Şagirdləri gəzməyə aparan bu sürücülər CƏRİMƏLƏNƏCƏK
10 iyun 2023 09:45 (UTC +04:00)

Şagirdləri gəzməyə aparan bu sürücülər CƏRİMƏLƏNƏCƏK

Baş Dövlət Yol Polisi İdarəsi şagirdlərin ekskursiyaya aparılması ilə bağlı xəbərdarlıq edib.

İdarədən Lent.az-a verilən məlumata görə, xəbərdarlıqda deyilir:

"Tədris ilinin sonunda məktəblilərin ekskursiyalara, yaxud istirahət zonalarına aparılması hallarının sayı artmaqdadır.

Lakin, təəssüf ki, belə səfərlər adətən qeyri-müntəzəm sərnişin daşıma fəaliyyəti göstərən və ya təsadüfi şəxslərlə şifahi sövdələşmə əsasında həyata keçirilir ki, bu zaman nəqliyyat vasitəsinin texniki sazlığı, sürücünün peşəkarlıq və sağlamlıq vəziyyəti, avtomobil idarə etmək hüququnun olub-olmaması, ümumiyyətlə qanunvericilikdə nəzərdə tutulmuş bir sıra tələblər nəzərə alınmır.

Qeyd olunan səbəblərdən baş verə biləcək xoşagəlməz halların qarşısının alınması üçün təhsil müəssisələrinin rəhbərliyinə, eləcə də azyaşlıların ekskursiyasını fərdi qaydada təşkil edən şəxslərə belə səfərləri yalnız ixtisaslaşmış qurumlar vasitəsilə həyata keşirmək tövsiyə olunur.

Eyni zamanda, avtobus və mikroavtobus sahiblərinin və sürücülərinin nəzərinə çatdırılır ki, respublikanın avtomobil yollarında ayrı-ayrı şəxslərin təşəbbüsü ilə uşaq qruplarının qanunvericiliyin tələbləri pozulmaqla daşınması halları aşkar olunduqda həmin nəqliyyat vasitələrinin hərəkəti qadağan edilməklə sürücüləri inzibati məsuliyyətə cəlb ediləcək.

Ümidvarıq ki, valideynlər də  tövsiyələri nəzərə alaraq, səyahətlər zamanı övladlarının təhlükəsizliyinə daha çox diqqət ayıracaqlar".

# 1545
avatar

Oxşar yazılar