“Lap uzaqlarda qadın səsinə oxşayan körpə çığırtıları eşidilirdi...” – <span style="color:red;">ƏSİR DÜŞƏRGƏSİ
16 sentyabr 2015 12:51 (UTC +04:00)

“Lap uzaqlarda qadın səsinə oxşayan körpə çığırtıları eşidilirdi...” – ƏSİR DÜŞƏRGƏSİ

“Əsir düşərgəsi”nin budəfəki sayında Xocalı sakini Nadir Hümbətovun hekayəsi ilə tanış olacaqsınız.

 

***

 

Goranboydayam...

 

Ağcakənddə “Əsir düşərgəsi” üçün müsahib axtarıram. Qəsəbənin küçələri bomboşdur. Tək-tük adamla rastlaşarsan.

 

Belə olanda iş çətinləşir…

 

İstidən öləzimiş ağaclar, kollar, cadar-cadar olmuş torpaq dil açsaydı, mənə çox şey danışardı...

 

Qəsəbə erməni tapdağından 1992-ci ildə azad edilib. Burada özünü güclü hiss edirsən: işğaldan qurtulmuş torpağın üzəriylə yeriməyin verdiyi fəxarət hissi heç nə ilə əvəz oluna bilməyən fövqəladə bir duyğudur. Qürurla, xəcalət çəkmədən addımlaya bilirsən…

 

Günün qızmar vaxtıdır. Qarşıdakı mağazaya daxil olub su istəyirəm. Məlum olur ki, burada bizim alışdığımızdan fərqli bir həyat yaşanır. Evlərin qapılarına nə qıfıl vurulur, nə də mağazalarda su satılır. Kim susasa, qarşısından keçdiyi həyətin qapısını ərklə aralayıb, su istəyə bilər. Ona görə də sualıma da sualla cavab alıram:

 

- Bakıdan gəlmisiniz?

 

- Bəli.

 

- Qonağa oxşamırsınız, işlə bağlı gəlmisiniz?

 

- Girovluqda olmuş xocalıları axtarıram.

 

- Hə, bu dəqiqə… - Yaşlı satıcı özünü küçəyə atıb əlini bir az aralıda, məktəbin qarşısındakı ağaca sarı uzatdı:

 

- Deee, elə biri oturub orda. Nadir, ay Nadir! Bakıdan gəliblər, Xocalıda girov düşənləri axtarırlar…

 

***

 

Camaatın səs-küyünü helikopterin uğultusu uddu. Havaya qalxan toz-torpağın içində göz-gözü görmürdü. Günlərdir qız-gəlini, körpələri, yaşlıları Xocalıdan çıxartmağa çalışan hər kəs onu gözləyirdi. Yerə enməsi ilə adamların ona tərəf qaçmağı bir oldu.

 

Heç bir yerdən kömək gəlməyən, hamının unutduğu xocalılar əsrin ən amansız qətllərindən birinin baş verəcəyini hiss edirmiş kimi necəsə helikopterə minib xilas olmağa can atırdılar. Bu, əsl yaşamaq uğrunda mübarizə idi, hamı xilasını o dar, balaca qapıdan içəri keçməkdə görürdü. Heç on dəqiqə çəkmədi ki, helikopter dolub, havaya qalxdı.

 

Doğmasını göndərə bilənlər əllərini göyə açıb, “bu dəfə ermənilər helikopteri vurmasınlar” deyə dua edir, bu dəfə də minə bilməyənlər nalə çəkib hökuməti söyürdülər: “Bizə niyə yiyə duran yoxdur? Bir belə adama bir helikopter göndərərlər?”

 

Hümbətov qardaşları diqqətlə helikopterə minə bilməyənlərə göz gəzdirib, dərindən nəfəs aldılar. Valideynlər, bacılar, gəlinlər və uşaqlar hamısı xilas ola bilmişdi. İndi dörd qardaş rahatca, evdən nigaran qalmadan Xocalının müdafiə batalyonunda xidmət edə biləcəkdilər.

 

Vaxt itirməyib, geri dönmək istəyirdilər ki, bir nəfərin qucağındakı körpəni göstərib, - bu  uşaq kimindir ortalıqda qalıb, - deyə soruşduğunu gördülər.

 

Dördü də birdən səsləndi:

 

- Məhəbbət!

