700 qətl, "yuyulan" milyonlar:  Alnı çapıq bərbər oğlunun ad günüdür
17 yanvar 2022 20:15 (UTC +04:00)

700 qətl, "yuyulan" milyonlar: Alnı çapıq bərbər oğlunun ad günüdür

“Uşaqkən, hər axşam Tanrıya mənə bir velosiped verməsi üçün dua edərdim. Bir gün anladım ki, Tanrı belə işlərlə məşğul olmur. Səhəri təzə bir velosiped oğurladım. Bundan sonra hər axşam yatmazdan əvvəl Tanrıya günahlarımı bağışlaması üçün dua etdim”. 

O, 123 il əvvəl, yanvarın bu günü, 17-i Nyu-Yorkun Bruklin məhəlləsində anadan olmuşdu. Valideynləri Amerikaya İtaliyadan köçmüşdülər. Atası Qabriel bərbər, anası Tereza isə dərziydi. Onların 9 uşağı vardı. 

Balacalıqdan katolik məktəbində təhsil alırdı. Amma o, həmin məktəbdə 13 yaşına qədər oxumuşdu, uşaq vaxtından işləməyə məcbur olmuşdu. O, dükanda işləyir, barmen kimi çalışır, gah da qəzet satırdı. 

Günlərin bir günü isə ABŞ-ın kazinolar kralı kimi tanıdığı mafioz Conni Torrionun gecə klubunda mühafizəçi işinə düzəlir. Az sonra isə bu kluba gəlib-gedən mafioz strukturların bosslarıyla tanış olur. Və tədricən qanqsterə çevrilir. 

İlk zərbəni isə sevdiyi qızın qardaşından alır. Gecə klubunda tanış olduğu bir qızı təhqir etdiyindən onun qardaşı tərəfindən bıçaqlanır. O vaxtdan üzündə çapıq qalır. 

Diribaşlığı və cəsarəti sayəsində o, Torrionun rəğbətini qazanır, tezliklə onun sağ əlinə çevrilir. Torrioya qarşı edilən sonuncu sui-qəsddən sonra  faktiki olaraq onu əvəz edir. Həmin dövrdə onun ətrafında mindən çox döyüşçü vardı. Qaçaq və saxta spirtli içkilər satışından, qanqsterlikdən, tütün və qadın alverindən həftəlik qazancı yarım milyon dolları keçirdi. 20-ci əsrin 20-ci illərində bu böyük pullar idi. 

Onun ən qəddar düşmənlərindən biri irland mafiya başçısı Baks Moranı idi. Qısa zamanda Moran və bandası məhv edildi.  Həmin gün ABŞ tarixinə “Müqəddəs Valentin günündə qətl” adı ilə düşdü. O gün təkcə Moran yox, daha 7 nəfər öldürülmüşdü. Yeri gəlmişkən, təkcə 1924-1929-cu illərdə Çikaqoda 500-dən çox mafiya üzvü güllələnmişdi.   

Bir dəfə Çikaqo meri onunla əvvəlcədən razılaşdırmadan bir sərəncam imzalayır. O, merin hərəkətindən qəzəblənir, şəhər şurasının zalına daxil olaraq hər kəsin gözü qarşısında meri döyərək ölümcül vəziyyətə salır. 

Ondan artıq hamı qorxurdu, ehtiyat edirdi. Az sonra onun mafiyası dövlət içinə də sızmağa başlayır. Qubernator və konqresmenləri ələ alır. Tədricən onun gəlirləri də artırdı. İllik gəliri 50 milyon dolları keçmişdi. O, ideal səviyyədə qorunurdu. Evi 24 saat mühafizə altında idi. Onun 1928-ci ildə istehsal edilmiş və cəmi 1787 km yürüşü olan “Cadillac Town”  avtomobili bu yaxınlarda bir milyon dollara satışa da çıxarılmışdı. Bu “Cadillac” tarixdəki ilk zirehli avtomobillərdən biridir. 

Dünyada “Çirkli pulların yuyulması” termini də onunla bağlıdır. O, mafiyasının əldə etdiyi milyonları leqal pula çevirməli idi. Söhbət ondan gedir ki, həmin vaxt həm xüsusi xidmət, həm də vergi orqanları onu fəaliyyətini daim nəzarətdə saxlayırdı. O zaman Amerika cəmiyyətində evdə paltar yumaq dəbdə deyildi. Bu səbəbdən, o, ucuz qiymətə camaşırxanalar şəbəkəsi açır. Camaşırxanalara bir gün ərzində nə qədər müştərinin gəlib-getdiyini izləmək mümkünsüz idi. Belə olan halda camaşırxanalarda istənilən qədər müştəri sayı qeyd etməklə gəliri yüksək göstərərək vergi orqanlarına şişirdilmiş gəlirlər haqqında hesabatlar təqdim edilirdi. Beləliklə mafiyanın kazino, şantaj, adam oğurluğu, alkoqol içkilərin satışından gələn qeyri-qanuni gəlirləri camaşırxanalarda “yuyulub” leqallaşırdırılırdı. 

Onun vizit kartında vəzifəsi sadəcə olaraq “mebel satıcısı” kimi qeyd edilmişdi. Realda hər kəsə onun əslində hansı işlərlə məşğul olması bilsə də, heç bir xüsusi orqanlar onun bu əməllərini sübut edə bilmirdilər. 

Amma 1931-ci ildə vergi orqanları onun fırıldağın üstünü aça bildilər. O, Federal məhkəmə tərəfindən 10 il müddətinə azadlıqdan məhrum edilir. "Atalanta”, "Linkoln” və "Alkatras” kimi həbsxanalarda yatır. Həbsdən çıxdıqdan sonra öz imperiyasının zəiflədiyini görür. Düzdür, hələ də ondan qorxurdular, o, hələ də qüdrətini itirməmişdi. Amma zaman artıq o zaman deyildi. Sifilisə tutulur, bu onu depresiyaya salır. 1946-cı ilin payızında yatağa düşür. 1947-ci yanvarın 24-də isə insult nəticəsində dünyasını dəyişir. Və sonda bir maraqlı fakt:  Çikaqoda 14 il ərzində 700 qətl baş vermişdi, bunlardan 400-ü elə onun əmr ilə icra olunmuşdu. Və bu gün onun,  dünyanın gəlib getmiş ən böyük mafiozunun - Alfons Qabriel Al Kaponenin ad günüdür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8616
avatar

Səbuhi Sədəf

Oxşar yazılar