Lent.az-da “Əsir düşərgəsi”nə davam edirik.
Yayda bir həftəlik məzuniyyətimi alar-almaz, neçə vaxtdır ürəyimdə qalan arzumu reallaşdırmağa çalışdım. Xocalıların kompakt məskunlaşdığı Goranboya getmək üçün bütün jurnalistlərin Diasporla İş üzrə Dövlət Komitəsindən yaxşı tanıdığı Elşad Miraləmə zəng eləyib, orda gecələyə biləcəyim bir yer tapmaqda kömək eləməsini xahiş etdim. “Araşdırıb, deyərəm” dedi və yeddi dəqiqədən sonra zəng elədi:
- Hər şeyi ayarladım. Sizi burdan Goranboya dayım oğlu aparacaq. Orda anam qarşılayacaq, bizdə qalacaqsınız. Əmim sizi öz maşını ilə gedəcəyiniz yerlərə aparacaq, bacımın jurnalist olmağa hazırlaşan qızı Ləman isə sizinlə gedəcək. Bəlkə fotoqraf kimi işinizə yaraya bilər...
- Bu qədər əziyyət vermək istəmirdim, mənə ancaq gecələməyə yer...
Sözümü kəsdi:
- Bizim ailəmiz Lent.az-ın “Əsir düşərgəsi”ni daim izləyir və əgər orda bir balaca zəhmətləri olarsa, buna çox sevinərlər. Siz yubanmadan yola düşün, anam gözləyir...
Vaxt itirməyib yola çıxıram. Bu yerdə, layihəyə başladığımız gündən bizə dəstək olan bütün oxuculara təşəkkür edirəm. Hər dəfə Lent.az-da yeni hekayət yayımlanan kimi oxucular bizimlə əlaqəyə çıxıb girovluq həyatı yaşayan tanışları haqda məlumat verirlər. Onlara təşəkkür, bütün bu insanlarla görüşə bilmək üçün isə allahdan ömür istəyərək, növbəti hekayəmizə davam edirik.
***
Goranboydakı xocalılar üçün salınmış yeni şəhərcik çox qəribə yerdir. Müasir üslubda tikilmiş binalar uzaqdan çox xoşbəxt insanların yaşadığı məkanı xatırladır. İçinə girəndə həyətdəki yaşıllıq, ağaclar, çiçəklər, səliqə səni o xoşbəxt şəhərcikdə olduğuna bir daha əmin edir. Sonra bu xoşbəxt şəhərciyin insanlarına yaxınlaşırsan və...
Onların güləndə belə gözlərini tərk etməyən kədəri görürsən. Axı bu insanlar cəmi 22 il əvvəl cəhənnəmi gözləri ilə görüblər...
Avqustun nəfəs kəsən istisində həyətdə qalın geyimli, ağ saç-saqqallı bir qoca ilə rastlaşıram. Gəlişimin səbəbini soruşur. Corabını çıxardıb mənə “Qızım, ayağıma toxun” deyir.
Əllərimi qocanın ayağına toxunduran kimi geri çəkirəm...
- Hə qızım, mənim ayağım həmin gecə meşədə donandan buz kimidir. Bizim canımızın da, könlümüzün də istisi o meşədə qaldı, bala... Bax, bu qoca baban ruhsuz bədəndir. Bizim ruhumuz doğmalarımızın meşələrə səpələnən cəsədləri arasında onların ruhuna qarışıb qaldı... Meşədə balası, yaxını ölən adamlar hamısı bu günə qədər o meyitin yerini xatırlayır... Elə bil ki, günü sabah gedib dəfn edəcəklər... Deyirsən sənə girov düşənlər lazımdır?
- Bəli...
- Elə bu həyəti axıracan gəzsən, xeyli adam tapacaqsan. Axşam işdən gələnlər, hava sərinləyən kimi aşağı hava almağa düşənlər... Kimə yaxınlaşsan ailəsindən şəhid verib, girov düşüb... Bu şəhərcikdə elə bir adama rast gəlməzsən ki, müharibə onun həyatını məhv eləməsin, bala... Amma danışdırmaqda çətinlik çəkəcəksən. Heç biri danışmaq, o günləri yenidən xatırlamaq istəmir.