 

Məhəbbət anası Hicranın qucağında idi. Hadisəni görənlər deyirdi:

 

- Hicran uşaq qucağında helikopterə minmək istəyəndə basabasda kimsə özünü irəli atdı və qismət… O ana ilə balanın arasından keçdi… Hicran “yavaş, uşaq var” deyərək helikopterin qapısına tərəf yıxıldı, Məhəbbət isə qapıya yaxınlaşa bilməyən dəstənin içinə düşdü. Hicran ayağa qalxmağa macal tapmamış, arxasındakılar onu itələyib, özləri ilə birlikdə helikopterə mindirdi.

 

Hicran “balam, oğlum qaldı, saxlayın, mən düşürəm” qışqırarkən helikopter artıq havaya qalxmışdı...

 

***

 

İndi Hümbətov qardaşlarının hər gün biri evdə qalıb, Məhəbbətə baxır, qalanları isə özünümüdafiə batalyonunda xidmət edirdilər. Onlar qısa zamanda uşaq yedirməkdən tutmuş, çimizdirməyə qədər hər şeyi öyrənmişdilər.

 

Həmin gecə Məhəbbətə baxmaq növbəsi Nadirin idi. Nadirin iyirmi bir yaşı var idi. Bir il idi ki, Rusiyada hərbi xidmətini başa vurub qayıtmış, ailə qurmuşdu. Bir neçə aya ata olacaqdı. Müharibənin insanlara ən gözəl duyğuları unutdurduğu bir vaxtda Məhəbbətlə keçən hər gün Nadirin ümidini üzməyə qoymurdu.

 

Axşam təxminən saat onu keçmişdi, Nadir nə qədər yatırmağa çalışsa da, Məhəbbət yuxuya getmirdi. Nadir onunla elə ciddi danışırdı ki, baxan elə bilərdi ki, yaş yarımlıq körpə ilə yox, tay-tuşu ilə söhbət edir:

 

- Kişi bala, sən o vaxt elə yaxşı eləyib burada qaldın! Düz elədin, vallah! Sən kişisən, kişilərlə qalıb, döyüşməlisən! Amma sən Allah, indi yat, yatmaq vaxtıdır! Bax, əlimizdə əlacımız olsa, biz də yatardıq... Yatmaq vaxtıdır axı! Yoxsa bu soyuqda, qarda, qiyamətdə ayrı neyləmək olar?

 

Məhəbbət Nadirin sözlərindən nə başa düşdüsə, bərkdən güldü. Nadir barmağından bərk-bərk yapışan uşağın əllərindən öpüb, pıçıldadı:

 

- Əmi sənə qurban! Sən olmasan bu bomboş evdə necə yaşayardıq? Qu deyirsən, qulaq tutulur...

 

Elə bu vaxt darvaza zərblə açıldı:

 

- Ay Nadir, tez ol, komandir çağırır! Ermənilər şəhərə girir, dörd tərəfdən mühasirədəyik! Daha çox döyüşçüyə ehtiyacımız var!

 

- Bu dəqiqə uşağı nənəsinə verib, gəlirəm!

 

Nadir bir göz qırpımında sırıqlısını geyinib, Məhəbbəti və silahını götürüb evdən çıxdı.

 

Hicranın anası Mələk arvad bir xeyli aralıda yaşayırdı. Nadir bu yolu necə qaçdı, bilmədi. Uşağı nənəsinə verib, posta yollandı.

 

***

 

Qüvvələri bərabər olmasa da, səhərə qədər döyüşdülər. Səhərə yaxın isə şəhəri tərk edib, Kətik meşəsinə çəkilməli oldular. Meşədə rastlaşdığı tanışlardan uşağı soruşurdu. “Mələk xala bizdən bir az qabaqdadır, qucağında uşaq var” dedilər. Hər şeydən, hətta qardaşlarından da əlini üzən Nadir, qarın içi ilə irəli qaçırdı.

 

Onları tapanda yaşlı, halsız Mələk arvad Məhəbbəti qucağında güclə saxlayırdı...

