Sonuncu güllə, əsirlik sevinci, erməni qadınlar üçün qanlı tamaşa... – <span style="color:red;">ƏSİR DÜŞƏRGƏSİ - II YAZI
16 sentyabr 2014 14:52 (UTC +04:00)

Sonuncu güllə, əsirlik sevinci, erməni qadınlar üçün qanlı tamaşa... – ƏSİR DÜŞƏRGƏSİ - II YAZI

I yazı: http://news.lent.az/news/177588


Lent.az-dan “Əsir düşərgəsi”nə boylanmağa davam edirik. Qəhrəmanım Xocalı sakini Valeh Hüseynovdu. Onu rabitəçi Dürdanə Ağayevanın hekayəsindən tanıyırsız. Onunla söhbətdə ilk dəfə idi ki, müsahibimin qarşısında özümü saxlaya bilməyib ağlayırdım... Ümumiyyətlə, ilk dəfə idi ki, mənə yad, uzaq bir insanın qarşısında ağlayırdım...

***

...Qan qarışmış qarın üstünə düşən su damcıları onu özü ilə aparmaq istəyən, arxadan səsləyən adamların əlindən çıxıb geri qayıdan Valehin paltarlarının ətəklərindən axırdı... Suyu süzülən gənc hər ağacın, hər kolun dibində səadətini axtarır, səsi çatan qədər səadətini haraylayırdı. İndi onun qarşılaşdığı ancaq qarın üstünə səpələnən meyitlər, bir də yerindən qalxıb gedə bilməyən ümidsiz yaralılar idi... Yaralılar özləri səadət axtarışında olduqlarından onlardan Səadəti soruşmaq əbəsdir...

 

Meyitlərinsə...

 

Valeh onların heç birinin üzünə də baxmadı. Onlar da hərəsi bir ailənin səadəti idi, amma onun Səadəti deyildi. Ola da bilməzdi. Çünki hər dəfə qarşılaşdığı meyitlərə tərəf getmək istəyəndə Səadətin səsi onun qulağına gəlirdi:

 

- Ölsəm, sənin yanında öləcəyəm. Qalsam da, ancaq sənin yanında qalacağam...

 

Bəli, Səadət ölə bilməzdi. Dünya yaranandan belə idi, səadət itirilə bilər, amma ölə bilməz...

 

Uzaqdan adamların naləsi eşidilir, hələ də güllə səsləri gəlirdi. Gözünün qarşısında yaralılar can verir, zarıyırdı. Onun gözü qarşısında kimlərinsə səadəti can verirdi... İndi kimsə də hardasa uzaqda onları haraylayırdı...

 

Valehsə qaçır, qaçır, qaçırdı...

 

Təxminən 3-4 kilometr yolu geri qayıdandan sonra bir qayanın dibində gözünə qaraltı dəydi. Yaxınlaşdıqca 10-15 insanın toplaşdığını hiss elədi...

 

Əmin idi, yaralılardı... Yoxsa niyə qayanın dibinə çəkilsinlər ki?

 

Valeh yaxınlaşdıqca o qaraltı Səadətə çevrilirdi. Gənc qadın daşın üstündə ayaqlarını qarnına yığıb, büzüşüb oturmuşdu. Ağlayırdı...

 

Valeh var gücü ilə ona tərəf qaçırdı. Nə deyəcəyini bilmir, dili söz tutmurdu.

 

- Valeh, nə yaxşı ki, gəldin...

 

- Niyə adamlardan ayrıldınız?

 

- Çox yorulmuşuq, qaça bilmədik, dedik bəlkə bir az dincimizi alıb özümüzə gələk... Elə atırdılar ki, qorxduq...

 

- Qalxın gedək... Atışma olan yerdə qaçmaq olmaz! Gördünüz atırlar, yerdə uzanıb irəliyə doğru yumalanmaq lazımdı... Məndən ayrılmayın, başa salacağam necə getmək lazımdır.

 

Valeh hərbi xidmətini Almaniyada quru qoşunlarında keçmişdi. Döyüş taktikasından yaxşı xəbərdar idi. Hansı şəraitdə necə davranmalı, harda qaçmaq, harda sürünmək, harda da yumalanmaq lazım olduğunu bilirdi. Elə buna görə də güllələrin altından yaralanmadan 3-4 kilometr yolu geriyə sağ qayıda bilmişdi. O, Səadəti və onunla qayanın dibinə yığışmış adamları götürüb, gəldiyi yolla qayıtmağa başladı.

 

***

 

- Hardasa bir kilometrdən çox yolu onları yumalana-yumalana gətirdim. Yer bəzən üzü aşağı, bəzənsə üzü yuxarı idi. Düz yerlər daha çox idi. Elə yer var idi ki, orda qalxıb qaçırdıq...

 

- Neçə nəfər idiz?

 

- Təxminən 12-14 nəfər olardıq... Silahlı isə Səlimlə mən idim.

 

- Səlim sizinlə qayıtmışdı?

 

- Yox, mən tək qayıtmışdım. Amma qabağa gələndən sonra Səlimlə yenidən tapışdıq.

 

***

 

Yolun çoxunu arxada qoymuşdular. Valehlə Səlim lazım olduğu yerdə silahdan istifadə edirdilər. Valehin əmisi oğlu işlədiyi tikiş sexində ona posta çıxanda geyinmək üçün güllə keçirməyən jilet tikdirmişdi. Bu, adi materialdan tikilib, içinə qurğuşun yerləşdirilmiş jilet idi. Üstündə isə çoxlu cibi var idi, ora patronlarını yığırdı. Qarın üstü ilə sürünəndə patronlar islanmışdı... Valeh bir də onda xəbər tutdu ki, üstündəki patronlardan bircə boğazından asılan yararlıdır...

 

Səadətə baxdı. Hələ 20 yaşı olmayan gənc qadının şaxtada yanaqları, burnu qızarmışdı. Donmuş barmaqlarını bir-birinə sürtüb, nəfəsi ilə qızdırmağa çalışırdı. Yorğunluqdan tövşüyürdü. Çox yol gəlmişdilər, əldən düşmüşdü. Valeh əlini boğazına aparanda barmaqlarını ovuşduran Səadət sakitcə əllərini aşağı saldı... Demək, o məqam yetişmişdi... Səadət ilk gündən Valehin boğazında gəzdirdiyi güllənin onun sonu üçün saxlandığını bilirdi. Əgər bir gün o güllə açılacaqdısa, demək ki, Valeh belə məsləhət görəcəkdi. Bu güllə indi iki nəfərin həyatına son qoyacaqdı...

 

Səadət aşağı salladığı əllərini qarnının qarşısında birləşdirdi... Həmişə “Ölsəm, sənin yanında öləcəm” deyən qadının baxışları “bilirəm, ikimizi də qorumaq üçün başqa çıxış yolun yoxdur” deyirdi...

 

Səadət bu gün Valehi təəccübləndirməkdə davam edirdi. Belə bir anda onun Valehin qarşısında mərdlikdə dayanmasına, hətta ona kömək etməsinə məəttəl qalmışdı. Amma Valeh bilirdi ki, bacarmaz. Səsini qaldırmağa ürəyi gəlməyən qadına əlini, hələ silahını heç vaxt qaldıra bilməz.

 

- Səadət, bir şey qalmayıb, artıq Qaraqayaya çatmışıq. Ermənilərin başını birtəhər qatıb keçə bilsək, 15-20 dəqiqəyə Ağdamdayıq. Uzağı 500 metr yolumuz qalıb. Yaxşı olacaq!

 

Valeh əmin idi ki, əgər Səadəti yenidən tapa bilmişdisə, demək ki, onu bu gün bu meşədə itirməyəcəkdi! Demək, Allah onların ayrılmasını istəmirdi...

 

O, sonuncu gülləsini də düşmənə atdı...

 

Səadət Valehin əlindən bərk-bərk yapışdı...

 

***

 

- Səadətin silahı qalırdı?

 

- Hə, amma yararsız idi... Səadəti çiynimdə çaydan keçirəndə ikimiz də yıxıldıq ha, bax onda tüfəng suya dəymişdi... Sonra da qarın üstü ilə sürünəndə içinə qar dolmuşdu. Bir dəfə atmaq istədim, “pıkk” elədi, atmadı...

 

- Siz avtomatı hardan almışdız?

 

- Ruslardan. 366-cı alayın əsgərindən üç min rubla almışdım.

 

- Ruslar hər iki tərəfə işləyirdilər...

 

- Bəli, kim pul versə ona işləyirdilər...

 

- Bəs sonuncu atəşi də açandan sonra avtomatınız necə oldu?

 

- Patronum qurtarandan sonra avtomatımı vurub qırdım. Çomaq boş avtomatdan yaxşıdı. Üstündə silah tutulmaq çox təhlükəli idi... Ondan sonra Səadətdən tüfəngi aldım. Hələ islandığını bilmirdim. Lap az yolumuz qalmışdı. Mən qabaqda, Səlimsə arxada gedirdik. Birdən Səadətin səsi gəldi... Çığırdı... Döndüm... Qaçdım yanına ki, nə oldu? Əlimi böyrünə atıb qucaqladım, əlim islandı... Baxdım ki... qan... Snayperlə böyründən vurmuşdular... Başını qaldırıb özümə tərəf çəkdim... Gözümə baxa-baxa qaldı... Elə bil nə isə demək istəyirdi, amma çatdırmadı... Elə baxa-baxa qaldı...

 

***

 

“Ölsəm, sənin yanında öləcəm!”... Səadət dediyinə əməl elədi. Onun yanında, qollarının arasında, gözlərinə baxa-baxa dünyadan köçdü...

 

Valeh yer üzündəki iki ən doğma varlığını tapmağının sevincini tam yaşayıb qurtarmamış onları itirdi. Sevdiyi qadını da, övladını da...

 

O, ətrafda səpələnən saysız-hesabsız meyitlərin arasında Səadəti qucağında yerə, qarın içinə çökmüşdü. Səadətin qanına bulaşmış əllərini başına çırpıb, qışqırırdı:

 

- Səadət! Səadət!

 

Ölüm sevdiyin qadını əlindən alıb aparır və sən çarəsiz baxırsan... Onu qorumaq üçün heç nə eləyə bilmirsən. Gözünə baxa-baxa heç nə eləyə bilmirsən... Onunla sənin bütün səadətin gedir...

 

Onların sevgisinin şahidi olan xocalılar Səadətin meyiti qucağında meşənin ortasında hönkürüb bağıran Valehə yaxınlaşıb, burda dayanmağın təhlükəli olduğunu deyirdilər. Valeh isə əllərini başına döyür, ağlayırdı:

 

- Səadət öldü... Səadət getdi... getdi... Səadət... getdi...

 

Meyitlərin arasındakı yaralılardan biri sürünərək onlara yaxınlaşdı. Bu, Xocalıda rabitəçi işləyən, Səadətin sinif yoldaşı Elşadın bacısı Dürdanə idi...

 

- Valeh, qorxma, qışqırma, sağalar...

 

Valeh onu eşitmir, elə hey eyni sözü işlədirdi:

 

- Səadət öldü... Səadət getdi... getdi...

 

Xocalıda qarmon ifaçısı kimi tanınan Akıf Valehə yaxınlaşdı:

 

- Valeh, artıq gecdi... Ona heç nə ilə kömək edə bilməzsən... Gəl gedək...

 

- Ölsəm, onun yanında öləcəyəm... Qalsam, meyiti də aparacağam...

 

- Gəl gedək, indi biz də ölə bilərik. Bu cəhənnəmdən qurtaraq, sonra birtəhər gəlib meyiti apararıq...

 

- Ölsəm, onun yanında öləcəyəm... Qalsam, meyiti də aparacağam...

 

Adamlar sağdan-soldan qaçıb gedirdilər. Burda dayanmağın hər saniyəsi təhlükəli idi. Akif bir ayağı qaçaqaçda, Valehi özü ilə gəlməyə razı salmaq istəyirdi. Onun bütün cəhdlərinə Valeh eyni cavabı verirdi:

 

- Ölsəm, onun yanında öləcəyəm... Qalsam, meyiti də aparacağam...

 

Akif də adamlara qoşulub getdi...

 

Valeh meyiti qucaqlayıb, ən yaxınlıqdakı xəndəyə bənzər yerə yumalandı. Bura təhlükəsiz idi, çox dərin deyildi, amma burda güllənin altında deyildin. Bura xəndək də deyildi. Güllədən sürünə-sürünə qaçan insanların bədəni qazmışdı bu “xəndəyi”. Ayağından yaralanan Dürdanə də sürünüb bu xəndəyə düşmüşdü. O da ətrafda öz səadətini, ailə üzvlərini axtarırdı...

 

***

 

- Bunu heç kəs bilmir. 22 ildir mən gecə yatanda da onu düşünürəm, səhər oyananda da... Yol gedəndə də... Onun gözümün qabağında, üzümə baxa-baxa getməsi mənə əzab verir. Biri var xəstələnə, həkimə aparasan, deyəsən əlimdən gələni elədim ki, yaşasın... Biri də var güllə dəyə, 6-7 dəqiqə sonra ölə... Həyatının son 6-7 dəqiqəsini dilsiz, sakit bir-birimizə baxa-baxa qaldıq... Mən heç nə eləyə bilmədim... Bu məni çox incidir...

 

- Səadəti itirəndən nə qədər sonra əsir düşdüz?

 

- Hardasa bir saat sonra... Ətrafdakı adamların çoxu çıxdı, mən onun yanında qaldım, çıxmadım... Qoyub çıxa bilmədim...

 

- Səadətgil ailədə neçə uşaq idilər?

 

- Üç bacı, iki qardaş idilər. Səadət ailədə ikinci uşaq idi. Çox savadlı idi, Xocalıda Maliyyə iqtisad kollecində oxuyurdu. İkinci kursa keçmişdi, özü qəbul olunmuşdu...

 

- Meşədə onun ailə üzvlərindən heç kimə rast gəlmədiniz?

 

- Yox. Onun da atası əsir düşmüşdü... Meşədən qaçıb gedə bilənlər Səadətin ölüm xəbərini belə aparmışdılar ki, “onu Valeh vurdu”.

 

- Ailəsi indi məsələni necə bilir?

 

- Həqiqəti bilirlər. Həmişə deyirlər ki, sən bizim qızımıza görə əsir düşmüsən. Səadət vurulandan sonra onu qoyub qaçsan, sən də hamı kimi gəlib çıxa bilərdin...

 

- Sizin əsir düşməyinizi Dürdanə Ağayeva bütün xırdalıqlarına qədər danışıb. Siz necə xatırlayırsınız?

 

- Səadət qucağımda gözümə baxa-baxa öləndən sonra mən şokda idim, o qədər təfərrüatı xatırlamıram. Elə qulağıma onun səsi gəlirdi. Sonuncu gecə oxuduğu şeirləri eşidirdim. Bir də... qırıq-qırıq kadrlar kimi qalıb yadımda...

 

- O kadrları danışa bilərsiniz?

 

- Səhər saatları idi... Bizi mühasirəyə aldılar... Patronlarımız qurtarmışdı... Bir də gördüm qabağımızda erməni dayanıb... Çığırır... Bizim dildə danışırdı... Səadətin meyiti yanımda idi... Mən ayağa qalxıb irəli getdim... Arxadan dəyən zərbədən yıxıldım... Bizi əsir götürdülər... Az-maz qalıb yadımda... Bircə onu yaxşı xatırlayıram ki, içimdə sevinmişdim. Nə yaxşı ki, öldü, əsir düşmədi deyə... Bax, bunu yaxşı xatırlayıram...

