Komitə sədri Suriyada döyüşən azərbaycanlılardan danışdı
12 iyun 2013 16:40 (UTC +04:00)

Komitə sədri Suriyada döyüşən azərbaycanlılardan danışdı

Heç şübhəsiz ki, onlar yanlış yoldadırlar”


 

 “Dünya təcrübəsi göstərir ki, yalnız inzibati metodlar dini radikalizmin səviyyəsini azaltmır”.APA-nın xəbərinə görə, bunu 1 illik fəaliyyətinin yekunları ilə əlaqədar aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Elşad İskəndərov bildirib.

 

Onun sözlərinə görə, radikallıq İslam dininin ruhuna yaddır: “İslam mahiyyətcə mötədil dindir və müsəlmanları “orta yol”un yolçusu olmağa çağırır. Eyni zamanda radikallıqla mübarizədə məsələni sadələşdirmək yanlış reseptlərin ortaya çıxmasına gətirib çıxarır. Ona görə də dini radikalizmlə mübarizədə maarifləndirmə tədbirləri gücləndirilməlidir. Təcrübə də göstərir ki, radikal dini qruplar din haqqında heç bir təsəvvürü olmayan şəxsləri daha asanlıqla öz sıralarına cəlb edirlər, nəinki din haqqında anlayışı olanları. Bütün bunları nəzərə alaraq dini icmaların radikallığa qarşı əməli və təbliğati fəaliyyətini gücləndirmək üçün komitə tərəfindən xüsusi kurslar hazırlanıb. Radikal, dövlət-din münasibətlərini pozan və qeyri-sağlam fikirlər yayanlara qarşı mübarizə vacibdir”.

 

E.İskəndərov bəzi Azərbaycan vətəndaşlarının Suriyada davam edən vətəndaş müharibəsində iştirakına və internet vasitəsilə videomüraciətlər yaymasına da münasibət bildirib: “Heç şübhəsiz ki, onlar yanlış yoldadırlar. Mən onların bu addımını qətiyyətlə pisləyirəm. Əgər dini düşüncələrinə görə həyatlarını qurban vermək istəyirlərsə, onları millətimizin ümdə problemi olan Qarabağ problemi düşündürməlidir. Ortada şəhid Mübariz İbrahimov nümunəsi var. Formaca bu hərəkətlərin hər ikisi eyni görünsə də, mahiyyətcə tamamilə fərqlidir. Dövlətin və cəmiyyətin hər iki hadisəyə münasibəti də bunu sübut edir”.

 

# 1386
avatar

Oxşar yazılar