- Deyirsiniz heç kimi tapa bilmərəm?
- Bura fevral ayında gələn çox olur. Onda da hamı qapısını örtüb girir içəri. Bu istidə heç kim hələ də donu açılmayan insanları yada salmır. Bəlkə ona görə danışalar... Bax, o işdən gələn gözlüklü oğlana bax, Xəyaldır, Arif kişinin oğlu. Ailəlikcə girov düşüblər, heç on yaşı yox idi. 8 qardaşdan tək Arif kişi gəlib çıxa bilib. Hamısı, hamısı meşədə qalıb... Soruş gör o razı olacaq?
Təxminən 30 yaşlarında olan oğlana yaxınlaşıram. Xəyal Əhmədov əsir düşərgəsində 7 yaşında olduğunu deyir. Bizi evinə dəvət edir:
- Atama deyim. Bəlkə o danışar...
İkinci mərtəbəyə qalxırıq. Diqqətimdən yayınmır ki, bu adamlar bizdən fərqli olaraq qapılarına bir neçə kilid vurmurlar. Ümumiyyətlə, qapılar açıqdır. Xəyal mənzilin qapısını itələyib, məni qonaq otağına ötürür. “Atamı çağırım, gəlirəm” deyib başqa otağa keçir. Qonşu otaqdan səs gəlir. Atası etiraz edir:
- Sən bilmirsən ki, mən heç vaxt danışmıram. Gözünün qabağında bu qapıdan neçə jurnalist qaytarmışam?
60 yaşlarında, qarayanız bir kişi içəri girəndə heç danışmayacağından çox narahat idim. Bu, Xocalı sakini Arif Əhmədovdur. Mehribanca “xoş gəlmisiniz” deyəndən sonra, davam edir:
- Qızım, Xəyal demədi gələnin qadın olduğunu... Mən bizim dərdimiz üçün bu istidə Bakıdan Goranboya qədər yol gələn qızı qapıdan əliboş qaytara bilmərəm. Amma icazə verin, əvvəlcə bir dərman içim, bir az keçsin, sonra... Yoxsa halım pisləşir...
- Əlbəttə... çox sağ olun...
- Arifə, qızım qonaqlara çay hazırla, yol gəliblər. Dünya, mənim dərmanımı gətir...
***
Gecənin qaranlığını bayram fişəngi kimi parlayan güllələr işıqlandırır, sükutunu qəfil hücumdan qorxub balasını bağrına basıb meşəyə qaçan insanların naləsi pozurdu. Kətik meşəsində o qədər qar yağmışdı ki, insanlar dizə qədər qarın içində idilər. Şaxtalı qış gecəsində 33 yaşlı Arif qaçaraq meşəyə girəndə bərk-bərk kürəyinə bağladığı beş yaşlı Arifə sevinib qışqırırdı:
- Eeehhhheeeehhhheeeeyyyyy! Meşəyə insan gəlir! Meşəyə insan gəlir!
Bu sözləri sevimli cizgi filmindən eşitmişdi. İnsanların gecə ilə meşəyə axışmasını da oyunun bir hissəsi sanırdı. İllər sonra hamı Arifənin haqlı olduğunu, bunun böyük bir oyunun tərkib hissəsi olduğunu, bu zavallı insanların isə oyunun günahsız qurbanları olduğunu biləcəkdi. Hələ ki, yer üzündəki hər kəs şirin yuxusunda idi. Bircə Xocalı sakinləri başlarını götürüb meşəyə qaçırdılar. Bir də Ermənistan Silahlı Qüvvələri ilə Rusiyanın 366-cı motoatıcı alayının hərbçiləri XX əsrin ən dəhşətli qətliamlarından birini törətmək üçün oyaqdılar.
Arifənin sevincini anası, 32 yaşlı Dünya xanımın qışqırığı yarımçıq kəsdi:
- Ay qız, bəsdir! Kəs səsini, sus! Səs salma!
