V yazı
(əvvəli bu linkdə) http://news.lent.az/news/180625
- Bəs o tıqqıltı nə idi? Yenə siçovul idi?
- Yox... Həmin tıqqıltının üstündən bir saat keçmiş, ikinci dəfə yenə eyni addım səsləri eşidildi. Bu dəfə gözlərimi aça bildim... Gördüm Dədə Qorqud kimi ağ saçlı-saqqallı, nurani bir kişi dizimin üstündə dayanıb. Amma dizimdə heç bir ağırlıq yox idi. Gözümün içinə baxır, saqqalını tumarlayırdı. Ona baxanda mənə bir yüngüllük gəldi və əllərimi qaldırıb sinəmin üstünə qoydum, dikəldim. Bu vaxt mənə baxıb dedi ki, “Qorxma, yat, sən ata-ananın yanına gedəcəksən...”
Sonra xeyli gözümün içinə baxdı, mən də ona baxa-baxa yuxuya getdim...
Yuxuda gördüm hündür bir yerdəyəm, məscidə baxıram. Bir nəfər gəlib dəstəmaz aldı, qəfil dönüb mənə baxdı, yenə o idi. “Sənə demədim yat” deyib getdi.
- Kim idi o? Allah? Vicdan?
- Dedilər Qaraçuxandı... Hər bir insanın öz Qaraçuxası var və onu hər addımda izləyir. Həyatda düzgün mövqe tutmuş insanları qoruyur. Qaraçuxamız daim bizimlədir, bəzi məqamlarda gözə də görünə bilər. Məsələn, dəstəmaz alanda onu yuxuda, kamerada isə gözümlə gördüm. Yanımda idi.
- Sonra yenə gəldi?
- Yox, elə bir dəfə orda gördüm...
***
Gözlərinə görünən qoca “yat” əmrini verəndən sonra Valeh yuxuya getdi. Səhər dəmir qapıların səsinə oyandı. İçəri girən erməni nəm betonun üstündə yatan yaralı əsirə baxdı:
- Ey, gitarist! Gedirik! Vaxtın çatdı! Çox nazınla oynadıq, ölmədin. Bu dəfə axırın çatdı!
Yenə Valehin ayaqlarından tutub arxası ilə sürüyüb meydançaya gətirdilər. Rütubətli, nəm kameradan havaya çıxanda günəş onsuzda açmağa çətinlik çəkdiyi gözləri qamaşdırır, ona doyunca tamaşa etməyə qoymurdu. Bu, Qarabağ havası idi, bu yerlərdə günəş də bir başqa cürə doğurdu...
Valehi yerdən qaldırıb divara söykədilər. O elə halda idi ki, heç divardan sürüşüb yerə də düşə bilmədi. Cansız odun parçası kimi, hara söykəsən qalacaqdı...
Günəş şüası Valehin gözünə düşür, sümüyünə qədər donan bədənini isə qızdırmırdı. Həmişə belədir, günəş tənha adamların gözünə, sevgilisi yanında olan adamın isə ürəyinə düşür.
Gözqamaşdıran günəş şüasının işığında 4-5 erməni dayanıb mübahisə edirdi:
- Mən alnından atacam!
- Mənsə ürəyindən!
- Gəl ikimiz də birdən ataq!
- Hə, gitarist! Bütün günü məni öldürün deyirdin, indi səni öldürürük! Havanı görürsən? Qəşəngdir, hə? Rahatca çək ciyərlərinə, bir də Qarabağ baharının havasını harda udacaqsan?
- Siz türklərin nəslində bir də bu havanı udan olmayacaq!
Onlar çarəsiz insanla əylənir, onu ələ salır, gülürdülər. Valehin sanki dili açıldı. İndiyəcən erməniyə “öldürün, canım qurtarsın” deyib yalvaran adam birdən soruşdu:
- Ölümqabağı bir söz deyim?
- De!
- Bu gün ayın neçəsidir?
- Martın 21-dir!
- Bir gün... bircə gün artıq yaşamaq istəyirəm.
- Pah! Xeyirdirmi?
- Martın 22-i mənim ad günümdür...
- Nədir, ad gününə qədər yaşamaq istəyirsən?
- Hə... Cəmi bircə gün...
- Amma bir şərtimiz var. Ad günündə səni işgəncə ilə öldürəcəyik...
- Razıyam... Amma bir gün artıq yaşayım...
