Qarabağ naminə cinayət, prezidentin xahişi, həbsdən qaçış... - İstintaq davam edir
04 noyabr 2019 20:15 (UTC +04:00)

Qarabağ naminə cinayət, prezidentin xahişi, həbsdən qaçış... - İstintaq davam edir

İlham Tumas

 

1992-ci il. Bütün respublikada olduğu kimi, Zaqatala rayonunda da kriminogen vəziyyət acınacaqlı idi. 90 min əhalisi olan rayonda həmin il 310, o cümlədən 185 ağır cinayət hadisəsi qeydə alınmışdı. Ağır cinayətlərin açılma faizi cəmi 40 faiz təşkil edirdi ki, bu da hüquq-mühafizə orqanları üçün böyük qəbahət hesab olunurdu. Hava qaralandan sonra rayonun müxtəlif yerlərindən eşidilən atəş səsləri, kriminal elementlərin vaxtaşırı “razborkaları” haqda xəbərlər adi hal almışdı. Naşılıq hüquq-mühafizə orqanlarının işini iflic vəziyyətə salmışdı. Ancaq bütün çətinliklərə baxmayaraq, əqidəli və vicdanlı, peşəkar orqan işçilərinin gecəli-gündüzlü fəaliyyəti hesabına cinayətkarlığın daha geniş yayılmasının qarşısı mümkün olduğu qədər alınırdı.

Prezidentin xahişi

Aparılan müzakirələr və statistika onu göstərirdi ki, kriminogen vəziyyətin dözülməz həddə çatmasında obyektiv amillərlə yanaşı, subyektiv faktorlar da mövcuddur. Belə ki, bəzi şəxslər cəzasızlıq şəraitinə uyğunlaşmışdılar.

Quldurluq və soyğunçuluqla Gürcüstan vətəndaşı Aşkareli Mixeil İliç də üzləşir. Onun Zaqatala Rayon Polis şöbəsinin rəisi polis mayoru Bünyadovun adına yazdığı ərizədən oxuyuruq: “Xahiş edirəm, 22 noyabr 1992-ci ildə Zaqatala-Bakı yolunda hədə-qorxu ilə əlimdən alınmış mənə məxsus 10-05 QQ Dövlət nömrə nişanlı Vaz-21-06 avtomobilinin və cinayətkarların tapılmasına köməklik göstərəsiniz. Cinayətkarların xarici əlamətləri:

·                                 Birinci şəxs: orta boylu, saçı qara və qısa vurulmuş, gözləri qara, bığlı, kostyumda.

·                                 İkinci şəxs: alçaq boylu, sarışın, əynində jaket, saçları qısa vurulmuş”.

Təbii ki, həmin qarışıq illərdə hüquq-mühafizə orqanlarının hansı çətinliklərlə üzləşdiyini təsəvvür eləmək mümkündür. Necə deyərlər, bir deyil, iki deyil, söhbət onlarla, yüzlərlə belə cinayət əməllərindən gedirdi. Ancaq bir neçə ay sonra məhz bu işlə bağlı əməliyyat-axtarış tədbirləri sürətləndirilir. Çünki məsələ artıq quldurluq olayı çərçivəsindən çıxıb, iki dövlətin rəhbərləri arasında danışıq mövzusuna çevrilmişdi. Belə ki, həmin gürcü prezidenti Qamsaxurdiyanın qəbuluna düşür və ona şikayət eləyir. Qamsaxurdiya da Azərbaycan prezidenti Əbülfəz Elçibəyə zəng vurur və cinayətkarların tapılmasını xahiş edir.

Beləliklə, ali hakimiyyətin işə qarışması ilə əməliyyat-axtarış tədbirləri gücləndirilir və avtomobili zorla ələ keçirənlərin kimliyini aydınlaşdırmaq mümkün olur. CM-nin 144-cü maddəsi ilə başlanmış cinayət işi üzrə müqəssirlər barəsində həbs qətimkan tədbiri seçilir.

Zaqatala Rayon Polis şöbəsinin İstintaq Bölməsinin müstəntiqi, kapitan Səbuhi Cəfərovun 1993-cü ilin fevral ayında cinayət işinin birləşdirilməsi haqqında qərarından məlum olur ki, 22 noyabr 1992-ci il tarixdə Gürcüstan Respublikası vətəndaşı Aşkareli Mixail İliçi ona benzin satmaq bəhanəsi ilə saxladaraq, kəndin qurtaracağına aparmış, onun avtomaşınını əlindən almışlar.

Dadaş və Silvestr

Beləcə, bu işdə yeni, əslindəsə, hüquq-mühafizə orqanı əməkdaşlarına yeni olmayan iki nəfərin adı da keçir ki, bizim “istintaq” da məhz bu iki adamın üstündə qurulub.

Yunusov İlham Nəsrulla oğlu 1965-ci ildə Zaqatala rayonunun Aşağı Tala kəndində anadan olub. Milliyyəti azərbaycanlı. Səməd Vurğun adına kolxozda kolxozçu işləyir. Öz sözlərinə görə, məhkumluğu olmayıb. Partiyalılığı yoxdu. Təhsili orta. Ləqəbi - Silvestr.

Ərəbov Daşqın Hacıömər oğlu 1964-cü ildə Zaqatala rayonunun Aşağı Tala kəndində anadan olub. Milliyyəti azərbaycanlı. Moskva şəhərində “Alisa” kooperativində anbardar işləyir. Öz sözlərinə görə, məhkumluğu olmayıb. Partiyalılığı yoxdu. Təhsili orta. Ləqəbi - Dadaş.

 

Qarabağa göndərilən maşın

Sadalanan faktlar üzrə də yenə Ərəbov Daşqın və Yunusov İlhamın adı keçir. Məlum olur ki, ayrı-ayrı vətəndaşlardan alınan avtomobillər və vəsaitlər üzərində son qərarı məhz Ərəbov Daşqın verirmiş.

İstintaq ifadəsindən oxuyuruq: “Bizim həmin maşınları gürcüdən aldığımızı Daşqına dedim və bildirdim ki, bunlar Qarabağa getməlidir. Hətta ikinci maşından götürdüyümüz 50 min rubl pulu və qızılları Daşqına verəndə, o qəti etiraz etdi və dedi ki, bizə cəbhə üçün maşın lazımdır. Söylədi ki, gürcüdən aldığınız pulu və qızılları aparın kasıblara və yetimlərə paylayın. Diplomatın içərisindəki qiymətli əşyaların haradan, necə götürülməsindən Daşqının və İlhamın nə əvvəlcədən, nə də sonradan xəbəri yox idi. Yəni, maşınları və diplomatı mən onların vasitəsi ilə Qarabağa göndərmək istəyirdim. Mən yüz faiz inanırdım ki, Daşqınla İlham diplomatı və maşınları Qarabağa çatdıracaqlar. Daşqın hətta dəfələrlə yaxşı uşaqları bir yerdə vətənin, torpağın müdafiəsinə getməyə çağırmışdı. Mən də təmiz, vicdanlı Azərbaycan vətəndaşı kimi özünü torpaq, xalq, azadlıq uğrunda qurban verməyə hazır bu insanlar haqqında heç vaxt şübhəli ola bilməzdim”.

Təbii ki, bu ifadəyə təqsirləndirilən şəxsin özünü müdafiəsi kimi də qiymət vermək hər kəsin öz haqqıdır. Ancaq bir müddət sonra həqiqətən həm Aşkareliyə, həm də Qoqoladzeyə məxsus avtomobillər tapılaraq sahiblərinə qaytarılır.

Məlum olur ki, Mais Ömərov Aşkarelidən alınan maşın 1992-ci ilin dekabr ayında Daşqın Ərəbova verilib. Ərəbov öz növbəsində maşını Qarabağda istifadə etməkdən ötrü Bakı şəhərinə “Boz Qurd” cəmiyyətinin üzvü İbrahimova göndərib. İbrahimov həmin maşınla Bərdə şəhərinə gedib, ancaq maşının təmirə ehtiyacı olduğundan onu qardaşının yanında qoyaraq, özü Ağdam rayonuna döyüşə gedib. Həmin maşın 1993-cü ilin aprel ayında polis işçiləri tərəfindən tapılaraq, Zaqatala rayonuna gətirilir və sahibi Aşkareliyə qaytarılır.

