Güney Azərbaycanda güclü zəlzələ: 300 ölü, 5000 yaralı-YENİLƏNİB-FOTO
12 avqust 2012 22:06 (UTC +04:00)

Güney Azərbaycanda güclü zəlzələ: 300 ölü, 5000 yaralı-YENİLƏNİB-FOTO

İranın zəlzələ baş verən Şərqi Azərbaycan vilayətində 2 gün matəm elan edilib.

APA-nın məlumatına görə, bu barədə Təbrizin imamcüməsi, ayətullah Möhsün Müctəhid Şəbüstəri və Şərqi Azərbaycan vilayətinin valisi Əhməd Əlirza Beygi birgə bəyanat yayıblar. Onlar 13-14 avqustu matəm günü elan ediblər.

Qeyd edək ki, avqustun 11-də İranda saat 16:00 radələrində episentri Vərzigan olmaqla Azərbaycan vilayətlərinin Təbriz, Əhər, Heris, Ərdəbil və Urmiya şəhərlərində 6.2 bal gücündə zəlzələ baş verib. Ən çox tələfat Əhər, Heris və Vərzigan şəhərlərindədir. Bu şəhərlərə aid 60 kəndin 80%-nə ciddi ziyan dəyib, Herisin Bacabac və Çobandar kəndləri tamamilə yerlə yeksan olub.

Rəsmi rəqəmlərə görə, 300 nəfər ölüb, 5000 nəfər yaralanıb.

***
İranın Şərqi Azərbaycan əyalətində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 250-ni, yaralıların sayı isə 2 min nəfəri keçib.

APA-nın Fars xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, ölü və yaralı sayının daha da artması ilə bağlı narahatlıqlar var.

Zəlzələnin episentri olan Əhər, Vərzegan və Həris rayonlarında 110 kəndin tamamilə və ya qismət dağıldığı bildirilir.

Bölgəyə xilasedici dəstələr sövq edilib, ətraf şəhərlərdən də xiasedicilər və tibbi personal cəlb edilib.

Məlumata görə, son iki gündə bölgədə 2,5-4,7 bal arasında dəyişən 50-dən çox təkan qeydə alınıb. Buna görə də əhalinin evlərinə dönməməsi üçün çağırış edilib.

İran dövlət televiziyası daxili işlər naziri Mustafa Məhəmməd Nəccarın zəlzələ bölgəsinə getdiyini xəbər verib. Səhiyyə naziri Mərziyə Vahid Destkerdi isə Vərzegan rayonunda səyyar xəstəxana qurulduğunu bildirib.

***
İranın Şərqi Azərbaycan vilayətində baş verən zəlzələ nəticəsində ölü sayı 180 nəfərə çatıb.

APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, ən çox zərər dəyən Əhər və Vərzigan şəhərlərinin 1300 nəfərdən çox sakini yaralanıb.

İran parlamentinə Əhər şəhərindən deputat seçilən Abbas Fallahiyə Babacan bildirib ki, zəlzələdən zərərçəkənlərə yardım göstərilməsi üçün aidiyyatı orqanlar İran prezidentinin göstərişini gözləyirlər.

Qeyd edək ki, bu gün İranda episentri Vərzigan olmaqla Azərbaycan vilayətlərinin Təbriz, Əhər, Ərdəbil və Urmiya şəhərlərində 6.2 bal gücündə zəlzələ baş verib.

Ən çox tələfat Əhər və Vərzigan şəhərlərindədir. Bu şəhərlərə aid 60 kəndin 60-80%-ə ciddi ziyan dəyib, 7 kənd tamamilə dağılıb. Fəlakət bölgəsində zərərçəkənlər üçün suya və çörəyə ehtiyac var. Ölü sayının artacağı istisna edilmir.

***
İranın Şərqi Azərbaycan vilayətində baş verən zəlzələ nəticəsində ölü sayı 87 nəfər çatıb.

APA-nın İran mətbuatına istinadən məlumatına görə, 600 nəfərdən çox insanın yaralandığı zəlzələdə dünyasını dəyişən 30 nəfər Əhər, 40 nəfər Vərzigan şəhərinin sakinidr. 7 nəfər isə xəstəxanaya aparılarkən yolda keçinib. Əhər və Vərzigan şəhərərinə aid 60 kəndin 60-80%-ə ciddi ziyan dəyib, 2 kənd tamamilə dağılıb.

