Əvvəli bu linklərdə:
I hissə:http://news.lent.az/news/203029
II hissə:http://news.lent.az/news/204473
III hissə: http://news.lent.az/news/205136
Qəbiristanlıqdan gələn atəş səsinə tərəf qaçan çobanlar təzə məzarın üstündə hərəkətsiz düşüb qalmış yaşlı bir kişi gördülər. Tüfəngin tətiyini ayağının ucuyla çəkibmiş. Barmağını qoparan güllə, ürəyinin yanından, sol qolunun altından keçmişdi. Nəfəsi hələ gedib-gəlirdi. Onu tez rayon mərkəzinə, xəstəxanaya çatdırdılar...
***
- Sağalda bildilər?
- Xəstəxanada müalicə etdilər, amma cəmi bir neçə il yaşadı, onu da Səmanın yanında, Bərdənin Əyricə kəndində dəfn etdik... Qadına baxma, ağlayır, saçını-başını yolur, sakitləşir... Kişi isə susur, salır içinə, ürəyi dözmür...
- Arifin vəziyyəti necə idi?
- Ağır idi, yataqdan qalxa bilmirdi. Elə atdan o yıxılan yıxılmışdı...
- Valideynləri...
- Atası artıq yox idi... Xəbər çıxanda “nə danışırsınız, mənim ay parçası kimi gözəl-göyçək gəlinim əsir düşüb?” deyib keçinmişdi... Bala, martın 31-dən bizim növrağımız dönmüşdü...
- Nurlanədən bir xəbər tuta bilirdiniz?
- Əli Ediklə “svyaza” girib danışırdı... Nə istəyirsiniz, verəcəyəm, deyirdi... Yenə erməni axtarıb tapdıq, pul topladıq... Yenə deyirdi danışmışam, atışma olmayacaq, gəlin. Gedib yığılırdıq Böyük Bəhmənlidəki neytral zonaya, deyilən vaxtda mərmi yağırdı, torpaq göyə sovrulurdu...Yenə əlimiz ətəyimizdən uzun geri qayıdırdıq... Bilmirdik 23 yaşlı Səmanın yasını tutaq, yoxsa hələ iki yaşı olmamış Nurlanənin dərdini çəkək, ya itkin düşmüş qardaşlarımın, gəlinimizin axtarışını davam etdirək... Bilmirdik...
***
5 avqust 1993-cü il
Kərimovlar növbəti dəfə Füzulidə, Böyük Bəhmənli kəndi yaxınlığındakı neytral zonaya toplaşıblar. Sakitlikdir. Amma bu sakitlik əvvəllər olduğu kimi bu dəfə də hər an pozula bilərdi...
Ailənin ümidlə gözlərini dikdiyi torpaq yolun tozanağı qalxdı. Qıvrıla-qıvrıla yaxınlaşan toz topası dayananda Ediklə bərabər bir neçə hərbçi maşından endi. Nurlanə görünmürdü.
Əli maşına tərəf getmək istəyirdi ki, Sevda xanım oğlunun üstünə atıldı. Ana bərk-bərk oğlunu qucaqlayıb, çiyinlərindən öpdü. Ona nə “get”, nə də “qal” deyə bilirdi. Əli anasının qulağına – “indi qayıdacağam, bir az gözləyin” dedi. Edik Əlini görən kimi maşına qayıtdı. Bir neçə saniyə sonra balaca Nurlanəni qucağına alıb, dayanmışdı.
İki yaşı hələ tamamlanmamış Nurlanə yarıçılpaq, Edikin qucağında büzüşüb, məchul bir nöqtəyə baxırdı. Böyümüşdü... Arıqlamışdı... Çirk içində idi... Ayağındakı güllə yarası sarıqlı, dodağında, qaşındakı yaralar isə açıq idi...
Əli Nurlanəni bağrına basıb çirkli yanağından, saçından, gözündən öpüb, qoxulayırdı. Edik aramla danışırdı:
- Haqq-hesabımız bitdi. Bu da uşağınız. İndi də bizim üç nəfərimizi ver. Bu gün sakitlikdir, atışma olmayacaq, gedək pulları sayım...
