Əməkdar həkim, Azərbaycan Tibb Universitetinin Ailə təbabəti kafedrasının müdiri Mustafa Salihov vəfat edib.
Lent.az xəbər verir ki, o, 80 yaşında dünyasını dəyişib.
M.Salihov 1942-ci ildə Bakı şəhərində anadan olub. 1960-cı ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub.
İnstitutu bitirəndən sonra respublikamızın səhiyyə ocaqlarında həkim kimi çalışıb, 1971-ci ildə Aspiranturanı bitirən M. Salihov Azərbaycan Tibb İnstitutunun hospital terapiya kafedrasına assistent, sonra isə dosent vəzifələrinə seçilib.
O, 1981-1984-cü illərdə Əlcəzairdə çalışıb. 1987-ci ildə Azərbaycanın baş terapevti vəzifəsinə təyin edilib. 2002-ci ildə ATU-nun Böyük Elmi Şurasının qərarı ilə poliklinik terapiya kafedrasının bazasında Azərbaycanda ilk dəfə “Ailə təbabəti kafedrası” təşkil olunub. M.Salihov kafedraya rəhbər təyin olunub.
2010-cu ildə ona Azərbaycanın Əməkdar həkimi fəxri adı verilib.