Evdə dezinfeksiya işləri necə aparılmalıdır? - AÇIQLAMA
28 dekabr 2020 12:22 (UTC +04:00)

Evdə dezinfeksiya işləri necə aparılmalıdır? - AÇIQLAMA

"Xəstələrin evdə qalması halında, yaxud profilaktik məqsədlə dezinfeksiya zamanı təmizlik işlərinin aparılması qaydalarına və prinsiplərinə ciddi əməl edilməli, ilk növbədə otaqda olan bütün əşyaların səthləri sabunlu yaxud yuyucu vasitəli su ilə təmizləndikdən sonra dezinfeksiyaedici məhlulla isladılmış təmiz əski ilə silinməklə dezinfeksiya olunmalıdır".

Lent.az məlumat verir ki, bu barədə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktor müavini Vaqif Abdullayev bildirib. O qeyd edib ki, COVID-19 infeksiyası törədicilərinə qarşı mübarizədə səthlərin cari dezinfeksiyasının aparılması üçün Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə görə natrium hipoxloritin 0,1 %-li məhlulundan və 70-90 %-li spirtdən istifadə edilməsi məqbul hesab olunur:

"Məişətdə istifadə üçün nəzərdə tutulan və ticarət müəssisələrində satılan xlor tərkibli vasitələrdən də istifadə edilməsi məqsədəuyğundur. Cari dezinfeksiyanın aparılması zamanı maska və əlcəkdən istifadə olunmalı, ağız, burun, üz və dəri səthinə toxunulmamalıdır".

V.Abdullayev həmçinin qeyd edib ki, dezinfeksiyaedici vasitədən istifadə edilərkən ilk növbədə həmin vasitənin istehsalçısı tərəfindən tərtib edilən təlimatlara əməl edilməsinin vacibdir:

"Xəstələrin olduqları yerlərdən xəstəxanalara aparıldıqları bütün hallarda həyata keçirilən tamamlayıcı dezinfeksiya aparılan müddətdə və dezinfeksiya başa çatdırıldıqdan sonra dezinfeksiyaedici vasitənin təlimatına uyğun olaraq müəyyənləşdirilən müddət ərzində (bu müddət barədə dezinfeksiyanı həyata keçirən qrupun rəhbəri tərəfindən qapalı məkanın cavabdeh şəxsinə xəbərdarlıq edilməlidir) dezinfeksiya edilən qapalı məkanda dezinfeksiyanı aparanlardan savayı digər şəxslərin olmasına yol verilmir. Məqsəd, qapalı məkanlarda aparılan dezinfeksiya zamanı dezinfeksiyaedici vasitələrin tərkibində olan aktiv maddələrin zərərli təsirindən insanların sağlamlığının mühafizəsinin təmin olunmasıdır.

Xüsusən çiləmə, püskürtmə üsulları ilə aparılan tamamlayıcı dezinfeksiya zamanı yaranan kiçik damlaların tərkibində olan aktiv maddə məsələn xlor təsirindən gözlərin zədələnməsi, tənəffüs yollarının, dərinin qıcıqlandırılması kimi sağlamlıq problemləri baş verə bilər. Ümumilikdə isə dezinfeksiyaedici maddələrin orqanizmə zərərli təsir dərəcəsi hər bir dezinfeksiyaedicinin tərkibində olan aktiv maddənin toksiklik dərəcəsindən, qatılığından (konsentrasiyasından) asılı ola bilər".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3156
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar