Naxçıvanda dönərdən KÜTLƏVİ ZƏHƏRLƏNMƏ  - YENİLƏNİB
22 may 2025 14:43 (UTC +04:00)

Naxçıvanda dönərdən KÜTLƏVİ ZƏHƏRLƏNMƏ - YENİLƏNİB

Naxçıvanda kütləvi qida zəhərlənməsi baş vermiş dönərxananın fəaliyyəti məhdudlaşdırılıb.

Lent.az xəbər verir ki, 7 nəfərin qida zəhərlənməsinə səbəb olan Naxçıvan şəhəri H.Əliyev prospektində fəaliyyət göstərən fiziki şəxs Qasımova Aysun Elkən qızına məxsus “Kassap dönər” adlı dönərxanada Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib. 

Yoxlama zamanı dönərxanada normativ tələblərin pozulduğu məlum olub. Belə ki, məhsulların müvafiq temperaturda saxlanılmadığı, temperaturun monitorinqinin həyata keçirilmədiyi və qeydiyyatının aparılmadığı, soyuducularda mal qonşuluğu prinsipinə əməl olunmadığı, sanitar gigiyenik qaydalara əməl olunmadığı aşkarlanıb.

Şübhəli məhsul hesab edilən mayonez və toyuq dönərindən, həmçinin səthlərdən yaxma nümunələri seçilərək analizlərin aparılması üçün Naxçıvan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və dönərxananın fəaliyyəti məhdudlaşdırılıb.

***
13:24

Naxçıvanda kütləvi zəhərlənmə olub.

Lent.az xəbər verir ki, mayın 21-də Naxçıvan Muxtar Respublikasının Yoluxucu Xəstəliklər Mərkəzinə qida zəhərlənməsi şübhəsi ilə 7 nəfər yerləşdirilib.

Mərkəzin həkimi Nəzmin Allahverdiyeva bildirib ki, onlar ürəkbulanma, qusma, ishal, qarın ağrısı və ümumi halsızlıq kimi şikayətlərlə daxil olublar, vəziyyətləri orta-ağır qiymətləndirilib. Tibbi yardımdan sonra həmin şəxslər evə buraxılıb.

Araşdırmalar zamanı məlum olub ki, zəhərlənməyə dönər və şaurma tipli qidalar səbəb olub.

Naxçıvan Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, qida zəhərlənməsi halları Naxçıvan şəhəri, Heydər Əliyev prospektində yerləşən iaşə obyektində qeydə alınıb. Agentliyin əməkdaşları tərəfindən obyektdə müvafiq araşdırmalar aparılıb, şübhəli məhsullardan nümunələr götürülərək laboratoriyaya təqdim olunub.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 706

Oxşar yazılar