Lent.az-ın “Əsir düşərgəsi”ndə xocalıdan olan Əliməmmədovlar ailəsinin əsirlik hekayətini təqdim edirik. Yaşar Əliməmmədovla 2014-cü ilin yayında Ağcakənddə, oğlu Sirac ilə isə bu ilin yayında Bakıda görüşmüşəm. Bu ailənin yaşadıqlarını yazmağa güc tapmaq üçün mənə çox vaxt lazım oldu...
Bu, ilk körpə girovun hekayəsi idi ki, dinləyirdim... Azyaşlılardan Müşfiqin, Əhmədin hekayəsini dinləmişəm. Amma Sirac onlardan da kiçik olub... Girovluqda bir günün içində böyüyəndə onun cəmi altı yaşı olub...
Yer üzündəki heç bir uşağın güllə səsi eşitməməsi ümidi ilə...
***
Maşının qapısı açıldı. Siracın başını sinəsinə sıxan Yaşar başını içəri salıb girovları diqqətlə süzən Qariki tanıdı...
İndi, azadlığın bir addımında ikən, onunla rastlaşmaq Yaşarın həyatda heç cür arzulamadığı bir görüş idi...
- Yaşar?! Yaxşı görünürsən! Ömründə belə layiq olduğun hala düşməmişdin! Nə oldu? Bəs deyirdin Qarabağ bizimdir? Gördün indi bu torpaqlar kimindir? Hər şey bizimdir! Nəyiniz varsa, bizimdir! Sənin evin də mənimdir! Tutmuşam evini, köçüb orada yaşayacağam!
Sirac evləri haqqında eşidəndə əllərini üzündən çəkdi. Sanki evlərinin yeni sahibini yaddaşına həkk eləmək istəyirdi. Qarik qapını çırpıb, getdi. Sirac Yaşarın titrəyən çiyinlərinə, səyriyən dodaqlarına baxıb, sakitcə pıçıldadı:
- Ata, inanma, yalan deyir! Evimiz ona qalmayıb, yanıb! Gözümlə gördüm...
***
Yaşar Əliməmmədov: Mən Gəncə İnşaat Texnikumunda oxuyub, sonra Rusiyanın Tümen vilayətinin Texniki Universitetində mülki sənaye tikintiləri ixtisası üzrə təhsil almışdım. Xocalı işğal olunanda rayonun “Aqroprom” İstehsalat Birliyində tikinti üzrə baş mühəndis idim. Ondan da əvvəl səkkiz il Əsgəranda işləmişdim, təmir edib, yaşıllıq salmışdım. Orada məni tanımayan yox idi. Qarik də mənim mühəndisim olmuşdu...
- Qarik sizi incitmədi?
- Yox, elə onu deyib qapını çırpıb getdi. Mən də daha nə deyim, çiynimi çəkməkdən başqa əlimdən nə gəlirdi? Xocalının içindən keçib gəlmişdik, evlərimiz hələ də tüstülənirdi, küçələrdə meyitlər nə qədər... Salamat saxladıqları evləri isə talan edirdilər, gözümüzlə görmüşdük. Amma bizi dəyişmədilər, Ərminəvan kəndindəki uşaq bağçasına apardılar...
- Orada girov çox idi?
- Biz cəmi on doqquz nəfər gördük. Onun da üçü yaşlı kişi, qalanı arvad-uşaq... Aralarında cavan adam mənimlə Elxan idi. Elxan Rəcəbov...
- Həmin on doqquz girovun arasında sizinkilərdən var idi?
- Elə gözüm hər yerdə Səidəni, bacılarımı gəzirdi... Yeznələrim ikisi də girov idi, tövlədə bir yerdə idik, amma qadınlardan xəbərimiz yox idi. Bir tərəfdən gözüm onları axtarır, bir tərəfdən də ürəyimdə allaha yalvarırdım ki, sənə qurban olum, bizə nə eləmisən, eləmisən. Heç olmasa onları qoru, onlar əsir düşüb bu işgəncələri görməsinlər...
- Uşaq bağçasında sizinlə necə davrandılar?
- Bizi maşından düşürdüb içəri aparana qədər yerli camaat töküldü üstümüzə. Kimin müharibədə adamı ölmüşdü, acığını bizdən çıxırdı. Əllərinə nə keçdi, ağac, armatur qırığı, bel... Götürüb gəldilər bizi döyməyə. Bizi orada çox saxlamadılar. On üç nəfər idik, martın 1-də hamımızı Əsgərana gətirdilər...
- Xocalıları topladıqları Əsgəran Milis Şöbəsinə?
- Bəli, ora...
