Ölümü də ibrətli, yaxud <span style="color:red;">aləmdə səsi qalan el anası
04 sentyabr 2019 14:16 (UTC +04:00)

Ölümü də ibrətli, yaxud aləmdə səsi qalan el anası

Bu gün yazıçınn anım günüdür. Lent.az Ramilə Qurbanlının onun haqqında yazısını təqdim edir.

Yazdığı əsərləri, bununla bahəm millət, vətən, xalq qarşısında xidmətlərini sadalamayacam, sadəcə...

Birotaqlı xudmani mənzilin qapısından içəri girən kimi elə bil tamam başqa bir aləmə düşürsən. Nələr yoxdur o aləmdə. Əlini hansı səmtə uzatsan kitaba toxunacaq. Divarlardan Nəsiminin, Füzulinin, Nizaminin siması boylanır. Onların ərəb-fars dilində yazılmış şerləri də xüsusi çərçivəyə salınıb. Adamı öz sehrinə salıb, qarşısında durub düşüncələrə qərq etməyə məcbur edən daha bir şəkil var. Altından “Türk bayrağının doğuluşu” yazılıb. Üfüqdə  göy rəngli türk bayrağı təsvir olunub, onun önündə at belində ərənlərinin döyüş səhnəsidir. Ortada şəhidlərin qanlarından yaranmış qırmızı gölə türk bayrağının əksi düşür.

Kitab dolabının qarşısında bir qopuz var. Yanında isə ev sahibinin öz şəklidir. Elə bil indicə qopuzu köksünə basıb oxuyacaq.

Kimlər pənah gətirməzdi bu otağa, həyatın əzab-əziyyətlərindən usanmışlar, saflığa, təmizliyə, insanlığa tapınmaq üçün bir künc axtaranlar, daxilən zənginləşməyə çalışanlar. Bir sözlə, insan axtarışı ilə bura gəlib çıxan insanlar. Bir dəfə gələnvdaha çıxa bilməzdi bu sehrdən, heç çıxmaq istəməzdi də. Axı bura indi ayrılıb gəldiyin cəmiyyəti xatırlatmır sənə, tamam başqa, yaşadığın dünyadan xeyli fərqli, bəlkə də yalnız xəyallarında yaşatdığın bir dünyadır. Bu kiçicik dünyanın nurani, ağbirçəyi hamı üçün qollarını açardı, hər kəsə pənah yeri olardı. İndi ortasında uzun bir stol açılaraq şirniyyat, halva, çay verilən otaqda bircə o özü yoxdur. Cismən yoxdur, gülərüzlə adamı qarşılayıb hikmət  xəzinəsinə qonaq edə bilmir. Artıq  bura çoxdandır gələn olmur, çünki gələnlər onu görə bilmir, onun xatirələri, onun ruhu ilə baş-başa qalır. Mənzildə həmin dünya, həmin saflıq, həmin qeyri-adilikdir. O yaradaraq qoyub gedib bu dünyanı. Bircə özü yoxdur. Əzizə ananın, Əzizə Cəfərzadənin...

Şamaxıda müqəddəs bir təpəcik var

Xatirə günüdür. Bir süfrə arxasında oturmuşuq, oğludur, gəlini, iki nəvəsi, qardaşı qızıdı, qardaşı oğludu, onu həyat yoldaşıdır. Söhbəti biri başlayır, o biri davam etdirir. Xatırlayıb gələn qonaqlar səssizcə keçib süfrə arxasında əyləşib qulaq kəsilirlər.

Oğlu Turan: “Anam bakılıdır. Anası ikinci Şamaxı zəlzələsində 17 günlük olub, köçüblər Bakıya. Onun tarixçəsi çox uzağa gedir. Atası burda mart qırğını zamanı türklərə qarşı vuruşmaq istəməyib, çıxıb gedib Şamaxıya. Azərbaycanda sovet hakimiyyəti qurulanda ona Nəriman Nərimanov vəzifə də təklif edib, kişi deyib ki, yox, mən bu hökumətə işləməyəcəm. Çəmbərəkənd qəbiristanlığında dəfn olunubmuş. O vaxt Kirova möhtəşəm heykəli o qəbiristanlığın üstündə qoyublar. Anamgil bu məsələni əvvəlcədən bilib kişinin qəbrini oğurlayıb aparıblar Şamaxıya. Sonra anası, iki qardaşı orda dəfn olundu. Mənim atam da orda dəfn olunub, əvvəlcədən anama dedi ki, bilirəm sən ananın yanında dəfn olunmaq istəyəcəksən, əgər elədirsə sən harda mən orda. Anamdan əvvəl orda dəfn olunmasını istədi. Odur ki, biz elə o vaxtdan bu günün belə olacağını bilirdik. Hacıqabul o vaxt Şamaxının ərazisi idi. O təpəcikdə mənim bütün əzizlərimin məzarı var, bizim üçün müqəddəs bir yerdir artıq.

