<b>Süleyman Tatlıyev vəfat edib</b>
10 mart 2014 15:20 (UTC +04:00)

Süleyman Tatlıyev vəfat edib

Tanınmış ictimai-siyasi və dövlət xadimi, Ticarət və Sənaye Palatasının prezidenti, prezidentin fərdi təqaüdçüsü Süleyman Bayram oğlu Tatlıyev vəfat edib. Lent.az-ın “AzərTAc”a istinadən məlumatına görə, S.Tatlıyev martın 9-da 90 yaşında dünyasını dəyişib.

 

O, 1925-ci il fevralın 27-də Ağstafa rayonunun Dağ Kəsəmən kəndində anadan olub. Orta məktəbin yuxarı sinfində oxuyarkən 1943-cü ildə hərbi xidmətə çağırılıb. Cəbhədə ağır yaralandıqdan sonra vətənə qayıdaraq, Qazax şəhər orta məktəbini bitirib və 1946 – 1951-ci illərdə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsində ali təhsil alıb.

 
Əmək fəaliyyətinə 1951-ci ildən etibarən Rusiya Federasiyasının Qroznı şəhərindəki yeni neftayırma zavodunda mühəndis kimi başlayan S. Tatlıyev 1956 – 1961-ci illərdə Sumqayıt sintetik kauçuk zavodunda məsul vəzifələr tutub, 1961 – 1963-cü illərdə Azərbaycan Xalq Təsərrüfatı Şurasının kimya sənayesi idarəsində şöbə müdiri, 1963 – 1965-ci illərdə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində neft-kimya şöbəsi müdirinin müavini və Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi Zaqafqaziya Bürosunun inspektoru olub.

 
S. Tatlıyev 1965 – 1970-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetinin Kimya sənayesi idarəsinin rəisi, 1970 – 1978-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetində İşlər müdiri, 1978 – 1985-ci illərdə isə Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini işləyib. O, 1985-ci ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri seçilərək, 1989-cu ilədək həmin vəzifədə çalışıb. S. Tatlıyev 1994-cü ildən ömrünün sonunadək Azərbaycan Ticarət və Sənaye Palatasının prezidenti, bir neçə çağırış Azərbaycan Respublikası Ali Sovetinin və SSRİ Ali Sovetinin deputatı olub. Bir sıra orden və medallarla təltif edilib, o cümlədən müstəqil Azərbaycan Respublikasının ali mükafatı olan “Şöhrət” ordeninə layiq görülüb.

 

Qeyd edək ki, S. Tağıyevin vəfatı ilə əlaqədar hazırlanan nekroloqa prezident İlham Əliyev, baş nazir Artur Rasizadə, Milli Məclisin spikeri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və digərləri imza atıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4230

Oxşar yazılar