Onu yenə sürüyüb gətirib kameraya atdılar...
***
- Yatmayıb səhərin açılmasını gözlədim.
- Yanınızda kimsə var idi?
- Yox, kamerada tək idim. Yuxarıdakı şüşəsiz pəncərədən içəri işıq düşür, Səadətin səsi qulağıma gəlir, yaralarım sızıldayır, ruhum ağrıyırdı... Başqa heç nə... Gözüm qapıya dikilib qalmışdı ki, indi arxamca gələcəklər, məni öldürməyə aparacaqlar...
- Həmin günü 24 yaşınız olurdu?
- Yox, 24 yaşım hələ avqustun 28-də olacaqdı. Hərçənd, o vaxtdan evdə ad günümü martın 22-də qeyd edirlər.
- Onda ermənilərə yalandan demişdiniz ad gününüz olduğunu?
- Hə, yalandan dedim. Bir gün də artıq yaşamaq istəyirdim. Bütün itkilərə, ağrılara, şəraitə baxmayaraq, yaşamaq həvəsi çox güclü duyğudur. İnsan ölmək istəmir...
- Həmin gün arxanızca gəldilər?
- Axşamtərəfi idi, hardasa saat 4-5 olardı... “KPZ”-də bir səs-küy qalxdı ki, gəl görəsən. Bütün dəmir qapılar bir-birinin dalınca açılmağa başladı. Ayaq səsləri, dəmir qapıların açılması... Nə idisə elə bil bütün kameralara baxış keçirirdilər...
Dedim yəqin işgəncə başlandı... Yəqin hamını tapıb çıxardırlar kameralardan... Bu vaxt bizim kameranın da qapısı açıldı...
***
Hündür boylu, qarabuğdayı, təmkinli, orta yaşlı bir kişi içəri girdi. Əlində kiçik ölçülü şəkil tutmuşdu. Əlindəki şəklə, sonra isə divara söykənib oturan Valehə baxır, onlarda nə isə bir bənzərlik axtarırdı. Amma Valehin üzündə tanınacaq hal qalmamışdı...
- Adın nədir?
- Valeh...
- Atanın adı?
- Sahib...
- Bu sənin şəklindir?
Orta yaşlı adam Valehin qarşısında bir az aşağı çöküb, görməsi üçün şəkli onun gözlərinə yaxınlaşdırdı. Bu, Valehin orta məktəbdə çəkdirdiyi şəkli idi...
- Hə, mənim şəklimdir...
Adam ayağa qalxıb iti addımlarla kameradan çıxdı, qapılar bağlandı. Daha o biri kameraların qapılarının açılması səsi gəlmədi...
Bir saat keçəndən sonra qapı yenə açıldı. Bir erməni Valehi sürüyüb kameradan çıxartdı, gətirib köhnə UAZ maşınının qarşısına atdı. Bu vaxt orda dayanan iki erməni onu qolundan tutub qaldırdı, biri isə əlində saxladığı nimdaş hərbi paltarı üstdən Valehin əyninə çəkib, qabağını möhkəm bağladı. Yaralı gənc tərpənə bilmədiyindən qolları da paltarın altında qaldı. Onu yük dolu kisə kimi qaldırıb maşının arxasına atdılar, UAZ yerindən tərpəndi...
UAZ Valehi atıb tutduqca gəncin son həftələri bir-bir gözünün önündən keçib gedirdi. Axı niyə 23 yaşlı oğlan ölümə bu qədər əzablı yollarla getməli idi? Axı elə o da meşədə, Səadətin yanında bir güllə ilə ölə bilərdi... Demək ki, ölüm bu qədər bahalı ola bilirmiş...
Maşın dayananda iki erməni onu qucağına aldı. Artıq sürümürdülər. Valehi maşından bir az aralıda yerə qoyub maşına qayıtdılar. Hava qaralırdı, ətrafda məzarlar var idi. Valeh qoyduqları kimi də qaldı, addım ata bilmirdi. Yüngül meh hərbi paltarın boş qalan qollarını əsdirirdi... Girov isə məzar kimi hərəkətsiz donub qalmışdı...
***
- Hardasa iyirmi metr aralıdan iki nəfər qaça-qaça üstümə gəlirdi.
- Onlar kim idi?
