«Xankəndi hava limanının açılması danışqlar prosesinə zərbədir» - AÇIQLAMA
08 oktyabr 2012 20:55 (UTC +04:00)

«Xankəndi hava limanının açılması danışqlar prosesinə zərbədir» - AÇIQLAMA

“Ermənistan tərəfindən Xankəndi hava limanının işinin bərpa edilməsi addımı beynəlxalq qanunlara ziddir və Azərbaycan tərəfindən təxribat addım kimi qiymətləndirilir”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib.

E. Abdullayev bildirib ki, Xankəndində hava limanının açılması ilə bağlı Ermənistanın addımı danışıq prosesinə ciddi zərbə vurur. O, xatırladıb ki, Xocalıda yerli sakinlərə qarşı kütləvi soyqırımı həyata keçirilib, Xocalı hava limanının Azərbaycan xalqı üçün böyük rəmzi əhəmiyyəti var: “Ermənistanın bu addımı həm də Xocalı qurbanlarına hörmətsizlikdir. Bu addım Azərbaycan ictimaiyyətində, xüsusilə məcburi köçkünlər arasında hiddətli hissi və ciddi narazılığa səbəb olub. Xocalı hava limanının açılması və limandan hansısa uçuşun həyata keçirilməsi Ermənistanın işğalının və təcavüzünün davamı deməkdir. Aydındır ki, Ermənistan limandan hərbi məqsədlə istifadə etməyə çalışacaq. Azərbaycanın hava məkanında hərbi təyyarələr göndərmək də öz növbəsində Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş addımdır”.

E. Abdullayev bir daha xatırladıb ki, aeroportun açılması Çikaqo Konvensiyasına ziddir.

O, beynəlxalq ictimaiyyəti Ermənistanı bu təhlükəli planlardan çəkindirməyə çağırıb.

XİN rəsmisi əlavə edib ki, bəzi məlumatlara görə, bir sıra xarici şirkətlər Ermənistan tərəfi ilə müəyyən avadanlıqların quraşdırılması istiqamətində əməkdaşlıq edir: “Bu şirkətlər arasında «TALEYS» şirkəti də var. Azərbaycan tərəfi həmin şirkətlə daim əlaqə saxlayır və bu əməkdaşlığın dərhal dayandırılmasını tələb edir. Belə olmayacağı təqdirdə Azərbaycan adekvat addımlar atacaq”.
# 909

Oxşar yazılar