Fövqəladə Hallar Nazirliyi təlim keçirib
18 sentyabr 2009 14:15 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi təlim keçirib

Bu gün Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən “Xəzər 2009” təlimi keçirilib.

APA-nın xəbərinə görə, Bakı yaxınlığında baş tutan təlimdə FHN-in yanğından mühafizə bölmələri, Mülki Müdafiə Qoşunları, Xüsusi Riskli Xilasetmə, Dənizdə Xilasetmə xidmətləri və digər qurumlarının əməkdaşları iştirak edib.

Təlim sahildə yerləşən terminaldakı kəmərdə və bir neçə binada müşayiət olunan yanğınla başlayıb. Bundan sonra əraziyə FHN-in vertolyotları gəlib, xilasedicilər endirilib. Texnikaların da cəlb olunması ilə yanğının qarşısı alınıb.

Daha sonra dənizdəki platformada şərti partlayış və yanğın olub. Platformaya FHN-in yanğınsöndürən gəmiləri, “D-200” amfibiya təyyarəsi, həmçinin xilasetmə qayıqları və vertolyotlar cəlb olunub.

Ümumilikdə təlimdə FHN-in 4 kateri, 2 gəmisi, 1 təyyarəsi, 4 vertolyotu, yanğın söndürən maşınlar və müxtəlif müasir texnikalar iştirak edib. Təlimin gedişini Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin fövqəladə hallar nazirləri də müşahidə ediblər.

Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov jurnalistlərə təlimin gedişini müsbət qiymətləndirdiyini deyib. Nazir bildirib ki, müasir dövrdə dənizdə baş verən texnogen qəzaların qarşısını əvvəlki üsullarla almaq çətindir: “Artıq hər hansı texnogen qəza baş versə, onun qarşısını almaq üçün müasir texnika, avadanlıqlar və təlim keçmiş xilasedicilərimiz var”.
# 888

Oxşar yazılar