Aşağı Ağcakəndin küçələrini dolaşıb növbəti hekayəmin qəhrəmanını axtarıram. Mənim bələdçim – Xocalı İcra Hakimiyyətinin nümayəndəsi maşın təmiri sexinin qarşısından keçərkən bir gəncə yanaşdı:
- Anan evdə?
- Şəhərə getmişdi, yəqin indiyə qayıtmış olar...
...Bizi qapıda qarşıladı. Həyətdəki toyuq-cücəni qovub “Dayanmayın, içəri gəlin” deyəndə ləhcəsindəki qeyri-adilik diqqətimi cəlb edir və qadın bu fərqliliyin səbəbinə izahat verirmiş kimi dərhal da deyir:
- Mən məshəti türküyəm. Sonra pilləkəndə əyləşmiş qıza, - İçəridən bizim əsirlik şəkillərini, jurnalları gətir, - deyib, üzünü mənə tutur:
- Biz əsirlikdə olanda bir rus jurnalist çoxlu şəklimizi çəkmişdi...
- Siz həmin Mehriban Bəkirovasınız? Hadisədən üç gün əvvəl...
- Bəli... O qadınam. Zirzəmidə, bombaların altında övlad dünyaya gətirən qadın...
Gözlərini silir... Qızı içəridən bir dəstə şəkil və jurnal gətirir. Həyətə sərilmiş xalçanın üstündə əyləşib şəkillərə baxa-baxa hadisələri xatırlayır, iyirmi üç il əvvələ uçub gedirik...
***
23 fevral 1992-ci il.
Onun doğuş sancıları başlamışdı, dişlərini bir-birinə sıxıb səsini çıxarmamağa çalışırdı. Başına yığışan qadınlar ürək-dirək verirdilər:
- Qorxma qızım, bundan əvvəl həkim olmayıb, qadınlar doğa bilməyib?
- Özümüz tutacağıq...
- Utanma, sən də bizim balamız...
Nə qədər dilini-dodağını dişləyib səssiz qalmağa çalışsa da, get-gedə şiddətlənən ağrının qarşısında aciz qalır, çığırmaya bilmirdi.
Kişilər hamısı zirzəminin bir tərəfinə çəkilmişdilər. Arakəsmə rolunu oynayan mələfə nəmişlik, kif qoxuyan qaranlığı iki hissəyə ayırmışdı.
Cəmi ikicə çıraq yanırdı. Onunla da dünyaya yenicə gəlməyə hazırlaşan insanın yoluna işıq tutmuşdular. Qadınlar anbaan öləziyən zəif şölələrin işığında, kiçik bir qabda su, qayçı və bir neçə kəsim ağ parça əllərində uşağın gəlişini izləyirdilər. “Gəlir, gəlir, normal gəlişdir” deyib hər kəs öz təcrübəsini paylaşırdı.
“Arakəsmə”nin o biri üzündə kişilərin qadının utanmamasına hesablanmış öskürək səsləri daha da yüksəlirdi...
Nəhayət, ananın əzablarına son qoyuldu. Bir anlığa hamı, ana da, bayaqdan aramsız öksürən kişilər də, yeni doğulan körpəni əlinə alıb yuxarı qaldıran qadın da, ona zillənən baxışlar da, silahlar da susdu...
Sakitlik bir an davam etdi. Açılan güllə səsləri ilə yer üzünün yeni sakini səs-səsə verdi. Çağanın zirzəmini bürüyən çığırtısı burda uyuyan körpələri yuxudan ayıltdı. Müharibənin zülmətə məhkum etdiyi körpələr ağlayaraq sanki yeni doğulan insana “Niyə doğuldun, bu dünya deyilən yer təsəvvür elədiyimiz qədər gözəl deyilmiş. Burada silahlar susmur, müharibələr bitmir” deyirdilər.
Diksinib yuxudan oyanaraq ağlayan körpələri yenidən yatırtmağa çalışırdılar.
Körpənin göbəyini kəsib, əski parçalarına bükərək, ananın qucağına verdilər:
- Mehriban, allah qoysa sənin bu qızının ayağı Xocalıya düşər, bu qara günlərimiz qurtarar!
- Atalı-analı, bəxtli-taleli olsun!
- Allah onlara müharibə göstərməsin...
- Adını nə qoyacaqsınız?
Mehriban qaranlıqda güclə üzünü seçdiyi körpəsini bağrına basıb, pıçıldadı:
- Atası deyib ki, əgər qızım doğulan vaxtı müharibə bitsə adını Azad qoyacağam. Yox, hələ də davam eləsə elə böyük bacısı Günelin adına yaraşdırıb Günay qoyacağam.