Alyaskadan Şamaxıya ruh tez çatar, cism təyyarə gözləyər     

Dəfninə gəlib çatdıra bilmədim. Mən neçə illərdi ki, işimlə əlaqədar Alyaskada yaşayıram. Kiçik qızım onun yanında, burda qalırdı. Hər gün əlaqə saxlayırdıq, deyirdi, yaxşıyam, hər şey öz qaydasındadır. Sən demə, mənə bu sözləri var gücünü toplayıb deyirmiş, əslində bütün yayı xəstə olub. Mən artıq bunu bilən kimi yoldaşımı, böyük qızımı göndərdim. Onlar gələndən sonra həkiminə zəng elədim və qərara aldım ki, özüm də gəlim. 11 sentyabr hadisələrindən sonra ölkədən çıxmaq çətinləşdi,  gərək birbaşa ölkə rəhbərindən izn alaydın. Sağ olsun həmyerlilərimiz, dedilər o uzun çəkəcək, biz birtəhər yoluna qoyarıq sən get. Amma yenə də üç təyyarə dəyişə-dəyişə gecikdim. Yoldan zəng elədim ki, gəlirəm. Şənbə günü səhərə yaxın çatdım Bakıya, anamı isə artıq beşinci gün dəfn eləmişdilər.

Əzizə xanım üç dəfə universitetdən xaric olunub

  “Vida mərasimlərini heç sevməzdi, deyirdi, cənazəni reklam etməyə bənzəyir. Son vaxtlar bu mövzuda çox söhbətlərimiz olmuşdu. Anam ölümünə də köklü hazırlaşırdı. Zarafat deyildi 82 illik ömrünü mübarizə ilə yaşayıb. Nə qədər məhrumiyyətlər çəkib, elə üç dəfə universitetindən qovulub, yenidən bərpa olunub. Sonuncu dəfə ərəb-fars dilində Tofiq Fikrətin kitabını oxuduğu üçün çıxarılıbmış. Qardaşını “xalq düşməni” adı ilə məhv ediblər. Bu məsələ onun yolunda çox sədlər yaradıb. Doktorluğu müdafiə edəndə deyiblər ki, bu mövzuda kiminsə oğlu da doktorluq yazır, hələ yazır ha... Qəbul etməyiblər, o mövzunu neçə illər sonra da o kimsənin oğlu yox anam müdafiə etdi. Müharibə vaxtı ilk övladını itirib. Nə isə bütün bunlar onun həyat yoludur. Ona görə deyirdi ki, mən yaşamışam”.

Qardaş qızı Kəmalə Cəfərzadə: “Deyirdi, mən 10 insanın həyatını yaşamışam. 10 insanın gəzə biləcəyi qədər yerlər gəzmişəm. Allahımdan narazı olmağa haqqım yoxdur. 82 il az ömür deyil. 82 yaşında bir qadın, xəstə yatağında anasını xatırlayarmı? Bibim hər gün anasını çağırırdı, deyirdi:

Anam bulağa gəlsin

Minsin ulağa gəlsin.

Gəlsin, bala, vay desin

Səsi qulağa gəlsin.

Ayağı onu incidirdi, qabağa uzadıb ona baxa-baxa bir lətifə danışırdı. Hər halına bir zarafat, bir lətifə qoşurdu.”

Turan: “Adətən gündəlik yazardı. Bir dəfə anama, həm də elə dayılarıma-onlar da qələm adamları idi, alim idilər-təklif etdim ki, Cəfərzadələr haqqında yazın, tanınmış nəsildir. Dayılarımın da təbii ki, öz düşüncə tərzləri, həyata baxışları vardı. Bir məsələ barədə hökmən mübahisələri düşərdi. Dediyim kitab da anam rəhmətə gedənə yaxın işıq üzü gördü”.

Kəmalə xanım: “Əslində əsər bütünlüklə yazılmamışdı. Əzizə xanım gözlərindən əməliyyat olunandan sonra çətin yazırdı. Yazmaq istədiklərini danışırdı, köçürürdük maqnitofon lentlərinə, sonradan yazırdıq. Sonuncu əsəri də elə yazılıb – “Eşq sultanı” əsəri.

