Rusiyanın paytaxtı Moskvada Daxili İşlər Nazirliyinin əməkdaşları axtarışlar zamanı təxminən 2,9 milyon rubl (təxminən 53 min 940 manat) dəyərində mal oğurlayıblar.
Lent.az yerli mediaya istinadla bildirir ki, paytaxt idarələrindən birinin polis polkovnik-leytenantı, baş leytenantı və daha bir neçə əməkdaşı pul, ofis texnikası və elektronika oğurluğu ilə məşğul olub. Müstəntiqlər bazarlarda saxta “Tissot” saatlarını satmaqda şübhəli bilinən üç şirkətin binalarında axtarış aparmağa gediblər.
Polis MMC-nin və fərdi sahibkarın ofislərinə baxış keçirsə də, sübut toplamaq əvəzinə əşyaları ələ keçirmək və oğurlanmış malları öz aralarında bölmək qərarına gəliblər.
Oğru polislər artıq daxili işlər orqanlarından qovulub, keçmiş müstəntiqlərə qarşı cinayət işi açılıb. Qeyd edildiyi kimi, saxlanılan şəxslər etiraf ediblər, qalan oğruların şəxsiyyətləri müəyyənləşdirilir.