Cəhənnəmdə görüş, “Fəryad”ın gerçək qəhrəmanı, özünü qayadan atan qız... – <span style="color:red;">ƏSİR DÜŞƏRGƏSİ
29 aprel 2015 10:47 (UTC +04:00)

Cəhənnəmdə görüş, “Fəryad”ın gerçək qəhrəmanı, özünü qayadan atan qız... – ƏSİR DÜŞƏRGƏSİ

Lent.az-ın rezonans yaratmış “Əsir düşərgəsi” layihəsi davam edir. Layihənin bu dönəmində də Vüsalə Məmmədovanın təqdimatında əsirlikdən qayıdan insanların hekayələrini yayımlayacağıq. O insanların ki, səhərlər avtobusda, metroda yanaşı əyləşib işə gedirik, mağazada onlardan nə isə alırıq, küçədə yanaşı addımlayırıq. Onları özümüz kimi sıradan vətəndaş sayırıq. Amma onlar bu ölkənin tarixinin canlı səhifələridir. Onları bir-bir çevirib oxumaq, dinləmək lazımdır. Lazımdır ki, gördükləri, bildikləri, yaşadıqları özləri ilə o dünyaya köçüb getməsin. Lazımdır ki, biz müharibəni unutmayaq! Çünki əgər müharibəni unutsaq, o geri qayıdacaq...

 

Yenə 23 il əvvəl, yenə o dəhşətli günlər... “Əsir düşərgəsinə” boylanmağa davam edirik.

 

*** 

 

 

Əvvəli: http://news.lent.az/news/200191

 

Verdi ondan aralanıb, kənarda dayanan maşına tərəf getdi. Bir az keçmiş maşından iki qadın endi. Onlardan biri, təxminən otuz beş yaşlarında olanı gəlib “Niva”ya yaxınlaşdı. Qapını açıb içəri baxanda qorxub içini çəkdi:

 

- Boy bismillah!

 

- Bacı, qorxmayın, mən də azərbaycanlıyam...

 

- Hardansan?

 

- Xocalıdanam...

 

- Sürücü dedi Kəlbəcərdənsən...

 

- Atam-anam ordandır.

 

- Kimlərdəndir?

 

- Dayımı orda yaxşı tanıyırlar. Salman Salmanov...

 

- “Selpo”nun müdiri?

 

- Hə, hə...

 

- Atamın dostudur. Mən də Bəhramın qızıyam.

 

- “Təminat” Bəhramın?

 

- Hə...

 

- Onun qızı müəllimə idi, Sevinc müəllimə...

 

- Bəli, mənəm...

 

- Bura necə düşmüsünüz?

 

- Bizim kəndi, Ağdabanı işğal etdilər axı... Bizi də girov götürdülər... İndi də dəyişməyə gətiriblər. Sizi də?

 

- Yox, məni dayımla danışdırtdılar. Hələ dəyişmirlər...

 

- Gözlə, indi gəlirəm.

 

Oğlanın hələ burada qalacağını bilən qadın maşına qayıtdı. Az keçmiş, əlində bir az çörək və göy soğanla qayıtdı:

 

- Al, bu soğan-çörəyi burada bizə yeməyə veriblər. Biz dəyişilirik, sən ye... Allah bilir hələ nə qədər burada qalacaqsan...

 

Sevinc müəllimə gəncin soğan-çörəyi necə gözünə təpməyinə tamaşa etdikcə, onun aylardır nələr çəkdiyini, necə yaşadığını təsəvvür edə bilirdi. Elbrus tələm-tələsik yeməyini bitirib, bayaq maşından enən ikinci qadını göstərdi:

 

- Bəs o yanındakılar kimdir?

 

- Sovet müəllimdir. Yanındakı da onun qızıdır. Onlar da Ağdabandandırlar.

 

Elbrus atasının yanında dayanmış gənc, şux, dolu bədənli qızdan gözünü çəkə bilmirdi. O, çox gözəl qız idi. Sonra eşidəcəkdi ki, qız girovluqdan qayıdandan sonra özünü Şamaxıdakı bir qayadan atıb öldürüb.

