(Əvvəli) http://news.lent.az/news/179085
- Dediniz ki, Səadətin atasını da girov götürmüşdülər...
- Hə, özü də xeyli müddət girovluqda qalmışdı...
- Əsgəran milis şöbəsində gördüyünüz girovların içində o da var idi?
- Yox, Səadətin atası Xankəndində girovluqda olub. Amma əmisi orda idi... Əmisi oğlu Elbrus da əsir düşmüşdü, onu da başqa yerdə saxlayırdılar. Elbrusun atası, Səadətin əmisi Ələmdar kişi isə Əsgəranda mənimlə bir yerdə girovluqda olub...
- Ələmdar kişini necə xatırlayırsınız?
- Yaralı idi... İki nəfər yaralı, möhkəm döyülmüş yaşlı kişi yerdə uzanmışdı. Biri Ələmdar kişi idi, o birisi isə Məhəmməd kişi. Məhəmməd kişi “su, su” deyirdi.
Mən danışa bilmirdim. Başımdakı yaralardan sızan qan laxtalanıb boğazıma qədər tıxandığından dilim, ağzım bir-birinə qovuşmuşdu. Üzüm tüklü, qan sifətimdə, saqqalımda, ağzımın üstündə quruyub... Dodaqlarım bir-birindən aralanmır. Qopartmağa dırnaq yox, barmaq yox, əl yox...
Ağrıdan, işgəncədən gücün çatan qədər bağıranda dodaqların nə qədər açılıbsa, danışmaq imkanın da o qədərdir...
***
Kamerada döyülüb qol-qabırğası sındırılmış yaralılar zarıyırdı. Bu vaxt bir erməni içəri girdi. Valeh güclə eşidilən səslə danışmağa başladı:
- Qoca kişidir, ona su verin...
Erməni Valehə bir neçə təpik vurub, qapını çırpıb getdi. Bir az keçmiş yenidən qayıtdı:
- Ey, gitarist, sən necə dedin?
- Qocaya su verin...
- Həə... Su...Sən istəyirsənsə, verək də. İstəyirsən onlara su verək?
- Hə, verin.
- Onda qoy səni öz razılığınla döyək, sonra qocalara su verək. Bax, amma öz razılığınla haa!
- Hə, döyün, amma verin...
Ələmdar kişi güclə yerindən dilləndi:
- Ay Valeh, ay bala, niyə elə eləyirsən? Lazım deyil su... Daha istəmirik, lazım deyil...
Valehi ayaqlarından tutub sürüyüb, kameradan çıxartdılar. Ələmdar kişinin güclə eşidilən səsini dəmir qapının çırpılması tamamən kəsdi...
***
- Məni kameradan çıxardıb aparıb döydülər, sonra onlara su verdilər...
- Nə qədər su verdilər?
- Hərəsinə 2 stəkan. Halal xoşları olsun...
- Yaşlı adamları da sizin kimi hər gün döyürdülər?
- Yox, onları bir dəfə döymüşdülər, amma elə döymüşdülər ki... Bizi, cavanları isə hər gün döyürdülər... Günlər bir-birindən fərqlənmirdi. Ancaq döyülmək, işgəncə, əzab... Mən detallı xatırlamıram, şokda idim, yadımda ancaq müəyyən kadrlar qalıb...
- Yadınızda qalan kadrları deyə bilərsiz?
- Məni uzatmışdılar... Sobalı otaqdaydım... Soba qıpqırmızı qızarmışdı... Dürdanə ermənilərdən gizlin ayağıma corab geyindirirdi... Bax, onu xatırlayıram, corabı ayağından çıxardıb, mənim ayağıma geyindirdi...
- Bir də qardaşının pencəyini sizə geyindirib...
- Pencəyi o saat aldılar, coraba isə dəymədilər. Bəlkə də fikir verməmişdilər. Dürdanəgili dəyişirdilər... Onlar getdi, biz qaldıq.
- Əsgəran milis şöbəsində neçə gün qaldınız?
- Martın 6-a kimi. O günə qədər elə hər gün döyülmək, işgəncə... Martın 6-da gəlib dedilər qərara gəlmişik ki, səni yaxşı pula sataq. Məni köhnə bir UAZ maşınına atıb Ağdamın üstündə, Əsgəranın aşağısında yerləşən Xanabad deyilən yerə gətirdilər.