İstintaq ifadələrindən aydın olur ki, Qoqaladzeyə məxsus avtomobilin harada olmasını isə Daşqının özü polis işçisi Həmzətə şəxsən deyib və polislər bu avtomobili də sahibinə qaytarıblar.

Göründüyü kimi, sənəddə Daşqının Qarabağda döyüşən hərbi hissələrə həqiqətən yardımlar edib-etməməsi məsələsinə də aydınlıq gətirilir.

Həbs

Beləliklə, rayon prokuroru Ələmdar Məmmədov bu iki şəxs haqqında materiallarla tanış olur. Hamısında eyni dəsti-xətt nəzərə çarpır. Zaqatala və qonşu rayonlarda hər iki şəxsin maşınlarında dəfələrlə silah-sursat aşkar olunmuş, ayrı-ayrı vətəndaşların şəxsi avtomobilləri əllərindən alınmışdı. Ancaq bütün materiallar üzrə cinayət işinin başlanması rədd edilmişdi. Çünki bütün hallarda ön cəbhədə döyüşən hərbi hissə komandirlərindən rəsmi arayış gətirilmişdi: silah-sursat cəbhənin ehtiyacı üçün nəzərdə tutulub.

Prokurorun qərarları ləğv edib, yenidən təkrar yoxlama aparmaq istəməsi effekt vermir. Belə ki, ötən müddət ərzində bir sıra hərbi hissələr ləğv edilmişdi. Digər tərəfdən, silah-sursatın qəbul olunması haqda arayış vermiş komandirləri cinayət işi başlamadan tapmaq və ifadə almaq müşkül məsələydi. Ona görə də, CM-nin 214-cü maddəsinin 2-ci hissəsi, yəni bilə-bilə cinayət yolu ilə əldə edilmiş əmlakı ələ keçirmə maddəsi ilə cinayət işi başlanır. Hər iki şəxs barəsində CPM-nin 167-ci maddəsinə əsasən (ittiham elan olunmadan həbsə alma), barələrində həbs qətimkan tədbiri seçilir. Zaqatala rayon polis şöbəsinin müstəntiqi Səbuhi Cəfərovun rəhbərliyi ilə istintaq-əməliyyat qrupu yaradılır. Əldə olunmuş əlavə məlumatlara görə, Daşqın Moskvada 5 nəfəri güllələyibmiş. Müstəntiq Xamis Xancanov Moskvaya göndərilir. Fakt təsdiqini tapır.

Hadisə Moskvada “Kiparis” restoranında baş veribmiş. 5 nəfər mahir atıcı olan Daşqına hücum edir, onu ağzından vururlar. Yaralı olmasına baxmayaraq, Daşqın həmin adamların beşini də öldürür.

Maraqlıdı, görəsən, bu ağır cinayətdən – 5 nəfəri öldürdükdən sonra “Dadaş” necə və hansı yolla Moskvadan çıxıb Azərbaycana qayıda bilib? Bu qayıdışın bəzi detallarını müstəntiq Xamis Xancanova Rusiyadakı həmkarları danışıblar. Məlum olur ki, Daxili İşlər Nazirliyinin xəstəxanasının 9-cu mərtəbəsindən döşək ağlarını bir-birinə bağlayıb, onu pəncərədən sallayıb qaçırıblar.

Bəs, görəsən, Moskvada baş tutmuş həmin qaçırılmada Daşqın Ərəbovun yaxın dostu “Silvestr” ləqəbli İlham Yunusov iştirak edibmi? Bu suala istintaqımız davam etdikcə, yəni, iki dostun Azərbaycandakı hərəkətlərini izlədikcə cavab tapacağıq. Beləliklə, orda qalmışdıq ki, həm Daşqın, həm də İlham törətdikləri əməllərə görə Zaqatala polis şöbəsində saxlanılırlar.

