11 yaşında şöhrət, sevgilisini 6 il gözləyən romantik, “qisasçı”nın kədərli sonu – HƏYAT HEKAYƏTİ
04 may 2020 11:03 (UTC +04:00)

11 yaşında şöhrət, sevgilisini 6 il gözləyən romantik, “qisasçı”nın kədərli sonu – HƏYAT HEKAYƏTİ

 

Bu günlərdə dünyaca tanınmış hind aktyor Rişi Kapur dünyasını dəyişdi.

Lent.az xəbər vermişdi ki, aktyor 68 yaşında Mumbai şəhərindəki klinikalardan birində xərçəngdən öldü.

Bir zamanlar dünya qızlarının kumiri, kinonun xarizmatik ulduzu ölümə təslim oldu.

Rişi Kapur dünyaya gələndə taleyi artıq müəyyən olunmuşdu. Kapurlar ailəsinin, məşhur Rac Kapurun ikinci oğlu kimi doğulmaq elə kino aləminə gəlmək demək idi. Rişi Kapur təkcə özündən əvvəlki qardaşının deyil, bütün Kapurların reytinqini elə 18 yaşında “Bobbi” filmində qazandığı uğurla təzələdi. Bu barədə gedişatda danışılacaq. Ona qədər Rişi iki filmə də çəklib. 

Məşhur hind aktyor 11 yaşından filmlərə çəkilib. Gənclik illərində lirik-romantik, orta yaşlarında isə xarakterik rollara imza atıb.

Uşaqlıqdan kinoya

Rişi 1952-ci ilin 4 sentyabrında dünyaca tanınmış aktyor və rejissor Rac Kapurun ailəsində dünyaya gəlib. Rişi üç oğuldan ortancılıdır. Randhir, Rişi və Ranciv Kapurlar Rac Kapurun davamçıları idi. Rişi uşaq olanda Hindistanın Çarli Çaplininin ailəsində soyuqluq yaranmışdı. Rac Kapur Nərgizlə sevgi macərası yaşayırdı. Ailə dağılmaq üzrə olanda Rac Kapur ailəsini seçdi.

Rişi qardaşları ilə birgə əvvəlcə adi məktəbdə, sonra isə kollecdə təhsil alıb.

Racın ortancıl oğlunun kino karyerası 1970-ci ildən sayılır. Çünki həmin il dünya kinosu onu “Bobbi” ilə kəşf etdi.

Amma əslində Rişi kinoekranda ondan əvvəl görünüb – “Cənab 420” filmində kütləvi səhnələrdə.  Çəkildiyi ilk tammetrajlı film isə atasının ekranlaşdırdığı “Mənim adım Kloundur” filmi idi. Rac özü qoca Klounu oynayırdı, onun uşaqlığını isə 11 yaşlı  Rişi.

Kiçik olmasına rəğmən rolunu elə oynadı ki, “Ən yaxşı uşaq roluna görə” milli mükafatı da qazandı.

Qoca Kloun haqqında dastan isə bundan başqa 7 mükafat alıb. Rac həmin filmə 6 ilini və bütün varını qoyduğundan ayağa qalxmağa kömək edəcək daha bir filmə ehtiyac duyulurdu.

Odur ki, “Bobbi” filminin çəkilişlərinə başladı. Varlı oğlu ilə kasıb balıqçı qızının sevgisindən bəhs edən “Bobbi” filminin. Baş rolu isə oğlu Rişiyə həvalə etdi.

““Bobbi” filmi onun üçün çəkilib” fikrini təkzib edən aktyor müsahibələrində deyib ki, atası o filmi borcdan qurtarmaq üçün çəkib. “Bobbi” gözləniləndən daha çox şöhrət və pul gətirib.

Film çox sayda mükafata layiq görülüb. O cümlədən “Ən yaxşı kişi və ən yaxşı qadın rollarına görə” “Filmfare Awards” qazanıb. Bu mükafatı Rişi Kapurla kinoda Bobbi ilə debütünü edən Dimple Kapadiya alıblar.

Bir il sonra aktyor “Qüsurlu ilan” filminə çəkilib. Bu filmdə 16 yaşlı Nitu Sinqh ilə tərəf müqabili idi. 6 il sonra həmin aktrisa ilə evlənib. Bu film ona uğur gətirməyib. Amma həyat yoldaşı bəxş edib.

1975-ci ildən Rişi həyatını birmənalı şəkildə kinoya həsr edir. Hər il 4-5 filmə çəkilib. 70-80-ci illər Hindistanın romantik filmlərinin əksəriyyətində rolu var. “Qisasçı” filmi karyerasının zirvəsi sayılır. Həmin illər -  “Belə yalançı”, “Qəddar dünya”, “Şərəf borcu”, “Qaraçılar” və sair filmlərə də çəkilib.

80-ci illərin sonlarından isə yalnız xarakterik obrazları seçməyə başlayıb. 1993-cü il Rişi üçün rekord ili olub. Aktyor bu ildə 8 filmə çəkilib.

90-cı illərin sonunda isə Rişi özünü rejissor və prodüser kimi sınayır. “Evə qayıdış”, “Məhəbbət kitabı” onun prodüser-rejissor işləridir.

 

Şəxsi həyatı

 

Rişi 20 yaşında olanda 14 yaşlı Nitu Sinqhlə tanış olur. Cütlük 6 il görüşdükdən sonra evlənirlər. Nitu da sevgilisi kimi çox tez - 8 yaşından filmlərə çəkilib.

Çox sayda sevgili rolunda çəkilib, nəticədə əsas qəhrəmanı Rişi olur. 2009-cu ildə ər-arvad birlikdə “Məhəbbət dünən və bu gün” filminə çəkilirlər. Hindistan tarixi filmdə bu yaşlı cütlüyün ətrafında cərəyan edir, qəhrəmanlar onlardır.

Həyatda isə cütlüyün iki uşaqları var - oğlanları Ranbir aktyor, qızları Ridhima isə rəssamdır.

2017-ci ildə aktyor memuarlarını çap etdirib.  Həmin il həm də “Kapur və oğlanları” romantik komediyasındakı roluna görə 4 kino mükafatına layiq görülüb. Filmin adına baxmayın, söhbət onların ailəsindən deyil, eyni soyadlı aktyor sülalələrindən gedir.

2018-ci ildə “Ölkələr” filmində vəkil rolunu oynayıb. Bu rolu özünün sevimli rolu hesab edirdi. Filmdə müsəlman ailəsinin terrorçuluqda ittiham olunan oğlunu müdafiə etməklə əslində ailə şərəfini bərpa edən vəkil onun aləmində bəşəriyyətə nümunə obrazdır.

“102 il-son deyil” filmindən sonra isə “daha evdə nəvəm üçün baba rolunu oynamalıyam” – deyərək, kinodan uzaqlaşıb.

2020-ci il aprelin 30-da Rişi Kapur dünyasını dəyişib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 105177
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar