Bakıda Pakistan və Özbəkistan vətəndaşlarının məhkəməsi başlayıb
17 sentyabr 2009 13:00 (UTC +04:00)

Bakıda Pakistan və Özbəkistan vətəndaşlarının məhkəməsi başlayıb

Onlar narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilirlər

Sentyabrın 17-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Pakistan və Özbəkistan vətəndaşlarından ibarət mütəşəkkil dəstənin 4 üzvünün hazırlıq iclası keçirilib.

Lent.az-ın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə Özbəkistan vətəndaşı Mastura Urak qızı Xodjayeva Özbəkistanın Azərbaycandakı səfirliyinin nümayəndələrinin prosesdə iştirakının təmin olunmasını xahiş edib. Hakim tərcüməçi ilə bağlı məhkəmənin səfirliyə müraciət edəcəyini bildirib. Bundan sonra prosesdə təqsirləndirilənlərin müdafiəçiləri və baxışın keçiriləcəyi tarix müəyyənləşib. Məhkəmə baxışı sentyabrın 29-a təyin olunub.

Qeyd edək ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin (HNBGİ) əməkdaşları tərəfindən 6024 saylı “Bakı-Urumçi” aviareysi ilə uçmaq istəyən Özbəkistan Respublikası vətəndaşı Mastura Urak qızı Xodjayevaya məxsus çemodandan çəkisi 3,295 kq olan heroin aşkarlanıb. Əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 31 ünvanında yerləşən “Cənub” mehmanxanasında, Pakistan Respublikası vətəndaşları Ali Johar Baxtiyar oğlu və Navaz Muhammad Raham oğlunun yaşadıqları 314-cü otaqdakı 1 ədəd qara rəngli çemodanın içərisindən eyni üsulla qablaşdırılmış bağlamada çəkisi 3,330 kq və həmin mehmanxanada Pakistan vətəndaşı Rahim Sajid Gul oğlunun yaşadığı 405-ci otaqdakı 2 ədəd qara və boz rəngli çemodanın içərisindən yenə də eyni üsulla qablaşdırılmış çəkisi 8 kiloqram 565 qram narkotik vasitə - heroin aşkarlanaraq götürülüb.

Mastura Urak qızı Xocayevaya, Ali Johar Baxtiyar oğlu, Navaz Muhammad Raham oğlu və Rahim Sajid Gul oğlu Azərbaycan Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham olunurlar.

Fərid Əkbərov
# 421

Oxşar yazılar