Anasından inciyən Arifə balaca, toppuş əlləri ilə arxadan atasının boğazına sarılıb susdu. Bu o demək idi ki, “məni qoru, müdafiə elə”.
Soyuqda üzünə, yanağına toxunan balaca, yumşaq barmaqlar Arifi sanki ilan kimi çaldı. Yer üzündə sahib olduğu ən böyük sərvətini - üç övladını bu vəhşət içərisindən sağ çıxara bilməmək qorxusu gənc atanın bütün vücudunu bürüdü. O, dodağının altında pıçıldadı:
- Ay allah, sənə qurban olum, bu körpələrin sevincini yarımçıq qoyma... Bizi qoru...
Arif qorxurdu. Kürəyinə bağladığı 5 yaşlı Arifə üçün, qarışıqlıqda itməsin deyə cibindən tapdığı dəsmalla əlindən biləyinə bağladığı 9 yaşlı Tural üçün, anasının əlindən yapışan 7 yaşlı Xəyal üçün, qarın içində özünə güclə yol açaraq Arifin yanınca qaçan həyat yoldaşı Dünya üçün qorxurdu...
Bu qorxudan aldıqları güclə üzü yuxarı, Kətik meşəsinin başına tərəf qaçırdılar...
...Arif uşaqlarına bir az olar rast gəlmişdi. Ermənilər şəhərə doluşanda o postda idi. Qaynaqçı idi. Xocalının özünümüdafiə dəstələrində çox az sayda olan “Kristal” qurğuları təmir edirdi. Demək olar ki, silah hazırlayırdı. Hadisə baş verəndə elə iş paltarında evə götürülmüşdü.
Qapı-bacanı açıq, evi boş görən Arif bir-bir zirzəmiləri dolaşır, ailəsini axtarırdı. Yaralanıb qan içində küçədə çabalayan insanlardan “bizimkiləri görmədin” deyə soruşurdu...
Nəhayət, Qarqar çayını keçib Kətik meşəsinə tərəf qalxan insanların arasında onları tapdı. Dünya qara bata-baxa üç uşağı güclə daşıyırdı. Arifəni onun kürəyindən açıb, öz kürəyinə bağlayan Arif, Turalın da əlindən tutdu:
- Sən bircə Xəyaldan muğayat ol! Əlini buraxma!
Ciblərini axtarıb ordan böyük, çirkli bir dəsmal tapdı. Bu dəsmalla Turalın əlini öz biləyinə bərk-bərk bağlayıb, Kətiyə doğru qaçdılar.
***
- Gecəni orda, Kətiyin başında keçirtdik. Səhər açılanda gördük elə hamı bizim kimi ətrafda beş-beş, on-on toplaşıb. Dağdan aşağıya, gəldiyimiz yola baxanda gördük meyitlər qarın üzərinə səpələnib.
- Qohumlardan kimisə gördünüz?
- Anam burda idi. Dağın başına qədər gəlib çıxa bilmişdi. Tək anam yox, yaşlı adamlar çox idi. Qaynanamgil də orda idi. Qardaşlarımın yoldaşları hamısı uşaqları ilə burda idilər, amma qardaşlarım heç biri yox idi... Kətikdən aşağı enib, Ağbulağa, Dəhraz kəndinə tərəf gəlməyə başladıq.
***
Artıq heç kimin addım atmağa heyi qalmamışdı. Gecəni meşədə, qarın içində keçirən insanlar taqətdən düşmüşdülər. Arif ağır-ağır addımlarla irəliləyərkən, biləyinə bağladığı dəsmal açıldı və Tural qarın, kolun, tikanın içi ilə aşağı yuvarlandı. Hadisələr elə bir anın içində baş verdi ki, nə ata oğlunu tutmağa, nə də oğul atadan yapışmağa imkan tapmadı.
Dərənin dibindən doqquz yaşlı Tural ağlaya-ağlaya soruşurdu:
- Ata, dalımca gəlməyəcəksən?
Arif qızını kürəyindən açıb qarın içinə qoydu. Arxası üstdə uzanıb sürünə-sürünə dərənin dibinə endi, Turalı qucağına alıb çətinliklə yuxarı qalxdı. Yenidən Arifəni kürəyinə, Turalı biləyinə bağlayıb, yoluna davam etdi...
Sanki bu gün bu meşə lənətlənmişdi. Hər addımda nə isə xoş olmayan hadisə baş verirdi. Düşmən hər kolun, kosun, daşın arxasında gizlənmişdi. Bir balaca səs gələn tərəfi gülləbaran edirdilər.
***
- Bir qardaşımın yoldaşı Müşkülat səkkiz aylıq qızını kürəyinə bağlamışdı. Körpə də elə ağlayır, elə ağlayır... Südəmər körpədir də, soyuq bir tərəfdən, güllə səsi bir yandan, aclıq da bir yandan. Biz də sakit getməyə çalışırdıq ki, ermənilər səs eşitsələr atacaqlar. Orda adamlar düşdü Müşkülatın üstünə ki, sənin uşağın bizi güdaza verəcək, onun səsini kəs. Bir də döndüm ki, Müşkülat qızı kürəyindən açıb əlini basıb uşağın ağzına, boğur... Allahdan əlləri də soyuqdan keyiyib, gücü yoxdur...
- Demək siz Salatının əmisisiniz?
- Bəli. Kiçik qardaşım Yelmarın qızıdır. Yelmar polis idi, Xocalı aeroportunda, rəhmətlik Əlif Hacıyevin yanında işləyirdi. Çox cəsur oğlan idi, 28 yaşında... Xəbəri gəldi ki, yaralanıb, vəziyyəti ağırdır. Son nəfəsinə də çata bilmədik...
- Bu nə vaxt idi?
- Yanvarın 16-da rəhmətə getdi. Elə Yelmarın qırxına hazırlaşırdıq ki, hadisələr baş verdi... Hamımız saqqallı idik...
- Siz Salatının boğulmasını gördünüz?
- Dönüb bunu görəndə elə əlimi atdım ki, uşağı əlindən alam. Gecikmişdim... (Gözləri dolur, davam edə bilmir)
***
Yağış kimi yağan güllələrin altında Arifgil dəstə ilə özlərinə yol axtarırdılar. Bu vaxt təxminən 10-12 yaşlı oğlan dizindən yaralandı. Oğlunun qan içində yerə, qarın içinə yıxıldığını görən Gülşən nalə qoparmağa başlamışdı. Sağa-sola baxıb kömək istəyirdi. Onlardan xeyli qabaqda olan Məmməd həkimi görəndə səsləməyə başladı:
- Məmməd həkim, Rövşən öldü, gəl! Gəl, kömək elə!
Məmməd həkim ayaqları qara bata-bata geri qaçdı. Yanında heç bir dərmanı olmasa da, paltarlarından cırıb Rövşənin dizinin qanını kəsməyə çalışdı...
***
- Məmməd həkim qayıtmaya bilərdi, o içində olduğu dəstə sağ-salamat gəlib çıxmışdı. Amma Gülşənin səsini eşidəndə geri qayıtdı...
- Orda başqa kimlər var idi, adlarını xatırlayırsınız?
- Səttar kişi, İsa kişi, Zəhra xala... Onlar bizdən xeyli qabaqda gedirdilər. Kolların dibindən səs gəlirdi ki, “Bura gəlin, hər tərəf erməni ilə doludur, gəlin burda gizlənək...” Onlar da ayaqlarını yeyinlədib ora tərəf getdilər...
- Siz də?
- Biz hardasa 300-ə yaxın adam hələ arxadayıq. Zəhra xalagil ora çatanda, bu vaxt eyni sözü Zəhra xala qışqırmağa başladı. Sonra Səttar kişi. Bu vaxt Zəhra xala özünü kənara atdı. Elə bil ki, bildirmək istəyirdi ki, bu sözü bizə avtomatı sinəmizə dirəyib dedirdirlər, gəlməyin. Bu vaxt avtomatla düz gicgahından atdılar...
- Zəhra xalanın neçə yaşı olardı?
- Təxminən 50-55 olardı. Uşaqları harda idi, bilmədik. Qardaşı Şahmar oğlu ilə yanında idi. Orda gözümüzün qabağında xeyli cavan adam öldürdülər... Sonra... (Susur, gözləri dolur)
- Sonra?
- Yenə atışma düşdü, ermənilər başladı itlərlə meşəni daramağa... Onda qarışıqlıq düşdü, hərəmiz bir tərəfə qaçdıq və... anamı orda itirdim... (Susur)
- Sonra?
- Hər tərəfdən atırdılar, mühasirədə idik. Biz Dəhraza tərəf çəkildik. O da ermənilərin yaşadığı kənddir. Yəni, istər-istəməz özümüz gəlib girdik Dəhrazın içinə. Dağlardan əlisilahlı endilər üstümüzə, neçə nəfər öldü, neçə nəfər itkin düşdü, dörd bir tərəfdən atırlar, başqa yol yoxdur... Hamını girov götürdülər.
***
Əlisilahlı ermənilər girov götürdükləri 300-ə qədər insanı qabaqlarına qatıb kəndə aparırdılar. Arifə bərk-bərk atasının boğazına sarılmışdı. Arxadan gələn hər güllə səsində uşaqlar içlərini çəkib, diksinir, qorxudan səslərini udurdular.
Arxadan isə atəş səsləri kəsilmək bilmirdi. Onlar meşədə kimə rast gəlirdilərsə, öldürürdülər...
***
- Ayaqla xeyli yol gəldik.
- Sizi hara aparırdılar?
- Bizi gətirib Dəhraz kəndinin ayağında, transformatordan bir az aşağıdakı 3-4 metr dərinliyi olan silos quyusuna yığdılar.
- Orda nə qədər qaldınız?
- Xeyli. Fevralın 27-də girov düşmüşük. O vaxta qədər meşədə qalmışıq. 27-si axşamüstü bizi qabaqlarına qatıb kəndin donuz fermasına apardılar. Çox natəmiz, iyrənc yer idi. İki böyük odun sobası yanırdı. Üstümüzdə daimi nəzarət var idi.
***
Burada ermənilər kənd məclislərində istifadə olunan böyük qazanları ortaya gətirdilər. Yox, əsirləri yeməyə dəvət eləməyi düşünmürdülər. Qazanlar boş idi...
6 nəhəng qazanı ortaya düzüb, bağırdılar:
- Ey, türk köpəkləri! Əl-ayağımız dəyməmiş nə pulunuz, qızılınız var, gətirin tökün bura!
Qadınlar sakitcə əllərini qulaqlarına, boğazlarına, barmaqlarına aparıb nələri varsa, ortaya qoyulmuş qazana boşaldırdı...
Kişilər üstlərindəki pulları çıxardıb qazana atırdı...
- Türk köpəklərinin hesabına qazanlarımızı yaxşıca doldurduq! – deyən erməni yanındakılara ağzına qədər dolu olan altı qazanı aparmağı tapşırdı.
Girovları fermaya gətirəndə kənd camaatı bunu görmüşdü. Kimin ürəyində bir az insaf vardısa, əlinə keçən corabı, qaloşu götürüb fermaya qaçdılar. Hətta ac uşaqlar üçün bir qazan isti yemək də gətirmişdilər. Qadınlarla kənd soveti sədrinin müavini fermanın qapısına eyni vaxtda çatdı. Elə onlar sıra ilə qapının qabağına düzülmüşdülər ki, müavin maşından düşdü. Əlində corab, yemək gətirən erməni qadınlar yerlərindəcə donub qaldılar. Kənd sovetinin müavini əllərini arxasına qoyub kinayə ilə fermaya doldurulmuş girovlara, sonra isə əlində qazan tutan erməni qadınına baxırdı...
İçəridən ac uşaqların çığırtısı sanki bütün Dəhraz kəndini başına götürmüşdü. Yaralıların zarıltısı küləyin uğultusu ilə səs səsə vermişdi...
(Davamı olacaq)