- Yanınızda başqa girovlardan var idi?
- Yox, tək idim. Yeriməyə halım yox, hərəsi bir tərəfimdən tutub atdılar maşına, ordan da yenə yük kimi hərəsi bir tərəfimdən tutub gətirib saldılar ordakı post yerlərinə.
- Ora necə yer idi?
- Uzun bir yer idi... Uzunluğu hardasa 10-12 metr, eni isə 3-4 metr olardı. Deməli, təpənin ortasında dincəlmək üçün post tikiblər. Təpənin içində elə tikiblər ki, postda dayananlar qabaq tərəfdədilər, dincələnlər isə hardasa 300 metr aralıda, burada dincəlir. Dəmir qapılı, üstü torpaqlanmış bir yer idi. Heç kim bilmirdi ki, burda tikili var. Elə ağlagəlməz yer idi. O vaxt bizimkilərin ağlına da gəlməzdi belə şeylər. Yuxarı başdan nov çəkmişdilər, suyu gəlib bu başdan axıb gedirdi. O baş içməli su idi, bu başdan isə tualet kimi istifadə edirdilər. Yəni ora girəndə Ağdamdan görünməsinlər deyə, qapıdan çıxmırdılar.
- İçində nə var idi?
- Ağdamdan Əsgərana qrad atırdılar deyə, ermənilərdən biri evinin əşyalarını gətirib yığmışdı bura.
- Orda nə qədər qaldınız?
- Elə martın 6-da Ala Yaqubun dəstəsi ora hücum elədi. Mən necə gətirib atıblar eləyəm, tərpənməyə taqətim yoxdur. Uzanmışam, atışma səsini eşidirəm. Qəfil qapı açıldı, məni ölümümə döydülər. Biri əlini atıb silahını çıxartdı, istədi güllə atsın, o biri qoymadı. Gördüm deyir “türklər 200 metr o yandadırlar, güllə atsan səsimizi eşidəcəklər”. Bunlar avtomatın qundağıyla məni döyüb, qapını bağlayıb getdilər...
- Hara getdilər?
- Qaçıb gedirdilər. Həmin günü bizimkilər o ərazini aldılar. Səslərini eşidirdim... “Ay Vüqar, uşaqlara deyin, bu tərəfdən gedin” deyirdilər...
- Bu necə hiss idi?
- Bizimkilərin səsini eşidəndə hər şeyə rəğmən içimdə bir inam yarandı ki, xilas oldum. Amma bunun yaxşı, yoxsa pis olduğunu bilmirdim. Çünki artıq həyat mənim üçün mənasını itirmişdi. Ölməyi hər şeydən çox istəyirdim, onlarsa öldürmürdülər... Mən hər gün erməniyə “məni öldürün” deyirdim. Muradxan adlı oğlan var, Goranboyda yaşayır, onları incitməmişdilər, deyir bir gecə səhərə kimi ona yalvarmışam ki, məni boğ öldür...
- Bunu sizə Muradxan danışır? Özünüz heç nə xatırlamırsınız?
- Sonradan Muradxan özü danışdı bunu mənə. Özüm də az-maz xatırladım. Dedi özünün gücün çatmırdı, yalvarırdın ki, məni boğun öldürün, canım qurtarsın bu işgəncələrdən...
- Muradxanı niyə döymürdülər?
- Bəziləri yaşda məndən xeyli böyük idilər. Onların erməni tanışları var idi... Həm də onları satmamışdılar...Döyəndə də yüngülvari... Yoxsa... Biri var girova bir-iki təpik vuralar, biri də var insanın gözü baxa-baxa bədəninə bıçaqla xəsarət yetirələr...
- Bıçaqla da vururdular?
- Sağ ayağımdan vurmuşdular.
- Bu nə vaxt idi?
- Elə döyülüb uzanıb qalmışdıq bir tərəfdə, əllərində bıçaq gəlib qəfil çəkdilər ayağıma... Dizdən aşağı hissəyə... Sonra da üstünə dəmir şişi qızdırıb basdılar... Hardasa 2-3 santimetr dəmir girdi ayağma... O yara böyüyüb, bütün ayağımı tutmuşdu.
