Generalın qətli ilə bağlı tutulanların işində yeniliklər var
15 sentyabr 2009 19:00 (UTC +04:00)

Generalın qətli ilə bağlı tutulanların işində yeniliklər var

Rail Rzayevin həbsdə olan köməkçisinin səhhətində problemlər yaranıb, onun oğlunun həbs müddəti isə iki ay uzadılıb

Azərbaycan Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının sabiq komandanı, general-leytenant Rail Rzayevin hazırda həbsdə olan köməkçisi Aydın Rəfiyevin səhhətində problemlər yaranıb, onun oğlu Anar Rəfiyev barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti isə daha iki ay uzadılıb.

Bu barədə APA-ya Rəfiyevlər ailəsinin yaxınları məlumat verib.

Onların sözlərinə görə, Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasında saxlanılan Aydın Rəfiyev bir neçə gün əvvəl Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə köçürülüb. Onun şiddətli ürək ağrılarından əziyyət çəkdiyi bildirilir.

Generalın köməkçisinin oğlu Anar Rəfiyevin isə barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti daha iki ay uzadılıb. Bu barədə APA-ya Anar Rəfiyevin vəkili Aslan İsmayılov məlumat verib.

Respublika Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq Baş İdarəsi tərəfindən aparılan cinayət işinin istintaqından narazı qaldıqlarını dilə gətirən A. İsmayılov bir neçə gün əvvəl Nəsimi rayon Məhkəməsinin qərarı ilə A. Rəfiyev barəsində seçilmiş həbs müddətinin daha iki ay uzadıldığını söyləyib: “Birinci növbədə onu deməliyəm ki, müdafiə etdiyim şəxsə qarşı irəli sürülən ittihamlar əsassız sayıram. Anarın heç bir günahı yoxdur, digər tərəfdən isə istintaqın gedişində qanun pozuntuları var. Bu qanunsuzluqlarla bağlı ölkənin baş prokuroru cənab Zakir Qaralova da müraciət etmişəm”.

Xatırladaq ki, R. Rzayevin köməkçisi A. Rəfiyev və onun oğlu Anar bu il aprelin 16-da Yasamal rayonu ərazisində yerləşən hərbi şəhərcikdə yerləşən evlərində həbs ediliblər. Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində yaradılmış istintaq qrupunun üzvləri generalın köməkçisi Aydın Rəfiyevin hərbi şəhərcikdə yerləşən mənzilinə və “Mitsubishi-Pajero” markalı maşınına baxış keçiriblər. Baxış zamanı maşından general Rail Rzayevə məxsus 1 ədəd qış gödəkçəsi və generalın xidməti avtomobilinin dövlət nömrə nişanı aşkar edilib. Məhkəmə Anar Rəfiyevi Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 179-cu (mənimsəmə və ya israf etmə) maddələri ilə təqsirli bilərək barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Təqsirləndirilən şəxslər avtomobildə aşkarlanan Müdafiə Nazirliyinə məxsus 10-00 HM dövlət nömrə nişanı və generala məxsus qış gödəkçəsini R. Rzayevin ölümündən bir müddət sonra generalın şəxsi sürücüsü Bəxtiyar Ələsgərov tərəfindən nazirliyə qaytarılması üçün Aydın Rəfiyevə verildiyini bildiriblər. Lakin A. Rəfiyev onları Müdafiə Nazirliyinə təhvil verməyib.

Qeyd edək ki, Azərbaycan müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı, general-leytenant Rail Rzayev fevralın 11-də, saat 07.30 radələrində, yaşadığı Yasamal rayonu İnşaatçılar prospekti, 533-cü məhəllədə yerləşən evindən 300-400 metr aralıda, İsmayıl bəy Qutqaşınlı küçəsindəki 172 saylı orta məktəbin yaxınlığında odlu silahdan açılan atəşlə qətlə yetirilib. Məlum qətl hadisəsi ilə əlaqədar Respublika Hərbi Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və toxumalarından istifadə etmə məqsədilə adam öldürmə) və 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.
# 460

Oxşar yazılar