Deyirdi, mənim bundan bədbəxt əsərim olmayıb. Əlləri tutmurdu, mən səhifələyib nömrələyirdim. “Biz Cəfərzadələr”in sonluğunu Turanın xahişi ilə dəyişdim. Kitab çıxandan sonra bibim bildi, mənə etiraz etdi ki, əsərimə çox müdaxilə etmisən.

Siyasi get-gəllərə qarışmazdı, amma əsərlərində şrtixlərlə verirdi. “Bəla” əsərində deyir ki, indiki kimi o vaxt da Azərbaycan tayfalara bölünmüşdü. Deyir 37 partiya, sonra eyham edir ki, yox 37 tayfa.

Televiziyadakı verilişlərinin lentləri 20 Yanvar hadisələrində itirilib

Turan: “Dünən bu evə gəlib xatirə günü hazırlığı üçün yır-yığış edəndə kağız-vərəq içində anama məktubumu tapmışam, 98-ci ilin məktubudur: “Ana, 40 dəqiqəlik piyada yolu gələ-gələ ürəyimdə səninlə müsahibə aparırdım. Yeni bir videofilm çəkmək fikrinə düşdüm, mövzu beynimdə çoxdan var. Əziz Cəfərzadə və Azərbaycan tarixi. Sən Azərbaycan tarixi üçün nələr yazmısan (Ədəbiyyat tarixini demirəm). Adəm və Həvvadan başlamasan da onların da dövründən yazmısan. Nizami dövrü. Naxçıvanın qadın hökmdarı, Şah İsmayıl Xətai, Gülüstandan öncə, Natəvan, Şeyid Əzim Şirvani, Sabir dövrü. Azərbaycan tarixi üçün daha  nə demək istərdin. İkinci bir məsələ də var, sənin əsərlərində Azərbaycan tarixində qadın mövzusu öndədir. Kembricdə Lyus xanım sənə nəhəng  qadın deyirdi. Deyirdi, Azərbaycanda Əzizə xanım kimi fədai olduğu üçün qadın yaradıcılığı toplanıb üzə çıxıb. Şərq qadını onlar üçün qapalı qalmadı, ana, sən açdın onlara. Çox hayıf ki, sənin AzTV-də bu silsilədən olan verilişinin lentləri itirilib. Əlimə video düşən kimi o boşluğu  doldurmağa çalışacam. Bir də bir əsər yazmalısan, “Nənəm, anam, mən” əsərini”. İnşallah gəlib birlikdə yazarıq... Bu 35 ildə hər gün səndən nə isə öyrənmişəm, hələ öyrənəsi çox şey var”.

Səsi qırılır Turan bəyin, oxuya bilmir. Bəlkə də bu məktubu oxumaq ona indi Əzizə xanımsız qaldığını bir anlıq unutdururdu.

Təyyarəçi olması üçün Əzizə xanımın boyu bircə santimetr az olub

“Burdan Alyaskaya nəvələrinə yemək resepti verirdi. Vəfatından iki gün öncə qızıma şam kababının reseptini dedi, sonra da tapşırdı ki, bişirib şəklini çəkərsən, görüm necə bişirmisən. Özü də çox gəzib anam, həm də atamın işi elə olub, həm də özünün ezamiyyətləri, axtarışları. Atam təyyarəçi idi, anam da təyyarəçi olmaq istəyirmiş, atamla da elə o kursda  tanış olublar. Sonradan anamın boyu bircə santı çatmayıb”.

“Yaşıma düşən bütün Azərbaycan övladları mənim övladlarımdır”  deyərdi Əzizə ana.

Ölümündən bir gün əvvəl nə isə  yazmaq üçün kağız-qələm istəyib

“80 yaşında bütün günü və səhəri əlimdə video çəkmişəm. Əlindəki gündəlikdən oxuyur – Xoşbəxtəm, ad günümü Turanımla, onun balaları ilə keçirirəm. Otağımı Qasım otağı kimi bəzəyiblər. Turan mənə öz hesabına çap etdirdiyi “Biz Cəfərzadələr” kitabını hədiyyə etdi. Prezident fərmanla illərdən bəri xalqın mənə verdiyi tituldan “ın” şəkilçisini götürüb bu adı rəsmiləşdirdi”. Anam məhəbbətdən, xalqın məhəbbətindən çox ruhlanırdı. Onun xüsusi qaymaq, qatıq gətirəni vardı, gələrdi, ana, nə lazımdır? Sən düşmə mən gedim alım. Göysatan, əncirsatan. Ona qəzet-jurnal gətirən poçtalyon deyirdi ki, siz bizim dünyanın adamı deyilsiniz, başqa planetdən düşmüsünüz, mənim cavan ömrümdən Tanrı sizə versin. Anam deyirdi Allah eləməsin, bala”.

