Sonuncu atəşi açmalı idi, hədəfdə ya anası, ya da bacısı olacaqdı... - <span style="color:red;">ƏSİR DÜŞƏRGƏSİ
29 aprel 2016 10:53 (UTC +04:00)

Sonuncu atəşi açmalı idi, hədəfdə ya anası, ya da bacısı olacaqdı... - ƏSİR DÜŞƏRGƏSİ

 

23 il öncə bu günlər: müharibə dəhşətlərini Vüsalə Məmmədovanın təqdimatında Lent.az-da oxuyun...

 

 

(Əvvəli burada: I hissə, II hissə)

 

III hissə

 

Gülcamal Hacıyeva:

 

-  Qonşu kəndə, Nadirxanlıya gəlin gedib təzə ailə qurmuşdum... Hamiləliyimin son günləri idi, elə bil əcəl məni gətirmişdi anamgilə... Nə bilim, birinci uşaq idi, deyirdim anam yanımda olsun... Tək olmaqdan qorxurdum... Maşında qardaşlarım Tahirlə Qoşqar ağır yaralananda isə ağlım başımdan çıxdı, hamilə olduğumu unutdum. Güllə Qoşqarın ayağını sındırmışdı, Tahir isə gözündən yaralanmışdı. Ümumiyyətlə, Tahirə çox güllə dəymişdi, qan içində idi. Qardaşlarını belə görən bacının yadına düşər ki, bətnində körpəsi var?

 

- Amma hamilə olduğunuz bəlli olurdu. Heç olmasa, buna görə sizə fərqli yanaşma olmadı?

 

- Qətiyyən! ... Yaralıları da döydülər, hamiləni də, uşaqları da... Hələ də yadıma düşəndə az qalır başıma hava gəlsin, körpə uşağa güllə dəyib, qarnını dağıtmışdı, bağırsaqları yerə tökülmüşdü, ayaqlarını uşağın bağırsaqlarının üstünə basıb keçirdilər... Yaralıların üstündən süngü ilə basıb əzir, yenidən yaralayırdılar. Bizi tutanların içində qadınlar da var idi və onlar bizimlə daha amansız davranırdılar... Hamiləliyimin doqquzuncu ayında olduğumu qarnım bəlli edirdi, bilə-bilə qarnımı təpikləyirdilər... Sancı tutmuşdu, elə bilirdim döyülməkdəndi, yaralanmışam...

 

- Yaranız var idi?

 

- Mənə güllə dəyməmişdi. Qardaşım Tahir məni soyuqdan qorumaq üçün gödəkçəsini böyrümə keçirmişdi deyə, özü də bilmədən məni qorumuşdu. Elə bil ki, mənə dəyəcək güllələrin qarşısını bədəni ilə almışdı... Amma yenə də elə bilirdim yaralanmışam deyə ağrım var, heç ağlıma da gəlmirdi ki, doğuş sancısı ola bilər... Birinci dəfə idi axı, təcrübəm də yox idi. Bir tərəfdən də qardaşlarımı qan aparırdı, elə istəyirdim özümü irəli atıb, qardaşımı qucaqlayam, dəsmalımı yarasına basam, vurur, təpikləyir, itələyirdilər... Təpik, dubinka, avtomatın qundağı...

 

***

 

Gecə yarısı girovları qadın-kişi, yaralı-uşaq demədən, hamısını hərbi maşına yüklədilər. Maşın yola düşəndə Məhəmməd ətrafa boylanırdı... Girov düşəndə Şahnazı itirmişdi... İndi isə İslamı burada qoyub, gedirdilər... Gecənin zülmətində göz-gözü görməsə də Məhəmməd alma ağaclarına doğru boylanırdı. Ona elə gəlirdi ki, İslamın narahat ruhu almalıqdan onların ardınca baxır... Məhəmməd hönkürürdü...

 

İndi yanında cəmi beş övladı qalmışdı. Onların da nə qədər yaşayacaqları bəlli deyildi. Cəmilənin paltarının rəngini müəyyən etmək mümkün deyildi, qız tamamən qan içində idi. Validə də onun kimi... Özünün isə ayağının qanı kəsmək bilmirdi...

 

Onları Xankəndindəki uşaq bağçasına gətirdilər. Elə gecə ilə Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin nümayəndələri girovları siyahıya aldı. Səhərə yaxın yaralıları Xankəndi uşaq xəstəxanasına gətirmək qərarına gəldilər.

 

***

 

Cəmilə Quliyeva:

 

- Məni yerimdən qaldıranda qanın içindəydim... Qırmızı Xaç nümayəndələri bizə təzə paltarlar verdi. Öz paltarlarımız qanlı, güllədən də deşik-deşik idi. Aparıb atdılar...  Anamın çoxuşaqlı qəhrəman ana medalı pencəyimin cibində idi... O da getdi... Artıq o medal anama lazım deyildi... Harda idi çox uşaq? Şahnazdan xəbərimiz yox, İslam qucağımızda can verdi... Validə ilə mən ölümcülük... Nə yaxşı ki, anam yanımızda deyildi...

 

Ən ağır yaralı Müşfiqlə mən idik. Əvvəlcə bizi götürüb bir maşına qoydular. Müşfiqin ayağının qanı dayanmırdı, çox ağır idi... Uşaq elə için-için sızıldayır, elə qışqırırdı ki... Bir az əvvəl bütün ailəsini gözünün qabağında öldürmüşdülər... İndi də özü ölümlə savaşırdı... Bax, doğmalıq duyğusunu adam orada hiss edir. Maşında hamımızın qanı bir-birinə qarışıb, dərdimiz eyni... Bir-birimizi tanımırdıq, amma doğmalaşmışdıq. Əvvəllər bir-birini tanımayan iki adamı indi eyni ağrı, eyni dərd, eyni qorxu necə doğmalaşdırmışdı... İkimiz də bilirdik ki, düşmən əlindəyik. Başımıza nə iş desən, gətirərlər...

 

- Ancaq ikiniz idiniz?

 

- Yox, erməni nəzarətçiləri də yanımızda idi... İndi maşın irəliləyir, ətrafda bir salamat yer yox, hər yer darmadağın dağılıb... Pıçıldayırıq ki, görən bura haradı? Yəqin bizi buralarda öldürəcəklər, qurda-quşa yem olacağıq, deyirik. Bir tərəfdən də sevinirdik ki, nəhayət öldürəcəklər və bu əzab bitəcək. Adam nə qədər qorxu, həyəcan keçirər axı? Elə bu vaxt maşına hücum etdilər...

 

- Kimlər?

 

- Erməni qadınları. Maşın xəstəxananın qapısında dayanan kimi töküldülər üstümüzə... Yumruqlarını elə çırpırdılar maşın silkələnirdi. Deyirdilər siz düşməni burada müalicə etməyə gətirmisiniz? Hərbçilər olmasa, elə o qadınlar oradaca bizi didib öldürərdilər.

 

- Hərbçilər sizi qorumağa məcbur idilər. Çünki artıq BQXC sizi qeydiyyata almışdı...

 

- Bəli. Ümumiyyətlə, mən həmişə deyirəm, bizim bəxtimiz onda gətirdi ki, Qırmızı Xaç bizi tez qeydiyyata aldı. Yoxsa başımıza nə gələcəyini heç kim bilməzdi. Ailədən bir nəfər ya sağ qalacaqdı, ya yox... Yoxsa erməni girov götürdüyü adamları geri qaytaracaqdı? Bizdən əvvəl Kəlbəcərdən iki helikopter qız-gəlin aparmışdılar... Birini də geri vermədilər... Verməməkləri də bir yana, heç kim bilmədi qızı, gəlini, qadını necə oldu... Bu günə qədər də onların adı çəkilmir... Bu dərdlə yaşaya bilməyib özünü öldürən, havalanan o qədər adam oldu ki...

 

Ermənilər bizi elə xəstəxanaya da özlərini Qırmızı Xaça göstərmək üçün aparmışdılar. Əvvəl bizi maşına elə atırdılar elə bil odun yükləyirlər. Amma Qırmızı Xaç gələndən sonra yaşlı bir kişi nəlbəkidə suya şəkər qatıb, zorla bizə içirtdi ki, qan itirmisiniz, içməlisiniz...

