Əvvəli: http://news.lent.az/news/186227
Qadının sifətinə qəfil çırpılan şillə onu qazan qarışıq yerə sərdi. Danqıltı ilə yerə çırpılan qazanın içindəki isti yemək qarı əridib, onun içində özünə getməyə kiçik arx düzəltdi. Qadın, çətinliklə yerindən qalxıb heç nə demədən dönüb çıxıb getdi.
Kənd sovetinin müavini qadını vurduğu əlini açıb yumur, vəhşi baxışlarla fermanın qabağına toplanmış qadınları süzürdü. Qəfil bağırdı:
- İtilin burdan! Ölürsünüz türk köpəkləri üçün! Fahişələr!
Qadınlar sakitcə dönüb evlərinə getdilər...
Onlar uzaqlaşandan sonra kənd sovetinin müavini hərbçilərlə qapının qabağında ermənicə nə isə danışmağa başladı.
***
- Hərbi xidmətdən qayıdandan sonra uzun müddət “Babayanın kantoru” deyilən 12-ci trestdə qaynaqçı işləmişəm. Buna görə də erməni dilini mükəmməl bilirəm. Onların iki dili var. Qarabağdakı ermənilərə “şorduvads ermənisi” deyirlər.
- Bu nə deməkdir ki?
- Yəni, ordan-burdan yığma ermənilər.
- Demək, Qarabağa ordan-burdan yığıldıqlarını, buranın tarixi torpaqları olmadıqlarını etiraf edirdilər?
- Əlbəttə! Onların danışığı da başqa cür idi. Özləri, Ermənistan erməniləri isə başqa cür danışırdı. Onlar Qarabağ ermənilərinə daima “şorduvads ermənisi” sözünü işlədirdilər.
- Fermanın qabağında nə danışdıqlarını başa düşə bildiniz?
- Əlbəttə! Gizlicə qulaq asırdım. Gördüm deyir nələri var alın, qızıl, pul. Bir qəpik də saxlamayın.
- Axı artıq nəyiniz var almışdılar.
- Elə bizə ona görə dəymədilər də. Bizi siyahıya almadılar axı. Tapşırdılar ki, hərbi geyimdə olanların heç birini sağ qoymayın. Kim ki, bizə güllə atıb, bizə qarşı döyüşüb cavabını almalıdır. Onlar bağışlanmayacaqlar! Kimin azyaşlı uşağı varsa pulunu alın, buraxın getsin. Saxlayıb neyləyəcəyik? Onları təhvil versək, gərək yığdıqlarımızı da verək.
***
Qarqar çayını keçərkən islanan insanlar indi yanan sobanın yanına qısılıb, əyinlərini qurutmağa, bədənlərini qızdırmağa çalışırdılar. Körpələr ağlayır, yaralılar zarıyır, böyüklər dua edirdi...
Girovlardan biri, Mahirə adlı qadın qəfil diksindi:
- Bıy bismillah! Ay bala, ay Müşkülat, ay qız sənnənəm!
Boğduğu övladını hələ də kürəyində daşıyan Müşkülat güclə eşidilən səsi ilə dilləndi:
- Nə var, Mahirə xala?
- Ay bala, kürəyindəki uşaq tərpənir, nəfəsi var deyəsən. Aç, aç bax...
Bayaqdan tərpənməyə halı olmayan Müşkülata gözlənilməz bir güc gəldi. Belə bir vəziyyətdə allah bu insanları yadına salıb möcüzə yaradacaqdı? O, uşağı kürəyindən açıb nəfəsi ilə qızdırmağa, südü qurumuş döşü ilə doyurmağa çalışırdı... Salatın balaca dodaqlarını aralayır, çənəsini tərpədirdi. O, sağ idi...
Qapının qabağındakı söhbəti gizlicə dinləyən Arıf qardaşının nəvəsi Ülfətə yaxınlaşdı:
- Get, əynindəki formanı soyun bir tərəfdə gizlət.
- Ay əmi, bizim burdan da o yana yolumuz var? Onsuz da qırılacağıq. Görmürsən, əsir düşmüşük?
İki uşağı və həyat yoldaşı ilə girov düşən dayısı oğlu Yusifəliyə yaxınlaşdı. Ondan da eyni cavabı aldı. Eşitdiklərini kimə dedisə, hamısının “onsuz da axırımız ölümdür” cavabı ilə qarşılaşdı.
Yusifəli ailəsi ilə girov düşmüşdü. O üç yaşlı qızı Lamiyəni, həyat yoldaşı İradə isə iki yaşlı oğlu Ramili qucağında saxlamışdı. Lamiyə sakitləşmir, ağlayır, çığırırdı. Yusifəli uşağı sakitləşdirmək üçün İradəyə verdi. İradə oğlu Ramili anasına, Müşkülata uşağı özünə gətirməkdə kömək edən Mahirəyə verdi.
Bu vaxt içəri daxil olan ermənilər girovların içində hərbi geyimdə olanları seçməyə başladılar. Çox keçməmiş on dörd gənc ailəsindən, uşağından ayrılıb fermanın qapısı qabağında sıra ilə düzülmüşdü.
Qadınlar ağlayır, gənclərin anaları balalarını aparmamaları üçün ermənilərə yalvarırdı. Bir neçə dəqiqə əvvəl qızı Lamiyəni atasının qucağından alan İradə Arifin “körpəsi olanlara dəyməyəcəklər” sözünü xatırlayıb uşaq qucağında irəli çıxdı:
- Al, bunu da apar. Atasını aparırsan, balasını neyləyəcəm? Al, apar. Balasını da, məni də, apar...
Ermənilərdən biri söyərək silahının arxası ilə İradəyə elə bir zərbə ilişdirdi ki, qadın qucağındakı uşaqla yerə sərildi...
On dörd nəfər gənci sıra ilə qapıdan çıxardıb apardılar. On dörd ümid, on dörd sevgi donuz fermasının qapısından çıxıb cinayətkar kimi əli silahlı ermənilərin nəzarəti altında qeyri-müəyyən istiqamətə aparıldı...
Qadınların arasında biri üzünü cıra-cıra deyirdi:
- Axı mənim bu yer üzündə üç oğuldan başqa heç kimim yox idi, niyə üçünü də birdən apardılar? Mənim artıq kimim qaldı ki? Mən kimin üçün qaldım? Kimə lazımam?
Bu Matan arvad idi...
Fermanın taxtadan olan böyük darvazaları bağlandı. Analar övladlarının dalınca ağlayır, körpələr atalarının dalınca çığırırdılar...
Kişilərdən bir neçəsi qapıya yaxınlaşıb, taxtaların arasındakı kiçik deşiklərdən on dörd nəfərin öz ayaqları ilə son mənzilə necə getməsinə tamaşa eləyirdi...
***
- O deşiklərdən nə isə görmək mümkün idi?
- Baş verənlərin hamısını görmək mümkün deyildi, amma kiçik yarıqdan baxanda az-maz görmək olurdu. Silos quyusu ilə fermanın arası hardasa 200 metr olardı. Ferma yuxarıda idi, quyu isə aşağıda. On dörd nəfəri aparıb həmin quyunun kənarında cərgə ilə yığdılar...
Mən həm əsgərlikdə olmuşam, həm də döyüşdə. Boş dəyən gülləni o saat bilirəm. Yəni döyüşdə olanlar bunu o saat müəyyən edə bilirlər. Uzaqdan “tıp”, “tıp” səsi gəlirdi, adamlar bir-bir aşıb silos quyusuna düşürdülər.
- Neçə dəfə atəş açdılar? Boşa gedən oldu?
- Saydım. Düz on dörd güllə idi, heç biri də boşa getmədi... Bunu gözümlə gördüm. Bizim uşaqları bir-bir vurub yığdılar silos quyusuna. Sonra da ekskavatorla üstlərini örtdülər...
Bu, əsirliyin ilk gecəsi idi.
***
Səhər açıldı. Məmməd həkim, əl-ayağı donmasına baxmayaraq, bir-bir yaralıların vəziyyəti ilə maraqlanır, kömək etməyə çalışırdı. Onun paltarları cırıq-cırıq idi. Demək olar hamısını yaralılara sarğı kimi istifadə eləmişdi. İçəri girən Sergey adlı erməni həkimi diqqətlə süzəndən sonra qəfil cibindən çıxartdığı süngü bıçağı ilə onun üstünə şığıdı.
Artıq bu həyatda heç kimi qalmayan, yaşamağa heç bir səbəbi olmayan Matan arvad ayağa qalxdı:
- Dəymə ona!
Arifin qaynanası Sürəyya da yerindən qalxdı:
- Toxunma!
Yaşlı qadınlardan Şəndə ilə Minarə də dilləndi:
- Sənə nə ziyanı var onun? Yaralımıza, xəstəmizə baxır...
Yaşlı qadınlar erməninin tək olduğunu görüb ürəklənmişdilər. Matan arvad azərbaycanca təmiz danışan erməninin qabağına keçıb, dayandı:
- On dörd nəfərimizi apardınız, niyə ürəyiniz soyumadı?
- İndi onun başını kəsəcəm!
- Niyə? Neyləyib sənə? Biz azərbaycanlılar neyləmişik sənə?
- ...Mən Sumqayıtda yaşamışam. Uzun illər... Sumqayıt hadisələrində qonşularım ailəmi, uşaqlaırmı öz evlərində şifonerə salıb gizlətmişdilər. Səhər isə bizi gizlicə şəhərdən çıxardıblar...
- Bunun əvəzinə...
- Ona görə ki, türkdür! Lənətə gəlmiş türk!
Qadınlar bir səs-səsə vermişdi:
- Sənə ki, heç nə eləmir...
- Sənin ailəni Sumqayıtdan belə, bu kökdə çıxardıblar? Gör nə haldayıq...
- Bizə, yaralılara kömək edir, ona dəymə...
Matan arvad dilləndi:
- Üç cavan balamı apardın, bu həkimi mənə bağışla...
Sergey boğazından tutub sıxdığı Məmməd həkimi yerə buraxıb, bıçağını cibinə qoydu:
- Sizin həkim qurban olsun Sumqayıtdakı qonşularıma. Onlara bir can borcum var idi...
Qadınlar elə alqışa başlamaq istəyirdilər ki, Sergey cavan qızlar oturan tərəfə üz tutdu:
- Qalxın! Yeməkxanamız yaman gündədir, təmizləməyə adam lazımdır! – Xüsusi istehza ilə əlavə elədi - Ey, doktor, sən də bizimlə gəlirsən!
Bir neçə gənc qız və Məmməd həkim Sergeyin qabağına düşüb getdi. Həkimin ayaqları güclə yer tuturdu...
Xeyli keçmiş Məmməd həkim qızlarla qayıdanda qucağında bint və spirt var idi. Qızlar isə peçenye və şokoladla qayıtmışdılar. Onlara işlərinin müqabilində sarğı ləvazimatı və yemək vermişdilər. İki gündür meşədə, qarın içində qalıb donan yaralılar üçün bu ələdüşməz hədiyyə idi...
***
- Mən yalandan deməyəcəm ki, orda qıza-qadına təcavüz oldu, yox! Elə adam hiss olunur. Qızlar getdikləri kimi də qayıtmışdılar. Məmməd həkim də yanlarında idi. Fermada saxlanılan girovlara qarşı təcavüz olmadı, amma döyürdülər...
- Nə ilə döyürdülər?
- Təpiyin altına salırdılar. Hərbçi çəkməsi ilə vurulan zərbə də yüngül zərbə deyil. Bir də avtomatın qundağı ilə... Bizdə Tarzan var idi, onu çıxardıb darvazanın qabağında, ata-anası baxa-baxa meyitini atdılar. Oğlanın ağzından, burnundan qan gəlirdi...
- İçinizdə yaralı çox idi?
- Çox idi. Əksəriyyətin də ayağını şaxta aparmışdı.
- Məmməd həkimin əlləri donmuşdu, gətirdiyi binti, spirti istifadə edə bildi?
- Məmməd həkim orda çox əziyyət çəkdi... Onu da döymüşdülər, halsız idi. Əlləri donmuşdu, heç nə tuta bilmirdi. Buna baxmayaraq, yaralılara ilk tibbi yardım göstərirdi. Gözümlə gördüm, biri mənim baldızım Gülxarın ayaqları... Ayağını don aparan qadınlar və uşaqlar uzanmışdı. Məmməd həkim isə diz çöküb dişi ilə onların yarasının dərisini soyur, dərman çəkib sarıyırdı...
***
Əsirliyin üçüncü günü səhər donuz fermasının taxta qapıları sona qədər taybatay açıldı. İçəri girən bir dəstə erməni girovların arasında dolaşıb kişiləri seçməyə başladılar. Kişilərin yaxalarından tutub qaldırır, qapıdan çölə itələyirdilər. Arifə atasının qucağında idi. Turalla Xəyal isə ona qısılıb oturmuşdular. Arifin sinəsindən tutub dartanda oğlanlar atalarının ayaqlarından yapışıb onunla irəlilədilər. Arif sağ əli ilə qızını bağrına basıb, sol əli ilə Xəyalın əlindən yapışdı. Tural əlini qaldırıb, atasının bacısını qucaqlayan əlindən yapışmışdı.
Şaxta bıçaq kimi kəsir, külək qar dənələrini donuz fermasının qarşısında sıra ilə düzülmüş girovların üzünə çırpırdı. Qadınlar dəstə ilə gəlib qapının qabağında toplaşmış, bu dəfə nə baş verəcəyini gözləyirdilər. Ermənilər bir-bir sıranın qarşısında addımlayır, kişiləri təpədən dırnağa diqqətlə süzür, gözlərinə sağlam, orta yaşlı görünənləri cərgədən ayırıb bir tərəfə atır, yarası ağır, yaşama ehtimalı az olanları isə qadın olan tərəfə itələyirdilər.
Arifənin balaca qolları atasının boğazına dolanmışdı. Üzünü Arifin saqqalına söykəyib dayanmışdı. Arif ürəyinin üstündə körpə qızcığazın ürək döyüntülərini eşidirdi. Ovcunun içində buz kimi donmuş əl elə çırpınırdı ki, sanki əlindəki Xəyalın əli yox, bapbalaca ürəyidir...
Üç övladları ilə ermənilərin qarşısında sıraya düzülüb, haqqında veriləcək qərarı gözləyən Arifin tək ümidi əsirliyin ilk günü qapının qabağında eşitdiyi sözlər idi: “Kimin uşağı var, buraxın rədd olub getsin!”
Turalla Xəyal titrəyərək ermənilərin cərgədən dartıb çıxardıb kənara atdıqları kişilərə baxırdılar. Bu vaxt təxminən 25-26 yaşlı bir oğlan Arifin qarşısında dayanıb, erməni dilində soruşdu:
- Rəfili sənsən?
Rəfili Arifin böyük qardaşı idi. Bir-birlərinə çox bənzədiklərindən Xocalıda belə onları dəyişik salırdılar. Arif başını qaldıranda qarşısında Xocalıya traktorun üstünə bağladığı xüsusi “budka” ilə Əsgərandan çörək gətirib satan Pesanı tanıdı.
- Yox, qardaşıyam...
- Bəs Rafiq hanı?
- Xəbərim yoxdur.
- Bu uşaqlar sənindir?
- Hə.
- Bəs anaları hanı?
- Meşədə qaldı, donub öldü... Uşaqların olanı bircə mənəm...
Sıraya düzülənlərin arasından qurbanlarını seçən iki erməni Arifə yaxınlaşanda Pesa onun sinəsindən itələyib uşaqları ilə bir yerdə qadınların içinə yıxdı.
- Pesa, o kimdir?
- Yazığın biri! Qoy getsin, yaşasın.
Sıraya düzülən kişilərin arasından 35 nəfəri seçib komanda verdilər:
- Qalxın, əllər yuxarı vəziyyətdə “KamAZ”a doluşun!
***
- 35 nəfərin taleyi necə oldu?
- Xankəndinə apardılar. İki aydan bir, üç aydan bir birini buraxdılar. Əsasən orta yaş qrupunu yığıb apardılar. Ondan sonra mən qardaşımın balalarını da uşağı olmayanlara payladım. Hərənin qucağında bir uşağı olsun dedim. Dillərindən eşitmişdim ki, uşağı olanı buraxacaqlar. Əlimdən gələn bu idi, bunu edirdim. O şəraitdə başqa heç bir kömək eləməyi bacarmırsan. Sən də hamı kimi çarəsizsən...
- Orda sizə yemək verirdilər?
- Arada bir hərəyə bir qaşıq qaynanmış buğda verirdilər.
- Bəs çay?
- Gəlib deyirdilər odununuz qurtarır, kim gəlir, gəlsin gətirsin. Odun da qurtarsa donub öləsiydik. Uşaqlar bir tərəfdə acından çığırır, yaralılar o biri tərəfdə zarıyır, oğlu, qardaşı, yoldaşı aparılan qadınlar özün döyüb ağlayır. Elə vəziyyət idi ki, indi onu nə mən sizə danışa bilərəm, nə də siz dinləyə bilərsiniz...
- Odun arxasınca kim gedirdi?
- Hər adam ürək eləyib ayağa qalxmırdı. İçimizdə bircə Kamil var idi, o qalxırdı, gedib gətirirdi. Kamil neçə dəfə odun üçün də getmişdi, isti su üçün də...
***
Günortadan bir az keçmiş taxta qapılar yenə açıldı. Bu dəfə kimin növbəsidir deyə hamı içəri girən Sergeyin danışmağını gözləyirdi:
- Belə qərara gəlmişik ki, sizi buraxaq! Onsuz da bizə bir xeyriniz yoxdur! Boş yerə odun yandırırıq, yemək, çay veririk. Erməni xalqı sizə öz qonaqpərvərliyini, böyüklüyünü bu qədər göstərdi, kifayətdir! Azadsınız!
Özü ayaq üstdə dayanmağa çətinlik çəkən böyüklər uşaqları qucaqlarına alıb, kürəklərinə bağladılar.
- Amma! Bu yaralı oğlanı adyalın arasına qoyub aparacaqsınız. Bax, burdan Gülablıya qədər o adyal neçə dəfə yerə dəysə, bir elə atəş açacağıq! Hər dəfə biriniz öləcəksiniz. Əgər yaşamaq istəyirsinizsə, bu adyal yerə dəyməyəcək!
Dizindən yaralanan Rövşəni adyalın arasına qoyub, altı nəfər hərəsi bir tərəfindən götürdü. Ayağını don vurmuş insanlar bir-birindən yapışıb ayağa qalxmağa çalışırdılar. Qalxır, yıxılır, bir neçə cəhddən sonra qapıya doğru addımlayırdılar.
Demək olar ki, hamının qucağında uşaq var idi. Uşağı olmayanların da...
Arif Turalla Xəyalın əlindən tutmuşdu. Arifə isə anasının kürəyində idi. Qızcığaz meşə ilə qayıdarkən bir kəlmə də danışmadı...
Meşədə düşmən mühasirəsinə düşəndə 300-ə qədər adam olan xocalılardan cəmi 185 nəfəri qalmışdı...
Rövşəni aparan dəstəyə Kamil başçılıq eləyirdi. Döyülməkdən onsuz da şil-küt olan Kamil əyilib aşağı baxa-baxa gedir, adyalın altı hər yerə yaxınlaşanda qışqırırdı:
- Qaldırın! Qaldırın! Dəyəcək...
Üç gün öncə gəldikləri yolu qayıdırdılar. Hələ də meşədə saysız-hesabsız insan meyitləri var idi... Onlar ruhsuz bədən kimi qarın üstünə səpələnmiş meyitlərin arası ilə güclə yeriyir, donmuş meyitlərin arasından tanış simaları görür, halsız-halsız bu üzlərin içində yerdə itmiş üzüyünü axtaran gənc qız kimi doğmalarını axtarırdılar...
***
- Kamil qoymadı o adyal yerə dəysin. Bizi, 185 nəfəri Dəhrazdan Ağdamın Gülablı kəndinin başına qədər gətirib, buraxdılar. Meşə yolu, dərə, təpə... Yollara səpələnmiş meyitlər... Görürdün ki, sağlam adamlar da donub qalıb. “Dədə Qorqud”da necə insanlar daşa dönür, bax eləcə, hamısı buz bağlamışdı... Danışmalı şey çoxdur, qızım. Amma ürəyim bundan artığına dözmür. Çox dərinə gedə bilmirəm...
- Yaxşı, son sual, xahiş eləyirəm... Qardaşlarınız...
- On qardaş olmuşuq, hamımız da qonşu. İki böyük qardaşım hadisəyə qədər rəhmətə gedib. Mən altıncı oğulam. Kiçik qardaşım Yelmar hadisədən bir az əvvəl... Atam da rəhmətə getmişdi, anamın isə 74 yaşı var idi...
- Heç birindən xəbər tuta bilmədiniz?
- Gəlib burda əsirlikdən qayıdanların arasında, meyitlərin içində qardaşlarımı, anamı axtardım. Anamın 74 yaşı var idi, əlimi üzdüm... Amma qardaşlarımı... çox... çox axtardım...
- Heç görən də olmayıb?
- Öldü bildiyimiz adamlar gəlib çıxırdı. Murad müəllim var, əvvəllər bizdə təhsil idarəsinin müdiri olub. O dedi ki, qardaşın Eldarı gördüm...
***
Gecə Kətik meşəsində qarın içi ilə qaçıb ailəsini, övladlarını axtaran Eldar bir ağacın dibinə atılmış sırıqlıya rast gəlir. Özünü boş sırıqlının üstünə atan ata “Onundur, Fəqanındır!” deyib hönkürməyə başlayır.
Yanındakılar onu sakitləşdirib, yollarına davam etməyi məsləhət görürlər:
- Onun olduğunu nə bilirsən? Bütün sırıqlılar eynidir!
- Yox, bu Fəqanındır! Axşam anası tikib düzəldirdi. Bax, burdan, qolunun altından cırılmışdı. Həmin yeri tikilidir! Oğlumu... Oğlumu öldürdülər...
Yanındakı insanlar onu sakitləşdirməyə çalışdıqca Eldar üsyan edirdi. Bir az keçmiş istilik hiss eləməyə başladı. Sərinləmək üçün dayanmadan ovuc-ovuc qar yeyirdi. İnsanlar sağdan, soldan qaçıb gedir, Eldar isə oğlunun sırıqlısını qucağına basıb hönkürür, “Oğlumu öldürdülər” qışqıraraq yerdən qarı ovuclayıb, ağzına doldururdu...
Yanındakı adamlar Eldarı nə qədər özləri ilə aparmaq istəsələr də, artıq onun ayaqları yer tutmurdu. Ağacın dibinə, qarın içinə çöküb sırıqlı qucağında bağırırdı: “Oğlumu öldürdülər”. Onu sakitləşdirə bilməyəcəklərini görüb Eldarı bu vəziyyətdə, elə sırıqlını tapdığı ağacın dibində qoyub, yola düzəldilər. Arxadan Eldarın hönkürərək “oğlumu öldürdülər” naləsi ucalırdı... Bu, onu tanıyanların yadında Eldarla bağlı son xatirədir...
Bundan sonra onu heç kim görməyib.
Ağacın dibinə atılmış sırıqlının da hekayəsi var. Fəqan özü danışır:
- Düşmən gülləni yağış kimi yağdırır, nəfəs dərməyə imkan vermirdi. Ailəmdən uzaq düşmüşdüm, qaçır, qaçırdım. Birdən çox isti oldu. Görəndə ki, qaça bilmirəm, sırıqlımı çıxarıb qaça-qaça tulladım bir ağacın dibinə... Ayaq altına atmadım ki, o biri qaçanların ayağına dolaşmasın. Onsuz da kol-kosun, qarın içi ilə ayaqlayın adamlar güclə qaçırdılar...
***
- Xəyal, o günlərdən yadınızda nə qalıb?
- Yemək yeyirdik. Anam dedi ki, çəpərin dibindən erməni səsi gəlir. Tez kiçik bacımı kürəyinə bağladı, qardaşımla da mənim əlimdən tutub evdən çıxdıq. Atamın dalınca gedirdik. Getmirdik, qaçırdıq... Anamın ayağına çatmaq üçün qardaşımla qaçırdıq. Başımı yuxarı qaldırdım, qaranlıqda güllələr işıq saçırdı. Nə güllələri idisə, qaranlıqda səma qıpqırmızı görünürdü. Güllələr qaçan insanlara dəyirdi... Ağlını itirən insan necə qaçar, bax elə qaçırdıq ki, atama çataq. Atamın dalınca işə gedirdik. Gedib gördük atam orda yoxdur... Demə, atam da vəziyyəti görüb, bizim arxamızca gəlib...
***
185 nəfər yaralı, yorğun, tükənmiş insan ayaqlarını sürüyə-sürüyə, ermənilərin nəzarəti altında Ağdamın Gülablı kəndinə yaxınlaşdılar...
- Burdan o yana özünüz gedin!
Qarşıda milli ordunun əsgərləri iki avtobusla onları gözləyirdilər. Avtobus birbaşa Ağdam şəhər xəstəxanasına gəldi. Elə ilk müayinədən məlum oldu ki, bir çox insan ayaq barmaqları ilə vidalaşmalı olacaq. Çoxunun ayaqları gəlsə də, canları – barmaqları canlarından - ayaqlarından ayrılıb o torpaqlarda, o meşədə, o dağda qalmışdı...