Qeyd edək ki, bu gün İranda episentri Vərzigan olmaqla Azərbaycan vilayətlərinin Təbriz, Əhər, Ərdəbil və Urmiya şəhərlərində 6.2 bal gücündə zəlzələ baş verib.

Ən çox tələfat Əhər və Vərzigan şəhərlərindədir. Gün ərzində bir neçə dəfə zəlzələ baş verən Vərziganda ən son yerli vaxtla saat 20:13-də 4.8 bal gücündə zəlzələ qeydə alınıb. Ağır yaralıları nəzərə alaraq, ölü sayının artacağı da istisna edilmir.

***
İranın Şərqi Azərbaycan vilayətində baş verən zəlzələ nəticəsində 40 nəfər ölüb, 400 nəfərə yaxın insan yaralanıb.

APA-nın İSNA-ya istinadən verdiyi məlumata görə, bu barədə İranın Təcili Tibbi Yardım Mərkəzinin sədri Qulamrza Məsumi açıqlama verib. O bildirib ki, hazırkı məlumatlara görə, ən güclü zəlzələnin baş verdiyi Əhər və Vərzigan şəhərlərində 40-50 nəfər ölüb: “Yaralılar Təbriz və Ərdəbil xəstəxanalarına yerləşdirilir”.

Qeyd edək ki, bu gün İranda episentri Vərzigan olmaqla Azərbaycan vilayətlərinin Təbriz, Əhər, Ərdəbil və Urmiya şəhərlərində 6.2 bal gücündə zəlzələ baş verib. Ən çox tələfat Əhər və Vərzigan şəhərlərindədir. Gün ərzində bir neçə dəfə zəlzələ baş verən Vərziganda ən son yerli vaxtla saat 20:13-də 4.8 bal gücündə zəlzələ qeydə alınıb. Ağır yaralıları nəzərə alaraq ölü sayının artacağı da istisna edilmir.

Zəlzələ Azərbaycan sərhəd ərazilərində, o cümlədən Ermənistanda da hiss olunub.

***

İranda zəlzələ baş verib. APA-nın xəbərinə görə, Tehran Universitetinin Seysmoloji Mərkəzindən zəlzələnin episentrinin Güney Azərbaycanın Təbriz şəhəri olduğu bildirilib.

Məlumata görə, zəlzələnin birinci təkanı 6.2 bal, ikincisi isə 6 bal gücündə olub. Seysmoloji Xidmət zəlzələnin 9.7 kilometr dərinlikdə baş verdiyi bildirilib.

Təbrizdən APA-ya bildirilib ki, yerli vaxtla saat 16.43-də baş vermiş zəlzələ nəticəsində hələlik ölən və yaralananların olması barədə məlumat yoxdur. Şəhərin mərkəzi hissəsində binalarda çatlar əmələ gəlsə də, böyük dağıntılar baş verməyib.

Qeyd edək ki, zəlzələ Türkiyə, Ermənistan və Azərbaycanda da hiss olunub. Azərbaycanın İranla sərhəd hissəsində və Naxçıvan Muxtar Respublikasında təkanlar daha güclü qeydə alınsa da, ölkənin mərkəzi hissəsində zəif təkanlar hiss olunub.


***
Azərbaycanın bölgələrində təkanlar baş verib

APA-nın yerli bürosunun xəbərinə görə, zəlzələ Ucar, Zərdab, Göyçay, Ağsu, Ağdaş rayonlarında və Mingəçevir şəhərində yüngül təkanlar formasında hiss olunub.

İki dəfə hiss olunan təkanlar nəticəsində dağıntı və təlafat olması barədə məlumat yoxdur.

Məlumata görə, təkanlar Azərbaycanın cənub, Qarabağ bölgəsində və Naxçıvan Muxtar Respublikasında da hiss olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 15522

Oxşar yazılar