Dünən Astarada toyu olan yeniyetmə qızın ölüm səbəbi bəlli olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə dünən saat 13 radələrində keçirilən toyda yaşanıb.
Məlum olub ki, gəlinin 18 yaşı gələn il yanvar ayında tamam olacaqmış. Amil adlı bəyin isə 20 yaşı var imiş. Onların ailələri Bakının Zirə qəsəbəsində və müxtəlif yerlərdə xırda təsərrüfatla məşğul olub, istixanalarda çalışıblar. Gənclər də, bu yolla bir-birləri ilə tanış olub. Hadisədən ilk qızın anası xəbər tutub və məlum olub ki, o, artıq 7 aylıq hamilədir. Məsələni ört-bas etmək üçün Astarada yerləşən restoranlardan birində günorta saat 1 radələrində toy keçiriblər. Lakin təxminən 1 saat sonra gəlinin halı pisləşib və xəstəxanaya çatdırılıb.
Məlumata əsasən, onun bədənində dölün ölməsi ilə qanına zəhərlənmə keçib və səylərə rəğmən dünyasını dəyişib.
Qeyd edək ki, dölün bədəndə öldüyündən ailənin xəbəri olmayıb.
Faktla bağlı Astara rayon Prokurorluğunda araşdırma aparılır.
***
10:43
Astarada dünən toyu olan gəlin bu gün ölüb.
Astara rayon sakini 2008-ci il təvəllüdlü Ə.İ. dünən Deqədi kəndində şadlıq saraylarından birində toyu olub. Toydan sonra o, özünü pis hiss edib və təcili olaraq Astara rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub. Həkimlərin səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.
Ə.İ.nin hamilə olduğu bildirilir.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır./ APA