Mələfə ilə ikiyə bölünmüş zirzəmidə qadınlar, uşaqlar, yaşlı kişilər düşmən güllələrinin susmasını gözləyirdilər. Günlərdir ki, bu zirzəmi onların birgə gecələdikləri yer idi.
Abdulla da hər dəfə döyüşə getməzdən əvvəl qonşulara hamilə həyat yoldaşı Mehribanı tapşırırdı.
Onun ağrıları gündüzdən tutmuşdu. Axşam, atışma başlayan vaxt hər gecəki kimi zirzəmiyə doluşanda isə ağrısı şiddətlənirdi. Sancıdan qamətini düzəldə bilməyən qadın yaş yarımlıq oğlu Sərxanı kürəyinə bağlamışdı. Dörd yaşlı Zaurla üç yaşlı Günelin isə əlindən tutmuşdu. Zirzəmiyə qədər demək olar ki, ikiqat əyilib gəlmişdi. Burda qonşular ona kömək edib uşaqları qucaqlarına alıb, çantasını götürmüşdülər.
Mehribanın bu günlərdə azad olacağını bilən qonşular əvvəlcədən zirzəmiyə doğuş vaxtı lazım ola biləcək əşyaları gətirib qoymuşdular.
Bu dönəmlərdə kimin ürəyində kimə qarşı incikliyi, küsülülüyü vardısa, unutmuşdu. Gecələri düşmən gülləsindən qaçıb səhəri eyni zirzəmidə açan insanlar bir-birlərinə çox doğmalaşmışdılar. Axı dərd qədər insanı doğmalaşdıracaq, yaxınlaşdıracaq, bütün günahlarını belə unutduracaq ikinci bir qüvvə yoxdu.
Adı Azad və ya Günay olacaq körpə ailənin dördüncü uşağı idi. Onlar 1988-ci ildə Azərbaycana pənah gətirmiş məshəti türklərindən idilər. Beyləqanda ailə qurub, sonradan Xocalıda məskunlaşmışdılar. Abdulla milis idi, Xocalı aeroportundan çalışırdı. Axşam gecə növbəsinə gedəndə də qonşulara “Mehribanda gözünüz olsun, ağrıları başlayıb” deyib getmişdi...
Artıq zirzəmi həyatına alışmış qadınlar şərbət hazırlayıb Mehribana içirtdilər.
Səhər açılanda Abdulla bir başa zirzəmiyə gəldi. Mehriban hələ də yerə döşənmiş yataqda uzanmışdı. Yanında da qonşu qadınlar. Abdulla ona yaxınlaşıb əlini alnına qoydu, lap astadan pıçıldadı:
- Allaha şükür, gözümüz aydın, sağ-salamat qurtardın. Artıq səndən arxayın oldum.
Abdulla çox yubana bilməzdi. Elə qadınların qucağında mışıl-mışıl yatan körpəyə baxıb, üç övladının üzündən öpüb, posta qayıtdı.
Bu gün də bitdi. Səhərisi yenə zirzəmidə idilər...
Fevralın 25-i idi. Yenə yaşlı kişilər, qadınlar və uşaqlardan ibarət altmış yeddi nəfər növbəti səhəri açmaq üçün zirzəmiyə sığınmışdılar.
Mehriban çantasındakı çörəkdən az-az kəsib, uşaqlarına verirdi. Sonra bir tərəfə çəkilib körpəsini əmizdirirdi. Atəş səsləri artmaqda davam edirdi. Bu gecə bütün gecələrdən fərqlənirdi. Səslər elə şiddətli idi ki, sanki şəhərə bomba yağırdı.
Yaxınlıqdan gələn səs bir neçə saniyənin içində zirzəmi sakinlərini təşvişə saldı. Qapıya yaxın olan qadınlardan biri dilləndi:
- Deyəsən şəhərə giriblər! Səs lap yaxından gəlir. Ermənicə danışırlar...
Gecə saat hardasa 3-4 olardı. Termoslardakı çay və çantalardakı çörək bitmək üzrə idi.
Səsdən qorxan uşaqları susdurmaq mümkün deyildi. Erməni dilini bilən qadınlar qulaqlarını zirzəminin qapısına dayayıb dinləyir, sonra eşitdiklərini içəri pıçıldayırdılar:
- Uşaqları bir təhər kiridin, səsi eşidirlər. Deyirlər deyəsən buradan uşaq səsi gəlir...
Silah səsləri zirzəminin içində atılırmış kimi guruldayırdı. Qorxudan ağlaşan uşaqları zirzəmiyə qəfil atılan qumbara susdurdu. Ortalığı toz-duman bürüdü. Qəlpə Mehribanın yaş yarımlıq oğlu Sərxanı üzündən və ayağından yaralamışdı. Uşaq anasının gözü qarşısında, yerdə uzanıb çabalayırdı.
