyib.

O, xüsusi təyinatlılarla terrorçular arasında döyüş sırasında mina və bombaların zərərsizləşdirilməsi ilə məşğul olduqlarını, təhlükəsizlik qüvvələrinin əməkdaşları arasında yaralılar olduğu üçün paralel olaraq onlara yardım göstərdiklərini xatırlayır. 
“Yanğın başlayandan sonra vəziyyət daha da ağırlaşdı. Kifayət qədər qüvvəmizin olmadığı özünü biruzə verirdi”, - Nəbiyev xatırlayır. 

Məktəbin içində temperatur dözülməz dərəcədə artdığı üçün Bəxtiyar Nəbiyev və qrupu girov məktəblilərin bir hissəsini əllərinə götürərək ərazidən çıxırlar.

Vaxt məhdudiyyəti və atışma şəraitində minaaxtaranlar Bəxtiyar Nəbiyevin başçılığı altında Beslan məktəbindən 10 əldəqayırma partlayıcı qurğu, 4 mina, 2 “şəhid kəməri”, 24 ədəd “Şmel” odsaçanı, 18 qumbaraatan mərmisi, 23 “RQD”qumbara, 110 əldəqayırma qumbara, 2 radioqəbuledici formasında hazırlanmış partlayıcı qurğu, 10 min güllə və odlu silahlar əldə olunub. 

“Mən o əclafların uşaqları sipər etməsini biləndə gücsüzlük hiss etdim”, - deyə Bəxtiyar Nəbiyev illər sonra açıqlama verib. 

2007-ci ildə Bəxtiyar Nəbiyev Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasını bitirir və yenidən Şimali Qafqaz Hərbi Dairəsinə təyinat alır. Bu dəfə o, Dairənin Mühəndis Qoşunlarının Qərargah rəisi təyin olunur. 
O bu postda 2008-ci ilin 8 avqustunda Rusiya-Gürcüstan Müharibəsini qarşılayır və müharibədə aktiv iştirakçı olur. 

“İstehkamçılarımızın döyüş şəraitində işi yolları, körpüləri və “ölüm”lə dolu binaları minalardan təmizləmək idi. Sonradan bu vəzifələrə istehkam işləri də əlavə edildi. Xaricdə istehsal olunan sursatların zərərsizləşdirilməsi işimizi çətin edirdi. Orada ABŞ, İsveç, Çexiya, İsrail istehsalı olan sursatlar var idi.  Onlarla işləmək asan deyildi. Amma bacardıq”, - o xatirələrini bölüşərkən deyirdi.

Müharibələrdə və xüsusi əməliyyatlarda iştirak Azərbaycan əsilli zabitin hərbi karyera pillələləri ilə uğurla irəliləməsinə imkan yaradır.

2014-cü il iyulun 25-də Bəxtiyar Nəbiyev Prezident Vladimir Putinin sərəncamı ilə Cənub Hərbi Dairəsinin XII Ehtiyat Komandanlığının komandiri təyin olunur və 2015-ci ilin dekabrına qədər bu postu icra edir. 

Qeyri-rəsmi məlumatlara görə, məhz bu dövrdə Bəxtiyar Nəbiyev Ukraynadakı hərbi böhranda aktiv iştirakçı olur.  

Ukraynanın “Mirotvorets” resursu generalı Rusiyanın Ukraynanın təcavüzünə yardım edənlərin siyahısına salıb. Onun 2014-2017-ci illərdə Ukrayna ərazisindəki separatçı “LXR” və “DXR”ə hərbi dəstək üçün bir sıra addımlar atdığı iddia olunur.

Rusiya ordusunun Azərbaycan əsilli generalı Bəxtiyar Nəbiyevin son postu 2018-ci ildə təyinat aldığı Qərb Hərbi Dairəsinin Mühəndis Qoşunlarının komandanı vəzifəsidir.
Məlumdur ki, o bu postda 2022-ci il fevralın 24-də Rusiyanın Ukraynada başlatdığı hərbi əməliyyatların aktiv iştirakçısıdır.

Hazırda da 48 yaşlı Bəxtiyar Nəbiyev Rusiya ordusunun Qərb Hərbi Dairəsinin Mühəndis Qoşunlarının komandanı postunda fəaliyyətini davam etdirir.

# 19005
avatar

Vüqar İsmayılov

Oxşar yazılar

Naxçıvanın 37 yaşlı yeni baş naziri kimdir? - BİOQRAFİYA

Naxçıvanın 37 yaşlı yeni baş naziri kimdir? - BİOQRAFİYA

25 aprel 2024 , 12:01
İntihar edən  Nəsib Quliyev kim idi? - BİOQRAFİYA

İntihar edən Nəsib Quliyev kim idi? - BİOQRAFİYA

24 aprel 2024 , 15:05
“Zərifə xanım məni xoşbəxt edib” – Heydər Əliyevin XATİRƏLƏRİ

“Zərifə xanım məni xoşbəxt edib” – Heydər Əliyevin XATİRƏLƏRİ

28 aprel 2023 , 13:30