Kəmalə xanım: “Bir gün səhər gəldim ki, stolun üstündə meyvə, göyərti, özü də çox. Dedim, bunları kim yeyəcək belə. Dedi, bir gəlin çıxmışdı yuxarı, aldım ki, istidir, yükü yüngülləşsin”.

Turan: “Onu polislərin göysatan qadınları təhqir etməsi çox incidirdi.  Deyirdi, bu qadın balasını necə saxlasın? Canını satmır ki, əkdiyi göyərtini, meyvəni satır da. Onu da əlindən alırsan, üstəlik qazandığı qəpik-quruşu da.

Bayatıları çox sevərdi anam, “insan anadan olandan son gününə qədər bayatılar qoşur” deyərdi. Özü də çox bayatı yazardı. Yavaş-yavaş gərək çap etdirək biz onları. Anamla biz həm dost idik, həm də opponent. İlk oxucusu idim onun, mənim məsləhətim olmadan əsərlərini çapa verməzdi.

Qardaşı gəlini Vahidə xanım: “Ölümündən bir-iki gün əvvəl dedi ki, Vahidə, mənə qələm-kağız ver. Dedim, necə yazacaqsan, əli qələm tutmurdu. Dedi, ver, verdim nə qədər çalışdısa yaza bilmədi, nə yazacağını da bilmədim. Onu bildim ki, uşağın nə isə məzəli bir sözü ona mövzu vermişdi”.

Zehni itiləşsin deyə krossvord doldurarmış  

Kəmalə xanım: “Hafizəsini itirməkdən qorxurdu, əli qələm tutmurdu, amma zehni qəti çaşmamışdı. Hər gün səhərlər adəti üzrə oturub işlədiyi yazı masasının arxasına keçərdi, deyirdi oturdun məni orda, işləyəcəm.  Oturub krossvord doldururdu ki, zehni itiləşsin, korşalmasın”.

Turan bəy əlində vərəqlədiyi gündəlikdən oxuyur:

O taydan gələn kimdir

Fağıra gülən kimdir

Siz Allah, bircə deyin

Bu yurdda ölən kimdir.

 

Bu dağlar hasa dağlar

Batıbdır yasa dağlar

Quruyub lalələri

Batıbdır yasa dağlar.

Təsadüfən açıq oxuduğu bu bayatılar yerinə düşdüyündən Turan bəyin bu gün neçənci dəfə qəhəri boğazında tıxaclanır, səsi titrəyib kəsilir.

Kəmalə xanım: “Ətrafın qayğısı ilə əhatə olunmuşdu. Hamı çalışırdı, onun üçün nə isə eləsin ki, ayağa qalxsın. Deyirdi, siz məni ölməyə qoymursunuz, aparın məni kəndə, kənd adamı əhli-haldır, gedəni saxlamaz. Müdrikdilər, məni daha tez rahatlayarlar. Bütün yayı Əzrayılla mübarizə aparmışıq. Bezmişdi iynələrdən, daha qoymurdu vurulsun.

Deyirdi:

Qoy məni el götürsün,

El yuyub, el götürsün

Qardaş qəbrimi qazsın

Çiyninə bel götürsün.

İlahi, dəfndə el sel axını qədər idi. Arzusu yerinə yetdi. Bir şeri də tez-tez deyərdi:

Görsəm bu dağın ardını

             dərgah deyə bilsəm

Bu eşqi ilahi ilə ey

              vaxt deyə bilsəm

Yox zərrəcə qorxum

        fələyin sir-sifətindən

Son anda gücüm çatsa bir

Allah deyə bilsəm.

Doğrudan da son nəfəsində elə bil bütün gücünü toplayıb. Allah kəlməsini dedi, nəfəsini dərdi və gözlərini yumdu”.

Əzizə xanımın otağındakı saat 22.10 dəqiqəni göstərir. Mənzili və onun sahibəsinin yetirmələri olan bu gözəl insanları tərk edib küçəyə çıxıram. Dərindən nəfəs alıb yeni qüvvə toplayırmış kimi kütlənin axınına qoşuluram, qarşıda hələ bu gün görüləsi çox işlər var...

Qulaqlarımda isə bir səs eşidilirdi, Əzizə ananın səsi, şirin-şirin bayatı deyir. Yalnız mənim qulaqlarımdamı?  “Aləmdə səsim var mənim ” –deyəndə bunu özünə də aid edibmiş.

 

     

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2727
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar