“GEN” MMC-nin məhkəməsində zərərçəkənlərin nümayəndəsinə xəbərdarlıq edildi
18 sentyabr 2009 13:45 (UTC +04:00)

“GEN” MMC-nin məhkəməsində zərərçəkənlərin nümayəndəsinə xəbərdarlıq edildi

Sentyabrın 18-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə tikinti şirkəti “GEN” MMC-nin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az-ın məlumatına görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə hakim ötən məhkəmə iclasında təqsirləndirilən şəxslərin mətbuatda gedən yazılara etiraz etdiklərini bildirib. Təqsirləndirilən Elbrus Əliyev bildirib ki, bəzi KİV-lər proseslə bağlı həqiqətə uyğun olmayan yazılar çap edir: “Bu yazıların əksəriyyəti zərərçəkənlərin nümayəndəsi Vidadi İsgəndərov tərəfindən mətbuata ötürülür və nəticədə cəmiyyətdə ajiotaj yaranır. Vidadi İsgəndərov özünü 21-ci əsrin Xristofor Kolumbu kimi aparır. Belə davam etsə, biz Vidadi İsgəndərovun suallarına cavab verməyəcəyik. Bununla yanaşı, prosesdə iştirakdan imtina edəcəyik”.

Hakim təqsirləndirilən tərəfə vəsatəti yazılı şəkildə məhkəməyə təqdim etməsini məsləhət verib. Bundan sonra prosesdə iştirak edən mətbuat nümayəndələrindən bəziləri ziddiyyət təşkil edən informasiyanın V.İsgəndərovdan aldıqlarını deyiblər. Məhkəmə protokola yazılmaqla V.İsgəndərova xəbərdarlıq edib.

Xəbərdarlığa etiraz edən və vəziyyəti aydınlaşdırmağa çalışan V.İsgəndərovla hakim arasında mübahisə yaranıb. Hakim V. İsgəndərovu prosesdən istifadə etməklə ictimai-siyasi kapital qazanmaqda ittiham edib. Bundan sonra V. İsgəndərov şifahi vəsatətlə çıxış edib. O bildirib ki, prosesin gedişatı ədalətli aparılmır, məhkəmə istintaqının obyektiv aparılmasına şərait yaradılmır. Bu səbəbdən də Milli Təhlükəsizlik Nazirliyinə məlumat veriləcək. E.Vəliyev isə deyib ki, məhkəmənin işindən verilən şikayət yazılı şəkildə olmalıdır. Prokuror isə gərginliyi yatırmağa çalışıb.

Prosesdə zərərçəkən qismində ifadə vermək üçün çağırılan Qalib Kərimov məhkəmə heyətinə etiraz edib. Hakim isə etirazı yazılı şəkildə əsaslandırmasının zəruriliyini bildirib.

Proses sabah günün ikinci yarısında davam edəcək.

Qeyd edək ki, “GEN” MMC-nin təsisçisi Elbrus Bulud oğlu Əliyev vətəndaşların əmlakını aldatma yolu ilə ələ keçirmək niyyəti ilə tanışları Asif Meyli oğlu Ələmovun adına “Nəcibə”, Ağayev Həbib Məmmədağa oğlunun adına “GEN” və öz adına “Uğurlar”, “Elgün E” və “GEN Holdinq” Məhdud Məsuliyyətli Cəmiyyətlər təsis edərək, özünün rəhbərliyi altında həmin cəmiyyətlərin işçiləri Ələmov Asif Meyli oğlu, Ağayev Həbib Məmmədağa oğlu, Cəfərzadə Mehparə Mahmud qızı, Abbasov Əliyar Qənbər oğlu, Səfərov İlkin Məzahir oğlu, Əliyev Ramil Saday oğlu, Əhmədov Kamran Sabir oğlu və Məmmədov Nəbi Ağarəhim oğlundan ibarət, uzun müddət fəaliyyət göstərməsi nəzərdə tutulan, mütəşəkkil dəstə yaradaraq, cinayətkar niyyətlərini həyata keçirmək məqsədi ilə 2006-cı ilin ortalarından 2008-ci ilin aprelinə kimi olan müddət ərzində, həmin cəmiyyətlər tərəfindən guya Bakı şəhəri Xətai, Nəsimi və Yasamal rayonları, habelə Abşeron rayonunun ərazilərində çoxmərtəbəli yaşayış binaları inşa ediləcəyi və həmin binalardan vətəndaşlara mənzillərin satılacağı barədə kütləvi informasiya vasitələri ilə reklam və elanlar verməklə 373 vətəndaşı aldadıb. Onların 8059138 manat məbləğində pullu dələduzluq yolu ilə mənimsəyiblər. Dəstə üzvləri Cinayət Məcəlləsinin 178.3.1 (dələduzluq – mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 178.3.2 (dələduzluq – külli miqdarda ziyanla törədildikdə) maddələri ilə ittiham olunurlar.

Fərid Əkbərov
# 655

Oxşar yazılar