Rusiyanın Moskovski rayon Məhkəməsinə keçmiş yol polisi əməkdaşları Aleksandr Qusev, Vitali Baranov və Semyon Stankeviçin iddiaları daxil olub.
Lent.az-ın yerli mediaya istinadla məlumatına görə, onlar israr edirlər ki, qanunsuz olaraq işdən çıxarılıblar və müfəttişlərin daxili işlər orqanı əməkdaşının şərəfini ləkələyən qanun pozuntusuna yol verməsi faktı da öz təsdiqini tapmayıb.
Bildirilir ki, Qusev iddiasında məcburi məzuniyyət müddətinin əmək haqqının ödənilməsini xahiş edir. İddiaçıların heç biri mənəvi ziyana görə kompensasiya tələb etməyib.
Baranov və Stankeviçin iddiaları artıq icraata qəbul edilib. Qusevin iddiasının icraata qəbul edilməsi məsələsi alındıqdan sonra beş iş günü ərzində həll olunacaq.
Xatırladaq ki, Dövlət Yol Müfəttişliyinin üç əməkdaşı 2024-cü ilin sentyabrında daxili işlər orqanlarından işdən çıxarılıb. Qərar departamentdə aparılan daxili yoxlamadan sonra qəbul edilib.
Qeyd edək ki, 2021-ci ildə Aleksandr Qusev partnyoru ilə birlikdə Azərbaycandan olan üç mühaciri saxlayıb. Xidməti silahın tətbiqi nəticəsində gənclərdən biri – Vəkil Abdullayev ölüb.