 

Meşədə gəzib, xilas olmaq üçün yol axtarırdılar. Hara getsələr qan içində çabalayan yaralılara, meyitlərə rast gəlirdilər. Uşaqlarını bu dəhşətdən uzaq tutmağa çalışır, ağlamamaqları üçün onların başını qatırdılar. Dəfələrlə uşaq səsini eşidən ermənilərin hücum edib atəş açdıqlarını, sağ qalanları isə əsir götürdüklərini görmüşdülər. İndi mümkün qədər sakitliyə riayət edib, Ağdama gedən yolu taparaq, necəsə ermənilərə bəlli etmədən oradan keçməli idilər. Amma aralarında heç kim Ağdama gedən yolu tanımırdı. Hamı təxmin edirdi, dəstə ilə həmin istiqamətə gedir, ermənilərin məskunlaşdığı kəndlərə yaxınlaşdıqlarını görüb, geri qayıdırdılar. Artıq iki gün idi ki, gecə, gündüz demədən yol gedirdilər. O qədər yorğun idilər ki, ayaqları bir-birinə dolaşırdı. Kişilərdən biri dilləndi:

 

- Onsuz da hara gedirik, axırda yenə də eyni yerə gəlib çıxırıq. Erməniyə rast gəlsək, qaçmağa heyimiz də qalmayıb. Qarda da yatsaq, donub öləcəyik. Qar az olan yer görsək, bir az uzanıb dincələk. Yoxsa taqətdən düşən ayaqlarımız özü bizi aparıb düşmən qapısına çıxardacaq...

 

Rastlaşdıqları yarğana az qar düşmüşdü. Fürsətdən istifadə edib, burada dayandılar. Nadir Məhəbbəti soyuqdan qorumaq üçün sinəsində gizlədib, uzandı. Körpəni qucaqlayan kimi yuxuya getdi...

 

***

 

Bir əl Məhəbbəti onun qucağından çəkib alanda yuxudan dik atıldı. Məhəbbət ağlayırdı. Hər şey bir göz qırpımında baş verdi. Nadir ağzını açmağa imkan tapmadı, hərbi geyimli adamlar dubinka ilə onu döyməyə başladılar. Yarğandan körpə çığırtısı ilə kişi qışqırıqları ucalırdı.

 

Bir az keçmiş qışqırıqlar zarıltı ilə əvəz olundu. Sonra zarıltılar da kəsildi. Ölənlər ölmüşdü, ölməyənlər isə ölümünü gözləyib, susmuşdular. Hətta körpələr belə kirimişdi. Uzaqdan yarğanın ətrafındakı yaralıların səsi gəlirdi. Lap uzaqlarda isə daha çox qadın səsinə oxşayan körpə çığırtıları eşidilirdi...

 

***

 

İşgəncədən üz-gözü partlayan girovlar əlləri boyunlarının arxasında, bir neçə erməni hərbçinin qarşısına düşüb addımlayırdı... Qarın çox olduğu yerlərdə gedə bilməyib yıxılanlar ayağa qalxana qədər avtomatın qundağı ilə döyülürdü...

 

Ətrafa səpələnmiş meyitlər elə görkəmdə idilər ki, girovlar insanların işgəncələrə dözməyib öldüyünü, yoxsa bu əzabların meyitlərin başına gətirildiyini müəyyən edə bilmirdilər.

 

Meyitlərin arasında qonşuları, qohumları, dostları, hətta bəzilərinin sevib hələ ürəyini aça bilmədiyi qızlar var idi... Əsirliyin ilk saatlarında hətta tanımadıqları meyitlər də o qədər doğma idi ki...

 

Hərbçilər tanınmaz hala düşmüş meyitlərin arasında qürurla addımlayırdılar. Hətta girovları aparan dəstəyə rəhbərlik edən erməni meyitləri təpikləyib, öldüklərindən əmin olandan sonra yanlarından keçib gedirdi.

 

Üç yaşlarında bir qız uşağı meyitlərdən birinin yanında oturub, durmadan eyni sözü təkrarlayırdı:

 

- Ana, qalx, qalx gedək... Ana, qalx, qalx gedək...

 

Həmin hərbçi meyitin qarşısında dayanıb, uşağa baxdı. Soyuqdanmı, qorxudanmı donmuş körpə, gözlərini anasının bədəninin açıq yerlərinə zilləyib, təkrar edirdi:

 

- Ana, qalx, qalx gedək...

 

Onun dayanması ilə o biri hərbçilər də ayaq saxladı. Hərbçi uşağın artıq heç nə ifadə etməyən sifətinə baxıb qışqırdı:

 

- Bunu hansı şərəfsiz edib?!

 

Hamı susdu. Bu sakitlikdə körpənin təkrar-təkrar dediyi sözlər aydın eşidilirdi:

 

- Ana, qalx, qalx gedək...