- Milli ordunun əsgərləri. Rəhmətlik Allahverdi Bağırovu orda gördüm. Ruhu şad olsun, məni o qurtardı əsirlikdən, yoxsa məni ölü kimi qələmə vermişdilər. Mənimlə bir yerdə neçə-neçə Xocalı sakinini xilas elədi. O öləndən sonra bir nəfər də olsun girov azad edilmədi. Elə kim azad olundusa, Allahverdinin əli ilə azad olundu.
O görəndə ki, yerimdən tərpənə bilmirəm, uşaqları göndərdi ki, gələ bilmir, gedin gətirin. İki nəfər milli ordu əsgəri qaça-qaça mənim üstümə gələndə Allahverdi bağırırdı: “Alçaqlar! Oğraşlar! Niyə bizim adamları bu günə qoyursuz? Əclaflar!”
- Ermənilər bu sözləri eşitdilər?
- Eşitdilər, amma reaksiya verməyib, çıxıb getdilər. Əsgərlərimiz məni qucaqlarına alıb gətirdilər, maşına mindirib ordan uzaqlaşdırdılar. Posta az qalmış atamı gördüm. Dayanıb gözləyirdi... Məni maşından düşürtdülər, atam yaxınlaşdı...
- Qollarınız hələ də hərbi geyimin altında idi?
- Hə. Məni görənlər hamısı elə bilirdi qollarımı kəsiblər. Danışmağa da halım yox idi ki, nə isə deyim. Elə meyit kimi idim, ancaq gözüm baxırdı...
- Atanız yaxınlaşdı və...
- Məni qucaqladı, mənimsə əllərim qalxmadı... Atam məni qucaqlayanda elə bircə onu bildim ki, yavaşca qulağına pıçıldadım: “sıxma...”
Onda başa düşdü ki, bədənim yaralıdır. Harama əl vursalar dəhşətli ağrı verirdi. O üstdən geydirdikləri də bədənimin açıq yaralarına, yanıqlarına yapışıb qalmışdı. O da bir tərəfdən ağrıdırdı.
- Bəs o şəkil nə idi? Kamerada adınızı, atanızın adını soruşan adam kim idi?
- Sonradan bildim, Bakıda yaşayan bacımda məktəb vaxtımın şəkli olub. Atam o şəkli gətirib verib rəhmətlik Allahverdi Bağırova ki, bu adamı axtar tap. O da verib Əsgəran batalyonunun komandiri Vitali Balasyana...
- Kameranıza əlində şəkillə girən Vitali olub?
- Bəli, Vitali də məni o cür axtarıb tapıb...
- O vaxta qədər Əsgəran milis şöbəsində Vitalini görməmişdiniz?
- Yox, mən həmin günü o adamı ilk dəfə idi görürdüm. İlk və son dəfə.
- Sizi ordan birbaşa xəstəxanaya apardılar?
- Atam qoymadı yardım eləsinlər, bir başa götürüb evə gətirdilər.
- Evə, hara?
- ...Ağcabədinin Şotlanlı kəndində atamın əmisi oğlanları yaşayırdı... Ora gəldik.
- Ananız da orda idi?
- Orda idi, amma... Anam gəlib mənimlə görüşmədi...
- Niyə?
- Bizim ailənin öz adətləri var idi. Atamın ağbirçək bibisi Suğra bibi orda idi. Onun, atamın qardaşlarının, əmisi uşaqlarının yanında anam gəlib oğlu ilə görüşə bilməzdi.
- Baxmayaraq ki, oğul erməni girovluğundan qayıdıb?
- Bəli, ailəmizin adətləridir. Anam gələ bilmədi deyə, mən dedim ki, o mənim yanıma gəlmir, məni onun yanına aparın. Qohumlar məni qucağında gəzdirirdilər... Qucaqlarına alıb anam olan otağa apardılar. Onda ilk dəfə əlim qalxdı... onu qucaqladım...
- Bəs o?
- Bu dəfə də o tərpənmədi... Sonra anam məni vannada çimizdirdi. Qadın bədənimdə sürtməyə yer tapmadı. Başımın ortasından tutmuş, ayağımın altına qədər yara, yanıq idi...
Əynimdən çıxanları aparıb yandırdılar. Məni təmiz çimizdirib yatağa uzandırdılar, heç on dəqiqə keçmədi ki, mələfə qan oldu... Yaralarımın qaysaqları islanıb tökülmüşdü, onlar mələfəyə yapışdılar... Həkimlər pasa, zəhərlənməyə qarşı iynələr vurmaq üçün gəldilər, amma iynə vurmağa yer tapa bilmirdilər. Mədə divarları acından bir-birinə yapışmışdı. Həkimlər tapşırdı ki, gündə bir-iki qaşıq çay, su verin. Başqa heç nə olmaz...