 

***

 

Onları qabaqlarına salıb hardasa 3-4 kilometr yol apardılar... Əsirlər qara, palçığa bata-bata, zərbələrdən yıxıla-yıxıla gəlib Əsgərana çatırlar. Həmin vaxt Valehlə bir yerdə əsir düşən Dürdanə xatırlayır:

 

- Bayaqdan gəldiyimiz yol nə imiş? Erməni arvadları necə töküldülər üstümüzə... İnan, icazə verilsəydi, onlar bizi ordaca didərdilər, boğardılar.

 

Səadətini itirən Valehsə elə vəziyyətdə idi ki, bunların heç birini hiss eləmirdi.

 

Onları qan donduran Əsgəran milis şöbəsinə gətirdilər...

 

***

 

- Girov düşən kimi birinci ayaqqabılarımızı aldılar. Sonra paltolar... Üzr istəyirəm, əynimdə bircə idman şalvarı və alt maykası qalmışdı.

 

- Bütün kişiləri belə soyundurdular?

 

- Demək olar ki, hə. Məni saldıqları kamerada 15-20 nəfər gənc var idi, hamımız o halda idik. Balaca, soyuq, rütubətli, pəncərəsinin şüşələri qırılmış kamerada quru betonun üstündə bir-birimizə güclə sıxılıb oturmuşduq. O kamerada olanların hamısı ölümə məhkum olanlar idi. Bəri başdan adımızı siyahıya salıb “ölüblər” adı ilə Ağdama göndərmişdilər. Evdə məni ölmüş bilirdilər.

 

- Kimlər idi o gənclər?

 

- “Alazan” atan Elxan var idi, Vəlyəddin kişinin oğlu Natiq var idi... Kimin əli silah tuturdusa hamısını... Özümdə deyildim deyə, indi hamısını yaxşı xatırlaya bilmirəm. Əsirliyin ilk günü məni bir otağa aparıb əhatəyə aldılar, hərənin əlində taxtadan stol ayaqları, bir də dəmir... Ağdamdan Əsgərana “Alazan” atanda Əsgəran milis şöbəsinin ikinci mərtəbəsinə düşübmüş. O vaxt ora dağılıbmış, indi o dağıntıların arasından tapdıqları stul ayaqlarını əsir döymək üçün istifadə edirdilər...

 

İlk zərbə başımın arxasından dəydi, huşumu itirdim... Ümumiyyətlə, bizi döyəndə tək-tək aparıb döyürdülər... 6-7 nəfər birdən döyürdü. Bir rota olurdu, deyirdilər sənə 5 dəqiqə vaxt veririk, gir, döy, çıx...

 

***

 

Valeh gözünü açanda bədəninin heç bir yerini hiss eləmirdi. Kəskin ağrıdan başqa heç nə hiss eləmirdi. Hətta nəmin üzərində uzandığını da... Gözləri tavandan başqa bir şey görmürdü. Yuxarıdakı şüşəsiz pəncərədən işıq düşürdü. Neçə saat idi burdadı, yoxsa neçə gün, bilmirdi. Canında əcaib bir sızıltı gəzişirdi...

 

İlk zərbədən huşunu itirəndən sonra onu o qədər döymüşdülər ki, artıq ölüdən heç bir fərqi yox idi. Əlini belə tərpədə bilmirdi. Ağrıdan zarımaq istəyirdi, amma dodaqları açılmırdı. Üzünə axan qan dodaqlarının üstündə qurumuşdu. Dodaqlarını aralayıb qanı qoparmağa isə taqəti qalmamışdı.

 

O qədər döyülmüşdü ki, əynindəki qanlı maykası belə cırılıb sallanırdı.

 

Kamerada tək idi. İlk dəfə salındığı kameradakı gənclərin hamısı ilə belə amansız davranmışdılar. Ölümcül olana qədər döyüb, hərəsini bir kameraya atmışdılar...

 

Buz kimi soyuq, pəncərəsindən içəri nazik işıq süzülən kamerada Valeh sağ olduğunu bircə onunla hiss edirdi ki, qulağına Səadətin səsi gəlirdi. O, hardasa lap yaxınlarda pıçıldayırdı:

 

- Sabah bu vaxt üzümü görməyə bilərsən...

