Yaralı aparan təyyarə, Salyana qəfil eniş - 84 il əvvəl baş verən qəzanın TARİXÇƏSİ
26 iyun 2022 02:50 (UTC +04:00)

Yaralı aparan təyyarə, Salyana qəfil eniş - 84 il əvvəl baş verən qəzanın TARİXÇƏSİ

LENT.AZ AZƏRBAYCANLA BAĞLI TƏYYARƏ QƏZALARI SERİYASINDAN 12-Cİ YAZINI TƏQDİM EDİR

Tarix: 5 sentyabr 1938
Keçmiş SSRİ-dəki staxanovçuluq hərəkatı Azərbaycanda da vüsət alıb. Staxanovçu olmaq istəyən sadə insanlar gecə-gündüz əlləşir, rəhbərlər isə istismarın dozasını artırır. 

Lent.az xəbər verir ki, belə bir dövrdə və gündə Azərbaycan SSR-dəki Hacıqabul aeroportunda dislokasiya olunmuş 222-ci aviadəstənin pilotu Salyan rayonunun Xıllı qəsəbəsindəki Sumbatov adına kolxozun pambıq sahəsini dərmanlamaq üçün saat 4.00-da havaya qalxır. Dərmanlama başa çatdıqdan sonra o, “АП” (Аэропыл) tipli təyyarəyə mindirdiyi 2 staxanovçunu kənd üzərində gəzdirmək üçün alçaqdan 2 dövrə vurur. Sonra tarlaya yaxın düzənlik sahəyə enir. 

Bundan sonra isə kolxozçuların birinin evində yeyib-içmək başlayır və pilot yxılanadək “samoqon” içir. Yeyb-içmək bitdikdən sonra pilot yenə də staxanovçulara kəndin üstündə gəzmək təklif edir. Halbuki belə bir uçuş ümumiyyətlə qadağan idi. 

Hər 2  qabaqcıl kolxozçu razı olur və pilot təyyarəni yenidən havaya qaldıraraq 10-15 metr yüksəklikdən uçmağa başlayır. Bu zaman həyətlərdən birində hürkən at kəndiri qıraraq 14 yaşlı oğlana ağır xəsarət yetirir. Pilot endikdən sonra hadisədən xəbər tutur və uşağı təyyarə ilə Salyan xəstəxanasına aparmaq üçün götürür. Kənd sakinləri etiraz etmir. 

Uşağı və aviatexniki arxa oturacağa yerləşdirən pilot təkrarən Sumbatov kolxozunun meydançasından havaya qalxır. Tələsdiyi üçün Salyan xəstəxanası yaxınlığında dövrə vurmadan enmək istəyən pilotun ilk cəhdi alınmır və o ikinci dövrəyə gedir. Təyyarə 5-6 metr yüksəlsə də, sürət az olduğu üçün idarəetmə itir və mühərrik tam dövrlə işlədiyi halda maşın burnu üstə yerə çırpılır. Hadisə saat 11.30-da baş verir. 

Burnu üstə yerə çırpılan təyyarənin pilotu saat 16.00 radələrində xəstəxanada canını tapşırır. Aviatexnik başından yüngül xəsarət alır. Atın xəsarət yetirdiyi xıllılı yeniyetmə isə qəzadan sağ-salamat qurtulur. Hər ikisinə ilkin tibbi yardım göstərildikdən və izahatları alındıqdan sonra xəstəxanadan buraxılırlar.

Qəzaya səbəb kimi 222-ci dəstədə hökm sürən intizamsızlıq göstərilir. Hadisədən sonra Salyan rayonunda pambıq sahələrinin deflorasiyası da ləngiyir. 

Nəzərə alaq ki, bu  hadisə həm də, Stalin repressiyasının ən qorxulu dövründə, insanların hər addımının izləndiyi vaxtda baş verib.
Bir qədər də Sumbatov barədə.

Yuvelian Davıdoviç Sumbatov-Topuridze 1933-cü ildə Azərbaycan SSR Dövlət Siyasi İdarəsinə rəis müavini təyin edilib, 1934-cü il mart ayının 31-dən 1938-ci il yanvar ayının 7-nə qədər isə Azərbaycan SSR xalq daxili işlər komissarı vəzifəsində çalışıb. 
Azərbaycan xalqına qarşı repressiyaların əsas təşkilatçılarından və icraçılarındandır.

# 1947
avatar

Oxşar yazılar