 

- Bu, uşaq bağçasında oldu?

 

- Bəli. O vaxta qədər Afət müəllimənin körpəsi Babəkin butulkasında bir az süd var idi, onu bir əski parçasına damızdırıb, dodaqlarımıza sürtdük. Qırmızı Xaç gələndən sonra su istəyən kimi, bizə fanta verirdilər... Ermənilər bizə su verən olsa, yazıq qardaşım gözümüzün qabağında “ata, mənə su ver” deyə-deyə can verməzdi... Eh... Erməni hərbçiləri bizi erməni qadınlarının əlindən alıb, qaçırdıb apardılar xəstəxananın yuxarı mərtəbəsinə...

 

- Müşfiq danışmışdı, xatırlayıram... Deyirdi, həkimlər heç yaramıza baxmamış dedilər bunları burda saxlamaq olmaz, öldürərlər...

 

- Doğrudur. Ona görə də bizi Xankəndi mərkəzi xəstəxanasından 3 saylı uşaq xəstəxanasına gətirdilər...

 

***

 

Gülcamal Hacıyeva:

 

- Cəmiləgili apardılar, biz hələ də uşaq bağçasında idik. Qardaşlarımın vəziyyəti yaxşı deyildi. Ora çatanda Tahir o qədər qan itirmişdi ki, yaranın yerindən ağ köpük çıxırdı... Dedim yəqin qanı qurtardı... Onda mənə dedi ki, “bacı, mən ölürəm, balalarımı sənə tapşırıram, bunlara yaxşı bax...”

 

- Tahirin üç uşağı da yanınızda idi?

 

- Yox... Böyük qızı Gülnazı itirmişdik... O ermənilərin gözündən yayınıb geriyə, tunelə doğru qaçmışdı...

 

- Ramil kimi...

 

- Hə... Bizi maşına yığanda iki uşaq bizdən ayrılıb qaçdı. Ramil özünü qayadan aşağı atdı, Gülnar isə geriyə qaçdı. Ramil bir az böyük idi, yolu tanıyırdı, amma Gülnar körpə idi, məktəbə təzə gedirdi... Geri qayıtsa da hara gedə bilərdi ki... Həm də hər ikisinin arxasınca atəş açdılar. Biz əmin olduq ki, ikisi də ölüb... Sən demə, Gülnaz kürəyindən yaralanıbmış... Onu da götürüb başqa istiqamətə aparıblar... Sonradan tapıb gətirdilər ki, bu uşaq sizin maşından qaçıb... Necə sevindik... Yaralı da olsa, sağ idi...

 

- Laçından olan Səmanın qızı Nurlanəni də başqa istiqamətə aparıb, sonradan tapıb gətiriblər...

 

- Düzdür, Nurlanəni də sonradan gətirdilər, hətta məni Səmaya oxşadıb, “ana” deyirdi... Hamısı yadımdadır... İlahi, necə gözəl gəlin idi Səma... Uzun, xurmayı saçları var idi... Yaraları ağır idi... Əcəllə çarpışırdı... O halında da tez-tez ərini xatırlayıb, bayatı deyirdi... Yadımdadır, ərinin adı Arif idi... Heyf, heyf Səmadan... Bətnində uşağı var idi, güllə də qarnından dəymişdi... Yarasına baxmışdım, elə tikmişdilər elə bil yorğana sırıq salıblar... Yazıq qızın zəhərlənmədən bədəni necə şişmişdi... Biz axır günləri iki çarpayını yan-yana qoymuşduq ki, yerləşsin... orada yatırırdıq Səmanı... Amma yenə də çarpayının kənarlarından sallanırdı... Bədəni deşik-deşik idi, irin iyi gəlirdi, bir dəfə dedik qaldıraq, mələfəni dəyişək. Tibb bacısı mələfə verdi, amma nə qədər elədik, gücümüz çatmadı... Qaldırmaq mümkün olmadı...

 

- Uşaq bağçasında da Səma ilə bir yerdə idiniz?

 

- Yox, sonradan, xəstəxanada. Uşaq bağçasında olanda ağır yaralıları xəstəxanaya apardılar, biz qaldıq. Qardaşımgil də yanımızda idi. İstəmirdik kişiləri yanımızdan aparsınlar. Qorxurduq... Deyirdik birdən aparıb hamısını öldürərlər... Cavan idilər axı... Amma hamısını çəkib əlimizdən aldılar... Mən Tahirdən yapışıb buraxmırdım. O da yaralı... Nə halda idi, bacısı ölmüş... Elə çəkib əlimdən aldılar ki... Apardılar... Onlar da gedəndən sonra daha bizim kimimiz qalırdı ki? Dəli olduq, başladıq özümüzü döyməyə... Qışqırıb-ağlayırdıq, kimin vecinə idik? Çıxıb, arxalarınca da qapını çırpdılar... Döndüm ki, qardaşımı dartanda pencəyi əynindən çıxıb, düşüb yerə... Pencəyi götürüb arxasınca qaçdım ki, geyinsin, əyni qalın olsun... Soyuq olmasın... Elə qapıdan çıxanda üstümə hücum etdilər...

 

***

 

Əsir gətirildiyini eşidən yerli camaat uşaq bağçasına toplaşmışdı. Hərəsi bir tərəfdən Gülcamala hücum etdi. Bir əl başından yaylığını çəkib, o biri əl isə saçlarından yapışdı... Təpik, şillə, yumruq... Polislər Gülcamalı yerli əhalinin əlindən alıb, yenidən otağa itələdi...

 

Gülcamal dizi üstdə yerə düşdü. Doğuş sancıları başlamışdı, döyülmüşdü, qardaşlarını zorla əlindən alıb aparmışdılar... Gənc qadın qardaşından əlində qalan pencəyi bağrına basıb qoxulayaraq, bəşər övladına məlum olan ən dəhşətli ağrıları bir arada çəkirdi...

 

***

 

Qoşqar Quliyev:

 

- Bizi Xankəndindəki uşaq xəstəxanasına gətirdilər. Adını bu günə qədər də unutmamışam – Edik Stepanyan! Eduard idi, onlar Edik deyirdilər... Hamımızın yarasına o baxır, guya əməliyyat edirdi... Özüm də daxil, bir elə adamın yarasından güllə çıxartdı, bir adama ağrıkəsici dərman belə vermədilər.

 

- Qadınlı-kişili?

 

- Qadın, kişi və uşaq! Hamısının yarasının üstündən əvvəlcə basıb əzir, sonra yaranı kəsir, barmaqlarını yaranın içinə salıb eşir, eşir, eşirdi... Mənim də ayağımda elə əməliyyat elədi... Ayağıma vəhşicəsinə yanaşır, əylənirdi. Elə dəhşətli mənzərə idi ki, indi də hərdən Edikin barmağını yaramın içində hiss edirəm... Bütün bədənim gizildəyir... Əmim oğlu Bəxtiyarın ayağında güllə ətin içində qalmışdı. Edik qayçını götürdü, xeyli doğraya-doğraya getdi, guya əlinə yer açırdı. Sonra əlini saldı kəsdiyi yerə, sanki torbanın içində nə isə axtarırmış kimi... Qəfil damarını dartıb qırdı... Bəxtiyarın səsi hələ də qulaqlarımdadır... Qan necə fışqırırdı... Edik heç nə olmayıb kimi əlini yaranın içindən çıxardıb dedi ki, damar əlimə keçəndə elə bildim güllədir. Tutub dartdım, demə damar imiş... Bəxtiyarın vəziyyəti ağır idi, çox qan itirmişdi... Gözümüzün qabağında sapsarı saralmışdı... BQXC işə qarışandan sonra məcbur olub tikdilər...

 

- Sarğıları necə, dəyişirdilər?

 

- Ürəkləri istəyəndə... Edik bizi incitmək istəyəndə, guya gəlirdi sarğı dəyişməyə... Yenə amansızca... Gülə-gülə... Söyüb, təhqir edə-edə... Hətta bir dəfə yanında bir kişi də gətirmişdi... Bizi əməliyyat edə-edə ona deyirdi, “Əməliyyat elə, öyrən! Nə vaxta kimi diş həkimi işləyəcəksən? Türklərin üstündə eksperiment elə, nə olar, olar”...

 

- O da yoxladı?

 

- Yox, o məşhur ifadə var ki, erməni qandan qorxur. Bu həkim də həmən ermənilərdən idi deyəsən. Qanı görüb, qorxurdu. Edik də dirənmişdi ki, diş həkimliyindənsə cərrahlığı öyrən...

 

- Palatada neçə nəfər idiniz?

 

- Dörd nəfər. Mən, Məhəmməd əmim, onun oğlu Bəxtiyar və laçınlı Müşfiq... 14 yaşında oğlan idi, çox yaraşıqlı, suyuşirin uşaq idi...

 

- Palatada günləriniz necə keçirdi?

 

- Aclıq idi. Səhər bir dilim çörəklə, bir stəkan isti su verirdilər. Sonra isə döyüşçülərdən gələn olurdu... Görürdün kefli, nəşəlidilər, ürəkləri istəyən hərəkətləri edir, yaralıları döyürdülər.

 

- Kimi gəldi, yoxsa seçirdilər?

 

- Əsas cavanları çox incidirdilər. Dəfələrlə pivə içir, butulka əllərində girirdilər palataya. Birimizə yaxınlaşıb deyirdilər, butulkanı başınızda qırmalıyıq. Durmadan butulkanı başımıza çırpırdılar, başımız partlayır, qan üz-gözümüzü götürüb gedirdi, butulka da qırılmırdı ki, qırılmırdı... Bu sözlə deyiləcək deyil, onu görmək lazım idi... Dəfələrlə mənə də eləmişdilər, Müşfiqə də... Hər dəfə də gələndə yaramızın üstündən basırdılar. Bu, onlar üçün adi hal idi...

 

- Başınızda butulka sındırandan sonra yaranıza baxan olurdu?

 

- Allah ümidinə idik, özü nə vaxt sağala-sağala... Butulka da çox vaxt sınmırdı, elə qan adamı aparandan sonra əl çəkirdilər.

 

- Bəs BQXC nümayəndələri gəlib gedirdi, bu halınızı görmürdülər?

 

- Belə idi ki, onlar gələndə ermənilər bir saatlığına özlərini yaxşı aparırdılar. BQXC-nın yanında qorxumuzdan heç birimiz səsimizi də çıxarda bilməzdik. Sonra gəlib lap pis döyürdülər ki, sən bizi satdın... Görkəmimizə gəlincə... Elə bil ki, onlar baxmır, qulaq asırdılar... Üz-gözümüz nə halda olurdu, soruşurdular necəsiz... Yaxşıyıq deyirdik, çıxıb gedirdilər... Biz “yaxşıyıq”dan başqa söz deyə bilməzdik, amma onlar çox söz deyə bilərdilər...

 

- Sizin görkəminiz hər şeyi deyirdi...

 

- Bəli. Üzümüzə baxanda görünürdü ki, qan içindəyik, başımızda təzə yara yerləri var, üz-gözümüz əzik...

 

***

 

Xasayla Ələkbər kənddə nə baş verdiyini öyrənmək üçün kahadan çıxmaq qərarına gələndə, silahlı olduğu üçün Müzahim də onlara qoşuldu. Yerli camaatın silahı yox idi, kahaya çəkiləndən sonra isə əsgərlərdən hərəsi bir qumbara alıb üstündə saxlayırdı ki, ələ keçsələr, özlərini öldürsünlər.

 

Müzahim bu yerlərə onlar qədər bələd deyildi. Şəmkirdən idi, könüllü döyüşməyə gəlmişdi. Məlum hadisələrdən sonra səkkiz əsgər döyüşçülərdən ayrı düşüb, kənd camaatı ilə kahaya çəkilmişdi... Bir də Ələkbərin kiçik qızı Tacirə atasından ayrılmadığı üçün onlarla gəldi.

 

Axşam təxminən saat 5 radələrində atəş səsi eşidiləndə onlar kahadan xeyli uzaqlaşmışdılar. Başqa kahaya çəkilib, bir daşın altında gizləndilər. Hava qaralır, küləkli yağış başlamışdı. Bir tərəfdən də güllə yağışı... Kahadan da ara-sıra atəş açılırdı. Bu, orada qalan hərbçilər idi...

 

Gecəyə qədər belə davam etdi. Xasaygil üçü də bir daşın altına qısılıb, uzaqdan olanları izləyirdilər. Ələkbər daşa güvənməyərək, qızının üstünü həm də öz bədəni ilə örtmüşdü. Daşın altından ermənilərin kahaya girib, insanları döyərək çıxartdığı açıqca görünürdü...

 

Xasay sanki daşın altında gizlənməmişdi, üstünə böyük bir daş parçası düşmüşdü və bu daşın ağırlığı altında əzilir, nəfəsi kəsilirdi... Bu çarəsizlikdə tək ümidi kahadakı əsgərlər idi. Qadınları və uşaqları girov götürsələr də kahadan atəş səsləri gəlirdi. Ermənilər də kahalara atəş açırdı...

 

Erməni hərbçiləri kahaları gəzməkdə davam edirdi. Hiss olunurdu ki, hamı bir yerdə deyil, adamlar kahalara dağılıb... Xasay yeni gətirilən girovların içində anasını, Nərgizi, Arzunu, Aygünü tanıdı... Erməni hərbçiləri qadınları qolundan dartır, onlar isə çırpınaraq, əllərindən çıxmağa çalışırdı...

 

...Ailəsindəki qadınların erməni əlində çabalamasını Xasayın kiçik qardaşı Çingiz də görürdü. Surxaydan fərqli olaraq, onun silahı var idi. Amma bayaqdan döyüşürdü, bir, ya iki nəfəri vura bilərdi. Düşünmədən həmin istiqaməti nişan aldı. Nişangahdan ailəsinin bütün qadınları, girovların sayından qat-qat çox olan erməni hərbçiləri görünürdü. Çingiz yaxşı bilirdi ki, təzə çəkildiyi mövqeyini büruzə versə, güllələr üstünə yağış kimi yağacaq. Çingiz həm də onu yaxşı bilirdi ki, sonuncu atəşi ilə ailəsini girov götürən bütün erməni hərbçilərini öldürə bilməyəcək...

 

Çingiz son atəşini açmalı idi... O, ancaq bir nəfəri girovluq əzabından xilas edə bilərdi... Hədəfdə ya anası, ya bacısı olacaqdı... Ya da gəlinlərdən biri... Anasını necə öldürəcəkdi? Ağlına gələn ilk fikirdən diksinib, öz-özünə dedi: “Anam yaşlı qadındır, onu çox incitməzlər...”

 

Qərarını verdi, nişan aldı, sərrast atəşi ilə erməni əlində çabalayan bacısı yerə çökdü. Anasının naləsi qayalara çırpılıb, ətrafa yayıldı. Aygünün erməni əlindən xilas olduğundan əmin olmaq üçün sonuncu dəfə yerdə uzanan bacısına baxdı. Aygünün bədəni hərəkətsiz idi, külək yeniyetmə qızın saçları ilə oynayırdı...

 

Bütün bunlar bir neçə an çəkdi. Çingizin bu dünyada sonuncu gördüyü mənzərə yağışlı bir gecədə onun silahından açılan atəşlə bacısının yerə çökməsi, Aygünün havada oynayan saçları oldu. Çingizin həyatda sonuncu eşitdiyi səs anasının dağlarda əks-səda verən bala naləsi idi... Bir də üstünə yağan saysız-hesabsız güllələrin səsi...

 

(Davamı olacaq...)

 

 

IV hissədə

 

 

- Şəhriyarı ağzını bağlayıb, kürəyində bərkitdi. Oğlunun səsi gələ-gələ bunu edə bilməzdi. Elmidarın əlindən möhkəm yapışıb, qaçaraq dəstədən ayrıldı. Gözünü yumub, ilk qarşısına çıxan qayadan uşaqlar qarışıq özünü atdı...

 

- Nəhayət, məni doğuş otağına apardılar. Artıq huşum özümdə deyildi, doğuş masasına çıxmağımı xatırlayıram, qalan heç nə yadımda qalmadı... Orada başıma nə gəldi, uşaq necə oldu, bilmədim...

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2319
avatar

Vüsalə Məmmədova

Oxşar yazılar