Körpə çığırtısı böyüklərin qışqırığına qarışmışdı, belinə qan damırdı... - <span style="color:red;">“ƏSİR DÜŞƏRGƏSİ”
31 mart 2016 14:40 (UTC +04:00)

Körpə çığırtısı böyüklərin qışqırığına qarışmışdı, belinə qan damırdı... - “ƏSİR DÜŞƏRGƏSİ”

 

 

Əsir hekayətləri yazarkən ən çox eşitdiyim “bu mövzunu işləməyə sinirlərin necə dözür” sualı idi. Amma sinirlərim dəhşət hekayələrinə yox, saysız-hesabsız ittihamlara tab gətirmədi. Layihə müharibənin fəsadlarını gündəmdə saxlayır, olanların unudulmasına mane olurmuş...

 

Kimsəni qınamaq niyyətim yoxdur. Bilirəm ki, hərənin öz həqiqəti var. Mənə görə, müharibə o vaxt geri qayıdır ki, biz onu unuduruq. Mənimsə həyatda ən çox qorxduğum şey yenidən atəş səsi, bomba uğultusu eşitməkdir... Əgər insanlarımız sülhə müharibəni unutmaqla nail olacaqlarını düşünürlərsə, nədən bir layihə bəşəriyyətin ən çox ehtiyac duyduğu sülhə gedən yolda maneəyə çevrilsin?

 

Bərdədə yaşayan Kəlbəcər sakini Cəmilə xanımın bir kəlməsi isə qərarımı dəyişdi... Onun nə dediyini yazmayacağam, sadəcə dostum bu haqda mənə deyəndən sonra hazırlaşıb, yola düşdüm...

 

Artıq özümə bir sözüm var, ömrüm çatan qədər çalışacağam ki, hekayəti yazılmayan əsir qalmasın... Bu səbəbdən 2016-cı ildə layihəni bitirmək qərarı alsam da, “Əsir düşərgəsi”nə davam edirik...

 

***

 

I hissə

 

31 mart 1993-cü il. Kəlbəcərin Kilsəli (indiki adı Günəşli) kəndi...

 

Eldar kişi həyətində yer belləsə də fikri başqa yerdə idi. Dalğın, qayğılı görünürdü. Öz-özünə danışırmış kimi Ceyhuna gileylənirdi:

 

- Nahaq bizi eşitmədin, gərək sən də qardaşınla gedəydin...

 

- Mən sizinlə qalmaq istəyirəm. Qoy Ramil getsin, o balacadır!

 

- Sən də balacasan də! Ramilin 14, sənin 16 yaşın var. Özü də sizi yad yerə yollamırıq ki, qardaşlarının yanına gedirdin də...

 

- Mən Bakıda neyləyəcəyəm? Şahinlə Sənan bütün günü dərsdə olurlar...

 

- Tələbədirlər də, başqa harada olmalıdırlar ki? Bir müddət ikiniz də qalardınız Bakıda. Vəziyyət qarışıqdır, bilmirik başımıza nə gələcək, heç olmasa sizdən arxayın olardıq. Gərək gedəydin. Düşmən böyük-kiçik tanımır, bala. Buradasan deyə anan da, mən də narahatıq...

 

- Mən uşaq deyiləm, ata! Siz necə, mən də elə!

 

Qəfildən küçədən anlaşılmaz səs-küy qopdu. Eldar kişi tez beli əlindən atıb, qulaq verdi. Bir dəstə adam “Ramil, Ramil” deyə qışqırırdı. Roza dizinə döyə-döyə həyətə çıxdı. Eldar kişi qapıya tərəf yüyürdü:

 

- Başımıza xeyir oldu! Yəqin maşın aşıb, Ramilə nə isə olub...

 

Darvaza açılan kimi Ramil atasını qucaqladı. Nə baş verdiyindən xəbərsiz Eldar çaş-baş qalmışdı. Oğlu hönkürürdü. Dodaqları, əlləri partlamışdı. Paltarları qanlı və nəm idi. Sağ yumruğunu bərk-bərk sıxmışdı. Balaca yumruğunun hər iki tərəfindən ovcundakı pul görünürdü...

 

Qorxudan dili tutulmuşdu, nə olduğunu anlada bilmirdi. Həyətə doluşan camaat isə maşının yolda aşdığından əmin idilər. Hamı bir az əvvəl yola çıxmış 24 nəfərdən nigaran idi. Sualı sual üstündən yağdırırdılar...