 

Hərbçi qəzəblə əsgərlərin üstünə bağırdı:

 

- Bu gün biz bu meşədə türklərin min il sonra da unuda bilməyəcəyi bir tarix yazırıq! Hansısa şərəfsiz isə belə gözəl türk qızını burada atıb gedir. Belə gözəli əldən verərlər? Götürün!

 

Hərbçilərdən biri yaxınlaşıb, qızcığazı qucağına aldı. O, hərbçinin qucağında da yerdə büzüşüb oturduğu kimi qalmışdı. Ayaqları, əlləri bükülü qalan qız, yenə eyni sözləri təkrarlayırdı:

 

- Ana, qalx, qalx gedək... Ana, qalx, qalx gedək...

 

***

 

Girovlar Kətik meşəsindən çıxıb, Naxçıvanik kəndinə girdilər. Nadir gözlərini Məhəbbəti aparan hərbçidən çəkmirdi. Uşaq sakitcə gözlərini qan qarışmış qara zilləmişdi. Hərbçi isə körpəni bir əşya kimi qoltuğuna vurub addımlayırdı.

 

Xeyli getdikdən sonra onları böyük bir pəyəyə saldılar. Hərbçilərdən biri qapının qarşısında dayanıb, yaxınlaşanları bir-bir içəriyə itələyirdi. Nadir üzü üstdə yıxıldı. Məhəbbəti gətirən hərbçi yaxınlaşıb onu Nadirin üstünə atdı:

 

- Al, zibilini!

 

Qalxıb ətrafına baxanda, buranın Xocalı camaatı ilə dolu olduğunu gördü. Qadın, kişi, yaşlı, uşaq, yaralı, ayaqları don atan, havalanan... hamı bir-birinə qarışmışdı.

 

Bir əl yerdə atılıb qalan Nadirə tərəf uzanıb, Məhəbbəti sığalladı:

 

- Can ay bala, nənən ölsün, səni də bura gətirdilər...

 

Yerindən qalxmağa halı olmayan Mələk arvad sürünərək onlara yaxınlaşmışdı...

 

***

 

Yaralıların zarıltısı, qadınların ah-nələsi, ac uşaqların çığırtısı kəsilmirdi. Qapılar qəfil açılır, erməni hərbçiləri içəri daxil olub uşaq, qadın demədən tapdayaraq, kişiləri seçib bayıra çıxardırdılar. Az sonra qışqırıq, çığırtı səsləri ucalırdı... Bəzən güllə səsi də eşidilirdi. Qadınlar səslərin arasından ərlərinin, oğullarının, qardaşlarının səsini ayırd etməyə çalışırdı.

 

Bir azdan qapı yenidən açılır, üz-gözü qana bulaşmış kişiləri sürüyüb içəri atırdılar. Qadınlar öz kişilərini axtarıb tapmağa macal tapmamış, onları sürüyüb pəyədən çıxardırdılar. Onlar doğmalarının qanı axıb bulaşdığı yerləri silib təmizləməli idilər...

 

Qadınlar qanları yuya-yuya qoxulamağa çalışır, sanki bu qanın qoxusundan onun kimdən axdığını, az əvvəl burada kimin öldürüldüyünü biləcəklərini sanırdılar...

 

***

 

İki gün sonra içəri girib hərbçi geyimində olanları seçməyə başladılar. Nadiri də sinəsindən dartıb, pəyədən çölə itələdilər. Nadir Məhəbbətin başını sırıqlısının içinə salmışdı ki, onu itələyib yıxanda, körpənin başı zədələnməsin.

 

Bir hərbçi Məhəbbəti onun əlindən alıb qışqırdı:

 

- Uşağı qaytar yiyəsinə!

 

- Onun məndən başqa heç kimi yoxdur!

 

- Ola bilməz, qaytar uşağı!

 

Nadir geri dönüb qapının arasından güclə nəfəs alan, gözlərini yerdən qaldıra bilməyən Mələk arvada baxdı. Gördüklərinə, yaşadıqlarına gücü çatmayan yaşlı qadın ölümcül idi.

 

- Heç kəsi qalmayıb. Bundan sonra ölsə də mənimlə öləcək, qalsa da.

 

Erməni hərbçi Nadirin çiynindən çəkib, maşına tərəf itələdi:

 

- Bu türkü sürüyüb atın maşına. Sonra da bu küçüyü verin qucağına – deyib, uşağı da əsgərlərə doğru atdı.

 

Üç əsgər geyimli Xocalı sakini və Məhəbbət olan UAZ yerindən tərpəndi. Təxminən beş kilometr yol getmişdilər ki, maşın dayandı. Ermənilər öz aralarında mübahisə edirdilər:

 

- Sən necə benzinin olmadan yola çıx bilirsən? Bilmirsən ki, dörd tamamda Dəhrazda olmalıyıq?

 

- Mən hardan alım benzini? Qurtardı də! Kral ailəsinə qonaq aparmırsan ki, olmasın dörd, olsun beş!

 

- Axmaq! Bu gün saat dörd tamamda Dəhrazda girovların içindəki bütün hərbçilər güllələnəcək. Bu zibilləri də dörd üçün ora çatdırmalıyıq!

 

- Onda niyə vaxt itiririk? Piyada da olsa, çatmalıyıq! Madam ki, bu zibillər öləcək, yanacaqla dəyişə bilməyəcəyik, heç onlara görə benzin sərf etməyə də dəyməz.

 

- Düz deyirsən! Biz hələ müharibəyə indi başlamışıq, qarşıda yanacağa çox ehtiyacımız olacaq!

 

Maşından enib, getməyə başladılar. Hər iki ayağı don atan Nadirin qollarından tutub, sürüyürdülər. Hərbçilərdən biri Məhəbbəti qoltuğuna vurub, zümzümə edə-edə irəliləyirdi...

 

***

 

Dəhrazda bir donuz fermasının qapısını açıb, onları içəri itələdilər. Qapılar örtüldü. Burda saxlanılan girovlar üzüütə yıxılan adamların üstünə qaçıb, kim olduqları ilə maraqlandılar...

 

Nadirin qayınatası Məhəmməd də burada idi:

 

- Kim var, kim yox, Məhəmməd əmi?

 

- Arvadla ikimiz idik, bala... Onu meşədə vurdular... Ay bala, ayağın nə gündədir... Məmməd həkim də buradadır, yazığın əlləri donub, amma dişi ilə yaralarımızı soyub sağaldır. Dayan, çağırım, sənin də ayağına baxsın...

 

Məmməd həkim Nadirin uzunboğaz çəkmələrinin ipini kəsib, ayağından çıxardanda, Nadir güclə soruşdu:

 

- Görən saat neçədi?

 

Məmməd həkim istehza ilə gülümsədi:

 

- Burada saat lazım olmur...

 

- Bizi gətirənlər dedilər ki, dörd tamamda Dəhrazda hərbçi geyimində olanları yığıb güllələyəcəklər...

 

- Onda beşə işləyib. Hardasa on beş dəqiqə əvvəl hamısını seçib apardılar... Düz on dörd nəfəri apardılar... Deey, o üzünü cırıb ağlayan anaların hamısının oğlunu apardılar...

 

Gecikmişdilər...

 

***

 

Dəhraza gətirildiklərinin ikinci günü bir hərbçi içəri girib elan etdi:

 

- Belə qərara gəlmişik ki, sizi buraxaq! Onsuz da bizə bir xeyriniz yoxdur! Boş yerə odun yandırırıq, yemək, çay veririk. Erməni xalqı sizə öz qonaqpərvərliyini, böyüklüyünü bu qədər göstərdi, kifayətdir! Azadsınız!

 

Oxucular Dəhrazda girov saxlanılan Arif dayının hekayəsindən onların necə qaytarıldığını bilir…

 

***

 

Yaxınlarından xəbər çıxmayan insanlar girovların gətiriləcəyini eşidib, Ağdamın Abdal Gülablı kəndinə toplanmışdılar. Hamı insan selinin arasında öz doğmasını axtarırdı...

 

Son gücü ilə Məhəbbəti qucağına sıxmış Nadiri qarşılayan qaynı ona qardaşlarının sağ-salamat gəlib çıxa bildiklərini, günlərdir Ağdamda girovların və meyitlərin arasında Nadirlə Məhəbbəti axtardıqlarını dedi...

 

Ağdam xəstəxanasında həkimlər Nadirin barmaqlarını kəsmək lazım olduğunu deyəndə, o israrla etiraz etdi:

 

- Mən hələ döyüşə yollanacağam! – deyirdi...

 

Aylarla xəstəxanada yatmalı oldu... Barmaqları kəsilmədi, amma bu günə qədər də hər qış gələndə, qar yağanda ayağının həmən donmuş yerləri suluq atır...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1575
avatar

Vüsalə Məmmədova

Oxşar yazılar