 

Sevinc müəllimə ilə burada sağollaşdılar. Qadın maşına qayıtdı. Elbrusu isə yenidən Əsgərana, həbsxanaya qaytardılar. Qapıda onu türmə rəisi Babayan qarşıladı:

 

- Ara, bu zibilə yiyə duran olmadı? Yenə geri qaytardınız bunu? Bunu artıq kameraya salmayın, atın təcridxanaya.

 

Elbrusu sürüyərək, iki qapıdan keçirtdilər. İkinci qapıdan sonra, yollar zülmətə sarı uzanıb gedirdi. Və nəhayət, o zülmətə çatdılar. Onu qaranlığa salıb qapını örtdülər. Aşağı çökdü, tutulan ayaqlarını uzatmaq istəyəndə bacarmadı. Bura hətta ayaqları uzada bilməyəcəyin qədər darısqal idi. Elbrus bir neçə dəfə başqa istiqamətlərə ayağını uzatmaq  istəsə də, alınmadı. Əlləri ilə qaranlığı gəzib, hardansa tapdığı kiçik yastığa oxşatdığı şeyin üstündə oturub azacıq rahatlanmaq istəyirdi ki, canına qaşınma düşdü. Yastıqdakı bitlər ona darışdı və gəncin buradakı günləri ancaq bədənini qaşımaqla keçdi...

 

Gecənin düşdüyünü generator işləməyə başlayanda bilirdi. Səs kəsiləndə, səhər açıldığını güman edirdi.

 

Bir həftə nə qapı açıldı, nə səs gəldi.

 

Gənc “yəni mən bu qədərmi sahibsizəm, burada atılıb qalmışam, bitlərin içində ölürəm” deyə düşünürdü ki, onu huş apardı. Ağ geyimli, əsalı, əmmaməli, saqqallı nurani bir qoca qarşısında dayanmışdı. Elbrus tez “bismillah, bu nə idi” demişdi ki, qoca əlini ona uzatdı:

 

- Qorxma, bala.

 

Elbrus dik atıldı. Yuxuda olub-olmadığını aydınlaşdıra bilmədi. Amma çox qorxurdu. Ona elə gəlirdi ki, dəli olur. “Ölmək daha yaxşıdır. İlahi, ağlımı alma... Bu dar günlərdə ağlıma güc ver”, - deyə dua edirdi.

 

Bir saat keçməmiş, qapı açıldı. Erməni nəzarətçi əlindəki fənəri onun üzünə salanda, tərpəndiyini gördü:

 

- Ara, səndə sifət gördüm, hələ ölməmisən?! Dur, qalx, gedirsən evə!

 

Elbrus əllərini divara dayayıb qalxmağa çalışdıqca, sürüşüb yıxıldı. Bir həftə idi ki, ayaqlarını qarnına yığıb oturmuşdu, indi ayaqları açılmırdı. Nəzarətçi iki məhbusu çağırıb:

 

- Bu türkü aşağı aparın! – dedi.

 

Məhbuslar onu həyətə çıxartdılar. Həbsxananın həyətində bir neçə hərbçi ilə bir qadın dayanmışdı. Qadın onu göstərib, həbsxana rəisindən soruşdu:

 

- Budur?

 

- Bəli!

 

- Bu lazım deyil, bu ölür... meyitdir...

 

- Başqası yoxdur. Olan budur... Belə olmağına baxma, bir həftədir karserdədir, yeyib-içsə düzələr!

 

- Yaxşı, indiki seçimimiz yoxdur, gətirin atın maşına...

 

Hərbçilər gənci qolundan sürüyərək gətirib UAZ maşınına atdılar. Elbrus bütün xocalılar kimi, “Tofiqin UAZ-ı” deyilən bu maşını yaxşı tanıyırdı, işğaldan sonra ermənilər öz maşınları kimi istifadə edirdi.