 

***

 

Müharibə “təbiət muzeyi” adlandırılan, Azərbaycanın ən yüksəklikdə yerləşən rayonu Kəlbəcərə baharın gəlişini yubatmışdı. Günəş doğsa da, düzəni pozulmuş, hüzuru qaçmış insanların bədəni, əl-ayağı isinmirdi. Hamı büzüşüb qalmışdı. Bu, qadınların və uşaqların ələ keçə bilməsindən doğan vahimənin təsirindən idi. Kəlbəcəri tərk etməyi isə heç kim ağlına gətirmirdi...

 

Ağsaqqallar məsləhətləşdilər. Qərara gəldilər ki, birinci qadınları, uşaqları və yaşlıları kənddən çıxartmaq lazımdır. Nə olacağı məlum deyildi...

 

1993-cü il martın 31-də, dan yeri yenicə söküləndə məktəbin QAZ-53 maşını Quliyevlərin qapısının qarşısında dayandı. Məktəbin direktoru Aslan Mirzəyev qızı Afət müəllimə ilə kabinədə oturmuşdular. Afət yeddi aylıq körpəsi Babəki qucağında saxlamışdı. Maşının yük yeri qırmızı bağlanmış əşyalarla dolu idi. Məhəmməd kişi əlindəki çamadanları yerə qoyub maşının sürücüsü, qardaşı oğlu Qoşqarı məzəmmət elədi:

 

- Ay oğul, bu maşın doludur ki! Biz hara minək?

 

Qoşqar başını aşağı salıb, günahkarcasına pıçıldadı:

 

- Ay əmi, Aslan müəllim qızını təzə nişanlayıb, cehizidir. Neyləyək daha... Birtəhər edin, əsas rayon mərkəzinə çataq, qalanı asandır. Elə şeylərin üstündə oturarsınız, heç nə olmaz...

 

Cəmilə atasının fikrini dəyişmək istəyirdi:

 

- Ay ata, gəl biz bu maşına minməyək. Adama bir boxça bağlayıb, Murovdan keçək...

 

- Qızım, elə bilirsən Murovu keçmək asandır? Dağlarda hələ qar dizdəndir. Gör nə qədər uşaq var, mən bunları gözüm görə-görə necə qarın içinə atım? Sən narahat olma, pulum var, nə qədər lazımdır verəcəyəm, maşın hamınızı Comərd kəndinə çatdırsın. Oradan o yana asandır...

 

Aslan müəllim maşından enib, Məhəmmədə yaxınlaşdı:

 

- Bütün ailənlə yola çıxırsan, əvvəldən demək istəyirəm. Bax, birdən mənim düşmənim zadım olar, yolda qabağımızı kəsər... Qızlarınla, qardaşın balaları ilə gedirsən... Bax, ha! Mənə görə başınıza bir iş gəlsin, istəmərəm...

 

- Aslan müəllim, pulum var, nə qədər lazımdır, verəcəyəm! Bircə bizi Comərdə çatdırın. Körpə uşaqlarla 7-8 kilometr yolu getmək çətin olacaq...

 

Aslanın tərəddüd etdiyi açıqca görünsə də, onun bağlamaları əlində dayanan övladlarının qarşısında çox israr edə bilmədi. Məhəmməd dayısı oğlu Əsgərxanla birlikdə yuxarı qalxdı. Arxasınca uşaqları Cəmilə, Validə, Şahnaz, İlhamə, Bəxtiyar, İslam, Fərman maşına əyləşdi. Onların ardınca isə hamiləliyinin son günlərini yaşayan Gülcamal, Tahirlə həyat yoldaşı Səmayə, uşaqları Gülnaz, Tariyel, Hikmət...

 

Məhəmmədin qardaşı oğlu Ələsgər arvadı İmarətlə iki oğlunu – 12 yaşlı Yadigarla 9 yaşlı Talehi maşına mindirib tapşırıqlarını verirdi:

 

- Ananızın sözünə baxın, ha! Özüm də gələcəyəm!

 

Məhəmmədin qardaşı uşaqlarından birinin qaynanası Mileylə arvad da maşına çıxıb, cehizlərin arasında özünə birtəhər yer elədi.

 

Eldarla Rozanın Ceyhunu yola salmaq cəhdləri hələ ki, nəticə vermirdi. Evin sonbeşiyi Ramil paltarlarını yığdığı kiçik çamadan əlində dayanmışdı. İlk dəfə idi ki, tək yola çıxırdı. Özünü böyüklər kimi aparmağa çalışırdı. Üstündə pulu da var idi. Evdən çıxanda atası on dənə qırmızı onluğu sayıb, şalvarının cibinə qoymuşdu: “Yolda heç kəsdən heç nə istəmə, öz pulunu xərclə”. Roza isə bir manatlıq bağlamasını Ramilə vermişdi: “Anan qurban, qardaşlarının yanına çatana qədər üstündə pulun olsun”. Ramil anası verən pulları da köynəyinin döş cibinə qoymuşdu.

 

Ramil heç cür Ceyhunu başa düşmürdü. Axı böyük olanda nə olar, valideyn nə deyirsə, əməl etmək lazımdır. Ceyhun nahaq ata-anasının sözündən çıxıb, israrla “mən sizinlə qalacağam” deyir. Artıq qohumlar da Ceyhunu maşına mindirməyə çalışırdı. Hətta onları yola salan hərbçi qohumlarından biri yorulub, silahını Ceyhuna uzatdı:

 

- Sənə deyirəm min maşına!

 

Son günlər yaşanan gərginlik hamının səbrini tükətmişdi. Hamının evində ən azı üç uşaq var idi. Uşaqları necə qoruyacaqlarının təlaşı böyüklərin əsəblərini pozmuşdu. Ötən ilin fevralında Xocalıda baş verən hadisələrdən sonra düşməni daha yaxşı tanıyan, onun uşağa, qocaya, qadına acımadığını bilən camaat ehtiyatlı tərpənmək istəyirdi. Ceyhun sinəsinə dirənən silahın altından atasına qısılıb, sakitcə dilləndi:

 

- Mən atamgillə qalacağam!

 

- Yaxşı, daha neyləyək. Allah kərimdir, Ramil sizinlə getsin, bilək ki, Bakıda qardaşlarının yanındadır. Biz də görək başımıza nə gəlir. Bir şey olsa, Murovla çıxarıq. Yenə arxayın olarıq ki, yanımızda bir uşaq var. – deyə Eldar kişi Ramillə sağollaşıb, onu maşına mindirdi. Ürəyi soyumayıb Afət müəlliməyə üz tutdu. Afət Ramilə dərs demişdi.

 

- Afət müəllimə, Ramildən muğayat ol!

 

- Narahat olma, Eldar əmi! Ramil mənim öz balamdır. Görsəm ev üçün darıxıb eləyir, onu Babəklə birlikdə yanımda yatırdacağam. Ürəyini buz kimi saxla!

 

Elə bu vaxt Ofeliya atası ilə əlində bağlamaları tələsə-tələsə gəldi. Gecikirdilər, tez bağlamalarını maşının üstündəki qonşulara verib, atası ilə sağollaşdı, maşına mindi...

 

İyirmi bir nəfər cehizlərin arasında özünə birtəhər yer elədi. Məhəmmədlə Əsgərxan yük yerinin lap yuxarı hissəsində əyləşib, ayaqlarını kabinənin üstünə uzatmışdılar. Ramil ilk səfər həyəcanından özünü böyüklərə tay tutub, onların yanında əyləşdi, ayaqlarını əda ilə kabinənin üzərinə yenicə uzatmışdı ki, maşın yerindən tərpəndi. Silkələndiyini hiss etdirməmək üçün bərk-bərk maşının yük yerindən yapışdı...

 

***

 

Bir neçə saat sonra, avtomobil Kəlbəcər tunelinə yaxınlaşanda aşağıdakı çayın ətrafında toplaşan hərbçilər əlləri ilə onlara dayanmağı işarə etdi. Maşın işarəyə əhəmiyyət verməyib, dağların içindən oyulub salınan tunelə daxil oldu. Kəlbəcərin 35 kəndini rayon mərkəzi ilə birləşdirən yeganə avtomobil yolu olan 180 metrlik tuneldən çıxanda yoldakı post boş idi. Narahat olsalar da, ətrafdakı sakitliyə güvənib irəlilədilər. Dağla qıvrılıb gedən yollarda 50 metr irəliləyən kimi, tunel gözdən itdi. Sakitliyi dəlib keçən ilk atəş səsinə hamı diksindi. Ard-arda dörd güllə atıldı. Hərəsi də bir istiqamətdən. Maşının təkərləri partlayıb, yolun kənarında dayandı.

 

Tahir gödəkçəsinin yaxasını açıb, bacısını soyuqdan qorumaq üçün onu qucaqlamışdı. İlk güllə də ona dəydi. Gülcamal qardaşının yaralandığını görəndə qışqırdı:

 

- Ay Qoşqar, qağamı vurdular!

 

Qoşqar qapını açıb aşağı enmək istəyəndə güllə topuğundan dəydi. Elə oradaca ayağından yapışıb, “Ay qağa! Ay qağa!” qışqıraraq, aşağı çökdü. Qoşqarın da yaralandığını görən Gülcamal özünü maşından aşağı atdı. Növbəti güllə ayağını kabinənin üstünə uzadan Əsgərxan kişiyə dəydi...

 

Atəş səsləri ilə insan çığırtıları bir-birinə qarışmışdı. Əsgərxana dəyən güllədən qorxan Ramil də maşından yerə atıldı. Əlini döş cibinə atdı, anası o qədər qalın geydirmişdi ki, pulu tapa bilmədi. Sağ əlini cibinə atıb atasının verdiyi onluqları dəstə ilə çıxardıb ovcunda yumurladı:

 

- Ya Seyid Yusifin cəddi, nəzir deyirəm, kömək elə buradan sağ-salamat çıxım! Ya Seyid Yusifin cəddi! Ya Seyid Yusifin cəddi!

 

Güllələr maşının yük yerini deşik-deşik etmişdi. Kabinədən gələn körpə çığırtısı böyüklərin qışqırığına, dualarına qarışmışdı. Aslan müəllimlə qızı Afət ölmüşdü... Anasının qanına bulaşan körpə Babək isə gözlərinə dolan şüşə qırıqlarından çığırırdı...

 

Ramil güllələrdən yayınmaq üçün qaçıb maşının altında, təkərin arxasında gizləndi. Cansız, arıq uşaq təkərin arxasında görünməz olmuşdu. Yük yerindən Ramilin belinə qan damırdı...

 

Yuxarıda, maşının üstündə hamı öz doğmasına qısılıb dayanmışdı. Ramil indi kürəyinə qan dama-dama təkərə qısılıb, yanında ailəsindən kiminsə olmasını arzulayırdı. Elə bilirdi ki, tək olduğu üçün bircə o qorxur. Atəş səslərindən titrəyirdi. Qorxudan dodağı, əlləri çatlamışdı. Vahimədən bağrı dəlinirdi...

 

Elə atəş yenicə səngimişdi ki, tuneldən başqa bir KamAZ maşını çıxdı. Yolda erməni hərbçilərinin olduğunu görən sürücü surəti artırsa da, Quliyevlərin maşınından 20 metr qabağa gedə bildi... KamAZ Kəlbəcərin Çobangərəkməz kəndindən gəlirdi. “Əsir düşərgəsi” oxucularının yaxşı xatırladığı, Müşfiqgilin olduğu KamAZ...

 

Ramil KamAZ-ın necə atəşə tutulmasını, insanların maşından yerə necə endirilib döyülməsini, erməni hərbçilərinin KamAZ-ı yandırmaqlarını, yaralı Azərbaycan əsgərinin alovun içinə atmalarını təkərin arxasından izləyirdi. Sonra tuneldən yeni çıxan “Villis”i də atəşə tutdular. Bir neçə saniyənin içində silahlar susdu və ətrafa körpə çığırtısı yayıldı. Maşının qapıları açıq qalmışdı, içəridən kimsə enmədi...

 

Daha tuneldən maşın gəlmirdi. Erməni hərbçiləri QAZ-53 tərəfə qumbaraatanla atəş açdılar. Partlayış maşından xeyli aralıda baş verdi. Otuza yaxın hərbçi maşına yaxınlaşdı:

 

- Silahlarınızı çıxardın!

 

Əsgərxan kişi papağını çıxartdı:

 

- Biz dinc sakinik, silahımız nə gəzir? Yol verin keçək...

 

Öz aralarında nə isə danışandan sonra iki hərbçi maşına yaxınlaşıb, aşağı enmək əmri verdi.

 

Cehizlərin arasında yaralılarla meyitlər bir-birinə qarışmışdı. Cəmilənin yanındakı xalçaya sarınan ip güllədən alışmışdı. Alov artıb xalçanı bürüyəcək, 11 güllə yarasından tərpənə bilməyən Cəmiləni də ilə yandıracaqdı. İmarət yaralı barmağından axan qanı ilə alovu söndürməyə çalışırdı.

 

Cəmilə ilə üz-üzə Şahnaz iki əlini başının arasına alıb dayanmışdı. Qurşağa qədər cehizlərin arasında idi, tərpənmirdi... Cəmilə onun nəbzini yoxlamaq üçün var gücü ilə dartınırdı. Arasına keçdiyi cehizlik bağlamalar hərəkət etməyə imkan vermədiyindən İmarətin oğluna yalvarırdı:

 

- Yadış, qurban olum, Şahnazın nəbzini yoxla... Gör nolub, niyə tərpənmir...

 

Yadigar əlini Şahnaza uzatdı. Barmaqlarını qızın biləklərinə yaxınlaşdırıb, dayandı. Maşında hamı qan içində idi, amma hamı necəsə çabalayırdı. Şahnazın isə yarası yox idi, amma tərpənmirdi. Yadigar qorxur, Cəmilə yalvarırdı. Yadigar üç dəfə barmaqlarını Şahnaza toxundurmağa cəhd etdi, biləyinə toxunmağına lap az qalmış, əllərini geri çəkdi... Anası hələ də barmağının qanı ilə alovu söndürməyə çalışırdı. Kiçik qardaşı Taleh qan içində qıvrılırdı...

 

Aşağı enmək əmri veriləndə ayağı yer tutanlar maşından endilər. Ramil maşının altından çıxıb, qolundan yaralanan Ofeliyanı çiyninə alıb düşürtdü. Hərbçi hərəkət etməyə çətinlik çəkən İslama bağırdı:

 

- Kişi deyilsən? Nə oturmusan? Aşağı en!

 

Böyründən yaralanan İslam çətinliklə aşağı atıldı. Cəmilə hələ də ətrafda baş verənləri, öz yaralarını unudub, 11 yaşlı Şahnaza toxunmağa çalışırdı. Erməni hərbçisi maşının arxasına qalxanda qanlı cehizlərin arasında Cəmilə ilə Şahnaz tək qalmışdı. Cəmilə hələ də toparlanıb, Şahnaza tərəf can atırdı.

 

- Nəyindir o? – hərbçi Cəmilədən soruşdu. Cəmilə yanındakı əl çantasını açıb qızıllarını çıxartdı:

 

- Bacımdır, istəyirəm görüm ölüb, yoxsa yaşayır... Al, nəyim var sizə verirəm, amma bircə nəbzini yoxlayın... Deyin görüm yaşayır?

 

Hərbçi istehza ilə gülüb aşağıya işarə verdi. Maşının üstünə bir xərək atıldı. Cəmilə xərəyin onun üçün gətirildiyini düşündü, xərəklə keçəndə mütləq Şahnazın nəbzini yoxlaya biləcək. Xərəyi yaxınlaşdırıb, Cəmilənin Şahnaza doğru uzanılı qalan qollarından çəkəndə, qırıq-qırıq olan ayaqlarının şaqqıltısını eşitdi, ağrıdan huşunu itirdi...

 

Erməni hərbçilər yaralıları, meyitləri yerə yığıb onları necə edəcəklərini müzakirə edərkən, Ramil yavaş-yavaş maşının arxasına keçib, özünü yolun altından axan Tutqu çayına atdı. Uşağın özünü atdığını görən hərbçilər həmən istiqaməti atəşə tutdular. Sonra isə Tahirin qızı Gülnar tunelə doğru qaçdı...

 

Bir neçə saat sonra Ağdərə istiqamətindən hərbi maşınlar gəldi. Yaralıları saçından, ayağından sürüyüb KamAZ-a yığdılar...

 

(Davamı olacaq)

 

II hissədə:

 

- Bizi aparan maşın yola düzülmüş meyitlərin üstündən keçdi...

 

- Onu xərəkdə maşından düşürtdülər, əl-qol atırdı, bir hərbçi isə süngü bıçağı ilə bağırsaqlarını qarnının içəri yığırdı...

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2541
avatar

Vüsalə Məmmədova

Oxşar yazılar