 

Qapı açıldı. Onu qollarından sürüyüb kameradan çıxartdılar.

 

Valehi qan iyi verən dar dəhlizlərlə sürüyüb aparan ermənilərdən biri əylənirdi:

 

- Sən demə, əlimizdə böyük musiqiçi var imiş, bizim də xəbərimiz yox. Heç dünən bilmirdik ki, “gitarist”sən...

 

Onu apardıqları otaqda yenidən döyməyə başladılar. Valehin heç bir müqavimət göstərməyə halı yox idi. Sadəcə gözləri baxırdı...

 

Ayağa qaldırır, vurur, yenidən buraxırdılar... Hər dəfəsində köklü ağac kimi yerə sərilirdi. Növbəti zərbədə üzü üstə yıxılanda əlləri yana açılmışdı.

 

- “Gitarist”, indi sənə uzun müddət unutmayacağın hədiyyə verəcəyik!

 

İçlərindəki ən yekəpər iki nəfər hərəsi bir tərəfdən onun barmaqlarının üstünə çıxıb, sanki siqaret söndürürmüşcəsinə, ayaqlarını tərpətməyə başladılar.

 

Valeh barmaqlarının necə şaqqıltı ilə sındığını eşidirdi. Bayaqdan bədənindəki bütün ağrılar bir-birindən fərqlənmirdi. Bu isə tamam başqa ağrı idi. Qırılan, sınan onun təkcə barmaqları yox, həm də ruhu idi...

 

Onu yenidən ayağa qaldırdılar. Valeh güclə eşidiləcək səslə zarıyırdı. Üzünü dar otağın pəncərəsinə tərəf çevirdilər. Pəncərənin qarşısında bir neçə qadın dayanmışdı...

 

Sən demə ermənilər azərbaycanlı kişilərə əzab verəndə öz qadınlarını bu pəncərənin qarşısına düzüb tamaşa elətdirir, sanki qadınlarına “baxın, görün kimləri sevmisiz” deyirmişcəsinə “cəsarətləri” ilə qürrələnirmişlər...

 

Valeh pəncərənin o üzündən baxan qadınların gözlərinə yaş görürdü...

 

Ermənilərdən biri Valehin belindən yapışdı. Biri sağ qolunu arxaya qatlayıb sıxdı, bir nəfər isə sol qolunun dirsəyindən və biləyindən yapışdı. Bir erməni əlinə aldığı kəlbətini əvvəlcə pəncərənin qarşısına topladıqları qadınlara nümayiş elətdirdi, sonra isə Valehə yaxınlaşdı:

 

- Hə, “gitarist”... Barmaqlarla iş tamamdı, qaldı dırnaqlar... Onsuzda bu barmaqlar daha sənə lazım deyil. Biz ermənilər Xocalıda sizə elə toy tutmuşuq ki, bundan sonra siz çətin toy edəsiz! Neynirsən bu barmaqları?

 

Erməni əlindəki kəlbətinlə danışa-danışa Valehin sol əlinin baş barmağındakı dırnağı dartıb çıxardırdı... Üç nəfər erməni Valehi bərk-bərk tutmuşdular. Onun isə tərpənməyə, müqavimət göstərməyə halı yox idi. Sadəcə çabalayır, çabalayırdı...

 

Dırnaq çıxardan erməni bilərəkdən Valehin əzabını artırır, bir dırnağını çıxarmaq üçün 3 dəfə kəlbətindən istifadə edirdi.

 

Valeh zarıyır, çabalayır, pəncərədən baxan qadınlarsa ağlayır...

 

Qadınlarına öz “qələbə”lərini nümayiş etdirən ermənilərsə bu vəhşiliklərindən həzz alır, qəhqəhə ilə gülürdülər...

 

Çağırmağa belə halı qalmayan Valeh zarımağını və çabalamağını kəsəndə ermənilər onu əllərindən buraxdı. O, meyit kimi döşəməyə sərildi.

 

Növbəti dəfə huşunu itirmişdi...

 

(Davamı olacaq...)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8073
avatar

Vüsalə Məmmədova

Oxşar yazılar