 

***

 

Qapını yaşlı kişi açdı. Ona müştəri gözüylə nəzər yetirib, hərbçilərə onu yerləşdirəcəkləri otağı göstərdi. Evin ən kiçik otağına girəndə Elbrusun gözünə ilk dəyən servant oldu. Bu köhnə, nənə cehizini xatırladan servantdan onun qəlbinə elə bir doğmalıq hopdu ki, bir anlıq dəyişdirildiyini düşündü. Başqa nə isə düşünməsi mümkün də deyildi. Axı bura erməni evi deyildi... Servantın şüşə qapılarının birinə Qarabağda əksər evlərdə olduğu kimi Seyid Lazım ağa ilə, Fuğara seyidin şəkilləri taxılmışdı. Bu gördüklərindən Elbrusun içinə əminlik dolmuşdu. Ancaq sevinci ani çəkdi. Servantın ikinci gözündən erməni katolikosu Vazgen boylanırdı.

 

Servantın yanına köhnə tüfəng söykəmişdilər. Bir az aralıda divara vurulan təqvimə inansa, aprelin 25-i idi.

 

Çirkli, cırıq, bitli paltarları, uzanıb üz-gözünə dağılan saç-saqqalı, bədənində quruyub qalan qan ləkələri ona elə bir görkəm verirdi ki, kim görsə qorxurdu.

 

Yaşlı qadın səsi gəldi:

 

- Saşa, bunu neynirik? Görmürsən ölür? Yəni bir normal türk tapa bilmədiniz?

 

- Bunu da güclə tapmışıq, Marqo. Çarə ona qalır ki, yaxşı qulluq edək, özünə gəlsin. Yaralarını sağaldaq.

 

- Sənə deyirəm bu ölür. Buna necə qulluq edək, nə yedirdək ki, yaşasın...

 

Divana atılıb qalan girov nəsə mızıldanmağa başladı. Səsi güclə eşidilirdi. Marqo girova tərəf əyildi:

 

- Nə deyirsən, türk? Nə istəyirsən?

 

- Qozla balı qarışdırsan, ölünü də dirildir...

 

Saşa tez dilləndi:

 

- Görürsən, ölüb eləmir. Hələ bizimlə məzələnir də. Deyirlər bir həftə karserdə qalıb, ona görə bu kökə düşüb. Ayaqları da tutulub. Yaxşı baxsan, düzələcək...

 

Marqo deyinə-deyinə otaqdan çıxdı:

 

- Mən axı qozu hardan alım...

 

Elbrus erməni evində olduğunu başa düşsə də, nə üçün burada olduğunu anlaya bilmirdi. Onu incitmirdilər. İki ay çirk içində qalandan sonra ilk dəfə burada hamama girib yuyundu, çıxanda ev sahibi olan yaşlı kişi ona geyilmiş yasəməni köynək, boz şalvar, mavi rəngli yun jaket və alt paltarları verdi:

 

- Al, bunları geyin. Sənin paltarların geyinməli deyil, bitin içindədir hamısı. Yuyacaqlar. Sən bayaq oturan divanın örtüyünü də götürdük ki, yuyaq. Nə gündəymişsən sən... Tez ol, geyin, dəllək çağırmışam gəlib. Məcnuna oxşayırsan, saçını saqqalını qaydaya salsın. Qapıdan girən səni belə görsə qorxudan dili batar...

 

Dəllək gedəndən sonra Saşa ilə Marqo Elbrusun qoluna girib, divanda onun üçün açdıqları yatağa uzandırdılar. Amma hələ də bir kəlmə söz demədilər.

 

Gecə düşdü. Elbrus iki aydan sonra ilk dəfə idi ki, nəm beton üstündə yox, rahat yataqda uzanmışdı. Düzdür, düşmən evi idi və burada nə məqsədlə saxlanıldığını bilmirdi. Amma biri var ölümü karserdə gözləyəsən, biri də var yataqda. Ölümü gözləyən insan üçün bir dəfə yuyunmaq, bir gecə rahat yataqda yatmaq hər şey idi...

 

Gecəyarısı yuxudan tappıltı səsinə oyandı. Bu yad evdə, naməlum insanların arasında nə tappıltı idi? Ona olan bu anlaşılmaz münasibətdən şübhələnib əlini yatağının yanındakı əl ağacına atdı. Divar saatında saat 4 idi.

 

Çətinliklə də olsa, addımlayıb, qaranlıqda səs gələn tərəfə getdi. Səs mətbəxdən gəlirdi. Marqo yerdə oturmuşdu. Döşəməyə bir qəzet salıb, üstündə qarşısına qoyduğu bir boşqab qozu çəkiclə sındırırdı...

 

Elbrus Marqonun gözünə görünməmək üçün sakitcə yerinə qayıdıb, yatağına uzandı. Bir erməni qadını gecənin bu vaxtı niyə düşmən üçün qoz axtarıb tapsın, gecə ilə onu sağaldacaq dərman hazırlasın ki? Görəsən Elbrus üçün nə planlayırdılar? Nədir bu qeyri-müəyyənlik? Yəni bir güllə ilə insanın ömrünü yarıda kəsmək belə çətindir ki, onu bu qədər mürəkkəbləşdirirlər? Bu suallar Elbrusu yuxuya getməyə qoymadı. Marqonun qoza çırpdığı hər çəkic zərbəsindən sanki gəncin keyimiş varlığı canlanır, qəlbində tərəddüdlə şübhə qarışıq bir ümid hissi baş qaldırırdı.

 

***

 

Dan yeri yenicə işıqlaşırdı ki, Marqo Elbrusun yatağının yanına kiçik stol qoydu. Sonra mətbəxdən gətirdiklərini stolun üstünə düzdü: qozla bal qarışığı, üç kiloluq balonla bir konyak və stəkan:

 

- Dediklərini tapıb düzəltdim. Qozu tapmaq çətin oldu, bir neçə nəfərin qapısına getməli oldum, axır ki, tapdım. Hər səhər yuxudan oyananda bu qarışdırdığımdan bir qaşıq yeyib, üstündən də 100 qram konyak iç. Onda tez özünə gələcəksən. Unutma, sən tez özünə gəlməlisən. Mən burda sənin necə öldüyünü izləyə bilmərəm!

 

Marqo başqa heç nə demədən, çıxıb getdi. Elbrus qadının dediyi kimi də etdi. Heç bir hətfə çəkmədi ki, əməlli-başlı özünə gəldi. Düzdür, yenə də əl ağacı ilə gəzirdi. Amma itirdiyi taqəti bərpa olunmuşdu.

 

***

 

- Oğlum Eduard Xaçaturyan əsirdir. Onu azad etmək üçün, bu türk girovunu tapmışıq. İndi istəyirik oğlumla dəyişək. Oğlum döyüşə könüllü gedib. Bütün kişilər kimi, o da müharibəyə getdi. Mən isə anayam və bütün analar kimi müharibə istəmirəm. Nəvələrim atalarının yolunu gözləyir...

 

Marqo bu sözləri Rusiyanın Ostankino kanalindan gələn çəkiliş qrupuna danışanda, Elbrus niyə burada olduğunun səbəbini anladı. Jurnalist qadın rus, operator isə erməni idi.

 

Elbrusu stol arxasında oturdub, əl ağacını kadrdan çıxartdılar. Jurnalist mikrofonu Elbrusa uzatdı:

 

- Adınız...

 

- Abbasov Elbrus.

 

- Haradansız?

 

- Xocalıdan.

 

- Niyə ermənilərə qarşı vuruşmusan?

 

- Mən tələbəydim. Bakıda oxuyurdum. Xocalıya gəldim və şəhər blokadada olduğundan sonra oranı tərk edə bilmədim. Vertolyot qəzasından sonra Xocalının hava yolu da bağlanmışdı...

 

Operator kameranın arxasından qəfil sıçrayıb, ona  elə bir şillə çəkdi ki,  Elbrus  stul qarışıq yerə yıxıldı. Ürəyi soyumayıb, yerə yıxılan Elbrusun üstünə atıldı:

 

- Səndən Xocalıdakı vəziyyəti soruşan oldu? Şəhər blokadada idi nə deməkdir? Vertolyot qəzası nədir? Səndən nə soruşurlar, onu de!

 

Jurnalist isə girovu operatorun əlindən almağa çalışırdı:

 

- Lazım deyil, vurma! Mən hələ bütün suallarımı verməmişəm axı...

 

Elbrusu operatorun əlindən ala bilməyən qadın qəfil bağırdı:

 

- Axmaq! Sən başa düşürsən ki, onu döymək olmaz?! İstəyirsən kadrlarda üz-gözü əzik olsun?! Kimin tərəfindəsən sən?! Çəkiliş bitdikdən sonra göstərərsən gücünü...

 

Bu sözlərdən sonra operator özünə gəldi:

 

- Qalx, murdar! Otur, nə demək lazımdırsa, onu de! Deyə bilmirsənsə, bu başqa! Yazıb qoyacağam qabağına. Bir kəlmə əksik desən, səni burda heç kim əlimdən ala bilməz!

 

Bir az sonra çəkiliş yenə davam edirdi:

 

- Neçə gündür erməni ailəsində yaşayırsınız?

 

- On gündür buradayam, özümü öz evimdə hiss edirəm. Günorta yeməyi də verirlər, axşam yeməyi də, səhər yeməyi də...

 

- Qayıtsanız, yenidən döyüşəcəksiniz?

 

- Ən yaxşısı ölərəm, ya da özümü öldürərəm...

 

***

 

- Qaldığınız ailə necə ailə idi?

 

- Bizdə necə seyid ailəsi olar, bütün rayon onlara hörmət edər, evlərini ziyarətgah bilər, bunlar da elə bir ailə idi. Xankəndi camaatı onları çox istəyirdi.

 

- Böyük ailə idi?

 

- Yaşlı ər-arvad idi. Gəlinləri Marina qonşuluqda yaşayırdı, iki azyaşlı oğlunu isə gəlinin anası saxlayırdı.

 

- Elə ailədə idiz? Başqa xüsusi nəzarət yox idi?

 

- Məni saxladıqları kiçik otaqda iki hərbçi növbə ilə üstümdə nəzarətçi dayanırdı. O da bir də görürdün yıxılıb axşamdan yatdılar. Görürdülər ki, ayağım yer tutmur, hara gedəsiyəm ki? Hərdən nərd oynayaq deyirdilər, onda da mən udurdum, başlayırdılar məni şillələməyə ki, niyə sən udursan...

 

- Şuşanı işğal edənə qədər hamısı zirzəmidə yaşayırdı dediniz...

 

- Özüm görmüşdüm. Bombardman vaxtı bir dəfə məni də özləri ilə apardılar zirzəmiyə. Arvad dirəndi ki, türkü də aparaq, evdə qalar, bir şey olar, oğlumu geri ala bilmərik. Beləcə, məni də götürüb düşdülər zirzəmiyə. Onda gördüm ki, bu zirzəmilərdə nələr yoxdur... Onu deyim ki, elə-belə zirzəmilər deyildi. Yer və divarlar mərmərdən idi. Bir otağı məktəb idi, dərs keçirlər, o birində hərbi paltar tikirlər, özü də işıqları yox idi, sısqa qazın işığında, o biri tərəfdə camaat yemək bişirir. Yəni baxan kimi hiss olunurdu ki, onlar bombardmandan bombardmana zirzəmiyə düşmürlər, artıq burda həyat üçün hər şərait yaradıblar... “Fəryad” filmində top səsi gələn kimi necə hamı zirzəmiyə dolur, bax, vəziyyət elə idi. Hamı gedirdi, evdə tək qalırdım. Bir dəfə də Şuşadan top atılanda məni hamama saldılar ki, burda qal, biz gedirik. Özləri ilə aparmaq risk idi...

 

- Niyə?

 

- Biri gəlib vururdu, o biri incidirdi. Qorxurdular ki, məni öldürərlər. Təbii ki, mənə görə yox, oğlanlarına görə qorxurdular...

 

- Evində qaldığınız ailə sizi incitmirdi, hə?

 

- Orda məni incitmədilər. Elə çalışırdılar ki, tez özümə gəlim ki, oğlanları ilə dəyişələr. İqtisadi durumları yaxşı deyildi. Çörəkləri yox idi. Tək dərdləri oğlanlarını geri almaq idi. Amma gəlinin Qayana adlı bir bacısı var idi... Bax, o gələndə mənim qara günlərim başlayırdı...

 

***

 

Qapı döyüldü. Gələn Qayana idi. Marqo onu içəri salib, ayaqqabılarını geyindi:

 

- Yaxşı oldu gəldin, Saşa da evdə yoxdur. Yasa dəyib gəlirəm. Yubanmayacam. Sən otur, bir azdan gəlirəm. Türk yatır, o oyanana qədər gələcəyəm...

 

- Sən nigaran qalma, Marqo xala. Lap türk oyansa da, mən burdayam.

 

Qayana Marqonu arxayın edib yola saldı. O, çox gənc və yaraşıqlı idi. Elə Elbrusla eyni yaşda olardı. Elbrus bu evə gələndən Qayana da bu evdə tez-tez görünürdü. Girov onun yeni əyləncəsinə çevrilmişdi. Ev sahibləri oğlanlarına görə girovu qoruyurdular, Qayana onların gözündən oğurlanan kimi, ayaqlarının ağrısı ilə əlləşən girovu qıcıqlandırır, əylənir, onu qorxudurdu.

 

Qayana Elbrus saxlanılan otağa boylandı. Oğlan da, nəzarətçi də yuxuya getmişdi. Qayana səs salmamaq üçün barmaqlarının ucunda yeriyirdi. Ehtiyatla içəri girib, səssizcə əlindəki qəzeti Elbrusun yalın ayağının barmaqları arasına taxıb, kibriti çəkdi. Özü qapının yanına çəkilib, zövqlə alova baxırdı .

 

Elbrus yuxudan səksənib qışqıranda, yuxudan oyanan nəzarətçi qəşş eləyən Qayanaya:

 

- Gül kimi yatmışdım, niyə oyatdın? – deyib, mətbəxə keçdi.

 

Qayana xeyli güləndən sonra gəlib oğlanın yanında oturdu. Ayaqlarını bir-birinin üstünə keçirib, arxaya söykəndi. Servantdakı seyid şəkillərinə baxıb, indi də şəkillərlə əylənir, onları təhqir edirdi. Elbrus ilk dəfə idi ki, seyidlərin ünvanına kiminsə dilindən belə sözlər eşidirdi.

 

- Ay qız, Qayana, günah eləmə. Onlar mən deyiləm, yatdığım yerdə ayağımı yandırasan. Seyiddilər, cəddi tutar səni, eləmə...

 

- Pah! Cəddi də var? Doğrudan? Haralarındadı?

 

Qayana yenə qəşş eləyərək, ayağa qalxdı. Servanta yaxınlaşıb seyidlərin şəklinə tüpürdü:

 

- Cəddinə tüpürdüm qocaların! Dedim bir tərpənsinlər, görüm, haralarındadır?!

 

***

 

Axşam yeməyindən sonra Elbrus Saşanın əhvalının yaxşı olduğu vaxtdan istifadə etmək istədi. Açığı, Elbrus hələ də erməni evində seyid şəklinin hörmətlə yuxarı başa vurulmasının səbəbini bilmirdi. Amma güman edirdi ki, əgər bu şəkillər bu evdədirsə, demək onlara hörmət də edirlər.

 

- Saşa dayı!

 

- Nədir, türk?!

 

- Belə olmaz axı. Siz bizim ən hörmətli seyidlərin şəklini servanta vurmusuz...

 

- Əcəb eləmişik! Onların cəddinə qurban olum. Onlar bizim də seyidimizdi...

 

- Bəs axı Qayana o yana gedir, bu yana gedir, onları söyür, dolayır... Axı, bu günahdır... Biz onların adına nəzir deyirik, sizsə şəklinə tüpürürsünüz...

 

Saşa yerindən qalxıb Elbrusa elə şillə vurdu ki, oğlanın başı divara çırpıldı. Sonra Elbrusu dartıb servantın qabağına gətirdi və servantın yanında saxladığı qoşalülə tüfəngini götürüb, oğlanın sinəsinə tuşladı.

 

Elbrus müqəddəs bildiyi seyidlərin şəkli qarşısında dayanıb ölümünü gözləyirdi... “Bura qədərmiş. Deyən gərək sənin nəyinə lazımdır. Seyidin cəddi onu tutacaq, məni yox ki. Məni tutsa da, bundan da ağır günüm olası deyil, düşmən qapısında yaşayıram” - deyə düşünürdü...

 

- Bizim Marqo ilə düz on yeddi il uşağımız olmayıb. Həkim, dərman kömək etməyib. Nə vaxt ki, Seyid Lazım ağanın cəddinə nəzir demişik, ondan sonra Allah bizə Eduardımızı verib. Onu bizə o seyidin cəddi verib. – Servanta tərəf çevrilib, katolikos Vazgenin şəklinə tüpürdü – Bunlar isə, lənətə gəlmişlər, bizi bədbəxt elədilər. Nəzirlə tapdığım oğlumun beynini yeyib döyüşə göndərdilər. Bu kişilərin cəddi mənə qənim olsun, əgər oğlum gəlməsə, səni öz əllərimlə öldürəcəyəm. Razısan mənimlə?

 

Elbrus öz-özünə deyirdi, “İki ay həbsxanada nə zülmlər çəkdin, ölmədin. İndi burada dilinin bəlasına düşəcəksən”.

 

- Razısan?

 

- Razıyam!

 

- Oğlumun sağ-salamat qayıtması üçün Marqo ilə Seyid Lazım ağaya nəzir demişik. Bilirik, onun cəddi bizim balamızı qoruyacaq! Oğlumuz qayıdacaq! Bu günə qədər ona dediyimiz nəzirin qəbul olunmadığı olmayıb!

 

- Bəs, o nəziri hara verəcəksiniz?

 

- Sən çox sual verdin, türk!

 

Elbrus susdu...

 

***

 

Şuşanın işğalından sonra dəyişdiriləcəyinə belə ümidini itirən Elbrus artıq Qayananın lağlağılarını belə hiss etmirdi. Bu gün mətbəxdən çeşid-çeşid qoxular gəlirdi. Küçədən yenə musiqi səsi eşidilirdi. Laçının işğalını qeyd edirdilər. Marqo isə ad gününü qeyd edirdi. Həm də bu gün Eduardın gəlmə ehtimalı var idi.

 

Elbrus Marqonun səliqə ilə stulun başına asdığı paltarlarını geyindi. Bu paltarların dili olsa, danışsa...

 

Marqo Elbrusun köynəyinə əlinə keçən düymələri tikib, yuyub, təmizləmişdi. Elbrus köynəyin düymələrinə baxdı. Düymələrin hərəsi bir rəngdə, müxtəlif ölçüdə idi.  İndi onun həyatına rəng qatan yeganə şey bu düymələr idi. Laçının işğalına qol götürüb oynayan, deyib-gülən ermənilərin sədaları altında gəncin heysiyyəti yaralanmışdı...

 

Hərbçilər onun dalınca gələndə Marqo özünü ortaya atdı:

 

- Yox, hara aparırsınız? Buraxmaram! Əvvəlcə türklə mənim sağlığıma içəcəyik! Bu gün mənim 60 yaşım tamam olur. Həm də Eduard əsirlikdən qayıdır. Deməli, ikinci ad günümdür. Bu münasibətlə mütləq mənim sağlığıma içəcəyik...

 

- Ay arvad, nə danışırsan. Bir azdan oğlunu gətirərik, onunla içərsən. Bu ölüntüyü iki erməni igidinə dəyişməyə razı olublar. Biri Eduard. O biri isə Vəngdən Mersik. Nə qədər gec deyil, aparaq.

 

Onu Ağdama gətirən “Niva” Xocalının içi ilə gedirdi. Elbrus yanan evlərə, viran qalmış şəhərinə tamaşa edirdi... İndi bu şəhərlə bir-birlərinə o qədər bənzəyirdilər ki, heç iyirmi iki il burada yaşayanda onların arasında belə bənzərlik olmamışdı. Bu gün ikisi də suyu sovulmuş dəyirman, yüz ilin viranəsiydi...

 

***

 

- Dəyişilməyinizi danışardınız...

 

- Rəhmətlik Ceyhun Mirzəyev “Fəryad” filmində dəyişdirilmə səhnəmi olduğu kimi saxlayıb. Yəni necə danışmışamsa, elə. Qollarımı boyunlarına dolamışdılar, gətirirdilər... Xeyli yol gəldik, xeyli...

 

- Və əsirlikdən qayıdandan sonra yenidən döyüşə getdiniz...

 

- Bəli. Müalicəm uzun çəkdi. Elə iki aydan sonra ayaqlarım açıldı. Sağalandan sonra, 1993-cü ildə ailə qurdum. 1994-cü ildə isə yenidən cəbhəyə getdim. Aprelin 19-da Füzuli tərəfdə yaralandım. Mayın 12-də atəşkəs imzalananda mən Goranboy xəstəxanasında yatırdım. Mayın 25-də xəstəxanadan buraxıldım. Elə ondan sonra da hərbidən azad etdilər. Amma yenə də yazılmışam...

 

- Yenə?

 

Söhbətimiz 2014-cü il, avqustun 7-də olub. Cəbhə xəttinin ən gərgin günləri idi.

 

- Belə vaxtda birinci biz, yəni torpağı və düşməni yaxşı tanıyanlar irəli düşməlidir. Qabaqda biz gedək, arxamızca gənclər gəlsin. Çəkilib bir qıraqda oturmaq olmaz.

 

Sözünü yarımçıq kəsib, gülərək anasına çevrilir:

 

- Ana, böyrüm deşildi axı, neynirsən? Artıq müraciət etmişəm, gedəcəm! Ehtiyac olan kimi çağıracaqlar! Müharibə başlasa, birinci keçmiş döyüşçülər getməlidir. Hamı getməlidir. Müharibəsiz, qan tökülmədən torpaq qayıtmayacaq.

 

- Bala, yenə qan axmasın...

 

- Son 10 ildə yol qəzalarında 20 mindən çox adam ölüb. Qoy 20 min nəfər də cəbhədə şəhid olsun, amma torpaq alınsın.

 

- Ananızı qınamayın, heç bir ana müharibə istəməz...

 

- Hə, başa düşürəm. Mən bunu girovluqdan qayıdanda gördüm... Biz Xocalıda yaşayanda atam-anam cavan idi. Nə yaşları var idi ki, böyük uşaqları mən idim, iyirmi iki yaşım var idi. Amma səksən gün əsir oldum, vaxtından qabaq qocaldım. Bundan da betəri, gəldim ki, atam-anam da yaşlanıb... Anam qabağıma qaçanda gördüm saçları ağappaqdı... Elə bil son görüşümüzdən səksən gün yox, səksən il keçmişdi...

 

(SON)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1777
avatar

Vüsalə Məmmədova

Oxşar yazılar