Vicdanlı prokuror

Bundan sonra prokurora qarşı təzyiqlər başlayır ki, İlham haqqında həbs-qəti imkan tədbirini dəyişsin. Əslində, həqiqətən, CM-nin 214-cü maddəsinin 2-ci hissəsi ilə bir qayda olaraq həbs qətimkan tədbiri seçilmirdi. Və İlham haqqında Moskvadan gətirilən cinayət işində də təqsirləndirici material yox idi. Ancaq bütün hallarda xahişlərin çoxluğu prokuror Ələmdar Məmmədovu şübhəyə salırdı.

Bundan sonra heç kimin xahişini nəzərə almayan prokurordan iş alınır və başqa adama verilir. Daşqın da, İlham da Qax rayon polis şöbəsinə aparılırlar. İlham haqqında seçilmiş həbs-qəti imkan tədbiri dəyişdirilir və az sonra xəbər yayılır ki, İlham Daşqını qaçırıb.

“Yazıb sizə məruzə edərək bildirirəm ki, 19.12.93-cü il tarixindən 20.12. 93-cü il tarixə keçən gecə, təxminən 2.30 radələrində Müvəqqəti Saxlama Təcridxanasında saxlanılan Ərəbov Daşqın görüş verilməsindən istifadə edərək növbətçi hissədən qaçmışdır.

Qax Rayon Polis Şöbəsinin baş əməliyyat növbətçisi, polis baş leytenantı Mübariz Abdullayev

20 dekabr 1993-cü il”

Daşqının Qax rayon polis şöbəsindən qaçması ilə bağlı aparılan istintaqda dindirilən şahidin ifadəsindən oxuyuruq: “Mənə verilən suallara cavab olaraq göstərirəm ki, Ərəbov Daşqını bir il olar tanıyıram. Münasibətimiz yaxşıdır. O, Qax rayon polis şöbəsinin müvəqqəti saxlama təcridxanasında saxlanırdı. 19 dekabr 1993-cü ildə saat təxminən 23 radələrində Daşqınla görüşmək üçün polis şöbəsinə gəldim və gördüm ki, əvvəllər tanıdığım İlham və Bahar şöbədədirlər. Mən əməliyyat növbətçisi Mübarizdən xahiş etdim ki, bizə Daşqınla görüşməyə icazə versin. O, bizi otaqların birində görüşməyə icazə verdi. Mən, İlham və Bahar otaqda əyləşdik. Mübariz Daşqını bizim yanımıza gətirdi. Uşaqlar özləri ilə kolbasa, şirə, şokolad gətirmişdilər və Mübarizdən çörək alıb, yeməyə başladıq. Daşqın dedi ki, mənim yanıma qızlar gəlib, onları çağır. Mən də çıxıb onları çağırdım, gəlib oturdular.

Sual: Siz Daşqın Ərəbovla görüşən vaxt orada Ərəbovun qaçmaq istəməsi barədə, yaxud polisi bu işə təhrik etməsini eşitmişdinizmi?

Cavab: Həmin vaxt orada bu barədə söhbət olmamışdı. Onun özünün belə bir fikri olması barəsində də heç bir məlumatım yoxdur.

Sual: Siz Daşqın Ərəbovla vidalaşıb çıxanda onun yanında kimlər qaldı?

Cavab: Mən Daşqının yanından çıxandan sonra onun yanında İlham və Bahar qaldı. Onların nə vaxt çıxdığını deyə bilmərəm, çünki evə getmişdim.

Sual: Siz Daşqın Ərəbovun yanına gəlmiş qızları tanıyırdınızmı?

Cavab: Mən həmin qızları tanımırdım”.

 

P.S.

İctimai Televiziyanın efirində yayımlanan “İstintaq davam edir” layihəsi çərçivəsində Ali Məhkəmənin, Dövlət Təhlükəsizlik Xidmətinin, Daxili İşlər Nazirliyinin və Prokurorluğun arxiv materialları əsasında hazırlanmış filmlərin ssenari mətnini hər həftənin 1-ci günü Lent.az -dan oxuyun! 

 

 

 (Davamı növbəti bazar ertəsi)

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6343
avatar

Oxşar yazılar