- Kamerada başqa kimə bıçaqla xəsarət yetirdilər?
- Elxanın da ürəyinin üstündən vurmuşdular. Bıçaq hardasa 2-3 santimetr içəri girmişdi, ürəyinə çatmamışdı... Halı çox pis idi, həmin günü mənə verilən yarım stəkan çay “payok”umu Elxana verdim, içdi...
- Çay verirdilər?
- Dəmir fincanda gətirirdilər, çay dadı verirdi...
- Yemək..
- Yemək söhbəti yox idi...
- Elxan yaşayır?
- Yox... Günlərin birində gəlib onu kameradan sürüyüb apardılar. O vaxtdan Elxandan xəbərimiz olmadı. Hələ də itkindir. Ailəsi, uşağı var idi, dağıldı... Yoldaşı başqa millət idi, çıxıb getdi. Bir qızı var, çox yaxşı qız idi, Naftalanda yaşayırdı, indi bilmirəm haralardadır. Səhv eləmirəmsə, adı Nigar idi.
- Elxanın neçə yaşı var idi?
- 4-5 yaş məndən böyük idi. Əvvəldən tanış idik, bir yerdə böyümüşdük. Onlar birbaşa gəlib üzünə dedilər ki, “sən alazan atansan”. Mənə dedilər “gitara çalan Valeh! ”Satqınlar olmasa erməni bunu hardan bilirdi? Hamımızın haqqında məlumatları var idi. Mən həmişə deyirdim ki, kim döyüşdən qorxursa, onu döyüşə aparmaq lazım deyil. Onlar orda ancaq mane olacaqlar. Satqınlar da elə...
- Dürdanənin hekayəsindən bir müəllim oğlunun xəyanətlərini bilirəm...
- Onun haqqında danışmaq istəmirəm. Ona qarşı mənim fikrim başqa cür idi. Amma sonra atası gəlib çıxdı bizim qapıya... Atama da, anama da, mənə də dərs demişdi...
- Müəllim sizə nə dedi? Oğluna haqq qazandırırdı, yoxsa...
- Dedi oğlumu mənə bağışlayın, biri onsuz da ölüb, bu da ölsə mən neyləyərəm? Balasıdır də, məcburdur. Nə deyəsən?
- O biri oğlu harda ölmüşdü?
- Bir oğlundan xəbər yox idi, bilinmədi öldü, yoxsa itkin düşdü. Dedi o əlimdən gedib, bu da getsə qalacam zülmdə... O müəllimin də həyatı bir cür faciədir... Bax, Mübariz İbrahimovun atası oğlu ilə fəxr edir, bu adını da çəkmək istəmədiyim oğulun atası isə qapı-qapı düşüb oğlunun yerinə xocalılardan üzr istəyir... Üzr nəyi dəyişəcək?
- Bizimkilər siz olan ərazini azad edəndən sonra sizin orda olduğunuzdan xəbər tuta bildilər?
- Nə ayağa durmağa, nə qapını döyməyə heyim qalmamışdı. Səs çıxartmaq istədim, gücüm yox idi. Yanımdakı nəyisə nəyəsə çırpmaq istədim, əllərimi hiss eləmirdim... Gözüm baxır, qulağım eşidirdi... Balaca deşiklər var idi, ordan görürdüm ki, fin evləri yanır... Bilirdim ki, dörd tərəfim özümüzünkülərdir, amma nə bizimkilərin ağlına belə bir yerdə post olduğu gələ bilərdi, nə də mənim bizimkilərə burda olduğumu deməyə imkanım var idi...
Qaldım orda... Evlərsə yanırdı, bilmədim mən olan yerə də alov çatacaq, ya yox...
Düz altı gün qaldım orda...
- Altı günə bizimkilər sizdən xəbər tutmadı?
- ...Bizimkilər orda cəmi bir gün qala bildilər...
***
Qapı bir də altı gündən sonra açıldı. Bir dəstə erməni deyib-gülərək, zarafatlaşaraq içəri girəndə döşəmədə uzanan Valehin tərpəndiyini görəndə mat qaldılar:
- Ara, sənin canın it canıdır, altı gündü qoyub getmişik, ölməmisən!
Əşyaların içindən köhnə bir palaz tapıb Valehi onun üstünə qoydular. Hərəsi palazı bir tərəfindən götürüb, gizli sığınacaqdan çıxartdılar...
Valeh yaşadığının, yoxsa öldüyünün fərqində deyildi. Doqquz gün Əsgəran milis şöbəsinin kamerasında, altı gün isə bu qapalı sığınacaqda qalandan sonra təbiətə çıxırdı.
Ömründə bircə dəfə də olsun yolu Qarabağdan keçən adam martın 12-də buraların necə cənnət olduğunu, torpağın yeniyetmə qız kimi necə oyandığını, ətrafı necə bir qoxu bürüdüyünü bilir. Bu torpaqlarda bahardan öncəki ovqat elədir ki, insan hətta ermənini də anlaya bilir. Kim belə torpağa sahib olmaq istəməz ki?
On beş gündür düşmən əlində başına gəlməyən işgəncə qalmayan gəncin zorla açılan gözlərinə günəş işığı düşürdü. Gözlərinin kənarından sürüşüb qulağına tərəf axan, ordakı qurumuş qanı yumşaldıb, dirildən damcıların günəş şüasındanmı, yaşama sevincindənmi, bu cənnətdə tezliklə Səadəti ilə qovuşmaq həyəcanındanmı olduğu heç kimə məlum deyildi. Ermənilər heç bunun fərqində də deyildilər. Hərəsi palazın bir tərəfindən götürüb hardasa 100 metr aralıdakı dağın başına çıxdılar. Valeh var gücü ilə təmiz havanı ciyərlərinə çəkmək istəyir, sınmış qabırğaları buna imkan vermir, nəfəsi yarıda qırılırdı...
Ermənilər dağın başına çatanda onu sağa-sola yelləyib, palazın bir tərəfini əllərindən buraxdılar...
Valeh yamyaşıl, bahar qoxulu otların üstü ilə üzü aşağı yuvarlanırdı. Qara torpaqdan yenicə cücərmiş otlar onun yaralarını yalayır, kol dibindən yenicə boylanan bənövşələr üstü qaysaq bağlamış yaraları sığallayırdı.
Bu torpaq, bu otlar, bu çiçəklər hələ uzun illər doğma övladına tumar çəkməyəcəkdi...
Yadlar, düşmənlər içində yeganə doğma olan torpaq, yarpağı, çiçəyi, otu, alağı ilə birləşib Valehi daşa-kəsəyə toxunub yenidən yaralanmaqdan qoruyur, əzizləyirdi...
Valeh yuvalanıb gəlib dağın ətəyindən keçən su arxına düşdü. Çırpınıb çıxmağa çalışırdı. Başını çevirib dağın başındakı ermənilərə baxdı. Onlar palazı yumurlayıb qoltuqlarına vurub, zarafatlaşa-zarafatlaşa dönüb gedirdilər...
Valeh var qüvvəsi ilə çırpınır, əl-qol atıb arxdan çıxmaq istəyirdi...
Son on beş gün ərzində yaşadığı hər şeyə rəğmən torpaqdan gələn iy insana yaşamaq üçün güc verirdi. Bu vaxt incə qadın əlləri Valehə doğru uzandı...
On beş gün öncə Qarqar çayını keçərkən olduğu kimi, yenə əlini uzadıb onun arxdan çıxmasına kömək elədi... Çılpaq, yaralı bədənini döyülməkdən süzülən idman şalvarı örtürdü. Otun üstündə uzanıb, Səadətin əlindən tutmuş, bütün ağrılarını unutmuşdu...
***
- Gecəni qaldım orda, səhər gəldilər ki, yenə ölməmişəm. Yenə dedilər “sənin canın it canıdır, ölmürsən”...
Deyirlər e “filankəs tir-tir əsir”, bax onun canlı şahidiyəm ki, bədənim elə titrəyirdi 4-5 nəfər məni tutub saxlaya bilmirdi. O vəziyyətdə yenə məni gətirib o gizli postlarına atdılar...
- Özləri yenə çıxıb getdilər?
- Hə, yenə qaldım orda. Əllərim bağlıdır, bircə barmaqlarımın ucu çöldədir... Onu da özüm bir zülmlə açmağı bacarmışdım. Çirkli əski parçası əlimin yaralarına, yanıqlarına yapışmışdı, ağrısı dəhşətli idi...
- Bəs sizə yemək, su vermədilər?
- Yox, ora atıb getdilər. Yemək yadıma düşmür, amma su istəyirəm, ürəyim yanır. Erməninin evinin əşyası orda idi. Çarpayının altında isə bankalar var idi. Bankanı bir təhər yanıma çəkdim, qapağı necə çətinliklə açdım... Dedim yəqin kompotdu, çəkdim başıma.
- Kompot idi?
- Sən demə konyak imiş... 3 kiloluq banka idi, hardasa yarısını içdim. Bankanı itələdim yerinə. Yuxu apardı... Sonradan bildim ki, bir sutka yatmışam. Səhərisi günü yenə gəlib məni çıxardıb apardılar...
- Dəyişməyə?
- Əsgərana...Yenə başladılar döyməyə. Sürüyüb aparıb çıxardırdılar milis şöbəsinin meydançasına. Bura, milis şöbəsində saxlanılanların gəzintiyə çıxarılması üçün yer idi. Orda başlayırdılar hamını döyməyə. Həmin o meydançada Faiqi öldürmüşdülər, Yaşarın qardaşını... Yaşarı da çox pis döymüşdülər, onu oğluna görə buraxdılar, uşaq körpə idi... Amma qardaşı Faiq yanımda öldü, döyüb öldürdülər.
- Görüşdüyüm xocalıların əksəriyyəti Faiqi sevgi ilə xatırlayır. Onun ölümündən danışaq...
- Meydançanın bu başında məni döyəndə bilirdim ki, o başında da kimisə başqasını döyürlər. Amma bilmirdim kimdi. Sonra məni sürüyüb çıxardanda güllə səsi gəldi... Yenə bilmədim o başda döyülən kimdir... Səhəri günü bildim Faiq olduğunu.
- Necə bildiniz?
- Soruşdum kim idi o? Dedilər bilmirik... Dedim məni onun yanına aparın. Apardılar... Üzü üstdə uzanmışdı, qan sol tərəfindən axırdı, bilmədim güllə hardan dəyib... Çevirdilər, gözlərindən tanıdım... Bir yerdə böyüdüyümüz uşaq idi...
Orda bir hadisə də baş verdi...
- Nə?
- Məni növbəti dəfə möhkəm döyüb sürüyüb gətirib atıblar tək kameraya. Elə haldayam ki, ayaq üstdə qoysalar, elə qalasıyam. Artıq orqanizm heç nəyə reaksiya vermək iqtidarında deyil, demək olar ki, işləmir. Necə sürüyüb gətirib atıblar, elə də qalmışam. Gecə idi, yuxu aparmışdı. Addım səsi eşitdim... İstədim gözümü açım, aça bilmədim. Bağlı, sarıqlı əllərim betonun üstündədir, qaldırb sinəmin üstünə qoymaq istəyirəm, gücüm çatmır, qaldıra bilmirəm. Elə taqətsiz haldayam, həmişəki kimi yerdə, nəm kamerada, betonun üstündə uzanmışam. Hiss elədim ki, dizlərimi və qollarımı tutdular. Amma gözümü aça bilmədim. Axı içəri kimsə girsə dəmir qapı açılar, səsinə oyanaram. Dəqiq, kamerada insan yoxdur. Amma o kim idisə dizlərimi və qollarımı tutub xeyli müddət saxladı, sonra tıkkıltı gəldi və gözümü açdım. Heç kim yox idi...
- Qorxu var idi?
- Yox, qorxmurdum. Deyirdim hər nədirsə ermənidən də qorxulu deyil ki... Orda döyülüb atılırdım kameraya, qanım axıb gedirdi, siçovul gəlib yaramın qanını yalayır, üstümdən o yana, bu yana tullanırdı, tərpənmirdim. Tərpənə də bilmirdim açığı. Bir də, heç çəkinmirdim. Siçovul ermənidən də pis deyil ki...
- Bəs o tıqqıltı nə idi? Yenə siçovul idi?
- Yox... Həmin tıqqıltının üstündən bir saat keçmiş, ikinci dəfə yenə eyni addım səsləri eşidildi. Bu dəfə gözlərimi aça bildim...
(Davamı olacaq...)