Əsiri polislə dəyişmək üçün 6 ay erməniyə baxdılar - 30 il yol gözləyən qadının HƏYAT HEKAYƏTİ
23 iyun 2022 18:03 (UTC +04:00)

Əsiri polislə dəyişmək üçün 6 ay erməniyə baxdılar - 30 il yol gözləyən qadının HƏYAT HEKAYƏTİ

“Daha saf sevgilər, ömürlük sədaqət yoxdur” deyənlərə gəlsin bu ömür hekayəsi. Bu sevginin, sədaqətin və müharibənin bir qadın ömrünə vurduğu zərbənin hekayəsidir.


1988-ci ildə ermənilər Qarabağda  təxribatlar törədərkən ilk növbədə asayişi  qorumaq üçün polislər göndərildi. Onlar arasında 23 yaşlı polis əməkdaşı Babayev İslam Əhmədağa oğlu da var idi. 

O, Qarabağa döyüşə gedəndə həyat yoldaşı Solmaz hamilə idi,  İslama oğlunun üzünü görmək nəsibi olmadı. Solmaz 7 ayın gəlini oldu,  bir üzü qız, bir üzü gəlin 30 il  həsrətin yükünü çəkdi. Müharibənin talan etdiyi bir ömür hekayəsinə çevrildi Solmaz Şirəliyeva.

İslam Solmazın bibisi oğlu idi. Yaşıd idilər. Uşaqlıqdan bir-birlərinə könül bağlamışdılar. 1991-ci ilin sentyabr ayında toy etdilər, Solmaz Kürdəmirdən Ağsunun Musabəyli kəndinə gəlin köçdü. O zamanlar bütün qızların yaraşığına heyran olduğu, baxıb köks ötürdüyü İslam çevik Polis Alayında işləyirdi. Bir neçə ay sonra İslam ata olacağı xəbərini eşidib çox sevinmişdi. Amma balasını qucağına almaq, ona atalıq etmək, arzuladığı kimi birlikdə futbol oynamaq, balıq tutmağa getmək  qismət olmadı.

Solmaz o günləri belə xatırlayır:

“1992-ci ilin aprel ayında İslamgili Qarabağa döyüşə apardılar. 60 polis işçisi Şuşa uğrunda döyüşlərdə iştirak etdi. İtkin xəbərini aldığım gün mənə dedilər ki, İslam Bala Kirs deyilən ərazidə 2 həmkarı ilə postda dayanıbmış. O, Əfsun və Şahin. Mayın 8-də Şuşa işğal olunan gün İslam və 2 yoldaşı itkin düşdü. Nə ölüləri tapıldı, nə diriləri. Dünya başımıza yıxıldı. 3 nəfərdən başqa, 57 polis sağ-salamat geri qayıtdı. Biz İslamın axtarışlarına başladıq. İndiki kimi deyildi, o zaman nə nizami ordu vardı, nə doğru-dürüst iş aparan. Ölkədə vəziyyət qarışıq idi, bir yanda Vətən uğrunda müharibə gedirdi, bir yanda da hökumət qarışmışdı. Başıpozuqluq idi. Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinə, Daxili İşlər Nazirliyinə, əlimiz çatan hər yerə müraciət etdik, bütün xəstəxanaları, morqları gəzdik. Qayınatamla, qayınlarım günlərlə evə gəlmədilər, bir soraq çıxar deyə mümkün olan hər yerə gedirdilər. Qapıdan bayıra çıxanda qayınanam qapıya qıfıl asmırdı ki, İslam gələr, ya da kimsə xəbər gətirsə, qapıdan qayıtmasın, girib evdə gözləsin”.

O illər ərzində itiyini, əsir düşənini axtaranların sayı çox idi. Bu vəziyyətdən yararlanmaq  istəyən çoxlu sayda  “insan  alverçiləri” ortya çıxmışdılar.  Sözün həqiqi mənasında satılmaqdan gedir söhbət.

“Füzuli rayon sakini olan bir kişi, adına Seyid Əhəd deyirdilər, dedi ki, mən sizin adamı tapıb gətirə bilərəm. O əsir düşənləri araşdırır, pul müqabilində tapıb gətirirdi. Əməlli-başlı insan alveri gedirdi. Bizə dedi ki, guya görən olub, İslam əsirlikdədir, bir erməni əsirlə dəyişmək lazımdır. Bir gün Seyid Əhəd bizə yaralı bir erməni gətirdi, dedi buna baxın, ölməsin, İslamla dəyişəcəyik. Yaralı ermənini bizə pulla satdı. Adı Levon idi. Bitin, birənin, yara-xoranın içində idi. Düz 6 ay Levona evdə baxdıq. Yaralarını sarıdıq, sağaltdıq ki, ölməsin, İslamla dəyişə bilək. Ayağı qanqren olmuşdu, müalicə etdik. O qədər yaxşı baxdıq ki, ayağı kəsiləsi olmadı. 6 ay sonra Levon qayınanama dedi ki, mənə elə yaxşı baxırsınız, deməsəm ürəyim dözməyəcək. “Ermənilər məni sizin oğlunuzla dəyişməyəcək. O polisdir, mən isə heç döyüşdə də olmamışam. Məni Marneuli qatarından öz ermənilərimiz tutub döyə-döyə gətirdilər, azərbaycanlılara satdılar. Mən Rusiya vətəndaşıyam. Ermənilər azərbaycanlı əsirlərlə dəyişmək üçün ordan-burdan erməni oğurluğuna çıxırlar. Oğurlayıb azərbaycanlılara satırlar”. 

Levonun atası-anası Moskvada yaşayırmış. Özü də döyüşə aidiyyəti olmayan, 45 yaşlı bir adam imiş. İslamın atası və qardaşları araşdırıb, onun dediklərinin həqiqi olduğunu biləndən sonra  dövlətə  təhvil veriblər. 

“Seyid Əhəddən sonra bir gürcü çıxdı ortaya, dedi tapmışam gətirirəm, bir həftə qayınatamla, qaynım Qazaxda oturub, yol gözlədilər. 65 min manata pul vermişdilər. Xəbər gəlmədi, gürcü də aradan çıxdı. Öləni bilirsən ki, öldü getdi. İtkini olmaq ağır dərddir. Haradadır, nə edir, bəlkə zülm çəkir, sənə ehtiyacı var. Amma sən bilmirsən. Qayınanam illərlə qapını bağlamağa qoymadı ki, İslam gələr, eşitmərik. Qaynanam da , qayınatam da  oğul dərdi çəkə-çəkə köçdü dünyadan.
İslamı Qarabağa yola salanda Solmazın 23 yaşı var idi. İndi onun 53, İslamın isə yenə də 23 yaşı var. Solmaz hələ də inamını itirməyib, ərinin yolunu gözləyir. “Mən onu Allaha əmanət etmişdim. Birini Allaha əmanət edəndə, onu görmədən ölməzsən” deyirlər. Şuşada bir “Ərim gəldi” qayası var. Orda dayansaq, gözləsək gələrmi itkinlərimiz?”. 

Gələrmi? Kimsə bilməz. Ömür dediyimiz möcüzələrlə dolu deyilmi?

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 19629
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar