Bakıda Özbəkistan və Pakistan vətəndaşlarından ibarət dəstə zərərsizləşdirilib
26 may 2009 16:45 (UTC +04:00)

Bakıda Özbəkistan və Pakistan vətəndaşlarından ibarət dəstə zərərsizləşdirilib

Tərkibində qadınların da olduğu dəstə üzvlərindən külli miqdarda heroin götürülüb

Bakıda Özbəkistan və Pakistan vətəndaşlarından ibarət mütəşəkkil dəstə həbs olunub.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin (HNBGİ) əməkdaşları tərəfindən 6024 saylı “Bakı-Urumçi” aviareysi ilə uçmaq istəyən Özbəkistan Respublikası vətəndaşı Mastura Urak qızı Xocayevaya məxsus çemodan nəzarətdən keçirilərkən, astarın altından, sellofana qablaşdırılmış 1 ədəd bağlamada çəkisi 3,295 kq narkotik vasitə olan heroin aşkarlanıb.

İlkin təhqiqat zamanı Mastura Xocayevanın izahatına əsasən, HNBGİ Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin və Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 31 ünvanında yerləşən “Cənub” mehmanxanasında, Pakistan Respublikası vətəndaşları Ali Johar Baxtiyar oğlu və Navaz Muhammad Raham oğlunun yaşadıqları 314-cü otaqdakı 1 ədəd qara rəngli çemodanın içərisindən eyni üsulla qablaşdırılmış bağlamada çəkisi 3,330 kq və həmin mehmanxanada Pakistan vətəndaşı Rahim Sajid Gul oğlunun yaşadığı 405-ci otaqdakı 2 ədəd qara və boz rəngli çemodanın içərisindən yenə də eyni üsulla qablaşdırılmış çəkisi 8 kiloqram 565 qram narkotik vasitə - heroin aşkarlanaraq götürülüb.


DGK İstintaq İdarəsində mütəşəkkil dəstə tərəfindən satış məqsədilə qanunsuz olaraq, narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirmə faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanılıb.

İstintaq zamanı müəyyənləşib ki, mütəşəkkil dəstənin üzvü olan Mastura Urak qızı Xocayeva Çin Xalq Respublikasında (ÇXR) yaşayan, şəxsiyyəti istintaqa məlum olmayan “Dcov” adlı şəxsə çatdırılması üçün 3295 qram narkotik maddə-heroin gizlədilmiş çemodanı “Cənub” mehmanxanasında Ali Johar Baxtiyar oğlundan satış məqsədilə götürüb və “Bakı-Urumçi” aviareysilə ÇXR-ə uçmaq üçün Heydər Əliyev Beynəlxalq Hava Limanına gələrkən gömrük əməkdaşları tərəfindən saxlanılıb.

İstintaq zamanı, həmçinin aydınlaşıb ki, mütəşəkkil dəstənin digər üzvləri-Pakistan vətəndaşları, Ali Johar Baxtiyar oğlu, Navaz Muhammad Raham oğlu, Rahim Sajid Gul oğlu Pakistan İslam Respublikasında “Cəmil” və “İrşad” adlı şəxslərdən əldə etdikləri ümumi xalis çəkisi 15,120 kq heroini ÇXR-də yaşayan Dcov adlı şəxsə çatdırılması üçün gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirərək Bakı şəhərinə gətiriblər.

Beləcə, mütəşəkkil dəstənin üzvləri-Xocayeva Mastura Urak qızı, Ali Johar Baxtiyar oğlu, Navaz Muhammad Raham oğlu və Rahim Sajid Gul oğlu DGK İstintaq İdarəsi tərəfindən şübhəli şəxs qismində saxlanılıblar, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilərək Bakı şəhər Yasamal rayon məhkəməsinin qərarı ilə barələrində 3 ay müddətinə həbs qəti imkan tədbiri seçilib.

Şəhriyar Əlizadə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 635

Oxşar yazılar