Rusiyada azərbaycanlı narkotik maddə almaq və saxlamaqda, həmçinin polis əməkdaşına rüşvət verməkdə mühakimə olunur. İstintaq Komitəsi, Daxili İşlər Nazirliyi və Vladimir vilayətinin prokurorluğu bazar ertəsi, yanvarın 13-də bildiriblər ki, pulun köməyi ilə şəxs cinayət məsuliyyətindən yayınmaq istəyib.
Lent.az yerli mediaya istinadla bildirir ki, istintaqın məlumatına görə, sentyabrın 22-də polis 34 yaşlı Vladimir sakinini Piçuqin küçəsində saxlayıb. Onun üzərində içərisində qadağan olunmuş maddə olan 19 bağlama olub.
Həmin gün o, sərbəst buraxılmaq üçün polis bölməsində narkotiklərlə mübarizə şöbəsinin rəisinə 52 min rubl (təxminən 859 manat) rüşvət təklif edib. Lakin asayiş keşikçisi rüşvətdən imtina edib.
Azərbaycanlıya qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 228-ci (xüsusən böyük miqyasda narkotik vasitələrin qanunsuz əldə edilməsi və saxlanması) və 291-ci maddələri (vəzifəli şəxsə aşkar qanunsuz hərəkətlərə görə rüşvət vermək) cinayət işi açılıb. O, həbs edilib. İstintaq artıq yekunlaşıb. İş məhkəməyə göndərilib.