Yanvarın 31-də saat 11:30-da partlayış səbəbilə xəsarət alan 2 nəfər Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə Lent.az-a TƏBİB-dən bildirilib.
Məlumata görə, yaralılardan 40 yaşlı qadına aşağı ətrafın qapalı travması, 11 yaşlı qıza isə aşağı ətrafın sıyrılmış-deşilmiş yarası diaqnozları təyin olunub. Xəsarət alan şəxslərə zəruri tibbi yardım göstərilib və tibb müəssisəsinin Cərrahiyyə şöbəsində müalicələri davam etdirilir.
Hazırda hər ikisinin vəziyyəti orta ağır olaraq qiymətləndirilir.
***
12:48
Yanvarın 31-də saat 12 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən evlərdən birində 5 nəfərin ölməsi, 2 nəfərin yaralanması ilə nəticələnən parlayışın baş verməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.
Baş Prokurorluqdan Lent.az-a verilən xəbərə görə, hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər icra edilir.
Faktla bağlı Ağcabədi rayon prokurorluğunda araşdırma aparılır.
***
12:38
Ağcabədidə dəhşətli hadisə baş verib.
Lent.az xəbər verir ki, hadisə rayonunun Hindarx qəsəbəsində qeydə alınıb.
Yaşayış evində baş verən partlayış nəticəsində 5 nəfərin öldüyü bildirilir.
Partlayışa nəyin səbəb olduğu hələlik məlum deyil.
Daxili İşlər Nazirliyindən Lent.az-a faktı təsdiqləyiblər.
Bildirilib ki, araşdırma aparılır.