Ermənistan prokurorluğu hərbçilərimizə qarşı cinayətlə bağlı araşdırma aparmır - RƏSMİ
28 dekabr 2020 15:01 (UTC +04:00)

Ermənistan prokurorluğu hərbçilərimizə qarşı cinayətlə bağlı araşdırma aparmır - RƏSMİ

Məlumat verildiyi kimi, bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində Azərbaycan və Ermənistan hərbi qulluqçularının törətdikləri güman edilən, döyüş əməliyyatları zamanı həlak olmuş hərbçilərin, mülki şəxslərin meyitləri üzərində təhqiredici hərəkətlər edilməsi, habelə əsir götürülmüş hərbçilər və mülki vətəndaşlarla qeyri-insani rəftarı əks etdirən çoxsaylı videogörüntülər yayılıb.

Azərbaycanın Baş Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Baş Prokurorluq və Hərbi Prokurorluqda aparılmış təhlillər zamanı saxta videoçarxlar istisna edilərək reallığı əks etdirməsinə ciddi şübhələr yaranan videogörüntülər, o cümlədən bəzi hallarda əsir düşmüş şəxslərin baş və boğaz nahiyəsinin kəsilməsi yolu ilə qətlə yetirilməsi faktlarının hər biri  üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Lakin Baş Prokurorluğun bu hadisələr üzrə cinayət işlərinin başlanaraq təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi və digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirlərinin davam etdirilməsi barədə 2 dəfə rəsmi məlumat verməsinə baxmayaraq, qarşı tərəfdən həmin faktlarla bağlı hər hansı bir açıqlama verilmir. Bu isə onu təsdiq edir ki, həmin cinayətləri Ermənistan hüquq mühafizə orqanları araşdırmır və Ermənistan rəhbərliyinin bundan sonra da siyasi iradə nümayiş etdirməyərək cinayət törətmiş şəxslərin cəzalandırlması istiqamətində hər hansı bir addım atmaq niyyəti yoxdur. 
   
Baş Prokurorluq tərəfindən döyüş əməliyyatları zamanı həlak olmuş Azərbaycan hərbi qulluqularının meyitləri üzərində təhqiredici hərəkətlər, əsir düşmüş azərbaycanlı hərbçiləri ilə qeyri-insanı rəftarı əks etdirən videögörüntülər, mülki Azərbaycan vətəndaşlarının öldürülməsi və onlara xəsarət yetirilməsi faktları ilə bağlı Ermənistan hüquq mühafizə orqanları tərəfindən  tədbir görülməsi, üzərinə düşən beynəlxalq öhdəliklərin yerinə yetirilməsi, cinayət faktları üzrə açıq və ədalətli araşdırma aparılması üçün beynəlxalq təşkilatlara müraciət edilib.  
 
Hazırda Azərbaycan hərbi qulluqularına qarşı qanuna zidd hərəkətlər, 101 mülki Azərbaycan vətəndaşının öldürülməsi, 423 nəfərə xəsarət yetirilməsi ilə bağlı bütün cinayət işləri üzrə Azərbaycanın prokurorluq orqanları tərəfindən zəruri və intensiv istintaq hərəkətləri aparılır.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırıq və tövsiyələrinə müvafiq olaraq işini şəffaf və açıq quran Baş Prokurorluq bir daha bəyan edir ki, təqsirli şəxslərin müəyyən edilərək mövcud hüquqi mexanizm və beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilməsindən ötrü mümkün olan bütün tədbirlərin görülməsi təmin edilməklə bundan sonra da ictimaiyyətə geniş məlumat verilməsi təmin ediləcək.

Baş prokurorluq hesab edir ki, Ermənistan hüquq mühafizə orqanlarını öz ölkəsinin hərbçiləri tərəfindən törədilmiş cinayət hadisələri ilə bağlı beynəlxalq hüquq normalarının tələblərinə uyğun olaraq  araşdırma aparmalı və dünya ictimaiyyətinə ətraflı məlumatın verilməsini təmin etməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1443
avatar

Mehman Nəbiyev

Oxşar yazılar