- Nə qədər belə çəkdi?
- Düz on gün. Xəstəxanaya aparmaq üçün əynimə geydirməyə paltar tapa bilmirdilər. Elə əynimdəkiləri yandırdıqları gündən adyala bürümüşdülər... Axırda atam gedib hardansa bir dəst paltar tapıb gətirmişdi... Çox böyük ölçülü paltar idi, onu geydirib, Mingəçevirə, xəstəxanaya gətirdilər. Qoymadım yanımda kimsə qalsın...
- Səadət haqda nə isə danışırdılar?
- Mən gəldim ki, meyiti gətirib dəfn ediblər...
- Ayın neçəsi?
- Elə həmin günü, 26-da əmimgil gətiriblər, həmin günü də dəfn eləmişdilər...
- Harda?
- Ağcabədidə dəfn olunub. Xocalı kadrlarında onu bircə epizodda göstərirlər. Meyitini çıxardanda çəkiblər... Məni Mingəçevirə xəstəxanaya aparanda yolda təxmini göstərdilər ki, bu qəbristanlıqda dəfn olunub. Uzaqdan təxmini yerini də göstərdilər...
- Məzarı üstünə nə vaxt getdiniz?
- İndi yadımda dəqiq qalmayıb ki, xəstəxanada nə qədər yatandan sonra... Təxmini belə bilirəm ki, Mingəçevir xəstəxanasında hardasa 2 ay qalmışam, bir neçə gün evə gedib qayıdandan sonra da 2 ay qalmışam. Amma ayağım bir balaca yer tutan kimi əlimə çəlik alıb xəstəxanadan çıxdım. Həmin günü yaxşı xatırlayıram. Dedim artıq gəzə bilirəm, evə gedirəm...
Avtobusa minib, Ağcabədiyə gəldim... Qəbristanlığa... Məzarını tapdım, tək deyildi... Əmim, yoldaşı, uşaqları, nəvələri... biri birinci sinfə gedən qız, biri yaş yarımlığında oğlan... Bir ailə tamamən məhv olmuşdu. Hamısı təzə məzar idi, hələ heç şəkilləri də yox idi, sadəcə adlarını yazmışdılar – “Abbasova Səadət Qədim qızı”. Saatlarla oturdum orda... Söhbət elədim...
- Nə haqda...?
- Dedim, ölməsən sən də mənimlə əsir düşəcəkdin...
- Qəbristanlıqda nə qədər qaldınız?
- Bilmirəm, elə oturdum, söhbət elədik, o şeir oxudu... Səsi qulağıma gəlirdi... Sonra yenə Mingəçevirə, xəstəxanaya qayıtdım. May ayında isə xəstəxanada dedim ki, sabah bazar günüdür, evə gedirəm. Gəlib bir gün səhərə kimi qaldım Səadətin məzarının üstündə. Səhər isə orda evə gəldim... Dedim xəstəxanada idim...
- Barmaqlarınız necə idi?
- Dərman çəkib yaralarını sağaldır, sınıqları gipsə qoyurdular. Amma artıq musiqinin mənim üçün heç bir əhəmiyyəti yox idi. Mənim meşədə ruhum ölmüşdü... Ermənilər barmaqlarımı yandırandan sonra məndən soruşdular ki, bu gündən sonra gitara çala biləcəksən? Dedim bundan sonra heç ehtiyac da deyil... Mən sonuncu dəfə həmin sevgi ilə gitaranı Səadət üçün çalmışdım...
- Müalicənizi kim elətdirdi?
- Ailəm. Həkimlərin vicdanı var idi, pul götürmürdülər. Dərmanların isə hamısını ailəm alırdı...
- Təzədən çətin olmadı bu həyata uyğunlaşmaq?
- Hələ də çətindir... Hərdən görürsən o günlərdən kimsə qarşına çıxır, səni tanıyır...
- Məsələn...
- Çox olur. Mən məclislərdə oluram, çox adam görürəm. Bir dəfə bir məclisdəydim, qəfil bir kapitan gəlib məni qucaqladı. Baxdım ki, tanımıram. Yadıma salmağa çalışdım, özü kömək elədi. Dedi bilirəm, tanımadın. O vaxt sən cavan oğlan, mənsə körpə uşaq idim. Sən olmasan məni güllələyəcəkdilər. Meşədə ayaqlarımdan tutub dartdın, basdın altına, güllə gəlib böyrümüzdə yerə girdi. Snayperlə nişan almışdılar, vuracaqdılar... Xatırladım, balaca uşaq idi... Həmin güllənin biri mənim saçımın içindən keçmişdi. O vaxtlar belə keçəl deyildim, saç-saqqala əl dəymirdik, uzun idi...
Birdən görürsən bir adam çıxıb deyir, yadımdadır, məni çaydan sən keçirtdin. Hər cür insan var, bəziləri heç boynuna almır...
- Valideynləriniz Neftçalada, siz isə Xocalı bankının köçürüldüyü Bərdədə yaşayırdınız.
- Hə, tək qalırdım. Valideynlərim başladı ki... Mənim evlənmək fikrim yox idi. Səadətlə həyatda... Bəzi adamlar elə bilir ki, unudulur. Yox, unudulmur... O yaradır və mənimlə qəbrə gedəcək. O günü arzulayıram ki, axirətdə Səadətlə görüşəcəm. Mənim elə günüm olub ki, gecəni səhərə kimi onun məzarının üstündə keçirmişəm. Evdə heç kim bilməyib.
- Valideynləriniz sizi ikinci dəfə ailə qurmağa nə vaxt razı sala bildilər?
- 1995-ci il idi, düşdülər üstümə ki, Bərdədə tək qalırsan, yemək bişirmək, filan...
- Seçimi kim elədi?
- Ata-anam. Üzr istəyirəm, mən qızın üzünü toyda gördüm. Atamgil elçi getdilər, yüngülvarı, çalğısız bir məclis elədilər... İlk övladım 1997-ci ildə doğuldu. Adını Aişə qoydular.
- Qoydular?. Siz qoymadınız?
- Yox. Mən uşaqların heç birinə ad qoymamışam...
- Niyə?
- Mən qoysaydım hansınınsa adını Səadət qoymalıydım. Ona görə də öz üstümdən atdım...
- Niyə qoymaq istəmədiniz?
- Bizim ailədə valideynlə övlad arasında çox pərdə var. Bu günün özündə də 70 yaşlı əmim 74 yaşlı atamın yanında siqaret çəkmir, uzanmır. Mən evdə atamdan gizlin üz qırxıram, içmirəm.
- Bərdədə nə qədər yaşadınız?
- 1998-ci ilə qədər Bərdədə yaşadıq. Sonra bankda struktur dəyişikliyi oldu. İndi Goranboyda yaşayıram. Üç qızım var. Aişə, Əsmər, Fidan...
- Aişənin 17 yaşı var, bəs o birilərinin?
- Desəm ki, neçənci ildə doğulduqları yadımdan çıxıb... Böyük qızım 9-dan çıxdı, musiqi kollecindədir, 3-cü kursa keçib... Özüm məşğul oluram. Böyüklə balaca pianoda çox gözəl ifa edirlər. Kiçik qızıma məktəb tədbirlərində hər dəfə iki-üç əsər tapşırırlar. Çox gözəl ifa edir. Telefonumda şəkilləri var, baxın... Məktəbdə ifa edərkən videosu da var, görün necə mükəmməl ifa edir... Taleyi mənim kimi olmasın...
- Başınıza gələnləri onlara danışırsınız?
- Heç vaxt. Nənəsi babası danışır. Məktəb tədbirlərində haqqımda danışılanları eşidirlər... Mən heç kimə danışmıram, heç yoldaşıma da. Məndə adət deyil oturub kiməsə nəsə danışmaq. Elə ürəyimdə sözüm olanda üz tuturam Səadətin yanına...
- Bu günə qədər?
- Bu günə qədər! Baxmayaraq ki, iyirmi iki il ötüb, mən hələ öldüyünü qəbul eləmirəm... Hələ də sanki dünən olub kimi şeir oxuduğu səsi qulağıma gəlir. Toydan çıxanda çox vaxt evə qəbristanlıqdan gedirəm. Yuxuda da görürəm, mən artıq həmin adam deyiləm, yaşlanmışam, başıma çox iş gəlib, saçlarım da tökülüb, o isə həmin gecə, şeir oxuduğu gecə necə idisə, indi də elədir, dəyişilməyib...
SON