Əli Edikin dediklərini eşitmirdi. Nurlanə onun bütün sevgisinə, həyəcanına biganə idi. Əli körpənin dörd ay ərzində hamını, hər şeyi unutduğunu düşünürdü.
O qızcığazı ailə üzvlərinin hamısının dilincə çağırıb, dörd ay əvvəlki yaddaşını oyatmağa çalışırdı:
- Nurlanə, Nurlum, Nunu... Dayı qurban...
Körpə gözlərini bir nöqtəyə zilləyib, susurdu. Sanki onu eşitmirdi. Tez-tez gözlərini qırpır, dodaqlarını çeynəyirdi.
- Əclaflar! Uşağa neyləmisiniz?
- Ağzını təmiz saxla, türk! Biz uşağa neyləyənik?
- Ona nə isə olub, neyləmisiniz?
- Uşaqdır də, düzələcək...
- Axı nə olub?
- Nə bilim? Anası öləndən sonra danışdığımız kimi, gedib götürüb gətirdim evimizə, anamın yanına. Bir neçə saat keçməmiş anam dedi, bu uşağın gözü görmür. Dedim ola bilməz, dedi görmür. Yerə nə isə düşür, deyirəm əyil götür, əyilib tapmır... Türk, nəyə istəyirsən and içim, mənim günahım yoxdur. Nə olubsa, xəstəxanada olub.
- Nə olub?
- Nə olacaq? Elə danışırsan ki, elə bil müharibəni mən başlamışam! Torpaq almışıq, girov götürmüşük, başlarına sığal çəkməli deyildik ki, döymüşük!
- Şərəfsizlər...
- Kəs səsini! Uşaqlara qarşı sərt davranmamışıq! Onları sadəcə avtomatın qundağı ilə vurublar...
Əli elə Nurlanə qucağında Edikin üzərinə yeridi. Bir əli ilə boğazından yapışanda, o biri hərbçilər onları ayırdı. Əli qışqırırdı:
- Axı o uşaqdır! Onun günahı nədir ki...
- O türkdür! Türk! Budur onun ən böyük günahı! – yaxasını onun əlindən çəkən Edik üst-başını düzəldərək, bağırdı.
Əli qorxudan əlləri ilə üzünü bərk-bərk qapayan Nurlanəyə baxıb, susdu.
Edik heç nə olmayıbmış kimi Əlinin yanınca addımlamayırdı. Qarşıda onları üç erməni ilə Kərimovlar ailəsinin gətirdiyi pul boğçası gözləyirdi...
***
Nurlanənin gəlişi artıq çoxdan sevinci unudan ailəyə bir ümid gətirmişdi. Qızcığaz dil açıb danışa, başına gələnləri deyə bilməsə də, özünü necə aparmağıyla hər kəsin ürəyini parçalayırdı. Evdə kiminsə səsi bir az yüksəkdən eşidilərsə, stul belə bərk çırpılarsa, qızcığaz susub, yerə uzanır, əllərini yana açırdı. Uzun müddət əsirlikdəki yaşadığı vahimə canından çıxmadı...
***
- Bakıya gətirdik, həkimlər yoxlayıb dedilər ki, boynundan küt alətlə zərbə alıb, görmə siniri zədələnib. Alnından kəsdilər ki, nə boyda hematoması var, bəlkə onu götürsək düzələr. İki yaşı tamam olmamış balam altı saatdan çox narkozda qaldı. Sonra bir də, bir də... Türkiyəyə, Moskvaya apardıq, bir xeyri olmadı... Göz baxır, təmizdir, narahatlığı yoxdur. Görmə sinirini zədələyiblər. Yeddi dəfə əməliyyat olunub, göz dibinə sindromlar, sağlam hüceyrələr əkirlər ki, bəlkə bitə... Bir gözü ilə lap yaxını 30 faizəcən görür, o biri heç yaxşı deyil... Elə neçə illər də ona görə həkimləri gəzdirdik ki, bir gözündəki 30 faizi itirməsin.
- Onu itirmək təhlükəsi nə qədərdir?
- Müalicə olunmasa, çox tez. Son 3-4 ildir müalicə etdirə bilmirəm. Kiçik oğlum rayonda mal-heyvan saxlayır, böyük isə fəhlə işləyir. Əllərinə gələni yığır, 3-4 min manat pul düzəldirlər, müalicə etdiririk. Bu pulu da həmişə yığıb düzəltmək olmur axı...
- Başqa kömək edən olmur?
- Space TV-də bir veriliş var idi, bir dəfə Nurlanəni orada göstərib, elan verdilər. On minə qədər pul yığdılar və özləri yedilər. Biz o puldan qəpik də görmədik. Sonra tutdular o adamı. Məhkəməyə məni də çağırmışdılar... Eh nə isə... Bircə onu bilirəm ki, balam xəstəxanalarda böyüdü...
Kərimovların həyat şərtləri dəyişmişdi, əvvəlki imkanları yox idi, son qəpiklərinə qədər Edikə vermişdilər. Amma qaydaları olduğu kimi qalırdı. Nəyin bahasına olursa olsun, təhsil almaq lazımdır. 1998-ci ildə Nurlanə Bakı şəhər Nərimanov rayon gözdən əlillər və görmə imkanları məhdud olan uşaqlar üçün respublika internat məktəbində dərsə başladı.
- On il qoluna girib aparıb-gətirdim. Aparıb qoyurdum, sonra da gedib gətirirdim. Məktəbin direktoru Namiq Həsənquliyev dəfələrlə dedi ki, “Sevda xanım, neçə dəfə ürəyinizdən müalicə olunmusunuz, yollarda qalırsınız, uşaq burada qalsın”, qoymadım. Nurlanə nəinki bir gecə, heç bir saat da dərsdən sonra orada qalmayıb. Özüm tez gedirdim ki, dərsdən çıxan kimi yanında olum, qəribsəməsin. Hamı məəttəl qalmışdı ki, məktəbin tarixində yeganə hadisədir ki, bu uşaq qara, borana, yağışa baxmayaraq bir gün dərs buraxmadı, bir dəfə gecikmədi. Özü də hamıdan yaxşı oxudu. Məktəbi bitirəndə dedilər ki, heç bir ata-ana bunu etmir. Sizdə necə enerji var imiş. Yay, qış, qar, boran demədiniz, 11 il bu məktəbə ayaq döydünüz. Universitetə də eləcə, onunla gedib gəldim. Məktəbi əla qiymətlərlə bitirib, Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olundu. Rektor Yusif müəllim dedi “yaşlı adamsan, qoy siz tərəfdə yaşayan uşaqlardan tapım, hər gün Nurlanəni aparıb gətirsinlər”. Dedim yox! Özüm yanında olmasam mümkün deyil.
- Şahidlərdən Nurlanənin orada başına gələnlər haqda heç nə öyrənə bilmədiniz?
- Qızımla bir yerdə saxlanılan qızlar əsirlikdən qaytarılanda axtarıb danışdırdım. Kəlbəcərdən Arzu adlı qız var idi, onu Gəncədəki yataqxanalardan birində tapdım. Şəkidə isə Nəsibə adlı qız var idi, qardaşları ilə əsir düşmüşdü...
- Kiçik bacısı Aygün isə yaralanmışdı. Əməliyyat edib, amma haqqında heç bir məlumat verməyib, sadəcə “Atdıq zibilliyə” deyiblər. Həmin Nəsibə?
- Bəli, qızım, həmin Nəsibə. Qızım yaralıların içində ən ağırı olub deyə, Nurlanəni tapıb gətirəndə ona elə Nəsibə ilə Arzu baxıb. Uşaq da meylin salıb onlara. Səmanın da yanında ən çox onlar olub. Onlardan qızım haqqında məlumat toplayırdım görüm necə olub, neyləyib, necə yaşayıb son günlərini, nə deyib... (Ağlayır) Daha neyləyim? Əlimdən başqa nə gəlirdi? Ana olmaq belədir...
- Arzu ilə Nəsibə Səmanın son günləri haqqında nə dedilər?
- Dedilər ki, dözmədi. Siz yaşayın, ata-anama xəbər aparın ki, mən ermənilərin əhatəsində yaşamaq istəmirəm. Mən ailəmin üstünə “əsir qadın” adı ilə qayıtmaq istəmirəm. Qızlar dedi ki, bizə deyirdi hər dəfə palataya erməni girəndə yorğanı ağzınıza basın ki, onlarla eyni havanı udmayasınız, özü də elə edirdi dedilər...
- Qardaşlarınızdan necə, xəbər verən oldu?
- Ailəmdən beş nəfər girov düşdü. Az qala üç aydan sonra qızımın meyitini ala bildik. Dörd ay sonra isə nəvəmi. Onun da gözlərini kor eləmişdilər. Amma iki qardaşımdan və qardaşımın yoldaşından bu günə kimi də xəbər yoxdur.
- Şahidlər də görməyib?
- O qədər yerlərə gedib, nə pullar tökdük. Nəyimiz var dağıtdıq. Biri dedi Yusif qardaşım Şuşada əsirlərin içində olub, o biri dedi Qubadlı tərəfdəki dərədə ermənilər onlara toyuq saxladırmış... Nə bilim, bəlkə də ümidimi üzməyim deyə belə deyirdilər... Yaxınlarımdan üç nəfərin yolunu bu günə kimi də gözləyirəm. Atamın böyük gəlini Əliyeva Qənirə Zülfüqar qızı, 1938-ci ildə doğulub. Bir də iki qardaşım - Yusif və Asif Əliyevlər. Yusif böyüyümüz idi, Asif isə məndən kiçikdir. 1954-cü ildə doğulub. Mən 1952-ci ildənəm.
- Yəqin o da ailəli idi...
- Bir oğlu, bir qızı var. Yoldaşı Yusif qardaşımın balalarını özününkülərdən ayırmadı. Onun dörd qızını da öz balalarına qatıb, böyütdü. Altı uşağa həm ata oldu, həm də ana. Böyütdü, oxutdu, ev-eşik yiyəsi elədi. Böyüklüklərini yenə də o edir...
- Səmanın həyat yoldaşı, Arif necə oldu?
- Hələ də yataq xəstəsidir. Uşaqlarının da yanına gələ bilmir. Rüfət əsgərliyə gedəndə gedib görüşdü... O vaxt Rüfəti Səmadan zorla alıb özümlə gətirmişdim deyə, o sağlam oldu. Özü oxudu, Turizm Universitetini bitirdi, indi mühəndisdir, aeroportda işləyir... İllər keçib, oxuduğu Nağdalı kənd orta məktəbi qızımın adını daşıyır. Onun haqqında kitab yazılıb. Hər il təqaüdümdən pul ayırıb kitabdan çıxardır, jurnalistlərə paylayıram. İstəyirəm qızımın haqqında bilsinlər. Nurlanənin isə üç şeir kitabı çıxıb. Bu il nə vaxt dindirsəm, deyir “Nənə mənə dəymə, depressiyadayam”.
- Niyə?
- Nə əzabla və həvəslə oxudu. Amma ona iş tapa bilmədim. Bu il evdə oturmağı onu yaman əldən saldı... Mən işləmək, dərs demək istəyirəm deyir. Rəhmətlik anası da eyni sözləri deyib, qayıtmışdı kəndə... (Ağlayır)
Nurlanə ilə söhbət etmək istəyirəm, müsahibə vermək istəmədiyini bildirirlər. Diktofonu söndürürəm:
- Yaxşı müsahibə istəmirəm. Sadəcə söhbət edək.
Susur.
- Niyə danışmaq istəmirsiniz ki?
- Nə bilim? - Çiyinlərini çəkir.
- Siz mənim üçün təkbaşına müharibəyə qalib gələn insansınız. Onlar sizin hər şeyinizi alsalar da, buna rəğmən təslim olmayıb, oxumusunuz. Sizinlə fəxr edirəm. İstəyirəm oxucularımız da sizi yaxından tanısınlar...
- Nə bilim... – yenə baxışlarını qaldırmadan çiyinlərini çəkir.
Kreslonun yanına qoyulan gəlinciyi götürürəm:
- Yaxşı, söhbət də etməyək. Gəlincik oynadaq.
Gülməyə başlayır. Mənə də onun təbəssümü lazım idi. Elə bununla da dostlaşırıq. 23 yaşı var, anası ilə yaşıddır. Çox qərarlı, nə istədiyini bilən xanımdır. “Ailə ilə təhsil insanın həyatında elə bir nöqtədir ki, o qərarı mütləq özün verməlisən” deyir. Universitetə qəbul olunmağından danışır:
- 2010-cu il idi, o vaxta qədər həyatda elə xoşbəxt olmamışdım. Ömrümdə ilk dəfə idi ki, elə sevinirdim. Onda Məleykə Abbaszadə mənə zəng edib, afərin dedi. Heç ata-analı, sağlam uşaqlar bu qədər bal toplaya bilmir, dedi. Evə fəxri fərman göndərdi. O da sizin kimi, mənimlə fəxr etdiyini dedi.
- Nurlanə, niyə tarix və coğrafiya?
- Əslində mən Azərbaycan dili və ədəbiyyatı da çox sevirdim. Amma sonradan coğrafiyaya həvəsim yarandı. Dünyadan, gözəlliklərdən söz açılır. Düzü, tarixi bir o qədər də çox sevmirəm...
- Niyə?
- Nə bilim? (Yenə çiyinlərini çəkir) Müharibələr çoxdur tarixdə. Amma yenə də dərs demək istəyirəm. Bir ildir evdəyəm, çox darıxıram. Təhsil Nazirliyinə müraciət etdim, gözlə dedilər. Məktəbimizdə gözü görməyən coğrafiya müəllimi yoxdur. Ümumiyyətlə, ölkəmizdə coğrafiya üzrə yeganə gözdən əlil mütəxəssisəm. Çox istəyərdim oxuduğum məktəbdə dərs deyim. Orada mənə daha asandır, hər yolunu, divarını yaxşı tanıyıram. Çətinlik qabaqdadır, uşaqlıq asan idi, çox şeyi düşünmürdün...
- İndi nələri düşünürsünüz? Sizi əsas nə narahat edir?
- Düşünürəm ki, belə olmasam daha yaxşı olardı, başqa işdə də işləyə bilərdim. İndi ancaq müəllimə ola bilərəm. O da iş tapa bilmirəm. Ümid ancaq yaxşı adamlara qalır, onlar da həmişə elə uzaqda olurlar ki... Yaxşı adamlar heç çətinlik görməsin istəyirəm. İnsanlar xoşbəxt olsun, analar uşaqlarının yanında olsun istəyirəm.
- Nənəniz dedi ki, sizi ötən il ilk dəfə qəbiristanlığa aparıblar...
- Hə, hamımız bir yerdə getdik. Çox pis bir duyğudur. Bilmirəm necə deyim. Yaxınlığında kimsə olduğunu hiss edirsən... İnsanın yadına elə qəribə şeylər düşür, elə arzuları yaranır ki... Məsələn, mən çox istəyərdim ki, anamı heç olmasa yuxuda görüm. O qədər yatmazdan əvvəl onu düşünmüşəm ki, bəlkə yuxuda görəm, amma görməmişəm, gəlməyib... Xalamın tez-tez yuxusuna gəlir, mənim yox...
- Belə olanda adətən deyirlər nigaran deyil. Demək sizdən arxayındır.
- Nə bilim, düşünürəm ki, hər halda yəqin nə vaxtsa mənim də xoşbəxt olacağım gün gələcək...
(SON)