Kişilər çıxış yolu axtarırdılar. Tez qərar vermək lazım idi:
- Belə olmaz, təslim olmaq lazımdır. Əksəriyyət azyaşlı uşaqdır, onları bada vermək olmaz. Yəqin elə bilirlər silahlıyıq. Təslim olaq, görsünlər ki, çoxu qadınlar və uşaqlardır. Yəqin ki, dəyməyəcəklər. Erməni olanda nə olar, insandılar. Çətin ki, dinc əhalini incidələr...
Kişilərdən ikisi, nisbətən yaşlı, dünyagörmüş olanı mələfənin birini ağaca bağlıyıb filmlərdə gördükləri kimi ağ bayraq düzəltdilər. Bayrağı yuxarı qaldırıb, zirzəmidən çıxdılar:
- Atmayın! İçəridə qadınlar və uşaqlar var...
Güllə səsi gəldi, iki dəfə atəş açdılar. Zirzəminin qapısı açıldı və bayraqla düşmən qabağına çıxan iki kişinin cəsədi içəri, qapının qabağında oturanların qucağına düşdü. Cəsədlərin dalınca ermənilər icəri doluşdular...
Mehriban yaralı Sərxanı kürəyinə bağlayıb, yeni doğulmuş körpəsini yun adyala bürüyüb qucağına aldı. Əlində uşaqların pal-paltarı olan çantasını tutub çətinliklə zirzəmidən çıxanda Xocalı alova bürünmüşdü. İki böyük uşağı analarının yanınca addımlayırdılar. Hələ qanaxması tam kəsməyən qadın üç gündü evinə gedə bilmir, elə zirzəmidəki yatağında uzanırdı. O, ana olandan sonra ilk dəfə idi ki, ayağa qalxır, zirzəmidən çıxırdı.
Ermənilər girovları qabaqlarına qatıb ayaqla xeyli yol gətirdilər. Məhsəti türkləri od tutub alışıb yanan evlərinin qarşısından başlarını qaldırmadan keçirdilər. Evləri, bütün zəhmətləri, əllərinin qabarı alışıb yanırdı.
Xeyli yol gəldilər. Qara batdılar, əkin sahəsindən keçdilər, ayaqlarına tikan bata-bata kolları adladılar...
Dağa çatanda erməni hərbçiləri yolun kənarında dayanan avtobusu göstərib bağırdılar:
- Minin! Burdan o yana sizi avtobusla aparacağıq!
Beləcə, bu insanlar sonuncu dəfə Xocalının havasını udub, avtobusa mindilər.
Xankəndinə çatanda yenə avtobusdan düşüb piyada davam elədilər.
Qucağında uşağı olmayan girovlar çox uşaqlılara kömək edir, heç olmasa uşağın birinin əlindən tuturdu. Mehribanın kürəyinə bağladığı yaralı Sərxan ağlayırdı. Qonşular Mehribana “Bir təhər onun başını sarı, yoxsa uşağı qan aparacaq dedilər.
Mehriban qucağındakı uşağı yanındakı qadına verib, oğlunu kürəyindən açdı. Çantasını axtarıb bir əski parçası tapdı və Sərxanın yaralarını bağlamağa çalışdı. Bu vaxt uşağı saxlamaq üçün verdiyi qadın soruşdu:
- Mehriban, bəs körpə hanı? Adyalın arası boşdur...
Mehriban indi fərqinə vardı ki, bayaqdan qucağında daşıdığı bələk boşdur... Yeni doğulan körpəsini isə harada salıb itirdiyini xatırlamırdı...
Taqətdən düşmüş qadın oğlunu qucağına basıb geri boylandı. Arxada, onların gəldiyi yerdə heç nə gözə dəymirdi. Ümumiyyətlə, arxada qarın üzərindəki girov ləpirləri və Mehribanın qaloşunun yanından axıb qarda qızaran qan izlərindən başqa bir şey yox idi...
Mehriban elə halda idi ki, nə kimdənsə övladını soruşa, nə də onu harda itirdiyini xatırlaya bilirdi. Sanki bir neçə saniyəlik qadının yaddaşı silinmişdi...
Elə bu vaxt bir rus qadın əlində çılpaq körpə ilə girovlara yaxınlaşıb, qışqırırdı, haraylayırdı:
- Yoldan bir uşaq tapmışam. Körpədir, yeni doğulana bənzəyir. Qarın üstündən tapdım. Kimindir?!
Burada yeni doğulmuş körpəsi olan ancaq Mehriban idi. Bunu bütün girovlar bilirdi, axı o üç gün əvvəl onların gözünün qabağında doğulmuşdu.
Mehriban körpəsini qucağına alanda onun əli və ayağı qıpqırmızı qızarıb donmuşdu. Qadın, burda övladının xilaskarı ilə tanış oldu – o, rus jurnalist Viktoriya İvleva idi.
Viktoriya körpəni Mehribana qaytarıb, yenə işinin başına döndü. O, əsirlərin fotolarını çəkirdi.
İllər sonra biz onun çəkdiyi fotolarda həmin gecəni əks etdirən kadrları görəcəkdik. Üst-başları, cibləri axtarılıb pul və qiymətli əşyaları toplanan insanları... Qarın üstündə adyala bürünüb qurumuş ağac budaqlarından ocaq qalayıb qızışan insanları... Yolun ağına düşüb girov aparılar insanları...
Bu faktlar məhz Viktoriya İvlevanın obyektivindən keçəcəkdi tarixə. Rus qadının kadrlarından kənarda qalan hadisələrlə isə hekayənin davamında, Mehribanın xatirələrində tanış ola biləcəksiniz...
***
İllər sonra Mehriban bu günləri belə xatırlayacaqdı:
- Bizi gətirib betondan bir yerə saldılar. Bilmədik haradır. Amma ora da zirzəmi idi. Bircə onu bilirəm ki, çox soyuq idi, titrədirdik. Ac-susuz, hamımız da əliuşaqlı. Ermənilər Xocalıdan gətirdikləri heyvanları kəsib bişirib yeyir, qabaqdan artıq qalan sür-sümüyü isə gətirib bizim qabağımıza atırdılar.
- Sizi siyahıya aldılar?
- Hə, elə məni də onda döyməyə başladılar. Soruşdular ərin nəçidir? Demədim milisdir... Halım pis idi, elə bil huşum özümdə deyildi, ağlıma heç nə gəlmədi. Arvadlar yerdən dilləndi ki, “nəçi olacaq, tikintidə fəhlədir”. Onda mənim də ağlıma batdı, dilləndim ki, tikintidə işləyir. O vaxt əllərindəki sənədlərin arasından bizim toy şəklimizi və yoldaşımın milis vəsiqəsini çıxardıb üzümə çırpdılar. Sən demə bir-bir gəziblər evləri. “Niyə yalan danışırsan, ərin milisdir” deyib başladılar məni vurmağa. Sol qulağıma avtomatın qundağı ilə elə zərbə endirdilər ki, bu günə kimi eşitmir...
- Uşaqlarla necə davranırdılar?
- Ağlı kəsənləri vururdular. Mənimkilər körpə idi, dəymirdilər. Amma onların gözünün qabağında məni döyürdülər. Körpələrim qucağımdan sürüşüb yerə düşürdü. Döyüləndə heç özüm də istəmirdim uşaqlar qucağımda olsun, onlara da zərbə dəyər deyə qorxurdum. Yüngül zərbələr deyildi, inanın ki, onun hər biri bir körpəni məhv edə biləcək gücdə idi...
***
Əsirliyin ilk günü. Ermənilər girovların arasında gəzişir, hərəyə bir təpik ilişdirir, qadınların boğazından yapışıb yuxarı qaldırır, diqqətlə baxıb kənara itələyirdilər. Uşaqlar qorxa-qorxa ata-anasına sığınmışdı. Başını bərk-bərk atasının sinəsinə sıxıb titrəyən yeniyetmə bir qızı dartıb atasının əlindən aldılar və döyməyə başladılar. Qızcığaz qışqırır, atasını köməyə çağırırdı...
Hər iki qolu arxasında burulub saxlanılan atası isə qışqırırdı:
- Buraxın, qızıma toxunmayın! Əclaflar! Kişisiniz, kişi ilə danışın! Nə işiniz var, mənimlə olsun. Qızımı buraxın, o uşaqdır!
Yekəpər bir erməni yaxınlaşıb qızı döyənlərin əlindən aldı. Onun ətəyini yuxarı qaldırıb başına keçirdi və qaldırıb zirzəminin ortasındakı böyük stolun üstünə çırpdı...
Ata çırpınır, dörd nəfər qoluzorlu erməninin əlindən çıxmağa çalışır, bağırırdı: “Buraxın qızımı, əclaflar! O, uşaqdır!”
Qızın anası isə başına döyə-döyə ağlayır, qızını buraxmaları üçün onlara yalvarırdı.
Girovlar uşaqlarının başını qucağına sıxıb, gözlərini, qulaqlarını bağlamağa çalışırdılar. Amma üzü ətəyinin altında gizlənən qızın naləsindən, “Ata” çığırtısından heç bir qulağı bağlamaq mümkün deyildi. O elə çarəsizcə bağırırdı ki, sanki yer üzündə heç bir qıza ata bu gün bu qızcığaza lazım olduğu qədər gərək olmamışdı. Sanki yer üzündə heç bir qız köməyə bu qədər ehtiyac duymamışdı...
(Davamı olacaq)