***
UAZ Əsgəran Milis Şöbəsinin qabağında dayandı. “Əsir düşərgəsi” oxucularının yaxşı tanıdığı həmən milis şöbəsinin...
Onları döşəməsi qanlı dəhlizdən keçirib, sobası gur yanan otağa apardılar. Burada nələr yaşandığını oxucularımız yaxşı bilir. Yaşargil güllədən deşik-deşik olan, insan qanı ilə boyanan sobalı otağa daxil olanda, elə buradaca öldürüləcəklərini düşündülər. İndi Yaşarın tək istəyi, Siracdan əvvəl ölmək idi. O, övladının qanının divarlara sıçramasını görmək istəmirdi. Otağı seyr etdikcə, iliyinə qədər titrəyirdi.
Yaşarın titrəməsi ovcunda saxladığı balaca əldən, bapbalaca ürəyə keçir, onu nə gözlədiyini, ölümün nə olduğunu bilməyən Sirac üzünü atasının böyük əlləri arxasında gizlətməyə çalışırdı...
Heç kim bir-birinə baxmırdı. Hamının gözü “qırmızı divarda” ilişib qalmışdı. Otaqda sobanın çırtıltısı ilə səssiz ağlayan qadınların sızıltısı eşidilirdi. Bir də qonşu kameralarda əzab çəkən girovların tükürpədici qışqırığı...
***
- Orada Əsgəran Yanğından Mühafizə Xidmətinin rəisi Karo Petrosyanla qarşılaşdıq. Ucaboy, enli kürək, qara bığlı adam idi. Biz hələ Xocalıda ikən Karo cəllad kimi tanınırdı. Məni görən kimi dedi, “Yaşar, sən öləcəksən!”
- Niyə belə dedi?
- Alnını mənə göstərib dedi, “bax, nə zamansa sənin atdığın daş alnımı yaralayıb. Səndən heyfimi çıxacağam! Bunun əvəzini verəcəksən!” Burada bizi lap çox incitdilər. Elə işgəncələr verirdilər ki, bax, dəmir parçasını qızdırıb, qoluma dağ basdılar... Burnumu, barmaqlarımı da orada qırdılar. Bədənim qırıq-qırıqdır... Qayıdandan sonra nə qədər xəstəxanalarda yatdım. Dəstə ilə gəlib döyür, incidir, aramızdan seçib aparıb güllələyirdilər.
- Sizə işgəncə verən hərbçilərin hamısı erməni idi?
- Aralarında Suriyadan gələn “sırğalılar” var idi, onlar da çox amansız davranırdılar... Çox pis döyürdülər, ölənə kimi... Yaba, balta, avtomatın qundağı... Ürəkləri nə ilə istəsə... Elə hər dəfə işgəncə vaxtı oğlum ağlaya-ağlaya qaçıb üstümə uzanırdı ki, “atama dəyməyin, vurmayın...”
***
Yenidən üst-başlarını axtardılar. Üçüncü əsir düşərgəsinə gələn insanın üstündə nə tapmaq mümkün idi ki?
Girovları kameralara göndərdilər. Burada gördükləri girovların halı, tövlədəkilərdən də, uşaq xəstəxanasındakılardan dözülməz idi. Yaşar yenə onların arasında Səidəni axtarırdı...
Bir az keçmiş, yeni gətirilən girovların içində Faiq də vardı. İndi üçü də - Yaşar, Faiq və Sirac eyni kamerada idilər...
***
Sobalı otaq. Girovları sıra ilə düzüblər. Sirac Yaşara qısılıb, dayanıb. Karo əmr etdi:
- Hamısını kameraya qaytarın! Elxan, İsa, Yaşar qalsın!
Faiq Siracın əlindən çəkib özü ilə aparmaq istəyəndə, uşaq ağlayaraq, bərk-bərk atasından yapışdı:
- Mən heç yerə getmirəm! Atamla qalacağam!
Karo Siracı bir göz qırpımında havaya qaldırıb, şillə ilə elə vurub atdı ki, Yaşar oğlunun öldüyünü, ya qaldığını anlaya bilmədi. Hər şey elə bir anın içində baş verdi. Siracı qucaqda apardıqlarını gördü, uşaq tərpənmirdi...
Sobalı otağın qırmızı divarları gözünün önündə qarışırdı... Ətrafında Elxanla İsadan savayı, bir də Karo ilə dəstəsi var idi...
Hələ özünə gəlməmiş, Karo tapançanı onun başına dayadı:
- Səninlə hesablaşmaq çoxdankı arzum idi, Yaşar! Rezini bura gətirin!
Yaşar yenə başına kisə keçiriləcəyini düşünürdü ki, boynundan dəyən zərbədən yerə sərildi. Karo hərbçilərinə çevrildi:
- Yüz dubinka vuracaqsınız. Ölsə, meyitini çırpacaqsınız! Yüzdən aşağı olmasın!
Hərbçilər zərbəni endirə-endirə xorla sayırdılar:
- Bir, iki, üç, dörd... on bir... iyirmi beş... qırx iki... qırx doqquz...
Yaşarın ən son eşitdiyi qırx doqquz idi. Sonrası ilə onunla birlikdə işgəncə otağında olan girov Elxan Rəcəbovun xatirələrində tanış oluruq:
“Yaşar huşunu itirəndən sonra da ona əlli dubinka vurdular. Dedim daha öldü... Elə bu vaxt onların batalyon komandiri Vitali Balasyan içəri girdi. Yerdə uzananın Yaşar olduğunu görüb, ayağını yerə çırpdı, Karoya acıqlandı:
- Karo, Yaşarı öldürməyəcəksən! Allahverdiyə söz vermişəm, səhər onu aparıb Ağdamda dəyişdirəcəyəm!
Vitali ilə Yaşarın gəncliyi birlikdə keçmişdi. Hətta bərabər futbol komandasında da oynamışdılar. Karo Vitalıyə heç nə deyə bilmədi, amma hiss olundu ki, qırıla-qırıla qaldı. Otaqdan çox qəzəbli çıxdı. Hərbçilər Yaşarı sürüyərək çıxardılar...”
***
Faiq Karonun şilləsindən huşunu itirən Siracı birtəhər özünə gətirmişdi. Uşaq ayılan kimi atasını soruşdu:
- Atam hanı?
- Bir azdan gələcək...
- Bilirəm, yenə onu döyəcəklər...
- Qorxma, əmi qurban, bu dəfə döyməyəcəklər. Elə-belə, söhbət edirlər...
Faiq Siracı ovudaraq, ürəyində Yaşarın qayıtması üçün dua edirdi. Kameradan çıxardılıb geri qaytarılmayanlar o qədər idi ki...
Kameranın qapısı açılanda ikisi də yerindən dik atıldi. Hərbçilər Yaşarı sürüyüb içəri atdılar. Sirac özünü Yaşarın üstünə atdı:
- Ata, ata!
Faiq Yaşarın ölümcül olduğunu görürdü. Amma ölmədiyindən əmin idi, meyitləri heç vaxt kameraya qaytarmırdılar. Siraca isə “yaşayır” deməyə qorxurdu, çünki Yaşar yaşayacaq kimi də görünmürdü. İndi Faiqi ən çox qorxudan Yaşarın burada, Siracın gözü önündə ölməsi, ya da heç ayılmaması idi. Bacardıqca Yaşarın qanlı bədənini sığallayan, yoxlayan Siracın başını qatmağa çalışırdı. Siracın təlaşla atasının yerə atılıb qalmış bədəninin ətrafında çırpındığını, onu oyatmağa çalışdığını gördükcə, ürəyi parçalanırdı. Faiq Siracın qarşısında o qədər çarəsiz idi ki, qəfil onu özünə çəkib, bağrına basdı:
- Əmi qurban, qorxma!
Elə bu vaxt dəmir qapı açıldı:
- Faiq Əliməmmədov!
Faiq işgəncə üçün çağırıldığını bilirdi. Onun da Yaşarın düşdüyü hala salınıb qaytarılacağı təqdirdə Siracın bu kamerada heç kimi qalmayacağından, körpənin iki doğma meyitin arasında havalanacağından qorxub, uşağın qulağına pıçıldadı:
- Əmiyə söz ver, nə olur olsun, qorxmayacaqsan! Bax, mən sənə söz verirəm, hər şey yaxşı olacaq!
Faiqi qolundan dartıb, kameradan çıxartdılar. Yerdə diz üstdə çöküb oturan Sirac onun arxasınca baxanda, Faiq qapı örtülməmiş gözləri ilə ona “hər şey yaxşı olacaq” deyirmişcəsinə işarə verdi.
Faiq getdi... Siraca elə gəlirdi ki, artıq yer üzündə onu qucaqlayacaq adam qalmadı...
(Davamı olacaq...)
IV hissədə
Sirac o qədər kiçik idi ki, insanın bütün orqanlarının ürək kimi döyündüyünü hesab edirdi. O, indi başını Yaşarın böyrəyinə, mədəsinə, dizinə belə söykəyib, yaşadığını sübut edən səsi eşitmək istəyirdi. Atəş səsi eşidiləndə kamerada hamı ani olaraq diksindi... Kəsmək bilməyən insan bağırtıları susdu...